Məhkəmə qərarları › İş №2(103)-7126/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7126/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7126/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi) İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2356/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC tərəfindən əsassız olaraq hesablanmış 1864.28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1D, 2949 məhəllə, 8 saylı mənzildə bu günədək yaşayış olmamışdır. Bunu iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görmək mümkündür. Göstərilən mənzildə bu müddət ərzində heç bir zaman yaşayış olmadığından kommunal borc olmamışdır. Daha sonra sayğacda problem olması səbəbindən dəyişdirilmiş, dəyişdirildikdən sonra məhz ona 1864.28 manat borc yazılmışdır. Hansı ki, sayğac dəyişdirilərkən ona heç bir məlumat verilməmiş, dəyişdirilən sayğacın son göstəricisi ona təqdim edilməmiş və sayğacın dəyişdirilməsini sonradan öyrənmişlər. Məhkəməyə təqdim etdiyi abonent saldolarından da müəyyən olunur ki, həmin ünvanda yaşayış olmadığından hər hansı borc və ya sayğacda göstərici yoxdur. Elektrik sayğacı abunəçinin təqsiri üzündən zədələnərsə, sayğacın dəyişdirilməsi abunəçinin hesabına həyata keçirilir. Elektrik sayğacı abunəçinin təqsiri olmadan yararsız hala düşərsə, sayğacın dəyişdirilməsi Azərişıq ASC-nin hesabına yerinə yetirilir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən, məişət abunəçisinin təqsiri olmadan qeydiyyat müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən, qeydiyyat pozulana qədər və ya qeydiyyat bərjia edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddəti ərzində hesablaşma- elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Daha sonra iddiaçı, tələbin həcmini azaldaraq cavabdeh Azərişıq ASC tərəfindən əsassız olaraq hesablanmış 1197,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2356/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC-si tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1D, 2949 məhəllə, 8 saylı mənzilə hesablanmış 1864.28 manat borc məbləğini silmək vəzifəsinin cavabdeh "xxxx" ASC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1197,54 manat borc iddiaçı tərəfindən istifadə etdiyi elektrik enerjisi nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarına düzgün qiymət verməmiş, iddia tələbində qeyd edilən borcun sərfiyyat borcu əvəzinə akt borcu hesab etmiş, bu səbəbdən də borcun yaranmasının və hesablanmasının əsasları ilə balı sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi əsası ilə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Belə ki, iş materiallarında görünür ki, iddiaçı ilk olaraq cavabdeh Azərişıq ASC tərəfindən əsassız olaraq hesablanmış 1864.28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra tələbin həcmini azaldaraq cavabdeh Azərişıq ASC tərəfindən əsassız olaraq hesablanmış 1197,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə həmin ərizəyə münasibət bildirməyərək, iddia tələbini ilkin qeyd olunan həcmdə, yəni 1864,28 manat məbləğində borcun silinməsini qət etmişdir. Lakin iddiaçı 1864,28 manat borcun silinməsini deyil, 1197,40 manat borcun silinməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kolleiyası hesab edir ki, birinci instansiya məhkəməsi 1864,28 manat məbləğində borcun silinməsi nəticəsinə gəlməklə iddia tələbindən kənara çıxmışdır; halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı olsa da qalan hissədə apellyasiya şikayəti əsassız olmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Kommunal Xidməti MMC tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, verilir vətəndaş İddiaçı ondan ötəri ki, ona məxsus mənzildə (Bina:2949, mənzil:8) alındığı gündən, yəni 2009-cu ildən bu günə qədər yaşayış yoxdur. İş materiallarında olan cavabdeh "xxxx" ASC-si tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, abonent İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacının göstəricilərinin əks olunduğu abonent haqqında məlumata əsasən abonentin 07.06.2010-cu il tarixdən 10.02.2021-ci il tarixə kimi istifadə etdiyi elektrik enerjisinin dəyərinin 1219.37 manat təşkil etməsi və bunun qarşılığında 22.12.2011-ci il tarixdən 16.10.2019-cu il tarixədək dövr ərzində cəmi 21.81 manat məbləğində ödəniş etməsi və 26.02.2021-ci il tarixə qalıq 1197.54 manat məbləğində borcun olması müəyyən olunmuşdur. Qeyd olunan borc məbləği abonentin **********90008 nömrəli abunə hesabına daxil edilmiş və ödənilməsi barədə yaşadığı ünvana müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən borc iddiaçı tərəfindən istifadə etdiyi elektrik enerjisi nəticəsində yaranmışdır. İş materiallarında olan bildiriş-xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1D, 2949 məhəllə, 8 saylı mənzilə ( abonent: İddiaçı) 1197,53 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qeyd edilən Qaydaların 9.13.2-ci bəndinə əsasən enerci təjhizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enercisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerci təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi cavabdeh "xxxx" ASC-si tərəfindən iddiaçının faktiki sahibliyində və istifadəsində olan mənzilə hesablanmış 1197,4 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə iddiaçının təqdim etdiyi yuxarıda qeyd edilən arayışa əsasən 2009-cu ildən hazırki günədək borun hesablandığı mənzildə yaşayışın olmadığı müəyyən edilmiş, belə olan halda iddia tələbi təmin edilməklə iddiaçıya məxsus mənzillə bağlı hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2356/2021 saylı iş üzrə qəbul etdiyi 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin . Cavabdeh "xxxx" ASC-si tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 1D, 2949 məhəllə, 8 saylı mənzilə hesablanmış 1197,4 manat borc məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar