Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7128/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)-2298/2021 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Üfüq" İstehsalat Birliyi "Radioquraşdırma" Zavodu (Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin hüquqi varisi) tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 44 saylı mənzilinə dair X1 adına yazılan 08.12.2006-cı il tarixli, 0244 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli birgə qərarın, Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanındakı yataqxana binasının 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 44 saylı mənzilinə dair X1 adına yazılan Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 08.12.2006-cı il tarixli, 0244 saylı orderinin etibarsız hesab edilməsi və X1 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)-2298/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, həmçinin göstərilmişdir ki, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 44 saylı mənzilə dair H.S.Quliyevanın əldə etdiyi 08.12.2006-cı il tarixli, 0244 saylı yataqxana orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər proses iştirakçılarına xəbər verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisə edilən order 08.12.2006-cı il tarixdə verildiyindən hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etməsi, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulması, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etməsi - MM, maddə 49) konkret göstərilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, iddia müddətindən fərqli olaraq Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Eyni zamanda, həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. İşin hallarından göründüyü kimi, mübahisəli mənzilə order 08.12.2006-cı il tarixdə verilmişdir. Bu halda, orderin etibarsızlığı ilə bağlı mübahisə orderin verildiyi tarixdən 3 il müddətində irəli sürülə bilərdi. Mənzilin yerləşdiyi ünvandakı yataqxana 01 yanvar 2014-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 7 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə həmçinin, Mənzildə məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilməsinin qanunsuz olmasına dair iddiasının dəlili ilə bağlı qeyd edir ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 44 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üç illik mübahisələndirmə müddəti keçirildiyindən orderin və həmin orderin verilməsinə əsas olmuş qərarın (protokolun) etirbasızlığı barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, iddia tələbi X1 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı Hökümə Quliyevaya qarşı onun yaşayış sahəsindən istifadə hüqunun itirilməsi barədə tələb irəli sürsə də, onu cavabdeh qismində cəlb etməmişdir. Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilən müddəalardan da göründüyü kimi, iddiaçı irəli sürdüyü iddia tələbinə cavab verməli olan şəxsi, yəni tələbin yönəldiyi şəxsi (cavabdehi) iddia ərizəsində göstərməlidir. Lakin iddiaçı Hökümə Quliyevanın yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürsə də, onu cavabdeh qismində cəlb etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin tamamilə ləğv edilməsi və yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi tam, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın rədd edilməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, məhkəmə iddia tələbi ilə bağlı bütün dəlillərə hüquqi qiymət verərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla iş üzrə mülki hüquqi nöqteyi nəzərdən düzgün nəticəyə gəlmişdir. İddiaçı hesab edirsə ki, üçüncü şəxs qismində göstərdiyi Hökümə Quliyeva qeyd olunan zavodda heç vaxt işləməmiş, mübahisəli mənzildə yaşamamış, mənzilə dair verilmiş order qanunsuz yollarla əldə etmiş və.s bununla bağlı cinayət təqbi başlanması üçün istintaq orqanlarına da müraciət edə bilər. Lakin nədənsə iddiaçı bu hüququndan istifadə etmək istəmir və məsələnin mülki icraat qaydasında həll edilməsinə və arzu etdiyi nəticəyə nail olmaq istəyir. Ancaq arzu etdiyi nəticəyə nail olmaq üçün mülki hüquqi müstəvidə hüquqi imkan və mexanizm olmalıdır. İkincisi, məhkəmə orderin etibarsız hesab edilməsi üçün iddiaçının irəli sürdüyü dəlilini də (məcburi köçkünlər məskunlaşdığından boş olmayan sahəyə orderin verilə bilməməsi) əsassız hesab edir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məhkəmə əsaslı olaraq hesab etmişdir ki, qeyd edilən müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmamasına dəlalət etmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Üçüncüsü, 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Lakin iddiaçı bu müddəti də ötürmüşdür. Mənzil Məcəlləsinin 49-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan tələb şəxsin qanunla ona verilən müddət ərzində hüququndan istifadə etməməsi nəticəsində bu hüququnun kəsilməsini (hüququna xitam verilməsini) nəzərdə tutur. Hüququn həyata keçirilməsi üçün verilən həmin müddət (kəsici müddət) subyektiv hüquqa bağlıdır və göstərilən vaxt ərzində istifadə edilmədikdə həmin hüquq kəsilir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsinin birinci bəndində orderin etibarsız hesab edilməsi üçün əsaslar konkret göstərilmişdir. Qeyd edilən müddəanın mənasından da aydın olur ki, orderin etibarsız hesab edilməsi üçün göstərilən əsaslarla bağlı hüquq sahibi tələbini (orderin etibarsız hesab edilməsi barədə) 3 il ərzində irəli sürə bilər. Hazırkı halda isə orderin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddət iddia müddəti deyil, kəsici müddət olduğundan iddia müddəti hazırkı mübahisəyə tətbiq edilə bilməz. Lakin iddiaçı belə hesab edir ki, iddianın predmeti dövlət mülkiyyətinə aid olan mənzillə bağlı qanunsuz verilmiş orderin etibarsız hesab edilməsi olduğundan hazırki iddiaya müddət şamil edilmir. Əslində iddiaçı bunun səbəblərini, yəni müddətin niyə tətbiq edilə bilmədiyini əsaslı formada açıqlamamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)- 2298/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7128/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7128/2021
16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver