Məhkəmə qərarları › İş №2(103)-7128/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7128/2022

17.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7128/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(010)-212/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili X15 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdehin oğludur və onlar birlikdə mübahisəli mənzildə yaşamışlar. Cavabdeh iddiaçı və onun ailə üzvlərinə qarşı iddia qaldırmış və kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hazırda iddiaçı mübahisəli mənzilin təmirinə 2007 və 2014cü illərdə olmaq şərtilə 32500 manat məbləğində xərc çəkdiyini iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf iddia tələbini qəbul etmir və təmirin mərhum əri Fərrux Səfərəliyev tərəfindən aparılmasını bildirir. 2020-ci ilin dekabr ayında dövlət tərəfindən şəhid ailəsi kimi cavabdehə Hövsan qəsəbəsində yerləşən sosial evlər massivində mənzil verilmişdir. İddiaçı hal-hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 nömrəli mənzilinin təmirinə görə çəkdiyi 32500 (otuz iki min beş yüz) manat məbləğində xərcin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı hal-hazırda qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilinə olan istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə, İddiaçı və nikahlı arvadı X1 uşaqları - 02 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 noyabr 2010-cu il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzili atası X2 Bakı Çinar Soyuducuları zavodunda işlədiyi üçün zavod işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə verilmişdir. Atası xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, özünə düşən miras payını anası Cavabdeh bağışlamışdır. O, 1987-ci ildən həmin mənzildə yaşayır. xx.xx.2008-ci il tarixində o, X8 ilə rəsmi nikaha daxil olmuş və sonuncu həmin mənzilə gəlin köçmüş, özünün cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Nikaha daxil olduqdan sonra onların övladları - 02 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 noyabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Hal-hazırda o, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilində yaşayır. Mənzildə yaşadığı dövr ərzində mənzilin bütün kommunal xidmətlərini vaxtı-vaxtında ödəmiş, bir neçə dəfə mənzili təmir etmiş və buna görə vəsait xərcləmişdir. Belə ki, o, 2007-ci ildə və 2013-2014-cü illərdə 2 dəfə mənzili əsaslı təmir etmişdir. Mənzilin təmiri zamanı mənzilin bütün qapıları və pəncərələri iddiaçının şəxsi vəsaiti hesabına yenisi ilə əvəz olunmuşdur. Yaşadığı mənzil bərbad vəziyyətdə olduğu üçün mənzili təmir etməyə zərurət yaranmışdır. Buna görə də mənzildə sanuzel sistemi də daxil olmaqla mənzil yenidən iddiaçının şəxsi vəsaiti hesabına əsaslı təmir olunmuş, təmir üçün lazım olan bütün tikinti materialları iddiaçının vəsaiti hesabına alınmış, mənzili təmir edən ustaların haqqı şəxsi vəsaiti hesabına iddiaçı tərəfindən ödənilmişdir. Bunun üçün də iddiaçı mənzilin təmir xərclərinə görə ümumilikdə 32500 manat məbləğində vəsait sərf etmişdir. İddiaçı hal-hazırda anasının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 68 mənzilinin təmirinə görə 32500 manat məbləğində vəsait xərcləmişdir. Anası isə onun və ailə üzvlərinin sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılmasının tələbi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda iddiasını müdafiə etməkdədir. Belə olduğu halda hesab edir ki, onun da mənzilin təmirinə görə xərclədiyi vəsaiti cavabdehdən tələb etmək üçün subyektiv hüququ vardır. Ona görə də iddia tələbində göstərdiyi vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(010)-212/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.7, 157.8, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri və Konstitusiya Məhkəməsinin qərarları ilə əsaslandıraraq, göstərmişdir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, məhkəmə iclasında mübahisəli mənzilin onun tərəfindən təmir etdirilməsinə və təmirə 32500 manat məbləğində xərc çəkməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız məhkəməyə 2 şahid gətirməklə kifayətlənmişdir ki, məhkəmə həmin şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edə bilməz. Belə ki, əvvəla cavabdeh tərəf həmin şahidlərin mənzilin təmirində iştirak etməsini qəbul etməmiş, eyni zamanda şahidlərin həmin mənzilin təmirində iştirak etməsi ilə bağlı iddiaçı da heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəfin şahidləri də iddiaçı tərəfin şahidlərinin dediklərinin əksinə ifadə vermişlər ki, bu da bütün şahidlərin ifadələrini şübhə altına alır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf iddia edir ki, o, 2007 və 2014-cü illərdə təmirə xərc çəkmişdir ki, həmin vaxtda da iddiaçının mərhum atası sağ olmuş və məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci il tarixdə aparılan təmir iddiaçının toyu ilə bağlı aparılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, cavabdeh təmirin aparılması faktını inkar etmir. Belə olan halda həmin təmirin kim tərəfindən aparılmasının müəyyən edilməsi üçün Ruslan və ya onun atasının gəlirləri, həmin vaxt atasının işləyib-işləməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin cavabdeh tərəfindən ifadə verən şahidlərin əslində cavabdehin qohumları olması və o şəxslərin mənzildə işləməməsi barədə Ruslanın etirazına əhəmiyyət verməmişdir. Ruslan tərəfindən məhkəməyə gələn şahidlər isə qohum deyil, həqiqi ustalar olmuşdur. Ruslan və atasının təmir aparılan illərdə hər birinin rəsmi iş yerləri və gəlirləri onların əmək kitabçaları ilə təsdiq olunur. Hazırki iş üzrə cavabdehin mənzildə təmir aparılması faktını inkar etmədiyi halda, həmin təmirin həqiqətdə iddiaçının dediyi kimi özü və ya anasının bildirdiyi kimi mərhum atasının, hansının aparmasının müəyyənləşməsi vacibdir. Belə olan halda hər ikisinin təmir aparılan zaman gəlirləri və iş yerləri araşdırılmalıdır. Bu baxımdan onların əmək kitabçalarının sübut olaraq nəzərə alınması işin obyektiv həlli üçün zəruridir. Qeyd etmişdir ki, atasına məxsus əmək kitabçası iddiaçı tərəfindən məhkəmədən sonra əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin bütövlükdə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir İşin materiallarından görünür ki, iddiaçı cavabdehin oğludur və onlar birlikdə mübahisəli mənzildə yaşamışlar. xx.xx.2008-ci il tarixində iddiaçı X8 ilə rəsmi nikaha daxil olmuş və sonuncu mübahisəli mənzilə gəlin köçmüş, özünün cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Nikaha daxil olduqdan sonra onların övladları - 02 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 noyabr 2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir İddiaçının atası, cavabdehin əri xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iddiaçı özünə düşən miras payını anası Cavabdeh bağışlamışdır. Həmçinin işin materiallarından görünür ki, cavabdeh iddiaçı və onun ailə üzvlərinə qarşı iddia qaldırmış və kompensasiya ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2195/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Hazırkı iddia tələbi üzrə iddiaçı 2007 və 2014-cü illərdə olmaq şərti ilə 2 dəfəyə 32500 manat məbləğində xərc çəkdiyini, lakin hazırda məhkəmə qətnaməsi əsasında cavabdehin onun istifadə hüququna kompensasiya ödənilməklə xitam verildiyini əsas gətirir və mənzilin təmirinə çəkdiyi xərcin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf iddia tələbini qəbul etmir və mübahisəli mənzilin 2007-ci il tarixdə iddiaçının mərhum atası tərəfindən təmir edildiyini, 2014-cü il tarixdə isə sadəcə divar kağızlarının dəyişdiyini, bütün təmirin iddiaçının atasının, mərhum əri Fərrux Səfərəliyev vəsaiti hesabına olunduğu iddia edir və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı tələbinin əsaslı olmasını öz izahatından əlavə birinci instansiya məhkəməsində dindirilən şahidlərin ifadələri ilə sübut edilməsini göstərmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, cavabdeh onun həm baldızıdır, həm də xalası nəvəsidir. 2006-2007-ci illərdə evin hamamının kafel işini və sanitar qovşağının truba işlərini o, görmüşdür. Evin bütün təmir işlərini iddiaçının atası aparmışdır. O, 2013-cü ildə həmin mənzildə işləməmişdir, iddiaçının atasının xərc çəkdiyinin şahidi olmuşdur. 2008-ci ildə iddiaçının atası mənzilin qapılarını dəyişdiyindən qapılar üçün borca pul istəmişdir. 2007-ci ildə edilən təmir yerindədir, divar kağızını sonradan dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, tarixi dəqiq yadında deyil, o, mənzili təmir etmiş, lambrin, suvaq və malyar işlərini görmüşdür. Bu işlərin hamısını o, etmişdir. Həmin vaxt Ruslanın atası sağ idi. Qohumdurlar, Fərrux bacısı Xədicənin yoldaşıdır. Evin təmir işlərinə pul almamışdır. Təmir işlərini iddiaçının atası edirdi. Həmin vaxt Ruslan işləmirdi. Ola bilər ki, nə isə almağa Ruslanı gördərsinlər. Materialları Ruslanın atası alırdı və o da işləyirdi. Gördüyü işlərin əziyyət pulunu Ruslanın atası vermişdir. Parketin rəngi boza çalan rəng idi. Metlaxın rəngi yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, ərizəçi ilə bir massivdə yaşayır. O, ustadır, ümumi evi götürüb təmir edir. O, öz bloknotunda ümumi yazmışdır ki, rəngsaz, elektrik, santexnik, qapı-pəncərə işi görüləcəkdir. O, Ruslanla danışmışdı və o, alıb gətirirdi, onunla razılaşmışlar. O, lazımi materialları almağa Ruslanla getmişdir. O, mənzilin kosmetik işlərini görmüşdür. Laminatları və ümumiyyətlə hər şeyi özü etmiş, təmir işləri 3 otaq, dəhliz və eyvanın hamısını əhatə etmişdir. O, Ruslanla danışmışdır ki, mənzilin zəhmət haqqı 5 min manatdır. 2014-cü ildə təmirə başlamışdır Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, o, ustadır və mənzilin qapılarını dəyişib. 4 qapı və şkaf qapısı yığmışdır. Sifarişi Ruslan vermişdir. O, 2008-ci ildə Ruslanın qohumunda iş görmüş və Ruslan onu orada tanıyırdı. Ruslan onun əl işini bəyənmişdir. Qapıların birini təxmini yadına gəlir 450 manat məbləğində yığmışdır. Taxta qapıları çökə taxtasında yığılmışdır. Qapıların ödənişi ilə bağlı çek verməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iddia ilə əlaqədar irəli sürdüyü dəlillərlə bağlı hesab edir ki, iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi 2 nəfərin şahid ifadələri olmuşdur ki, həmin şahid ifadələri də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mötəbər sübut kimi qiymətləndirilməmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır və birinci instansiya məhkəməsində ifadə vermiş cavabdeh tərəfin şahidləri X6 və X3 ifadələrində verdikləri məlumatlar daha inandırıcı və ağlabatandır. Belə ki, onlar qohum və mübahisəli evdə təmir işləri aparan şəxslər olmaqla təmirlə bağlı olan danışıqları aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər Ruslanın təmir işləri ilə birbaşa məşğul olmasını göstərməmişlər. Göstərilən hallar həmin şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə kollegiyası iddiaçı tərəfi şahid ifadələrinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi 2 şahid ifadəsinə işin araşdırılmış halları baxımından düzgün qiymət vermişdir. Belə ki, əvvəla cavabdeh tərəf həmin şahidlərin mənzilin təmirində iştirak etməsini qəbul etməmiş, eyni zamanda şahidlərin həmin mənzilin təmirində iştirak etməsi ilə bağlı iddiaçı da heç bir sübut təqdim etməmişdir. Eyni zamanda cavabdeh tərəfin şahidləri də iddiaçı tərəfin şahidlərinin dediklərinin əksinə ifadə vermişlər ki, bu da həmin şahidlərin ifadələrinin düzgünlüyünü şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı şahid ifadələrinə istinad etsə də, konkret olaraq onlara nə qədər əmək haqqı verməsini, 2007-ci ildə təmir zamanı hansı məbləğdə tikinti materiallarını almasını, həmin dövr üçün təmirə nə qədər xərcinin çıxmasını, eləcə də 2013-2014-cü illər üzrə də eyni hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, qanunvericiliyin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Göründüyü kimi, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı 2007 və 2014-cü illərdə təmirə xərc çəkməsini bildirsə də birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, həmin vaxtda da iddiaçının mərhum atası sağ olmuş və məhkəmə iclasında müəyyən edilmişdir ki, 2007-ci il tarixdə aparılan təmir iddiaçının toyu ilə bağlı aparılmışdır. Məhkəmə kollegiyası da öz növbəsində qeyd etməyi zəruri sayır ki, iddiaçının hazırki tələbi qaldırmasının əsas səbəbi özünün də iddiasında göstərdiyi kimi, anası onun və ailə üzvlərinin sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılmasının tələbi ilə məhkəməyə müraciət etməsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, qətnamə qanuni qüvvəsini almış və iddiaçı mənzildən çıxmışdır. Məhkəmə kollegiyası iddianın əsaslı olub-olmamasından, xərclədiyi vəsaiti cavabdehdən tələb etmək üçün subyektiv hüquqa malik olub-olmamasından asılı olmayaraq hesab edir ki, iddianın qaldırılmasına əsas olan göstərilən səbəblərə diqqət yetirilməsi zəruridir. Belə ki, hazırki iddia mənzilin təmirinə görə çəkilmiş xərclərin alınması, başqa sözlə pul tələbi ilə övladın doğma anasına qarşı qaldırılmış iddiadır və məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özünün də qeyd etdiyi kimi, əgər həqiqətən də mənzildə 2007 və 2013-2014-cü illərdə təmir işləri aparmışdırsa, ən azından özü və sonradan qurduğu ailəsi ilə birlikdə 2022-ci ilin yay aylarınadək (8 il) orada yaşayaraq oradan təyinatı üzrə istifadə etmişlər. Hazırda isə atasının ölümündən sonra və vaxtilə yaşadığı,eləcə də təyinatı üzrə yaşayış yeri kimi istifadə etmiş mənzilə guya təmirlə bağlı çəkilmiş xərclərlə bağlı qaldırılmış iddianı məhz anasının onun həmin mənzilə «istifadə hüququnun itirilməsi və çıxarılması» barədə iddiasından sonra qaldırmasına məhkəmə kollegiyası tənqidi yanaşmaqla bu halı ailə dəyərlərinə zidd, həmçinin iddianın əsassız olmasını bilə-bilə doğma anasını mənəvi cəhətdən əziyyət vermək baxımından qərəzli olaraq qaldırılması kimi qiymətləndirir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin hesab edir ki, iddiaçının iddia tələblərinin əsaslı olmasına dair sübutları mötəbər və tutarlı olmadığı üçün bu baxımdan onun və atasının əmək kitabçalarının sübut olaraq nəzərə alınmamasına dair dəlil də əsassız və əhəmiyyətsizdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur Beləliklə də, məhkəmə kollegiyası apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X21rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(010)-212/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar