Məhkəmə qərarları › İş №2(103)-7128/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7128/2023

05.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7128/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X6 cavabdeh "xxxx" X4rşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2693/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları "xxxx" QSC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Dəmir Yolları" QSC-nin rəisinin xx.xx.2022-ci il tarixli əmrinə əsasən xitam verilmiş və o tutduğu “çilingər” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” Hazırda iddiaçı məhkəməyə müraciət edərək tərəflər rasında olan əmək müqaviləsinə öz razılığı ilə xitam verilməsi ilə bağlı ərizə yazmağı üçün təzyiqə məruz qaldığından, əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa ediliməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin onun ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2018-ci il aprel ayından "xxxx" QSC-də "post növbətçisi", 2020-ci ildən isə "çilingər" işləmişdir. 2022-ci ilin oktyabr ayında hərəkət xidmətinin rəis müavini Teyyub Rüstəmov ona təzyiq edərək ondan məcburi formada işdən çıxma barədə ərizə almışdır. Ərizə verməyəcəyi təqdirdə "maddə" ilə işdən çıxararaq, əmək kitabçasını ləkələyəcəyi ilə hədələmişdir. O da məcbur qalaraq şərlənməkdən qoxrduğu üçün ərizə vermək məcburiyyətində qalmışdır. Ona təzyiqlər əvvəldən olduğundan o, sentyabr ayında X9 də şikayət etmişdir. Lakin oradan hələ də cavab verilməmişdir. İşdən çıxarılan gün əmək kitabçasını və əmri ona vermədilər. O, elə həmin gün "xxxx" QSC-nin qaynar xəttinə 18-22 zəng edərək, ərizəni könüllü vermədiyini, ondan məcburi alındığını bildirmişdir. Qeyd olunan qaynar xəttə zənglər və danışıqlar qeydə alınır. Daha sonra bu hallarla bağlı "xxxx" QSC-nin sədri Rövşən Rüstəmova şikayət etmişdir. Yazılı şikayətinə müavin Əlirza Süleymanov yazılı cavab verərək yenidən işə düzəlmək üçün müraciət edə biləcəyini bildirmişdir. O da iki dəfə müraciət etsə də, onu çağırmadılar. Bundan sonra "xxxx" QSC nin Daxili Nəzarət İdarəsinə şikayət etmişdir. İdarənin rəisi Nicat Əliyev onu qəbul etmiş və bu işin araşdırılacağını bildirmişdir. Sonda ona bildirdi ki, özü ərizə yazdığı üçün işə bərpa üçün köməklik edə bilməyəcək. O, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-yə mediyasiya təklifi göndərmişdir. Daha sonra Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. "xxxx" QSC mediasiya iclasında iştirak etməmişdilər. Bununla bağlı Bakı 9 saylı Mediasiya Təşkilatı 04 may 2023-cü il tarixdə arayış təqdim edilmişdir. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəyə əsasən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Yəni, "xxxx" QSC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmri tam qanuni və əsaslıdır. Həmçinin, iddiaçı ona təzyiq edilərək ondan məcburi formada işdən çıxma barədə ərizə alındığını, qorxduğu üçün ərizə vermək məcburiyyətində qaldığını bildirsə də bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi İddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Eyni zamanda, iddiaçı hüquqlarının pozulması barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023 cü il tarixlərdə ADY-yə, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarını pozulduğunu bildiyi halda 1 ay ərzində qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Qeyd edilənlərdən də göründüyü kimi iddia tələbi əsassızdır və rədd olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2693/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfin yazılı razılığı ilə tərəflər arasında olan əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə onun təşəbbüsü ilə xitam verilməsi üçün yazılı razılığ verməsi ilə bağlı QSC tərəfindən hədə-qorxuya məruz qalmasına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Beləliklə, məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəmişdir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə cavabdeh tərəfindən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməsinə də ehtiyac qalmamışdır. Lakin hər bir halda məhkəmə hüquqmüəyyənlik prinsipini nəzərə alaraq iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etməyi zəruri saymışdır ki cavabdeh tərəf iddiaya etiraz ərizəsində iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmri İddiaçı xx.xx.2022-ci il tarixdə təhvil verildiyi qeyd edilsə də, heç bir sübut növü ilə təsdiq edilməmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, o, QSC ilə aralarında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Birinci vitseprezidentinə müraciət etdiyi zaman hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin, iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində rədd edildiyi üçün və sonuncu tələbdə ilkin tələblə bir başa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi bu hissədə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci, 45-ci maddəsinin 1 ci, 47-ci maddəsinin “f” bəndlərinə, 68-ci maddəsinin “a” bəndinə, 69.1-ci maddəsinə, 69.7-ci maddəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 3-cü hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarına, «X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2-ci, 77.1, 119.1, 217.3 və 217.4 cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, onun əmək müqaviləsinə "xxxx" X5 xx.xx.2022-ci il tarixli əmrinə əsasən xitam verilmiş və tutduğu “çilingər” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad edilmişdir. Lakin hazırki gündə məhkəməyə müraciət etməsindən, müxtəlif qurumlara yazmasından da göründüyü kimi bu məcburi şəkildə aparılmışdır. Buna əsasən onun əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Bundan əlavə xüsusilə qeyd edir ki, iş yoldaşı olan bir xanımla münasibətindən irəli gələrək digər şəxslərin bu münasibəti qəbul etməməsi səbəbindən ona qarşı bu kimi hallar törədilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin tələbi pozulmuş, cavabdeh tərəfindən iddiaçının əmək hüququnu həyata keçirməsinə, ixtisası, bacarığı, öz əməyi əsasında həyatını təmin etmək üçün qazanc əldə etməkdən mane olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin tələbi pozulmuş, iddiaçının şəxsi münasibətlər səbəbindən, əsassız olaraq işdən kənarlaşdırılmağa məcbur edilmiş, bu kimi hallara məhkəmə tərəfindən qiymət verilməmişdir. Hansı ki, iddiaçı uzun illər ərzində öz işinin öhdəsindən gəlmişdir, bu xüsusatı onun uzun illər həmin vəzifədə işləməsi də təsdiq edir. İddiaçı tərəfindən iş üzrə əhəmiyyətli hallar məhkəmənin nəzərinə çatdırılsa da həmin hallara qiymət verilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbi də pozulmuş, iddiaçının məhkəməyə təqdim etdiyi xüsusatlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qətnamə qanuni və əsaslı olmamış, yalnız cavabdeh tərəfin irəli sürdüyü hallara istinad edilmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir Belə ki, işin materiallarından görünür ki, İddiaçı 2018-ci il aprel ayından "xxxx" QSCdə "post növbətçisi", 2020-ci ildən isə "çilingər" vəzifəsində işləmiş, "xxxx" QSC-nin rəisinin xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) onunla bağlanan əmək müqaviləsinə, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş, həmçinin sözügedən əmrdə İddiaçı ilə son haqq-hesabın aparılmasını təmin edilməsi, son haqq-hesab aparılarkən işlədiyi dövürdə istifadə etmədiyi əmək məzuniyyətinə görə xx.xx.2022 xx.xx.2022-ci iş ili üçün 7,88 təqvim günü əsas əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsasən İddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizəsi olmuşdur ki, iş materiallarında olan həmin ərizənin surətindən görünür ki, o öz razılığı ilə "xxxx" QSC-də tutduğu “çilingər” vəzifəsindən azad edilməsini xahiş etmişdir. İddiaçı ona təzyiq edərək ondan məcburi formada işdən çıxma barədə ərizə yazması ilə əsası ilə dəfələrlə cavabdehə və digər orqanlara şikayətlər edərək cavabdehlə aralarında bağlanmış əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmadan xitam verilməsinin araşdırılmasını, pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsini xahiş etmiş və iş materiallarında olan "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cu il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, ona xx.xx.2022 və xx.xx.2022-ci il tarixli izahatlarında qeyd etdiyi vəzifə öhdəliklərini pozduğuna görə Yük daşımaları departamentinin müvafiq əmrləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci və 2-ci hissəsinin “a" və “b” bəndlərinə əsasən töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, xx.xx.2022-ci il tarixli şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsnə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ə xitam verilmişdir. Qeyd edilən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda hətta iddiaçıya yenidən işə qəbul olunmaq üçün vakansiya üzrə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Birinci vitse prezidentinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsinə "xxxx" QSC-də baxılmış və eyni məzmunlu cavab verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın faktiki halları Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları əsasında yoxlanmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdə işəgötürənə müraciət edərək, həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşəgötürən həmin ərizəyə əsasən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə İddiaçı tutduğu “çilingər” vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmr vermişdir. Göründüyü kimi, işəgötürənin iddiaçı barədə xx.xx.2022-ci il tarixli əmri Əmək Məcəlləsinin qeyd olunan normalarında müəyyən olunmuş qaydalara riayət olunmaqla verilmişdir. İddiaçı iddia tələbini eləcə də apellyasiya şikayətini əsaslandırarkən, ona təzyiq olunduğunu bildirsə də, bu cür təzyiqin olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, təzyiqin nədə ifadə olunmasını iddia ərizəsində və izahatında göstərməmiş, iddianı qeyd olunan hissədə əsaslandırmamışdır. Həmçinin, iş materiallarından işəgötürənin bu cür davranış nümayiş etdirməsinə işarə edən, zənn etməyə imkan verən hər hansı hal də müəyyən edilmir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, iddiaçı apellyasiya şikayətində “iş yoldaşı olan bir xanımla münasibətindən irəli gələrək digər şəxslərin bu münasibəti qəbul etməməsi səbəbindən ona qarşı bu kimi hallar törədilmişdir” qeyd etsə də, eləcə də Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin tələbləri baxımından cavabdeh tərəfindən iddiaçının əmək hüququnu həyata keçirməsinə, ixtisası, bacarığı, öz əməyi əsasında həyatını təmin etmək üçün qazanc əldə etməkdən mane olmasını göstərsə də bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Ümumiyyətlə, kollegiya qeyd edir ki, işin araşdırılmış halları baxımından işəgötürən tərəfindən məhz qeyd olunanlar ilə bağlı ona qarşı qərəzlilik nümayiş etdirilməsinə səbəb ola biləcək hallar müəyyən edilməmişdir. İddiaçı şikayətində ona təzyiqlərin əvvəldən olduğundan o, sentyabr ayında X9 də şikayət etməsini, lakin oradan hələ də cavab verilməməsini göstərsə də, buna dair də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etməsindən, müxtəlif qurumlara yazmasından da göründüyü kimi bu məcburi şəkildə aparılmasına dair dəlili də şikayətin və iddia tələbinin əsaslı olmasına əsas vermir. Belə ki, əvvəla iddiaçının məhkəməyə müraciət etməsindən, müxtəlif qurumlara şikayətlər etməsi onun hüququ olmaqla, bu şikayətlərinə də müvafiq qaydada verilmiş cavablarda onun hüquqlarının pozulması təsdiqini tapmamış, əksinə cavabların məzmunundan şiayətlərinin əsası olmaması göstərilmişdir. İkincisi də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiya daha sonra qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmiş, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığından iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində rədd edildiyi üçün və sonuncu tələbdə ilkin tələblə bir başa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbinin digər, yəni işə bərpa edilmə və s. tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə 19 may 2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikasının Birinci vitseprezidentinə xx.xx.2022-ci il tarixli məktub ünvanlanmış məktubunun məzmununa əsasən iddiaçının məhz həmin tarixdən də hüququnun pozulmuş olduğu barədə məlumatlı olmasını qeyd etməklə 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürməməsini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin özü tərəfindən də həmçinin iddia əsassız hesab edildiyindən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibət bildirilməsinə də ehtiyac qalmamasına dair nəticəsi düzgün olmuşdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən iddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli iddia müddətinin tətbiqinə zərurət olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamış, onun barəsində əmr verilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin göstərişlərinin pozulması işin faktiki halları ilə müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2693/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar