Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7129/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə (Bakı şəhər Mədəniyyət Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7129/2025 (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə (Bakı şəhər Mədəniyyət Baş İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5154/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 04 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı 30 nömrəli Uşaq Musiqı Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş imtahan iclasının iddiaçının münasibətdə qərarının qanunsuz hesab edilməsi, 30 nömrəli Uşaq Musiqı Məktəbinin xx.xx.2025-ci il tarixli 38 saylı əmrinin ləğv olunması və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1983-cü ildən musiqi müəlliməsi vəzifəsində işləyir. xx.xx.1990-cı il tarixdə 30 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin müəllimi vəzifəsinə təyin olunmuşdur. O, artıq 42 ildir ki, bu illərdən 20 ilini, 1996-2016-cı illərdə Fortepiano şöbəsinin müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən iddiaçıya irad da olsa tutulmamışdır. 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 38 saylı əmri ilə iddiaçı ilə cavabdeh təşkilat arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas səbəb kimi 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasını xx.xx.2025-ci il tarixli qərarı göstərilmişdir. İddiaçı nə əmrlə, nə də Attestasiya Komissiyasının qərarı ilə razılaşmır. və Belə ki, hələ Attestasiya Komissiyası işə başlamamışdan əvvəl müəllimlərə məlum oldu ki, Attestasiya Komissiyasının təşkil olunmasının əsas məqsədi komissiyanın qərarı əldə rəhbər tutulmaqla bir çox müəllimlərin tutduğu vəzifədən kənarlaşdırılmasıdır. İddiaçı Attestasiya Komissiyasının imtahan iclasında iştirak etmiş və orada ona verilən sualların demək olar ki, çox hissəsinə düzgün cavab vermişdir. Orada elə suallar olmuşdur ki, həmin suallar iddiaçının vəzifəsinə və ixtisasına uyğun olmamış və iddiaçı nəticə etibarı ilə həmin suallara cavab verməmişdir. Bu barədə o, öz iradımı bildirmişdir. Nəhayət, əmrlə birlikdə iddiaçıya attestasiya vərəqi təqdim olunduqdan və iddiaçı onunla tanış olduqdan sonra o, deyilənlərin həqiqət olduğuna bir daha əmin oldu ki, attestasiya komissiyasının təşkil olunmasının əsas məqsədi bir çox müəllimlərin haqsız olaraq tutduğu vəzifələrindən kənarlaşdırması olmuşdur. Həmin müəllimlərdən biri də iddiaçı olmuşdur. Belə ki, Attestasiya vərəqində göstərilənlərdən belə məlum olur ki, iddiaçı imtahan ərzində ona ünvanlanan sualların heç birinə cavab verə bilməmişdir. İddiaçı bilmir ondan götürülən imtahan video çəkiliş vasitəsilə qeydə alınıb və ya alınmayıb. Əgər video çəkilişlə qeydə alınıbsa onda həmin video çəkilişə baxılarsa onun haqlı olduğu təsdiq olunar. Orada onun neçə suala dəqiq, düzgün və əhatəli cavab verdiyi öz təsdiqini tapar. Təbiidir ki, iddiaçı əmrlə razılaşmadı və xx.xx.2025-ci il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təklif göndərmişdir. Cavab almadığından 6 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya iclasında cavabdeh təşkilat mübahisənin sülh yolu ilə həllinə razılıq vermədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 5154/2025 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, iddiaçı Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Bakı şəhəri Mədəniyyət Baş İdarəsi 30 nömrəli Uşaq Musiqı Məktəbinin xx.xx.2025 il tarixli 38 saylı əmrinin ləğv olunması, İddiaçı tutduğu vəzifəyə bərpa edilməsi, İddiaçı işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64, 65, 66, 67, 70-ci maddəsinin “c” bəndi, 71.1, 71.3, 300-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1, 2.2, 2.4, 2.6-cı bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş və 30 saylı Uşaq Musiqi Məktəbində tətbiq edilən “Uşaq musiqi məktəblərinin nümunəvi əsasnaməsi”-nin tələblərinə əsasən, uşaq musiqi məktəblərində çalışan müəllimlərin attestasiyadan keçirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir. Həmin əsasnaməyə görə, təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi, kadrların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və məktəbin ixtisaslı müəllimlərlə komplektləşdirilməsi məqsədilə attestasiya prosesinin təşkili məktəb direktorunun vəzifə səlahiyyətlərinə daxil edilmişdir. Bu isə o deməkdir ki, attestasiya komissiyasının yaradılması, komissiyanın tərkibinin təsdiqi və prosesin aparılması ilə bağlıəmrləri imzalamaq məhz məktəb direktorunun qanunla müəyyən edilmiş səlahiyyətidir. Birinci instansiya məhkəməsi özü də qətnaməsində təsdiqləmişdir ki, attestasiya prosesi qanunvericiliyin tələblərinə uyğun, tam düzgün və heç bir pozuntu olmadan həyata keçirilmişdir. Belə olan halda, iddiaçının attestasiyanın nəticələrinin guya hüquqi əsası olmadığı barədə iddiası məhkəmə tərəfindən rədd edilməli olduğu kimi, eyni zamanda, “30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” əmrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə irəli sürülən iddia da əsassızdır. Çünki qeyd olunan əmrin verilməsi və imzalanması birbaşa məktəb direktorunun səlahiyyət dairəsinə daxildir və bu səlahiyyət hər hansı digər şəxsə aid edilməmişdir. Məhkəmə öz qətnaməsində "30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası” haqqında əmrinin ləğv olunması və İddiaçı cəlb olunduğu attestasiya nəticələrinin etibarsız hesab edilməsi hissəsinə iddianı təmin etməmişdir. Məhkəmənin bu hissədə iddianı təmin etməyib ondan aslı olan digər əlaqəli tələblərlə əlaqədar tələbləri təmin etməsiağlabatan hesab olunmur. Məhkəmə birbaşa olaraq attestasiyanı və onun nəticələrini qanuni hesab etmişdir. Məhkəmənin attestasiya prosesinin düzgün keçirildiyini qətnaməsində təsdiqlədiyi halda nəticələrin əsassız hesab edilməsi isə hüquqi baxımdan ziddiyyət təşkiledir və bu səbəbdən həmin qənaət apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Digər bir məsələ birinci instansiya məhkəməsinin attestasiyanın məqsədlərinisadalayaraq onu guya işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməyəcəyi barədə gəldiyi nəticə mövcud qanunvericiliyin tələblərina uyğun deyildir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndiaçıq şəkildə göstərir ki, işçinin tutduğu vəzifəyə uyğun gəlməməsiəmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi üçün əsasdır. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmamasının müəyyən edilməsinin isə yeganə qanuni və obyektiv mexanizmi attestasiyadır. Yəni attestasiya həm işçinin inkişaf ehtiyaclarını müəyyən etmək, həm də onun tutduğu vəzifəyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Hər iki məqsəd birbirini istisna etmir. Məhkəmənin yanlış olaraq qeyd etdiyi kimi, attestasiya yalnız inkişaf məqsədi daşımır. Əksinə, qanunvericiattestasiyanın nəticələrinin əmək münasibətlərində hüquqi nəticə doğurmasını birbaşa nəzərdə tutmuşdur. Məhkəmənin istinad etdiyi “ixtisasartırma, vəzifə dəyişmə, təlimə yönləndirmə” kimi addımlar isə alternativ tədbirlər olub, işəgötürənin mütləq deyil, mümkün seçimlərindən biridir. Qanun işəgötürəni bu tədbirlərdən birini mütləq seçməyə məcbur etmir; bu tədbirlər işəgötürənin idarəetmə səlahiyyətlərinə uyğun olaraq sərbəst şəkildə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsinin attestasiyanın məqsədini yanlış şərh etməsi və işəgötürənin xitam hüququnu əsassız şəkildə məhdudlaşdırması hüquqi baxımdan yolverilməzdir və qətnamənin bu hissəsiapellyasiya instansiyası tərəfindən ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə baxışı zamanı İddiaçı verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
10. Məhkəmə baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada)
11. Maddə 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
12. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
13. Maddə 65.5 Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
14. Maddə 65.7 Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
15. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
16. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”
17. Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
18. Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olnıadtqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və məhkəmənin qətnamədə mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun gəlmir.
28. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 1990-cı ildən 30 nömrəli Musiqi Məktəbində fortepiano şöbəsinin müəllimi kimi işləməsi işin mübahisə olunmayan hallarıdır.
29. Eyni zamanda, işdə olan digər sübutlardan görünür ki, ş materiallarında olan Zakir Əsədov, Sabinə İsazadə və Zülfiyyə İsmayılova tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-24/2-4039/0804/2024 nömrəli məktubuna əsasən Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-24-5/2-14/2024 nömrəli bildirişinə istinadən 30 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq fevral-iyun ayları ərzində müəllimlərin attestasiyasnı keçirməyi qərara almış və bu barədə xx.xx.2024-cü il tarixli 79 nömrəli əmr imzalanmışdır. Attestasiyanın keçirilməsi ilə bağlı müəllimlərə xəbərdarlıq bildirişləri təqdim olunmuşdur və müəllimlər öz imzaları ilə bildirişi aldıqlarını təsdiqləmişlər. Lakin İddiaçı bildirişi imzalayıb təhvil almaqdan imtina etmişdir.
30. İş materiallarında olan Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya – “ritm yerində deyil”, “çox pis idi”, “cavab verə bilmədi”, “düzgün cavab verə bilmədi” kimi qeyd etmişdir. Həmin vərəqədə Attestasiya Komissiyası İddiaçı nəticələrinə uyğun olaraq attestasiya olunan tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilmişdir. İddiaçı lehinə 2 nəfər, əleyhinə 3 nəfər səs vermişdir. Nəticədə 02 aprel 2025-ci il tarixli 38 nömrəli əmrə əsasən, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarı və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
31. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, müəllimlərinin attestasiyası əmək qanunvericiliyin tələblərinə riayət edilməklə aparılsa da, işəgötürən tərəfindən işçilərin attestasiyasının nəticələrinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin tələblərinə əmək edilməmişdir. Hüquq nəzəriyyəsinə görə də, attestasiya işçinin işçinin peşakarlıq səviyyəsinin müəyyən edilməsi ilə onun biliyinin, işgüzar səriştəliyinin və ixtisasının artırılmasına yönəlmiş effektiv mexanizm olaraq qiymətləndirilir. Bu mexanizm vasitəsilə işəgötürən işçinin əmək potensialını müəyyən edərək əməyin idarəedilməsi üzrə düzgün qərar verilə bilər. Attestasiyanın keçirilməsi məqsədləri sırasında, işçilərin əməyinin effektivliyinin artırılması, onların ixtisasının artırılması zərurətinin müəyyən edilməsi, əməyin düzgün qiymətləndirilməsi, yüksək peşəkarlığa malik kadrlarının formalaşması, bununla da təşkilatın insan resurslarının daha rasional idarə edilməsi də qeyd edilir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, işçilərin attestasiyası işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi vasitəsi kimi çıxış edə bilməz. Məhz bu baxımdan, qanunverici Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində , attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi ilə bağlı imperativ göstəriş müəyyən etməmiş, bunu işəgötürənin səlahiyyətinə buraxmışdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
34. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23- cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
35. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
37. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70-ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
38. ƏM-nin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
39. Həmçinin qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinin İ, İİİ və V hissələrinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə məsələn, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 26-cı, “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 2-ci maddələrində də öz əksini tapmışdır. Sosial hüquqlardan biri olan təhsil hüququnun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin İİ hissəsinə uyğun olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
40. Təbii ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur.
41. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı uşaq musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləyir və bir müəllim kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir.
42. Bu kontekstdə dövlətin pozitiv öhdəlikləri - təhsil hüququnun effektiv icrasını təmin edən tədbirlərin həyata keçirilməsi, pedaqoji kadrların seçimini və qiymətləndirilməsininin obyektiv mexanizmlərlə həyata keçirilməsi, minimum peşə standartlarının tətbiq olunması, keyfiyyətə nəzarət və attestasiyanının işlək saxlanılması, zəif nəticə göstərən müəllimlərin tədris prosesinə təsirinin aradan qaldırması və s. bu və digər hallarda xarakterizə olunur.
43. Lakin işçilərin attestasiyası (işçilərin peşə hazırlığı və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi) yalnız qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla keçirilə bilər. Attestasiya işçinin əmək hüquqlarına birbaşa təsir edən prosedur olduğundan, onun keçirilmə qaydası əvvəlcədən müəyyən olunmalı, işçiyə vaxtında məlumat verilməli, qiymətləndirmə meyarları aydın və birmənalı olmalı, komissiyanın tərkibi və səlahiyyətləri legitim formalaşdırılmalıdır. Eyni zamanda, attestasiya zamanı işçinin bərabərlik, obyektivlik, qərəzsizlik və müdafiə hüququ təmin edilməli, ona sualların ixtisas və vəzifə tələblərinə uyğunluğu gözlənilməli, nəticələr isə mütləq əsaslandırılmalı və sənədləşdirilməlidir.
44. Belə ki, ƏM-nin 65-ci maddəsində attestasiyanın keçirilməsinin qaydaları və şərtləri dəqiq tənzimlənmişdir (attestasiya komissiyasının yaradılması, tərkibi, işçiya veriləcək sualların əhatə dairəsi, nəticələrin rəsmiləşdirilməsi və s.). Analoji hallar həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001- ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarında da nəzərdə tutulmuşdur (attestasiya barədə işçilərin xəbərdar edilməsi, keçirilməsi, rəsmiləşdirilməsi və s.).
45. İddiaçının iddianın təmini ilə bağlı dəlili ondan ibarətdir ki, o, Attestasiya Komissiyasının imtahan iclasında iştirak etmiş və orada ona verilən sualların demək olar ki, çox hissəsinə düzgün cavab vermişdir. Orada elə suallar olmuşdur ki, həmin suallar iddiaçının vəzifəsinə və ixtisasına uyğun olmamış və iddiaçı nəticə etibarı ilə həmin suallara cavab verməmişdir.
46. Bu və digər halların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün apellyasiya baxışı zamanı iddiaçının ixtisasına uyğun müvafiq mütəxəssis rəyinin alınması məqsədilə Azərbaycan Milli Konservatoriyasına müraciət olunmuşdur. Konservatoriyanın “Fortepiano” kafedrasının müdiri, dosent Naibə X1 tərəfindən ünvanlanmış müraciətə cavab olaraq xx.xx.2026-cı il tarixli məktub və ona əlavə olunan rəydə qeyd edilmişdir ki, iddiaçıya verilən 13 sualdan 3 suala düz, 2 suala qismən cavab vermiş, 8 suala isə cavab verə bilməmişdir. Həmçinin təqdim olunmuş videomateriallara baxılmış və göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əsərin ifa və təhlili orta zəif olmuş, üslub göstərilməmiş, digər təqdim olunan tapşırığı da çala bilməmiş, üzdən oxuduğu əsərin ölçüsünü düzgün təyin etmədiyindən ifası da ritmik cəhətdən yanlış olmuşdur. Nəticədə attestasiya vərəqəsindəki sualların ixtisasa uyğunluğu və attestasiyanın nəticəsinin obyektiv olduğu müəyyən edilmişdir.
47. Apellyasiya baxışı zamanı iddiaçı hansı sualların onun ixtisasına aid olmamasını əsaslandıra bilməmiş, əksinə, bu istiqamətdə olan sübutlar baxış keçirildikdən sonra əldə olunan nəticəyə əsasən bütün sualların onun ixtisasına aid olması təsdiq olunmuşdur.
48. Beləliklə, işdə olan sübutlardan şəffaflıq, bərabərlik, obyektivlik, qərəzsizlik kimi prinsiplərə riayət olunmaqla iddiaçı barəsində müvafiq attestasiyanın keçirilməsi və nəticələrinin tam, hərtərəfli və əsaslandırılmış qaydada rəsmiləşdirilməsi müəyyən edilmiş, iddiaçı isə bunun əksinə sübut edə bilməmişdir.
49. Həmçinin attestasiyanın keçirilməsi zamanı komissiya tərəfindən iddiaçıya verilmiş suallar onun icra etdiyi vəzifənin məzmununa və ixtisas tələblərinə uyğun olmuş, iddiaçı isə həmin sualların əhəmiyyətli hissəsinə cavab verməkdə çətinlik çəkmiş, bir sıra elementar anlayışları izah edə bilməmişdir.
50. Kollegiya bir daha qeyd edir ki, müəllim fəaliyyəti yalnız formal iş funksiyası deyil, şagirdlərin bilik səviyyəsinin formalaşdırılmasına birbaşa təsir göstərən və təhsil müəssisəsinin fəaliyyət məqsədlərinə xidmət edən məsuliyyətli əmək funksiyasıdır. Bu səbəbdən işçinin peşə yararlılığının minimum səviyyədə belə təmin olunmaması, onun həmin vəzifədə saxlanılmasının təhsil prosesinə və şagirdlərin keyfiyyətli təhsil alma maraqlarına mənfi təsir göstərməsi ehtimalı işəgötürənin idarəetmə səlahiyyətləri çərçivəsində müvafiq qərar qəbul etməsini zəruri edir.
51. Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, bu səbəbdən də cavabdehin xx.xx.2025-ci il tarixli, 38 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bu zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaqla, sənədləşmə vaxtında və əsaslandırılmış formada həyata keçirilmişdir.
52. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-5154/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev