Məhkəmə qərarları › İş №2(103)-713/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-713/2020

20.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-713/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun vəkili Vəkil2 və nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3284/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X9 ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə İddiaçı arasında nikah xx xxxxxxxx 1981-ci il tarixdə rəsmi qeydiyyata alınmışdır. X9 xx xxxxxx 1992-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuşdur. X7 uğurunda gedən döyüşlərdə şəhid olmuş şəxslərin vərəsələrinə 11000 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi ilə bağlı İddiaçı tərəfindən müraciət edilsə də, ona bildirilmişdir ki, X9 arasında başqa bir şəxsin də rəsmi nikahı olmuşdur. Belə ki, həmin şəxs Cavabdeh olmuşdur. Hal-hazırda həmin nikah barədə onda rəsmi məlumat olmadığına görə həmin kompensasiya məbləğinin alınması qeyri-mümkün hala gəlmişdir. Kompensasiya məbləğinin alınması üçün həmin nikah haqqında məlumatın alınması üçün AR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilmişdir. Verilən sorğuya cavab olaraq bildirilmişdir ki, X9 ilə Cavabdeh nikahı haqqında məlumatlar fərdi məlumatlar kateqoriyasına daxil olduğundan, eləcə də, H.Məmmədovun vərəsələrindən biri tərəfindən və ya Cavabdeh tərəfindən verilmiş etibarnamə bizdə mövcüd olmadığından müvafiq sənəd şəxsən və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında tərəflərdən birinin səlahiyyətli nümayəndəsinə müvafiq qeydin olduğu və yaxud yaşadığı yeri üzrə qeydiyyat şöbəsinə müraciət edəcəyi təqdirdə verilə bilər. Eyni zamanda məhkəmənin sorğusu əsasında müvafiq məlumatlar aidiyyəti üzrə həmin orqana göndərilə bilər.Beləliklə, həm hazırda qüvvədə olan qanunvericiliyə, həm də Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin qeyd edilən normalarına əsasən iddiaçının mərhum yoldaşı ilə cavabdeh arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3284/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X5 Cavabdeh arasında xx xxxx 1990-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1076 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi və mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)-3284/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iddianı təmin edərkən xx xxxxxx 1969-cu ildə qəbul olunmuş Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsi ilə əsaslandırmışdır. Həmin məcəllənin 48-ci maddəsinə əsasən Nikah və Ailə Məcəlləsinin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandıqda nikah etibarsız sayıla bilər. Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinin məzmunu aşağıdakı kimidir. İkisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaş-bacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq Nikah və Ailə Məcəlləsinin 48-ci maddəsinin məzmunundan görünür ki, həmin məcəllənin 17-ci maddəsinin tələblərinin pozulması nikahın etibarsızlığına səbəb ola bilər. Yəni imperativ norma kimi nəzərdə tutulmayıb. Qanunverici nikahın etibarsızlığını ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında bağlanmasını o halda mümküb hesab edir ki, həmin nikahlardan biri ailə qurmaq niyyəti olmadan bağlanmış olsun. X14 İddiaçı ilə olan ailə münasibətlərinə 1989cu ilə kimi xitam vermiş, Şəfaət Məmmədova ilə ailə quraraq onunla yaşamış, birgə nikahdan bir qızları doğulmuşdur. Yeni ailə qurulmasında başqa məqsədlər güdülməmişdir. Nikah o vaxt etibarsız hesab edilə bilər ki, o ailə qurulmasına deyil, sair niyyətlə bağlansın. Göründüyü kimi məhkəmə nikahın etibarsızlığının fəlsəfəsini düzgün anlaya bilməmişdir. İşin mübahisəsiz halıdır ki, X15 Abbasova ailə qurduqdan sonra yalnız onunla nikah münasibətində olmuş və nikahlarını 1990-cı ildə rəsmiləşdirmişdir. Birgə nikahdan isə bir qızları doğulmuşdur. Bir müddət Rusiyada, sonra isə Bakıda müxtəlif yerlərdə kirayədə yaşayaraq təsərüffatı birgə idarə etmişlər. 1989-cu ildən şəhid olduğu günədək Həmid Məmmədov cavabdehlə yaşamış, iddiaçı ilə əlaqədə olmamışdır. İddiaçı xx.xx.2019-cu ildə məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, o sabiq ərinin Şəfaət Məmmədova ilə əlaqələrinə maneə olmağa çalışmışdır və qaynı Vaqif Məmmədov qardaşı X13 xanımı istəmək üçün elçilik etmişdir. Əlbəttə ki, bu hal həmin vaxt Həmid Məmmədovun subay olmasını təsdiq edir. Həmin vaxtı Həmid Məmmədovun subay olması İddiaçı həmin nikahın bağlanmasına maneə olmaq imkanından məhrum etmişdir. Görünən odur ki, məhz bu səbəbdən də o həmin vaxt, məhkəməyə müraciət etməmişdir. İddiaçı məhkəməyə müraciət etməsini 11000 manat sığorta haqqını ala bilməməsi ilə əsaslandırmışdır və məhkəmə çıxışında göstərir ki, cavabdehlə olan nikahın etibarsızlığı onu maraqlandırmır. Lakin məhkəmə bu hala da qiymət verməmişdir. İşin hallarından görünür ki, 1990-cı ildə nikahı rəsmiləşdirərkən nikahın qeydə alınmasına maneə olacaq hal olmamışdır. Bu da işin mübahisə olunmayan halıdır. İddiaçı bunu anlayaraq nikah qeydinin rəsmiləşməsini mübahisələndirməmişdir. Başqa sözlə Cavabdeh ilə nikahın rəsmiləşdirilməsi tamamilə qanun çərçivəsində olmuşdur. Nikah qeydinin rəsmiləşməsini mübahisələndirilmədən həmin nikahın etibarsız hesab edilməsi yolverilməzdir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Həmid Məmmədovun Cavabdeh ilə evlənməsində birbaşa iştirak etmiş və geridə qalan 28 il ərzində susmuşdur. Yəni ərinin yeni nikaha girməsini qəbul etmişdir. Məhkəmə işin bu halına da qiymət verməmişdir. Məhkəmə iddianı təmin edərkən birinci nikahın pozulmadan ikinci nikahın qeydə alınmasını əsas gətirərək iddianı təmin etmişdir. Hansı ki, cavabdehlə nikah qeydə alınarkən nikahın rəsmiləşdirilməsinin qarşısını alan hal olmamışdır və məhz bu səbəbdən də nikah rəsmiləşdirilmişdir. Məhkəmə iddianı təmin etdiyi halda nikahı rəsmiləşdirmiş Nərimanov rayon Qeydiyyat şöbəsini 3-cü şəxs qismində işə cəlb etməmişdir. Hansı ki, Nərimanov rayon Qeydiyyat şöbəsi nikahın qeydə alınmasında qanunsuzluğa yol verilibverilməməsinə aydınlıq gətirməli idi. Görünən odur ki, məhkəmə əvvəlcədən iddianı təmin etmək niyyətində olduğu üçün üçüncü şəxsin işə cəlb edilməsini məqsədə uyğun hesab etməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə gəldiyi nəticəni sübhə altına almamaq üçün protokola dair verilmiş qeydləri qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili Vəkil2 və nümayəndəsi X10 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Apelyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üşüncü şəxs qismində cəlb olunmuş Nizami rayon Qeydiyyat şöbəsi (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və izahatları dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, № 30/1-2 saylı arayışa əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı polis serjantı X3 həyat yoldaşı İddiaçı Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında xx.xx.1993-cü il tarixli qanunda və Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı qərarında nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr xidmətinin xx.xx.2019-cu il tarixli, 05/2-5155/13 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh xx.xx.1990-cı il tarixdə Nizami Rayon Qeydiyyat şöbəsində X5 nikahının qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli, 05/2-5915/13 saylı məktubundan görünür ki, X9 ilə İddiaçı nikahının pozulması haqqında akt qeydinin surətinin istənilməsinə dair sorğunuza baxılmışdır.Bildiririk ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2019-cu ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən H.Məmmədov ilə İddiaçı nikahının pozulması haqqında hər hansı məlumat aşkar olunmamışdır.Həmçinin qeyd edirik ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Xidmətin arxivində saxlanılmadığından H.Məmmədov ilə İddiaçı nikahının pozulmasıra dair məlumat verilməsi mümkün deyildir. Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.1990-cı il tarixli, 1076 nömrəli nikahın bağlanması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X5 Cavabdeh nikaha daxil olması barədə qeydiyyat aparılmış və nikaha daxil olanlar tərəfindən imzalanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Abbasova soyadı verilmişdir. İ-СЛ seriyalı, 489255 nömrəli, xx.xx.1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X6 xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. xx.xx.2019-cu il tarixli, 05/Q-610/69 saylı Yasamal rayon Qeydiyyat şöbəsinin arayışın surətinə əsasən X9 və İddiaçı barəsində Yasamal rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsində 1988-1994-cü illərə dair ilkin akt qeydləri yoxlanılmışdır. xx.xx.2019-cu il tarixli, 1248 saylı 33 saylı Mənzil kommunal İstismar Sahəsinin arayışına əsasən, Məmmədov Həmid oğlu xx.xx.1988-ci il tarixli 079499 saylı dəyişmə orderinə əsasən aşağıdakı ailə tərkibi ilə qeydiyyatda olub: Arvadı - İddiaçı, qızı - X1, oğlu - X8, oğlu – X11. İV-ЖГ № 390743 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 xx.xx.1992-ci il tarixdə ölmüşdür, xx.xx.1992-ci il tarixdə 1140 saylı akt qeydi ilə kitabda qeydiyyat aparılmışdır. 2-B-53 nömrəli reyestrlə qeyd edilmiş Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunun verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X3 əmlakının vərəsəslərinin hər biri -Cavabdeh Bakı şəhəri, A.Gəraybəyli küçəsi, ev 67/71, 167 nömrəli mənzildən bərabər hissələrdə irs almalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasındakı mübahisənin əsasını iddiaçıyla X9 arasında xx.xx.1981-ci il tarixli nikah olduğu halda, X5 Cavabdeh nikaha daxil olması barədə Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.1990-cı il tarixli, 1076 nömrəli nikahın bağlanması haqqında akt qeydinin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsində, həm də ki apelyasiya instansiya məhkəməsində məhkəmə iclasında izahatında da bildirmişdir ki, mərhum X3 bacısı Nübar ilə kirayə qaldığı evə ona elçi gəlmiş, ona Həmidi öz qaynı kimi təqdim eləmişdir. Həmidin böyük qardaşı atasının və qardaşının yanına elçi gediblər. Qardaşları bunu təsdiqləyə bilərlər. xx.xx.1990-cu ildə Nizami rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuşlar. Evləndikdən 2 ay sonra ona məlum olmuşdur ki, Həmid Ermənistan Respublikasında evlənmiş, 3 uşaq atasıdır. Cavabdeh də, ailəsi də buna narazılıq etmişdir. O da bildirmişdir ki, orada rəsmi olaraq boşanıblar. O şəhid ailəsi kimi tanındığını, mərhumun rəsmi vərəsəsi olduğunu bildirmişdir İddiaçı həm birinci instansiya məhkəməsində, həm də ki apelyasiya instansiya məhkəməsində məhkəmə iclasında izahatında cavabdehin kirayədə qaldığı evə getməkdə məqsədinin elçilik olmadığını, ərinin cavabdehlə rəsmi nikah bağladığını bilmədiyini, onun şəhidliyi ilə əlaqədar yardım üçün dövlət orqanlarına müraciət etdikdən sonra öyrəndiyini, eyni zamanda qaçqın düşdükdən sonra birlikdə Bakı şəhərinə gələrək, şəhid olan günədək hazırki mənzillərində yaşadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.1-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşaçatdıqda ailə qurmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 23.4-cü maddəsinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. 25-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.[ Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.5-ci maddəsinə əsasən pozulmamış əvvəlki nikah üzrə ər (arvad)nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası nəzər alır ki, X9 ilə İddiaçı arasında nikah xx.xx.1981-ci il tarixdə və X5 Cavabdeh nikahıxx.xx.1990-cı il tarixdə bağlandığından, ilk növbədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından (qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır) 2000-ci ilədək qüvvədə olan Nikah və Ailə Məcəlləsinin (1969-cu il tarixli) nikahın etibarsızlığı ilə bağlı müddəalarına istinad edilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, 2000-ci ilədək qüvvədə olan Ailə və Nikah Məcəlləsi də (15-ci, 17-ci və 48-ci maddələr) hazırda qüvvədə olan Ailə Məcəlləsinə uyğun olaraq ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər tərəfindən həmin nikah pozulmadan təkrar nikahın bağlanmasını, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda nikah bağlamasını artıq nikahın məhkəmə qaydasında etibarsız sayılması üçün əsas kimi müəyyən etmiş, eyni zamanda məhkəmədə işə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda məhkəmə qaydasında həmin halların aradan qalxdığı vaxtdan nikahın etibarlı hesab edilə bilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həm 2000-ci ilədək qüvvədə olmuş Ailə və Nikah Məcəlləsinin 48-ci maddəsində (həmin məcəllənin 15-17-ci maddələrinə də istinadən), həm də hazırda qüvvədə olan Ailə Məcəlləsinin 25.1-ci maddəsində (həmin məcəllənin 10-12-ci və 13.3-cü maddələrinə də istinadən) nikahın etibarsız sayıldığı halların dairəsi müəyyən edilmiş, o cümlədən şəxsin (ərin və ya arvadın) artıq nikahda olarkən, bu nikahı pozmadan yenidən başqa şəxslə bağladığı nikah bir mənalı olaraq etibarsız nikahlar kateqoriyasına aid edilmişdir. Həmçinin ikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). Göründüyü ki, X5 Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1076 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah X9 ilə İddiaçı arasında nikah xx.xx.1981-ci il tarixdə bağlanmış nikah rəsmi qaydada pozulmadan qeyd alınmışdır. (Nikah şəhadətnaməsi iddiaçıda qalır.) Beləliklə hər iki məcəllənin tələbləri baxımından bu hal onların nikahının etibarsız hesab edilməsi üçün əsas yaradır. Eyni zamanda Cavabdeh vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Bəhs edilən maddənin dəyişiklikdən sonrakı mətni “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyasında verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırki mübahisəyə nəzər saldıqda isə aydın olur ki, iddia tələbi hər hansı əqdin (müqavilənin) etibarsızlığı deyil, nikahın etibarsızlığı ilə bağlıdır. Məhkəmə qeyd edir ki, nikah “kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır”, odur ki, hazırki iddia tələbinə mülki qanunvericiliyin əqdlərin etibarsızlığını tənzimləyən müddəaları analogiya üzrə tətbiq oluna bilməz. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, X5 Cavabdeh arasında xx xxxx 1990-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış və 1076 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi barədə mövqeyi düzgündür. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Odur ki, MPM-nin 384-385-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə, MPM-nin 392, 393 və 405-ci maddələrinin tələblərinə və yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3284/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar