Məhkəmə qərarları › İş №2(103)-7139/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7139/2025

09.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7139/2025 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:( xidməti yaşayış sahəsindən çıxarılma) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Vəkil2 iştirakı ilə,iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh qarşı “xidməti yaşayış sahəsindən çıxarılma” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2421/2025 saylı işi üzrə 07 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən mənzillə təmin edilmədən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarında yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin qeydiyyatının təşkili, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması göstərilmişdir. Həmin Əsasnamənin 1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Sözügedən Əsasnamənin 4.8-ci maddəsində hərbi qulluqçuların xidməti yaşayış sahəsi almaq üçün təminata qoyulması məqsədi ilə tələb olunan sənədlərin siyahısı qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən özəlləşdirilmiş mənzilin və ya torpaq sahəsinin olub-olmaması barədə arayışın olması mütləqdir. Bakı Qarnizonu mənzil komissiyasının 24 iyun 2014-cü il tarixli iclasında Cavabdeh ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və 27 iyun 2014-cü il tarixli 91 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 3 ünvanında 3 otaqlı xidməti yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olmuşdur. Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olduqdan sonra Cavabdeh ünvan 5 ünvanındakı xidməti yaşayış sahəsini təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırki vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2421/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2, 92, 98.1, 98.2, 99.1, 100.3, 102.1; “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119-cu maddələrinə isytinadən qeyd edilmişdir ki, Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsi Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 16, mənzil 18 Cavabdeh xüsusi mülkiyyətidir. Qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Lakin işdən görünür ki, cavabdehin Bakı şəhərində xüsusi mülkiyyətində mənzili vardır. Belə olan halda kirayəyə verən kimi iddiaçının yaşayış sahəsinin kirayə müqaviləsini ləğv etmək hüququ vardır. Bu hüquq tərəflər arasında bağlanmış müqavilədən başqa eyni zamanda mənzil qanunvericiliyi ilə də təsbit olunur. İddiaçı kirayə müqaviləsinin ləğvi barədə cavabdehə xəbərdarlıq göndərmiş və mənzili təhvil verməsini bildirmişdir. Lakin cavabdeh buna məhəl qoymayaraq hazırki vaxta kimi mənzili təhvil verməmişdir. Halbuki cavabdehin sözügedən mənzilə ehtiyacı artıq aradan qalxmışdır. Bu səbəbdən cavabdeh kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə eyni zamanda cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarının hazırki vaxta kimi icra edilməməsi səbəbindən iddianın əsassız olması ilə bağlı bildirdiyinə münasibətdə qeyd edir ki, məhkəmə aktı dövlətin adından çıxarılır və icrası hamı üçün məcburidir. Cavabdeh bununla bağlı müvafiq icra qurumuna müraciət edib, həmin qərarın icrasını tələb etmək hüququna malikdir. Cavabdehə məxsus mənzildə yerləşən şəxsin həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qərarının icrasının yubanması hazırki iddianın əsassızlığına dəlalət etmir. Belə ki, qanunvericilikdə bu halın cavabdehin xidməti yaşayış sahəsini təhvil verməkdən yayınması üçün əsas ola biləcəyini özündə əks etdirən normaya rast gəlinmir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - 27 iyun 2014-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsi Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilənin 5.4.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyində və Mənzil məcəlləsində müəyyən edilmiş digər hallarda müqavilə kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 16, mənzil 18 xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri 4.Cavabdeh apellyasiya şikayəti verərək,birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3, 100.3, 102.2.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, o, 1997-ci ildən ordu sıralarına zabit olaraq qoşulmuş, bu müddət ərzində qüsursuz hərbi xidmət keçmişdir. Təsadüfi deyil ki, xidmət etdiyi dövrlərdə dəfələrlə təltif olunmuşdur. Həmçinin xx.xx.2013-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən mərmi partlayışı nəticəsində yaralanmış, 1 ay ərzində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə almış və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli Qərarına əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanmağı təsbit Qərarına əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanmağı təsbit olunmuşdur. Beləliklə, orduda uzun illər ərzində xidmətini, mənzil şəraitini nəzərə alaraq Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş və Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xx.xx.2009-cu il tarixli 006297 saylı Order əsasında ünvan 6 ünvanında yerləşən 2 otaqlı mənzill ona verildi. Eyni zamanda xx.xx.2010-cu il tarixdə həmin mənzilin onun mülkiyyətində olması barədə çıxarış da əldə etmişdir. Lakin mənzil ona verildiyi zaman bəlli idi ki, həmin mənzildə Ağdam rayonundan olan məcburi köçkün X1 öz ailə üzvləri ilə 1994-cü ildən məskunlaşmışdırlar. Bu barədə o Müdafiə Nazirliyinə təkrar olaraq məlumat verdi. Ona bildirildi ki, həmin məcburi köçkünlər dövlət proqramı çərçivəsində 1 il ərzində həmin evdən köçürüləcək. Lakin növbəti illərdə də qeyd edilən köçürülmə baş tutmadığı üçün yenidən Müdafiə Nazirliyinə müraciət etdi. Həmin vaxt bildirildi ki, məcburi köçkünlər mənzildən çıxmayanadək onun həmin mənzillə təmin olunmağı mümkün olmayacaq. Əvəzində isə onu kirayə müqaviləsi əsasında xidməti mənzillə təmin edəcəklər. Eyni zamanda tövsiyyə olundu ki, məhkəməyə müraciət etsin. O dərhal X1 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə Xətai rayon məhkəməsinə müraciət etdi və Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)- 1831\11 saylı qətnaməsinə əsasən iddia tələbi təmin olundu və X1 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edildi. Qətnamə üzrə cavabdeh tərəfindən apellyasiya və kassasiya instansiylarına müraciət edilsə də, yekun olaraq qərar alındı ki, X1 və onun ailə üzvləri həmin mənzildən çıxarılsınlar.Qeyd edilən məhkəməyə hazırkı iş üzrə iddiaçı olan AR Müdafiə NazirliyininMənzil İstismar İdarəsi də maraqlı tərəf olaraq cəlb edilmiş və məhkəmə iclaslarında iştirak edərək həmin mənzilin Müdafiə Nazirliyinin mənzilfonduna daxil olduğunu, həmin mənzilin qorunmasının, saxlanmasının və mühafizə olunmasının Müdafiə Nazirliyinin səlahiyyətində olmasını bildirərək qeyd etmişdir ki, mənzilin mülkiyyətçisi Cavabdehdur. Qeyd edilən icra vərəqəsi icra edilməsi məqsədilə Xətai rayon İcra Şöbəsinin icraatına yönəldilmişdir. Lakin həmin icra vərəqəsi bu günədək icra edilməmiş və onun həmin mənzilə köçürülməyi təmin edilməmişdir. Belə ki,ona verilən cavab məktublarında da qeyd edilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqraml”nın təsdiq edilməsi haqqında AR Prezidentinin xx.xx.2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, müvəqqəti yaşamaq üçün yeni qəsəbə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq onların məskunlaşdığı bina, mənzil, torpaq sahəsi və digər obyektlərdən çıxarılmasına yol verilmir. Beləliklə, məhz Dövlətin icraedici orqanı tərəfindən ona verilmiş mənzillə təmin olunmağı yenə də Dövlətin digər icraedici orqanı tərəfindən müvəqqəti olaraq dayandırlımışdır. Yəni, faktiki olaraq o yenə də mənzillə təmin edilməmişdir. Bu fakt yuxarıda da qeyd etdiyi kimi hazırkı iş üzrə iddiaçıya bəlli olduğundan və onun həmin mənzildə yaşamaq hüququ faktiki olaraq mümkün olmadığından onlar ona müvvəqəti yaşayış yeri ilə təmin edəcəklərinə söz verdilər və Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2014-cü il tarixdə mənimlə bağlanmış 91 saylı Kirayə Müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən mənzili onun sahibliyinə və istifadəsinə verdilər. O artıq 11 ildən çoxdur ki, həmin kirayə müqaviləsi əsasında qeyd edilən mənzildə ailə üzvləri ilə bərabər yaşayır. Müdafiə Nazirliyi tərəfindən formal olaraq ona ev verilsə də, əslində həmin evdə hələ də məcburi köçkünlər yaşayırlar. Yəni, ona evin Çıxarışı təqdim edilsə də, faktiki olaraq həmin mənzil təhvil verilməyib. Həmçinin, Müdafiə Nazirliyi həmin evi ona verərkən də evdə məcburi köçkünlər yaşayırdı və başa sözlə ona 3-cü tərəfin yüklülüyündən azad mənzil verməli olmalarına baxmayaraq ona yüklü ev verilmişdir. Bu isə onun hazırda başqa yaşayış yerinin olmaması anlamına gəlir. Əgər onun mülkiyyətində mənzil olduğu üçün Kirayə Müqaviləsi ləğv edilərək o həmin mənzildən çıxmalı idisə, o zaman sual yaranır ki, onun “mülkiyyətində” ev 2009-cu ildən olmuşdur, niyə 2014-cü ildə onunla kirayə müqaviləsi bağlandı? Niyə həmin vaxt ona deyilmədi ki, sənin mülkiyyətində ev var? İndi nə dəyişib ki, kirayə müqaviləsi ilə ona verilən mənzildən çıxarılmalıdır? Həmin evdə yenə də həmin məcburi köçkünlər yaşadığı və xx.xx.2004-cü il tarixli, 298 saylı Sərəncam qüvvədə olduğu halda o həmin mənzilə necə yerləşsin? Dövlət ona bir tərəfdən mənzil verib, digər tərəfdən həmin mənzildə yaşamağına məhdudiyyət qoyub. O indi harda yaşamalıdır? Bu vəziyyətdə verilən mənzil onun mənzillə təmin olunmağı deməkdirmi? Məhkəmə bu bənd üzrə əsaslandırma edərkən işin faktiki hallarına baxmadan, yalnız formal olaraq cavabdehin mülkiyyətində mənzil olmasını əsas gətirmişdir. Halbuki, həmin mənzildə məcburi köçkünlər yaşayırlar və həmin mənzil ona həmin məcburi köçkünlər yaşadığı vəziyyətdə verilmişdir. Bu barədə ətraflı münasibətlərini işin faktiki halları bölməsində qeyd etmişdir. Məhkəminin sözügedən mənzilə ehtiyacının artıq aradan qalxması ilə bağlı gəldiyi nəticə isə sübuta yetirilməmişdir. Qeyd etdiyi kimi 2014-cü il tarixdə Kirayə Müqaviləsi bağlandığı dövrdən bu günə qədər nə məcburi köçkünlər həmin mənzildən çıxmamışlar, nə də ki xx.xx.2004-cü il tarixli, 298 saylı Sərəncam qüvvədən düşməmişdir. Yəni, hələ də cavabdehin digər yaşayış yeri yoxdur və hələ də Kirayə Müqaviləsi üzrə mənzilə ehtiyacı vardır. Məhkəmə heç bir normaya istinad etmədən hesab etmişdir ki, iddiaçının kirayə müqaviləsini ləğv etmək hüququ vardır. Lakin belə bir hüquq Kirayəçiyə nə Kirayə Müqaviləsində, nə də AR Mənzil Məcəlləsində konkret olaraq verilməmişdir. Belə ki, Kirayə Müqaviləsinin 5.4-cü bəndində müqavilənin ləğvi qaydası müəyyən edilmiş və onların mübahisəyə aidiyyatı olan 5.4.6-cı bəndə əsasən Mənzil Məcəlləsi və digər qanunverciliklə müəyyən olunmuş qaydada həmin müqaviləni ləğv edə bilər. Mənzil Məcəlləsinin 100-cü maddəsi Kirayə Müqaviləsinin ləğvinin 3 əsasını müəyyən edib; 1. tərəflərin razılaşması əsasında 2. Kirayəçinin istənilən vaxt ləğv edə bilməsi hüququ 3. Kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulan hallarda yalnız məhkəmə qaydasında ləğv edə bilməsidir. Mənzil Məcəlləsinin 82.3-cü maddəsi isə nəzərdə tutur ki, Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə kirayə müqaviləsi ləğv edilmiş hesab edilir. Yəni, Mənzil Məcəlləsində müqavilənin ləğv edilməsi üçün şəxsin mülkiyyətinə formal olaraq hansısa mənzilin verilməsi və yaxud da mülkiyyətində hansısa mənzilin olması deyil, məhz yuxarıda qeyd edilən halların olması əsas hesab edilir. Beləliklə, qeyd edilən normalardan aydın olur ki, tərəflər arasında bağlanmış müqavilə hələ də qüvvədədir və ləğv edilməmişdir. Sadəcə olaraq iddiaçının müqaviləni ləğv etmək niyyəti vardır ki, bu niyyətini də xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubunda bildirmişdir. Hətta həmin məktubda belə iddiaçı qeyd etmişdir ki, bu müqavilə ləğv edildikdən sonra mənzil təhvil verilməlidir. Məhkəmənin iddia tələbini təmin edərkən əsaslandırmağa çalışdığı digər məqam üzrə qeyd edir ki, “....Məhkəmə eyni zamanda cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarının hazırki vaxta kimi icra edilməməsi səbəbindən iddianın əsassız olması ilə bağlı bildirdiyinə münasibətdə qeyd edir ki, məhkəmə aktı dövlətin adından çıxarılır və icrası hamı üçün məcburidir. Cavabdeh bununla bağlı müvafiq icra qurumuna müraciət edib, həmin qərarın icrasını tələb etmək hüququna malikdir. Cavabdehə məxsus mənzildə yerləşən şəxsin həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qərarının icrasının yubanması hazırki iddianın əsassızlığına dəlalət etmir.” Məhkəmə bu bənd üzrə əsaslandırma edərkən naməlum səbəblərdən mülkiyyətində olan mənzildə yaşayan şəxslərin adi şəxs olmadığını və məcburi köçkün olaraq xx.xx.2004-cü il tarixli, 298 saylı Sərəncama əsasən müdafiə olunduğunu qeyd etməmişdir. Məhkəmə əsaslandırmağa çalışarkən elə təəssurat yaratmışdır ki, guya qətnamənin icra edilməməsinə səbəb Xətai rayon İcra Şöbəsinin öz vəzifələrini icra etməməsi və yaxud da cavabdehin bunu arzulamamasıdır. Məhkəminin bu fikri ilə o, zaman razılaşmaq olardı ki, həmin evdə yaşayan şəxslər məcburi köçkün olmasın. Məhkəmə qətnaməsinin 3-cü vərəqində məhkəmə tərəfindən AR Mənzil Məcəlləsinin 4, 92, 98, 99, 100 və 102-ci maddələrinə istiad etmişdir. Məhkəmənin özünün istinad etdiyi Mənzil Məcəlləsinin 98.2-ci bəndinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Bu bənddə əsas diqqət yetirməli məqam “təmin edilmənin” nə demək olmasıdır. Belə ki, Azərbaycan dilinin izlahlı lüğətində (Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə(İ cild - 744 s.,İİ cild - 792 s.,İİİ cild -672 s.,İV cild - 712 s.). Bakı, "Şərq - Qərb", 2006) təmin etmək- “bir şeylə lazımi dərəcədə təchiz etmək, lazım olan bütün şeyləri vermək.” kimi ifadə edilmişdir. Yəni, təmin etmə dedikdə məhz təchiz etmək və vermək nəzərdə tutulmuşdur. Hazırkı halda qeyd edilən mənzil ona verilməmişdir. Sadəcə olaraq sənəd üzərində onun mülkiyyətindədir. Lakin istifadə və sərəncam hüququ başqa şəxsdədir. Belə olan halda məhkəmə tərəfindən mənim mənzililə təmin olunmağımı əsaslandırmaq absurd yanaşmadır. İstinad edilən Məcəllənin 100.3-cü bəndinə əsasən Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddənin məzmunundan da görsəndiyi kimi, kirayə müqaviləsinin ləğv edilməsini Kirayə verən bir tərəfli qaydada edə bilməz. Bunun üçün hər bir halda məhkəmə qərarına ehtiyac vardır. Lakin hazırkı halda məhkəmə kirayə müqaviləsi ləğv edilmədən onun mənzildən çıxarılmağı barədə qətnamə qəbul etməklə qanunverciliyin tələblərini pozmuşdur. Yenə də, Məhkəmənin istinad etdiyi 102.1-ci maddəyə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddənin məzmunundan da görsəndiyi kimi yaşayış sahəsinin boşaldılması yalnız kirayə müqaviləsi ləğv edildikdə və ya ona xitam verildikdə mümkündür. Eyni zamanda, yuxarıda da qeyd etdiyi kimi cavabdeh xx.xx.2013-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən mərmi partlayışı nəticəsində yaralanmış, 1 ay ərzində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə almış və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci iltarixli Qərarına əsasən hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanmağı təsbit olunmuşdur. Məhkəmənin qətnaməsində bu hala da qiymət verilməmiş və Mənzil Məcəlləsinin 102.2.4-cü maddəsinin tələbləri də pozulmuşdur. Həmin maddəyə əsasən hərbi xidmət həyata keçirərkən yaralanmış hərbi qulluqçuların digər yaşayış sahəsi verilmədən kirayə müqaviləsi üzrə mənzillərdən çıxarılmasına yol verilmir. Dəfələrlə qeyd etdiyi kimi ona digər yaşayış sahəsi faktiki olaraq verilməmiş, o digər yaşayış sahəsi ilə təmin olunmamışdır. Bu halda Məcəllənin 102.2.4cü bəndinə əsasən o həmin mənzildən çıxarılmalı deyil. Ümumiyyətlə, qanunvercilikdə hərbi qulluqçunun mülkiyyətində başqa yaşayış sahəsinin olması onunla bağlanmış kirayə müqaviləsinin ləğvi üçün əsas deyil. Yəni, maddələrin parallel analizi nəticəsində müəyyən olunur ki, şəxsin kirayə müqaviləsinin ləğv edilməsinə səbəb onun mülkiyyətində hər-hansı mənzilin olması deyil, yalnız yaşadığı mənzildən başqa mənzilə köçməsidir (məskunlaşmasıdır Beləliklə məhkəmə guya iddiaçı tərəfin cavabdehi mənzillə təminetdiyini əsas Beləliklə məhkəmə guya iddiaçı tərəfin cavabdehi mənzillə təminetdiyini əsas gətirərək onunla bağlanmış kirayə müqaviləsi ləğv olunmadan cavabdehin xidməti yaşayış sahəsindən çıxarılması barədə Qətnamə qəbul etmişdir. Lakin yuxarıda da qeyd etdiyi kimi cavabdeh heç bir mənzillə təmin edilməmişdir. Məlum olduğu kimi “AR Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüquqi baxımından AR Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli AR Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, “Qeyd edilməlidir ki, mənzil şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir. Mənzil toxunulmazlığı da insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və qeyri-qanuni müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur.” Qərarın məzmunundan da görsəndiyi kimi mənzil şəxsin istədiyi kimi yaşaya biləcəyi bir yerdir. Hazırkı vəziyyətdə isə iddiaçı onu mənzillə, yəni istədiyi kimi istifadə edəcəyi, sərəncam verəcəyi və yaşaya biləcəyi bir yerlə təmin etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin cavabdehin artıq digər yaşayış sahəsi ilə təmin olunduğuna istinad etdiyini, lakin, cavabdehin bir gün belə həmin mənzildə yaşamadığını, mənzilin çıxarışı cavabdehin adına olmuş olsa da, faktiki olaraq mənzildə məcburi köçkünlərin yaşadığını, cavabdeh mənzillə təmin olunmadan digər mənzildən çıxarılmasının tələb olunmasının qanunvericiliyin tələblərinə də zidd olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini və ya ən azından məcburi köçkünlərin digər özəl mənzilini tərk edənədək möhlət verilməsini xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunvericliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.2.Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 13.3.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29.1 Hər kəsin mülkiyyət hüququ vardır. 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.3.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 10.Mülki Məcəllənin tələblərinə əsasən:152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 11.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 103.1. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir.103.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir:103.2.1. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;103.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən.103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”na əsasən: 1.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 2.1. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. 2.2. Kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. 2.3. Kirayə müqaviləsi yazılı formada bağlanılır. Kirayə müqaviləsinin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.2.4. Kirayə müqaviləsinə görə bir tərəf xidməti yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 2.5. Kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.2.6. Kirayə müqaviləsində müqavilənin predmeti, xidməti yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 2.7. Xidməti yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi mənzil sahəsinin ayrılma norması nəzərə alınmaqla verilir. 2.8. Xidməti yaşayış sahəsi verilərkən ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstənin olması nəzərə alınır, həmçinin ər-arvad istisna olmaqla, ayrı cinslərdən olan 9 yaşından yuxarı şəxslərin bir otağa köçürülməsinə yol verilmir (ayrı cinslərdən olan yetkinlik yaşına çatmış şəxslərin bir otağa köçürülməsinə dair razılığı olduğu hallar istisna olmaqla). 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 3.6. Xidməti mənzil sahəsindən çıxarılma halları və qaydası Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. 13.Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin 1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Əsasnamənin 4.8-ci maddəsində hərbi qulluqçuların xidməti yaşayış sahəsi almaq üçün təminata qoyulması məqsədi ilə tələb olunan sənədlərin siyahısı qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən özəlləşdirilmiş mənzilin və ya torpaq sahəsinin olub-olmaması barədə arayışın olması mütləqdir. 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 15.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, qeyd edilən normativlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaya əsasən Bakı Qarnizonu mənzil komissiyasının 24 iyun 2014-cü il tarixli iclasında Cavabdeh Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və 27 iyun 2014-cü il tarixli 91 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 3 ünvanında 3 otaqlı xidməti yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olmuşdur. Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olduqdan sonra Cavabdeh ünvan 5 ünvanındakı xidməti yaşayış sahəsini təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırki vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 16, mənzil 18 çıxarış əsasında onun mülkiyyətinə verilsə də, ilk gündən həmin mənzil ona boş vəziyyətdə verilməmişdir. Belə mənzil ona verildiyi gündən hazırkı vaxtadək mənzildə qaçqınlar məskunlaşmışdır. Beləliklə də, cavabdeh faktiki olaraq digər yaşayış sahəsi ilə təmin olunmadan onun bu mənzildən çıxarılması tələbi qpyulmuşdur. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da hazırkı vaxtadək həmin şəxslərin onun mülkiyyətində olan mənzildən çıxarılmaları təmin edilməmişdir. Kollegiya cavabdehin bu dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini istisna edən hallar müəyyən etmir, cavabdehin mülkiyyətində yaşayış sahəsi olduğundan, iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması isə hazırkı tələbin rədd edilməməsi üçün əsas ola bilməz. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, hazırkı iş üzrə cavabdehin digər iş üzrə icra məmurunun müvafiq hərəkət və hərəkətsizliyindən şikayət vermək, habelə mülki prosessual qanunvericiliyin tələbinə əsasən digər iş üzrə icranın təmin olduğu zamanadək hazırki iş üzrə qətnamənin icrasına möhlət vermək üçün işə baxmış hakimə müraciət etmək hüququ vardır. 16.Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2421/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar