Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7141/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “özünə aid əşyaları ilə birlikdə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Cavabdeh X6, İddiaçı, X2 və X7 qarşı “mənzilə köçürülmə” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh 2 azyaşlı övladı – X8 və X3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17B saylı evə köçürülməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı “Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - 07 avqust 2003-cü il təvəllüdlü X8 və 02 may 2006-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, 17 B saylı evə əldə etmiş olduğu köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) 7000 manat kompensasiya verilməklə xitam verilməsi və onların əşyaları ilə birlikdə evdən çıxarılması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” barədə qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, 17 B saylı evdən mətbəx mebeli (12 şkaf), iki mərtəbəli uşaq çarpayısı, yataq dəsti (iki tumba), kamod və altı qapılı şifoner, iki dəst divan-kreslo, stol-stul dəsti, stenka mebel, dörd ədəd xalça, bir ədəd palma ağacı, stolstul, bir ədəd paltaryuyan maşın, dörd ədəd pərdə, bir ədəd soba, bir ədəd tozsoran, beş dəst çay servisi, iki dəst bakal, bir ədəd televizor, bir ədəd DVD, bir ədəd krosna, bir ədəd “Gepas” ətçəkən maşın ilə birlikdə çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 16 aprel 2004-cü il tarixli qərarla ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində torpaq sahəsi verilmiş və həmin sahədə mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 40, mənzil 17 B saylı evi tikmişdir. Həmin evdə qızı və yaşlı valideynləri ilə birlikdə yaşayır. Cavabdeh X1 həyat yoldaşıdır. Cavabdehlə qardaşı arasında olan nikah pozulmuşdur və qardaşı X10 xeyli müddətdir Ukraynada yaşayır, onun Xırdalan şəhərində və ünvan 1 ünvanında mənzili olsa da, məcburi köçkün kimi dövlət tərəfindən verilən evi də almaq üçün bir müddət cavabdeh ondan mübahisəli evdə yaşamağa icazə verməsini xahiş etmiş, o da qardaşının və uşaqlarının xətrinə cavabdehin və uşaqlarının dövlət tərəfindən onlara ev verilənə qədər mübahisəli evin bir otağında yaşamasına etiraz etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ona, X2, X7 və X6 qarşı ünvan 2 ünvanında yerləşən mənzilə dair yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, həmin mənzilə qeydiyyata götürülməsi vəzifəsinin Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməmişdir. Bundan sonra Cavabdeh yenidən mübahisəli evə "istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qətnaməyə istinad edilməklə iş üzrə icraata xitam verilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 iyul 2018ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, X4 və X5 mübahisəli evə istifadə hüquqları itirilmiş hesab edilmişdir. Sonradan Cavabdeh "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, iddiaçının 2 yetkinlik yaşına çatmayan övladı ilə birlikdə ünvan 2 saylı evə köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti, Ali Məhkəmənin 13 sentyabr 2019-cu il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ona və qeyrilərinə qarşı əmlak tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarından da müəyyən olunduğu kimi onlar arasında uzun müddət çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Bundan başqa, dəfələrlə Cavabdeh ondan hüquq mühafizə orqanlarına şikayətlər etmiş, şikayətləri əsassız olduğundan təmin edilməmişdir. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin 18 yanvar 2019-cu il tarixli qərarı ilə Cavabdeh şikayət ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, cavabdehin onunla və onun ailə üzvləri ilə birgə yaşaması qeyri-mümkündür. Onlar arasında olan kəskin münasibətlər gələcəkdə xoşagəlməz mübahisələrin, hər hansı cinayət hadisəsinin baş verməsinə səbəb ola bilər. Buna görə də hazırkı iddia ərizəsinin verilməsi zərurəti yaranmışdır. Cavabdeh 1 ildən artıq müddətdir ki, mübahisəli evdən çıxıb getmis, ona məxsus müəyyən əşyalar mübahisəli evdə qalmışdır.
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi bütün dəlillər yanlış və böhtan xarakterli olub, özözlüyündə ziddiyyətlidir. İlk növbədə qeyd etməlidir ki, o, əri X10 ilə 15 iyul 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan iki övladı - 07 avqust 2003cü il təvəllüdlü X8 və 02 may 2006-cı il təvəllüdlü X9 anadan olmuşlar. O, ailə həyatı qurduqdan sonra birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 40, 17 B saylı evi valideynlərinin dəstəyi, köməyi ilə tikərək orada ailəsi, yəni əri və uşaqları ilə birgə yaşamışdır. Ona məxsus cehiz əşyaları da həmin evdə onun istifadəsində olmuşdur. Bir müddət o, əri ilə mehriban dolansa da, sonradan ailə münasibətləri pozulmuş, Kəlbəcər Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə nikah münasibətlərinə xitam verilmiş, azyaşlı uşaqlarının onun yanında saxlanması qət edilmişdir. Sonradan ailə münasibətlərində gərginlik yarandığı zaman evindən qovulmuş və nikahı məhkəmə qaydasında pozulduqdan sonra iddiaçı tərəfindən həmin evə buraxılmamışdır. Hətta bununla bağlı onlara qarşı birgə nikah dövründə tikdirdikləri evə köçürülmə barədə iddia tələbi Binəqədi Rayon Məhkəməsində mülki işə baxılarkən istifadəsində olan cehiz əşyalarının üzərinə iddianın təmin tədbiri kimi həbs də qoydurmuşdur. Ona məxsus cehiz əşyaları Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qərardadı ilə həbsdə olduğu zaman iddiaçı tərəfindən ondan gizlincə icazəsi olmadan cehiz əşyalarını, eləcə də mətbəx mebelini sökdürərək qanunsuz olaraq evdən boşaldılmış, həyətdə istifadədə olan anbar olan nəm bir otağa yığılmışdır. Onun əri ilə münasibətinin pozulmasından sui-istifadə edərək iddiaçı onun vəsaiti ilə inşa edilmiş evə soxularaq orada yaşamağa başlamışdır. Bundan sonra iddiaçı guya ev ona məxsusdur deyə onu evdən çıxarmağa hər vasitə ilə çalışır. Halbuki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnamələri mövcuddur. Məhkəmə qərarları olduğu halda həmin tələbə yenidən məhkəmədə baxıla bilməz. Belə ki, "kompensasiya verilməklə hüquqa xitam verilməsi və əşyaları ilə birgə evdən çıxarılması” tələbinə dair Binəqədi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Belə olan halda Binəqədi Rayon Məhkəməsi iddia tələbini icraata qəbul etməməli, iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi.
8. Məhkəmənin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı əvvəllər də cavabdehin əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən- 1, korpus 40, 17 B saylı evdən çıxarılması ilə bağlı eyni əsaslar göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi Binəqədi rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir.
10. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad etmişdir.
11. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddia ərizəsinə verilən dəqiqləşmədə cavabdehin iddiaçıya məxsus evdən məhkəmənin müəyyən edəcəyi kompensasiya məbləği ödənilməklə çıxarılması xahiş olunmuş, lakin məhkəmə əvvəllər baxılan işdə kompensasiya məbləğinin müəyyən olunmadığını nəzərə almadan işin icraatına xitam vermişdir. Halbuki məhkəmə özü kompensasiya məbləğini müəyyən etməli və işə mahiyyəti üzrə baxmalı idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə, kompensasiya məbləğinin məhkəmə tərəfindən müəyyən edilməli olması mütləqdir. Həmin qərarda göstərilmişdir ki, “...yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığı nəzərə alınmalıdır.Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəməsinə şikayət verə bilər....”.
Apellyasiya baxışı
12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
14. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
15. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Qanuni qüvvəyə minmiş məhkəmə aktı (§ 3) ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40, 17B saylı evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə o, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmadığından Cavabdeh qarşı “kompensasiya verilməklə hüquqa xitam verilməsi və əşyaları ilə birlikdə evdən çıxarılması” tələbini irəli sürmək hüququna malik olan şəxs kimi qəbul edilə bilməz.
20. Göründüyü kimi, İddiaçı əvvəlki iddiası hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürülmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hallara hüquqi qiymət verilmişdir.
21. İddiaçının nümayəndəsinin (vəkilinin) şikayətdə irəli sürdüyü halla bağlı kollegiya qeyd edir ki, hazırkı işə baxılarkən iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehə kompensasiya təklif etsə də, sonradan həmin dəqiqləşdirmə ərizəsini geri götürmüşdür.
22. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarları olduğundan, hazırkı tələblərə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına (§ 13-14), habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3912/2022 saylı iş üzrə 14 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov