Məhkəmə qərarları › İş №2(103)-7144/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7144/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7144/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı "ABC Telecom” MMC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı "ABC Telecom” MMC-nin Cavabdeh qarşı "borc” ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "ABC Telecom” MMC-yə qarşı "maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1542/2021 nömrəli saylı işi üzrə 15.04.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "ABC Telecom” MMC ərizə ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********41951 Samsung Galaxy A40 markalı telefon üçün 556 manat ödənilməmiş hissə, 55 manat cərimə, cəmi 611 manat; ümumilikdə 611 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 641 manat Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, "ABC Telecom” MMC-nin barəsində borc tələbinə dair iddianın rədd edilməsini və ödədiyi 21 manat pul vəsaitinin ona qaytarılması, "ABC Telecom'’ MMC-dən mənəvi təzminat kimi İphone 12 (ayfon 12) markalı mobil telefonun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: ABC Telekom” MMC və Cavabdeh "Samsung Galaxy A 40 DS” model telefona dair 23.02.2020ci il tarixli (şərtli) alqı-satqı müqaviləsi bağlamış və həmin tarixdə telefonu tam qüsursuz halda təhvil almış, Cavabdeh 23.02.2020-ci il tarixli müqavilə üzrə borc məbləğini 10 ay müddətinə aylıq 57.7 manat ödəməyi öhdəsinə götürmüş, həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 577.7 manat təşkil edir. Maliyyə arayışına əsasən Cavabdeh 23.02.2020- ci il tarixli, 20122792 nömrəli müqavilə üzrə 611 manat ödənilməmiş əsas və 55 manat cərimə borcu yaranmışdır. 03.08.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə 23.02.2020-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh telefonda baş vermiş nasasızlıqla əlaqədar telefonu 5638 saylı 04.03.2020-ci il tarixli təhvil-təslim aktla "ABC Telecom” MMC-yə təhvil vermişdir (iş səh. 5-16, 25). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1542/2021 nömrəli saylı işi üzrə 15.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh 23.02.2020ci il tarixli, 20122792 nömrəli üzrə 556 manat məbləğində əsas, 55 manat məbləğində cərimə, cəmi 611 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu "ABC TELEKOM” MMC-nin xeyrinə tutulması və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "ABC TELEKOM” MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 567, 571.1, 600.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə "ABC TELEKOM” MMC Cavabdeh satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh qeyd edilən əşyanı qüsursuz halda təhvil almışdır. Bundan sonra Cavabdeh qeyd edilən cihazda yaranmış texniki qüsurla əlaqədar mobil telefonu akt əsasında ilk iddiaçıya geri qaytarmışdır. Lakin geri qaytarılan əşya 14 gün müddətində qaytarılsa da, Cavabdeh tərəfindən malın tamlığı ilə bağlı şərtlər pozulmuşdur. Belə ki, mobil telefon geri qaytarılarkən müvafiq qaydada qutusu ilə birlikdə qaytarılmalı olduğu halda (məhkəmə iclasında mobil telefonun qutusunun geri qaytarılmadığı barədə hüquqi fakt tərəflərin izahatları ilə mübahisəsiz qaydada öz təsdiqini tapmışdır) sonuncu tərəfindən həmin öhdəlik yerinə yetirilməmişdir. Bundan əlavə cavabdeh cəmiyyət tərəfindən mübahisəli mobil telefonun təmir edilməsi, istənilən vaxt yenidən ona təqdim edilməsinin mümkünlüyü barədə məlumat verilsə də o bununla razılaşmamışdır. Bu səbəbdən də ilk iddia üzrə Cavabdeh hazırda malın qüsurlu olmasına əsaslanaraq, onun qəbul edilməsindən və müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməkdən imtina etmişdir. Bu hal ilk iddia üzrə Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən azad edə bilməz. ("ABC TELEKOM” MMC ilə Cavabdeh arasında bağlanmış 20122792 nömrəli 23.02.2020-ci il tarixli müqavilənin 3.9-cu, 3.10-cu və 3.11 -ci bəndləri)Qeyd olunanlara baxmayaraq, ilk iddia üzrə Cavabdeh əsassız olaraq müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməkdən imtina etmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən ilk iddia üzrə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi "ABC TELECOM” MMC-yə ödəməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə Cavabdeh fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. hazırda ilk iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbinin "21 manat pul vəsaitinin ona qaytarılması” hissəsinə münasibətdə məhkəmə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir . İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin 2(005)-1542/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 May 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, "xxxx" MMC-nin neçə illərdir ki daimi müştərisi olmuş, tərəfindən götürülmüş kredetlərin ödənilməsində heç bir gecikmə hallarına yol verilməmişdir. Lakin qeyd olunan Samsunq markalı mobil telefon tərəfindən qəbul edilsə də, yaranmış texniki nöqsanla əlaqədar (14 gün müddətindən gec olmayaraq) 23.02.2020-ci il tarixdə AKT № 5638 əsasında həmin mağazaya qaytarılmışdır (həmin aktın surəti sənətə əlavə edilmişdir). “ABC Telecom' MMC-nın həmin mağazasına yaranmış qüsurlarla əlaqədar (mobil telefonda (rus dilində, Zay və Deffektli) Azərbaycan dilində isə texniki nöqsan istehsal prosesində yaranmışdır) etiraz (pretenziya) edərək geri qaytarmışdır. Bu həmdə mövcud siyasi İqtisadi reallıqların tələbidir. Belə ki, istehsalçı və müştəri münasibətlərində alınan məhsullar da deffektlik və ya qüsurların yarandığı təqdirdə müştəri həmin məsulu geri qaytarmaq və ya digəri ilə əvəz etmək hüququna malikdir. İstehlak mallarının dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı müştərilərdə haqlı narazılıqlarda artır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatlarında bildirilir. Ticarət şəbəkələrində müştəri hüquqlarının pozması hallarının daha çox lazımi keyfiyyətdə olmayan və yaxud saxta malların geri qaytarılmaması, əşyaların dəyişmə və qaytarılma qaydalarına əməl edilməməsi, əşyalar barədə düzgün məlumatın verilməməsi, rast gəlinən qanun pozuntularıdır. Bu qətnamədə əsaslandırmaq istənilən müddəalar həqiqətə uyğun deyil. Bu məsələlər, dövlətimizin həyata keçirdiyi mövcud sosial-iqtisadi reallıqlarla uzlaşmır, ölkədə monopoliyanın yaranmasına rəvac verir, dövlətimizin iqtisadi təhlükəsizlik risk altına atır.“ABC Telecom'’ MMC-nın barəmdə Bakı şəhər Nərimanov rayon Məhkəməsində qaldırdıqları borc tələbinə dair iddiası məqsədyönlü formada böhtan və yalanlar xarakterli məlumatları yaymaqla şəxsinə mənəvi ziyan yetirmişdir. Belə ki, aldığı mobil telefon markası Zay və BRAK olduğundan qaytarılmışdır.Məsələnin sosial və hüquqi aspektləri ilə yanaşı onun mənəvi tərəfi də nəzərə alınmalıdır. Əlbətdə qərəzli yalan və qeyd olunmuş böhtan hüquqi məsuliyyət yaradır. Bununla əlaqəli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətinə yönəlmiş böhtan və ya məqsədli formada onu nüfuzdan salan məlumatlar təqdim etmək hüquqi məsuliyyət yaradır.Bu baxımdan bir vətəndaş kimi şəxsinə qarşı qeyd olunmuş böhtan, yalan məlumatlar əsnasında şərəf və ləyaqətini Apellyasiya məhkəməsində müdafıə etmək zərurətini yaratmışdır. Qeyd etmək istərdi ki, cəmiyyətdə məhkəmənin nüfuzu və ona vətəndaşda olan inam hakimlərin həqiqi qərəzsizliyi və ədalətliliyinə əsaslanır. Hakim qərəzsiz və ədalətli olmalıdır.Beləliklə də "xxxx" MMC-nın qeyd olunan böhtan və yalanları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə ,əsasən, şəxsin şərəf və ləyaqətə kölgə salan və ya onu nüfuzdan salan məlumatlar hüquqi məsuliyyət yaradır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyada qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Zay və Brak məsulun geri qaytarılması təbii qanuna uyğunluqdur.Müqəddəs Qurani-Kərimədə də qeyd edilir ki, məənfət əldə etmək üçün hər növ faiz əməliyyatı, eləcə də, borcdan əldə olunan gəlir miqdarı nə olursa, olsun, faizdir. Faiz istər az miqdarda, istərsə də çox miqdarda olsun, haramdır . Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, telefonu aktla təhvil verildiyini, bu zaman ona telefonun təmir edilib yenidən qaytarılması və ya yenisinin verilməsi barədə hər hansı təklif edilmədiyini, artıq o telefona ehtiyacının olmadığını, telefonun onda olduğu müddət ərzində işlətmədiyini, onun tərəfindən hər hansı bir zərər yetirilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı "ABC Telecom” MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, tərəfin telefonun qüsursuz olmasına dair müqaviləyə imza ataraq telefonu təhvil aldığını, telefonda yaranan problemlə bağlı sonradan telefonun qaytarıldığını və təmir edildiyini, cavabdehə bu barədə məlumat verildiyini və istədiyi vaxt gəlib ala biləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7,15,16, Azərbaycan Respublikası Mülki Məcəllənin 385-388, 446,447,452,458, 527, 529, 556, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və faktlara müvafiq səhv qənaətə gəlmişdir. Belə ki, məhkəmə iddiaçı cəmiyyət tərəfindən mübahisəli mobil telefonun təmir edilməsi, istənilən vaxt yenidən cavabdehə təqdim edilməsinin mümkünlüyü barədə məlumat verililməsini, cavabdehin isə bununla razılaşmadığını qeyd etsədə bu dəlilləri sübuta yetirən hallar müəyyən edilməmişdir. İş üzrə istehlakçı tərəfindən telefonun qaytarıması və kreditor tərəfindən vaxtında məlumat verilməməsi (sübuta yetirməməsi) qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran haldır və bu müqavilə şərtlərinin etibarsızdığna dəlalət edir. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Tərəflərin qarşılıqlı öhdəliklərinin yerinə yetirilməsi birinin əmlak verməsi digərinin isə onun dəyərinin ödənilməsi ilə şərtlənmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyrimümkün olsun. Gecikdirmə zamanı kreditor onun təqsirindən asılı olmayaraq əşyanın təsadüfən korlanması və ya məhv olması riski onun üzərinə düşür. Borclu öhdəliyi yalnız kreditor tərəfindən qarşılıqlı öhdəliyin icrasından sonra icra etməli olduğu halda kreditor icranı o zaman gecikdirmiş sayılır ki, təklif olunmuş icradan imtina etmədən qarşılıqlı öhdəliyin tələb olunan icrasını təklif etmir. Əgər öhdəliyin predmeti fərdi-müəyyən əşyadırsa və kreditorun icranı gecikdirməsinin səbəbi təklif edilmiş eyni növlü əşyadan imtinadırsa, borclunun icra vəzifəsi təklif edilmiş əşya ilə məhdudlaşır, onun məhv olması və ya təsadüfən zədələnməsi riski isə kreditora keçir. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda;öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Əgər ikitərəfli müqaviləyə görə borclu onun üzərinə qoyulmuş öhdəliklərdən imtina edə bilərsə, ona bu hüququ verən hal isə kreditorun təqsiri üzündən yaranmışsa, o, cavab icrası almaq hüququnu saxlayır. Əgər cavab icrası üçün əsas kreditorun icranı almağı ləngitdiyi vaxt əmələ gələrsə, bu qayda tətbiq edilmir. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu qaydalar Mülki Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Qeyd edilənlərə müvafiq qənaət ondan ibarətdir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi mümkünsüzlüyü iddiaçı tərəfin öhdəliklərinə laqeyid yanaşması nəticəsində olmuş və ona görə onlar müqavilə öhdəliklərin tələb etməkdə haqlı deyillər. Belə ki, iddiaçı öhdəliklərin yerinə yetirilməsin cavabdehdən tələb etsədə özünün təqsirli hərəkətləri buna yol verməmiş, cavavdeh isə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi nəticəsində ziyan tələb etsədə bunu sübuta yetirməmişdir. Ona görə tələblərin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1542/2021 nömrəli saylı işi üzrə 15.04.2021-ci il tarixli qətnaməsi "ABC Telecom” MMC-nin Cavabdeh qarşı ilkin iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar