Məhkəmə qərarları › İş №2(103)-7148/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7148/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7148/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, ərizəçinin nümayəndəsi Hamlet Useynovun, ərizəçinin vəkili İmran Kərimovun iştirakı ilə, ərizəçi X1 tərəfindən verilmiş “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” ərizəyə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından ərizəçi Tamilla Useynova tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Tamilla Useynova xüsusi icraat qaydasında ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, Nəsimi rayonu, Əbilov küçəsində yerləşən 76 nömrəli evə münasibətdə mirasın qəbul edilməsi müddəti uzadılsın. Nəsimi Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə qərara almışdır ki, ərizə geri qaytarılsın. Qərardad onunla əsaslandırılmışdır ki, əriazi aidiyyətinə görə hazırkı ərizəyə Yasamal Rayon Məhkəməsində baxılmalıdır, çünki ərizəçi Yasamal rayonunda yaşayır. Şikayətdə tələb olunmuşdur ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə səhvən ərizəni “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizə kimi qiymətləndirmişdir, habelə digər vərəsə öz qeydiyyat yeri, yəni Nəsimi rayonu üzrə notariusa müraciət etmişdir. Şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, ərizənin geri qaytarılması barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizənin geri qaytarılmasını qərara almış, lakin pozuntuya yol vermiş, prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Həmin pozuntu aşağıdakılardan ibarətdir: 1-ci, məhkəmə ərizəni “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizə kimi qiymətləndirərək geri qaytarmışdır. Lakin həmin ərizədə mirasın qəbul edilməsi müddəti uzadılması xahiş olunub. Fakt və müddətin uzadılması fərqli məsələlərdir. 2-ci, məhkəmə ərizəni geri qaytararkən başqa ərizənin - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizənin ərazi aidiyyətini müəyyən edən, MPM-in 309.1-ci maddəsindəki normanı tətbiq etmişdir. Həmin norma mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəyə analogiya üzrə tətbiq olunmalıdır. Belə ki, mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizənin aidiyyəti MPM-də müəyyən edilməyib, çünki xüsusi icraat qaydasında baxılmalı olan işlərin növlərini müəyyən edən MPM-in 305.1-ci maddəsində bu iş birbaşa nəzərdə tutulmayıb. Buna baxmayaraq xüsusi icraat qaydasında baxılmalı olan işlərin dairəsi 305.1-ci maddə ilə məhdudlaşdırılmayıb, 305.2-ci maddədə qeyd olunub ki, qanunla xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Qanunla (Mülki Məcəllənin 1248-ci maddəsi ilə) mirasın qəbul edilməsi müddətinin uzadılmasına məhkəmə qaydasında baxılması nəzərdə tutulub, lakin icraatın hansı formasında (xüsusi icraat və ya iddia icraatı) baxılmalı olması müəyyənləşdirilməyib. Müddətin uzadılması müstəsna olaraq məhkəmənin səlahiyyətinə aid olduğuna görə müddəti uzatmağı başqa şəxsdən tələb etmək (yəni ona qarşı iddia vermək) mümkün deyil, bu səbəbdən işə xüsusi icraat qaydasında baxılmalıdır. Əgər hüquq haqqında mübahisə olarsa, belə halda hüququ mübahisəli edən şəxs qarşı iddianın verilməsi üçün işə iddia icraatı qaydasında baxılmalıdır. Xüsusi icraat qaydasında baxılmalı olan işlərin sırasında mirasın qəbul edilməsi müddətinin uzadılması barədə işə ən oxşar olan iş hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işdir. Odur ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işin aidiyyətini müəyyən edən MPM-in 309.1-ci maddəsi analogiya qaydasında hazırkı ərizəyə tətbiq edilməlidir. Yəni mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəyə ərəzəçinin yaşadığı yerin məhkəməsi baxmalıdır. Ərizəçi Yasamal rayonunda yaşayır, lakin aidiyyət qaydası pozularaq ərizə Nəsimi Rayon Məhkəməsinə vermişdir. MPM-in 152.1.3-cü maddəsinə görə belə halda ərizə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. Ərizəçi X1 tərəfindən verilmiş “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” ərizə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Namiq Cəfərov Hakimlər: Şərafət Məmmədova Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar