Məhkəmə qərarları › İş №2(103)-7148/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7148/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7148/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh və tərcüməçi Qasımov Fərid Əflatun oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 saylı 08 avqust 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan arayışdan görünür ki, Şamilov Şamil Misirxan oğlu xx.xx.2000-ci il tarixdə ölmüşdür, bu barədə xx.xx.2018-ci il tarixdə qeyd aparılmışdır.

2. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuşdur, atası Şamilov Şamil Misirxan oğlu, anası Şamilova Gülaxşam Əlibaxış qızıdır.

3. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu ev 10 mənzilində pasport qeydiyyatındadır.

4. İş materiallarından görünür ki, Şamilov Famil Şamil oğlu 1983-1993-cü illərdə Qaradağ rayonu Seyfulla Məmmədov adına 110 №li tam orta məktəbdə təhsil almışdır.

5. İş materiallarında olan Qaradağ Rayonu İcra Hakimiyyətinin Ələt Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 18 iyul 2022-ci il tarixli 32 №li məktubunda görünür ki,sorğuda göstərilə ünvan Qaradağ Rayon İcra Hakimiyyətinin Balansındadır, əvvəllər həmin evin istifadəçisi Şamilov Şamil Misirxan oğlu olub və vəfat edib.Nümayəndəlikdə olan məlumata əsasən hal-hazırda həmin ünvanda Şamilov Famil Şamil oğlu və İddiaçı qeydiyyatdadır.Evin mülkiyyətçisi haqqında heç bir məlumat yoxdur.

6. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Meşə zavodu küçəsi (indiki Salyan yolu küçəsi) ev 10 20,8 kv.m sahəsi olan ev Şamilov Şamil Misirxan oğlunun adınadır,ailə üzvləri Nemçenko Qalina Savelyevna həyat yoldaşı xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək, İddiaçı (xx.xx.1983-xx.xx.1985-ci illərdə) xx.xx.1986-cı ildən, Şamilova Svetlana Şamil qızı xx.xx.1993-cü ildən, Şamilov Famil Şamil oğlu pasport qeydiyyatındadır.

7. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Şamilov Şamil Misirxan oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ona məxsus Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,Salyan yolu,10 saylı mənzilinə köçürülməklə,həmin mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3vanında qeydiyyatdadır. Mənzildə özündən başqa mərhum atası Şamilov Şamil Misirxan oğlu qeydiyyatdadır. Mərhum atası Şamilov Şamil Misirxan oğlu ilə o Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3vanında qeydiyyatda olmaqla həmin mənzildə yaşamışdır. Lakin, analığı atası vəfat etdikdən sonra onu evdən qovmuş və orada yaşamağa icazə verməmişdir. Onun həmin mənzilə qeydiyyatı olsa da, cavabdeh nə mənzildə yaşamış nədəki, mənzilə qeydiyyatdadır. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3vanına kilid vurub onu qoymur ki, ona məxsus evdə yaşasın. Qohum-qardaşının evində yaşayır. İndi onlarda ondan beziblər. Artıq getməyə yeri yoxdur atasından qalmış evə köçüb yaşamaq istəyir. Atası vəfat etmiş, analığının isə onun üzərində və ya əmlakın üzərində heç bir hüququ yoxdur. Buna baxmayaraq o hal-hazırda öz evində yaşaya bilmir. Cavabdehin şərböhtan atmasından çəkinir. Bu səbəbdən məhkəməyə müraciət edərək, məhkəmə qaydasında onun mənzilə köçürülməsi və onun mənzildən istifadə etməsi qaydasının müəyyən edilməsi barədə qərar verilməsinə dair müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Maraqlı şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında bildirmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi onların balansındadır, lakin həmin evlə bağlı onlarda heç bir sənəd mövcud deyildir, həmin evdə iddiaçı pasport qeydiyyatındadır, ev iddiaçının atasının sahibliyinə verilmiş, ev hansı əsasla necə verilib atasının sahibliyinə ona dair də sənəd hazırda onlarda mövcud deyildir, adətən iş yerindən həmin evlər növbəlilik əsasında məktub əsasında verilirdi, hazırda isə onlarda həmin sənədlər mövcud deyildir, lakin iddiaçının atasının sahibliyində olması, iddiaçının həmin evdə pasport qeydiyyatında olması halı onlara bəllidir, bununla bağlı onlarda evin kartoçkası və qeydiyyatla bağlı sənəd aşkar edilib, onu da məhkəməyə təqdim etdiklərini, həmin şəxslərin istifadəsində olduğuna görə, icra hakimiyyəti onlarla bağlı heç bir etirazı yoxdur, çünki o ərazidə yüzlərlə belə evlər var ki, sənədləşməsi tam aparılmayıb, həmin şəxslər orada yaşadığından, onların sahibliyinə həmin evlər verildiyindən, sonradan bununla bağlı heç bir etiraz edilməmişdir, həmin evlər barak evlər kimi çıxış edir, həmin evdə qonşular da ev üzrə qeydiyyatda kimi görünə bilir, iddiaçının bu dedikləri ilə bağlı məlumatlar həqiqəti əks etdirir.

11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 saylı 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsi,10 saylı mənzilə dair istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni 1 oktyabtr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələrinə, AİHM-nin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarına, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı Şamilin birinci nikahından olan oğludur. Özündən başaqa bacı və qardaşları olmaqla Qobustan qəsəbəsində başqa ünvanda valideynləri ilə birgə yaşayıblar. Mərhum həyat yoldaşı Şamillə 1974-cü ildə fakriki nikaha daxil olaraq evlənmişlər. Nikahları isə 1981-ci ildə rəsmiləşdirmişdir. Faktiki nikaha daxil olduğu tarixdən də mübahisəli ünvanda onlar iki nəfər yaşamışlar. Həyat yoldaşının həmin evi hansı qaydada aldığı barədə məlumatı olmasa da onlar ailə qurub orada yaşayanda həmin ünvanda heç kimi qeydiyyatda olmayıb. Bir növ ev barak tipli evlərdən olub və biz oranı birgə yaşadığı dövrdə öz vəsaiti hesabına yaşamaq üçün yararlı hala gətirmişlər. Həmin ünvanda yaşayarkən 11 may 1975-ci il tarixdə Svetlana, xx.xx.1976-cı il tarixdə isə Famil adlı iki övladı olmuşdur. Uşaqları da həmin ünvandan məktəbə gedib və həmin qəsəbədə də orta təhsilərini alıblar. Mərhum həyat yoldaşı onunla ailə qurduğundan iddiaçı, onun anası və digər ailə üzvləri onlarla əlaqə saxlamamış, onlara gəlib-getməmişlər. Onlara qarşı daim qərəzli olmuşlar. Ümumiyyətlə ailə quranda həyat yoldaşı əvvəlki ailəsi barədə ona heç bir məlumat verməmişdir. Onları sonradan bilmişdir. Qeyd edir ki, mübahisəli ünvandada 1983-cü ildən qeydiyyatdadır. Uşaqları da daim həmin ünvanda qeydiyyatda olmaqla yaşayıblar. İddiaçı bir gün də olsun onların yaşadığı ünvanda yaşamayıbdır. Onun hansı qaydada yaşadığı ünvana qeydiyyata düşməsi də məlum deyildir. Ancaq onu bilirik ki, onun 56 yaşı olsa da ailə həyatı qurmamış və daim tüfeyli həyat sürmüşdür. Həyat yoldaşı sağ ikən qızı instituta girmiş, onun yaşadığı Qardağ rayonu, Ələt qəsəbəsinə gəlib-getməyi çətin olduğundan həyat yoldaşı Qaradağ rayonu, Lökbatan qəsəbəsində mənzil almış və o də əsasən Ələt qəsəbəsində yaşasa da bir müddət tez-tez qızının yaşadığı Lökbatan qəsəbəsinə gəlib-getmişdir. Həyat yoldaşı xx.xx.2000-ci il tarixdə vafat etmişdir. Qızı Lökbtandakı evdə tək qaldığından tez-tez onun yanına gedib onunla qalmışdır. Qızının yanına gedəndə evinin açarını qonşuya verməklə evi ona tapşırmışdır. 2019-cu ilin sonlarında uzun müddət xəstə olmaqa Lökbatan qəsəbəsində müalicə aldığından ordakı mənzilimdə qalmalı olmuşdur. Bundan istifadə edən evinin açarını etibar etdiyi qonşu digər şəxslərlə birləşərək evindəki bütün əmlakları oğurlamış və hatta evin polunu və qapı pəncərlərini də söküb oğurlayıb aparmışlar. Bununla bağlı şikatyət etmiş, oğrular tutulmuş və aparılmış ekspertiza nəticəsində müəyyən edilmişdir ki, məhkumlar ona 48180 (qırx səkkiz min yüz səksən) manat ziyan vurmuşlar. Qeyd edir ki, həmin oğurlanmış əmlakın hamısı ona məxsusdur. Bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış hökmü vardır. Hökmü məhkəməyə təqdim edərək bildirmişdir ki, əgər doğrudan da iddiaçı mübahisəli ünvanda yaşamışdırsa heç olmasa oğurlanmış əmlaklardan bir ona məxsus olmalı idi. Digər tərəfdən qeyd edir ki, iddiaçının mübahisəli ünvanda bir gün də olsun belə yaşaması barədə qonşuların iştirakı ilə tərtib edilmiş və Qardağ Rayonu Ələt Bələdiyyəsi tərərfindən təsdiq edilmiş aktı məhkəməyə təqdim etmişəm. Məhkəmə yalnız həmin akta istinad etməklə aktın düzgünlyünü şübhə altına almaqla onu sübut vasitəsi kimi qəbul etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin hərəkətləri nəticəsində mübahisəli evdə yaşaya bilməmişdir. Belə ki, cavabdeh qapının qıfılnı tez-tez dəyişmiş və onu evə buraxmamışdır. Bir neçə dəfə polis əməkdaşların iştirakı ilə evə yaşamaq üçün köçümüş olsa da, yenə də cavabdeh onun həmin evdə yaşamasına maneə olmuşdur.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs qismində işə cəlb edilmiş Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi və Şamilov Famil Şamil oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. 1982-ci il 08 iyul tarixli Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

20. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

21. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

22. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

23. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87- ci maddəsinində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsfilatdan asılı deyil, məsələ bütovlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdiirlməsindən ibarətdir.Müvafiq olaraq bu müddəanın məqəsdləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil eədn bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır, ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələbləri də əhatə edə bilər.

25. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də, hazırki halda qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissədində yoxlanılır. Başqa sözlə iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən qətnamə həmin hissədə ümumiyyətlə yoxlanılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 saylı 08 avqust 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya ilkin olaraq qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsi Şamilov Şamil Müdür oğlunun sahibliyində olması, Cavabdeh (1983- 1993-cü illərdə), İddiaçı həmin yaşayış sahəsində pasport qeydiyyatında olması (1983- 1985-1986-cü ildən) məhz 2000-ci ilə qədər olan dövrə aid oduğundan, həmin yaşayış sahəsinə dair tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə 1 oktyabtr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq etməkdə məhkəmə haqlı olmuşdur.

37. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

38. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil Qaradağ Rayonu İcra Hakimiyyətinin balansında olmaqla, Şamilov Şamil Misirxan oğlunun istifadəsinə verilmiş və onun qanuni sahibliyində olmuş, iddiaçı Şamilov Şamil Misirxan oğlunun oğlu olmaqla, həmin evdə 1983-1985, 1986-cı ildən hazırda da daimi pasport qeydiyyatında olmuş, cavabdeh isə həmin evdə 1983-1993-cü illərdə pasport qeydiyyatında olmuşdur.

39. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həmin yaşayış sahəsinin atasına məxsus olması, özünün başqa yaşayış yerinin olmaması, həmin evdə pasport qeydiyyatında olması halını əsas gətirərək, həmin evə dair istifadə hüququnun tanınmasını, köçüürlməsi tələbini irəli sürmüş, cavabdeh tərəf isə iddiaçının həmin evdə yaşamaması, evi tərk etməsi, evin ona aid olmaması halını əsas gətirərək, onun evə dair istifadə hüuquqnun olmadığından, iddia tələbinin təmin edilməməsini bildirmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin qanuni sahib qismində Şamilov Şamil Misirxan oğlunun oğlu olmaqla, onun ailə üzvi qismində çıxış etdiyindən, həmin mənzildə 1983-cü ildən daimi pasport qeydiyyatında olduğundan (hansı ki qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır), həmin evdə yaşadığından iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır (MM-nin 53,123-cü maddəsinin dispozitiv şərtləri baxımından). Cavabdeh tərəf iddiaçının həmin mənzildə ümumiyyətlə yaşamadığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim edə bilməmişdir.

41. Qeyd edilən halla bağlı cavabdeh tərəfindən sübut qismində yalnız yazılı akt təqdim edilmişdir ki, məhkəmə həmin sübut vasitəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından həmin sübut iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir.

42. Həmçinin, qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qedyiyyatına alınır, yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli, hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, iddiaçının həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyytaına alınmışdır.

43. Bundan başqa iş materiallarından iddiaçının həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır.

44. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının müəyyən müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının həmin evdə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Əksinə tərəflərin izahatından müəyyən edilmişdir ki, iddiaçının həmin evdə yaşamasına maneə məhz cavabdehin hərəkətləri olmuşdur. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, mənzil qanunvericiliyinin normalarını rəhbər tutaraq haqlı olaraq hesab etmişdir ki, iddia tələbi mənzilə köçürülmə və istifadə hüququnun tanınması hissəsində əsaslı olmaqla, təmin edilməlidir.

45. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla yoxlanılan hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1634/2022 saylı 08 avqust 2022ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar