Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7149/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(001)-2375/20 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onu azyaşlı övladları ilə birlikdə özbaşına tikili olan ünvan 1 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(001)-2375/20 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmayan övladları 08.03.2009cu il təvəllüdlü X3 və 17.06.2010-cu il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edib göstərdiyi kimi 2007-ci ildə ailə qurub və ərinin yaşadığı ünvana daimi yaşayış yeri olaraq gəlin köçərək əvvəl yaşadığı evi tərk edib gedib və bugünkü gündə də həmin ünvanda yaşayır. İddiaçı əri ilə formal olaraq boşandıqdan sonra mübahisəli evə qayıtmayıb və iddia ərizəsində qayıtdığı barədə göstərdikləri də tam yalandır. Eləcə də mübahisəli evdən qovularaq deyil ərə getdiyi üçün gedib. İddia ərizəsinin verilməsində əsl məqsəd əri ilə sövdələşərək formal boşanıblar ki, ilk öncə iddiaçı bu evə, yəni mübahisəli evə qayıdıb evdən pay əldə etsin və sonra da əri ilə həmin pay hissəyə sahib çıxsınlar. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçı isə yuxarıda qeyd etdiyi kimi, başqa evə gəlin köçməklə əvvəlki yaşadığı evi tərk edib gedib və özünə yeni daimi yaşayış yeri seçib. Bu isə o deməkdir ki, o, gəlin köçdüyü tarixdən əvvəlki yaşadığı (köçürülməsini tələb etdiyi evə) istifadə hüququnu itirmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə nəticəsi qanuni sayıla bilməz və eləcə də işin həqiqi hallarına, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun sayıla bilməz. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qızı ilə əri yalandan boşanıblar. Əvvəl ondan 100.000 manat istədilər və bankdan kredit götürməsini tələb etdilər. Amma maddi imkanı olmadığı üçün imtina etdi. Sonra əri ilə qızı nə fikirləşdilərsə, bu cür iddia qaldırdı. Əslində əri ilə birlikdə Binəqədi rayonu, İsfahani küçəsində yaşayır. Qızı onu döyəndən sonra polisə müraciət etdi. 4-cü Polis Bölməsində iddiaçı izahat yazmışdı ki, “anamdan nə pul, nədə ev, heç nə istəmirəm”. Polisdən ona həmin izahatı vermədilər, bildirdilər ki, məhkəmə sorğusu olsa, təqdim edərlər. Yaşadığı evi 2002-ci ildə mərhum əri almışdı. 2004-cü ildə bu evə ailəsi ilə birgə köçmüşdülər. Mübahisəli ev əvvəllər erməni əsilli şəxsə aid olmuş, sonra başqa şəxsin adına keçmiş və ondan almışlar. Evin texniki pasportu mövcuddur, özbaşına tikili deyil. 2002-ci ilə qədər Rəsulzadə qəsəbəsində yataqxanada yaşamışlar. Qızı 2007-də ərinə qoşulub qaçmışdır. Həmin vaxtdan bugünədək heç vaxt köçmək istədiyi evdə yaşamamışdır. İddiaçı evdən qeydiyyatdan çıxmaq üçün qardaşından pul istəyir. Özü onkoloji xəstə adamdır, artıq bu münaqişələrə dözməyə səhhəti imkan vermir. Xahiş edir ki, qətnamə ləğv, iddia rədd olunsun. Məhkəmə iclasında İddiaçı bildirdi ki, onun evi olmadığı üçün keçmiş əri tərəf müvəqqəti qalmaq üçün ona sığınacaq verdilər. Qarşı tərəfin təqdim etdiyi şəkillərdəki ev onun deyil, baldızınındır, evdə müvəqqəti qalmağa icazə veriblər. Həmin evdə qaynanası da yaşayır, lakin birgə yaşamırlar. Hazırda evin bir otağında müvəqqəti yaşayır. Evdə hər şeyi ayrıdı. Orada müvəqqəti yaşamağa ona baldızı icazə verib. Məhkəmə qətnaməsi ilə baldızına məxsus evə müvəqqəti köçürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, iddiaçı cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən evdən istifadə etməkdə maneələrlə qarşılaşır. İddiaçıya məxsus əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçı həmin evdə yaşamış və cavabdehlə birgə təsərrüfat aparmışdır. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, iddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı onun övladları ilə birlikdə mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməli, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur, 1968-ci ildə evə dair texniki pasport tərtib edilmişdir. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İkincisi, iddiaçı cavabdehin qızı olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından anası olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin qızı olsa da yaşayış sahəsinə ehtiyacı yoxdur. Çünki, 2007-ci ildə ailə quraraq başqa ünvana köçmüş və hal-hazıradək köçmək istədiyi evdə yaşamamışdır. Düzdür, Binəqədi Rayon Məhkəməsinin 11 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının əri Muradov Bəxtiyar Muradxan oğlu ilə olan nikahları pozulmuş, azyaşlı uşaqları onun yanında saxlanılmış və baxmayaraq ki, iddia ərizəsində ilk dəfə hər uşağa görə 200 manat, cəmi 400 manat aliment tələb etmiş, lakin sonradan iddia tələbinin həcmini azaldaraq hər uşağa görə 40, cəmi isə 80 manat aliment tələb etdiyindən məhkəmə də sonuncu məbləğin tutulmasını qət etmişdir. Alimentin məbləği ilə bağlı faktın özü də cavabdehin gətirdiyi arqumentlərin əsaslı olduğuna dəlalət edir. Apellyasiya baxışı zamanı da iddiaçı bugünədək baldızına məxsus evdə, qaynanasından ayrı bir otaqda yaşadığını, həmin evə də məhkəmə qətnaməsinə əsasən köçürüldüyünü bəyan etmişdir. Demək, iddiaçının həmin ərazidə başqa yaşayış yeri mövcuddur və keçmiş ərinin ailə üzvləri ilə bir evdə yaşayır. Əgər iddiaçının başqa yaşayış yeri olmasaydı ən azından bunu etiraf etməzdi. Əksinə, iddiaçı bunu, yəni başqa yaşayış yeri olmasını inkar etməməklə köçmək istədiyi evdən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün də cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır. Dördüncüsü, iddiaçının mövqeyindən və izahatından, eləcə də apellyasiya baxışı zamanı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən tələb edilərək alınmış araşdırma materiallarından və həmin materialdakı izahatından o da bəlli olur ki, əslində iddiaçının məqsədi evə köçmək olmamışdır. Belə ki, iddiaçının qardaşının ərizəsi əsasında aparılmış araşdırma zamanı toplanmış materialdakı iddiaçının izahatından aydın olur ki, mübahisəli evə vaxtı ilə aldığı paltaryuyan maşını və özünə aid cehiz əşyalarının kiçik bir hissəsini götürmək məqsədilə gəlmiş, anasına hər hansı bir formada zor tətbiq etməmiş, anasından heç vaxt evdən pay tələb etməmiş və etməyəcəkdir. Göründüyü kimi, iddiaçının mübahisəli evə köçürülməsinə dair qətnamə çıxarılsa da iddiaçının məqsədi heç də mübahisəli evə köçmək olmamış, yalnız anası və kiçik qardaşı ilə arasında əvvəllər yaranmış gərgin münasibətlərlə əlaqədar hansısa məqsədinə nail olmaq üçün anasına təsir etmək məqsədilə bu iddianı irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli evə köçürülməsini tələb etməklə əslində həqiqi niyyətinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(001)-2375/20 nömrəli qətnaməsi ləğv olunmalı və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(001)-2375/20 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7149/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7149/2021
16.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver