Məhkəmə qərarları › İş №2(103)-7152/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7152/2020

30.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7152/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “Ulduz” X5 və Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “ödənilməmiş məzuniyyət pulu və son haqq-hesabın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər “Ulduz” EİB və Əmlak Məsələləri Dövlət Komitəsindən işlədiyi 2003-2015-ci illər üzrə ödənilməmiş məzuniyyət və son haqq-hesab üzrə təqribən 930,25 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında bağlanır və buna uyğun olaraq tərəflərin qarşılıqlı öhdəlikləri müəyyən olunur. Hazırkı iş üzrə işəgötürən təşkilat “Ulduz” EİB olmuşdur. İş üzrə cavabdeh olan ƏMDX isə işəgötürən təşkilat olmadığından tərəflər arasında yaranmış əmək mübahisəsi üzrə hər hansı öhdəlik daşımır. Belə olan halda, məhkəmə iddianı Xidmətə aid hissədə təmin etmək barədə qanunsuz qərar qəbul etmişdir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14cü maddəsinə əsasən, ƏMDX rüsumdan azad olunmasına baxmayaraq, məkəmə, 30 manat dövlət rüsumunun Xidmətdən tutulması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nüayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşdə olan “Ulduz” EİB tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə verilmiş arxiv arayışına əsasən, İddiaçı, 2003-2007-ci ilin dekabrına qədər və xx.xx.2009-cu ildən xx.xx.2015-ci ilə qədər “Ulduz” EİB-də gözətçi (2005-2006-cı illərdə qarovul rəisi) vəzifəsində işləmişdir. 2003-cü ildən xx.xx.2015-ci ilədək Birliyin İddiaçı məzuniyyət pulu borcu 930,25 manat təşkil edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, ...işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Hazırda cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti, iddiaçı ilə “Ulduz” EİB arasına yaranmış əmək münasibətlərinin tərəfi olmadığından iddiaya cavab verməli olmadığını bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya, aşağıdakılara əsasən, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, ƏM-in 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Göründüyü kimi, qanunverici əmək münasibətlərinin iştirakçıları kimi işçi və işəgötürəni müəyyən etməklə, onların əmək müqaviləsindən irəli gələn qarşılıqlı hüquq və öhdəliklərini nəzərdə tutmuşdur. Baxılan işdə isə əmək müqaviləsinin tərəfləri işçi qismində İddiaçı və işəgötürən qismində “Ulduz” EİB-dir. Buna baxmayaraq, iddia ərizəsində İddiaçı “ödənilməmiş məzuniyyət pulu və son haqq-hesabın qaytarılması” iddia tələbinə cavab verəcək şəxs qismində həm də Əmlak Məsələləri Dövlət Xidməti göstərilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bu baxımdan, Kollegiya, ƏMDX-nin İddiaçıla əmək münasibətlərində olmadığını nəzərə alaraq hesab edir ki, iddia ona münasibətdə rədd olunmalıdır. Odur ki, Kollegiya qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə ləğv olunmalı, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1538/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh “Ulduz” X2 İddiaçı xeyrinə işlədiyi 2003-2015-ci illər üzrə ödənilməmiş məzuniyyət puluna görə 930,25 (doqquz yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh “Ulduz” X2 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar