Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7152/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh Kərimli Arzu Ehtibar qızı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Kərimli Arzu Ehtibar qızına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kərimli Arzu Ehtibar qızının hərəkətləri qanunsuz hesab edilməsi, dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)- 747/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Kərimli Arzu Ehtibar qızının hərəkətlərinin qanunsuz hesab edilməsi, işəgötürən Kərimli Arzu Ehtibar qızı tərəfindən (VÖEN **********) ödənilməmiş 2970 (iki min doqquz yüz yetmiş) manat İddiaçı xeyrinə tutulması, cavabdeh Kərimli Arzu Ehtibar qızından İddiaçı xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi zərərin tutulması qət edilmişdir. Qətnamədən cavabdeh Kərimli Arzu Ehtibar qızı xx.xx.2021-ci il tarixində apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(005)- 747/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldüyündən geri qaytarılması qərara alımışdır. Qərardadından cavabdeh Kərimli Arzu Ehtibar qızı şikayət vermiş və həmçinin şikayətində ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini də xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5441/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qərardaddan cavabdeh Kərimli Arzu Ehtibar qızı tərəfindən verilən şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş cavabdeh tərəfindən verilmiş buraxılmış müddətin bərpası haqqındakı ərizəyə baxılaraq həll edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alımışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh Kərimli Arzu Ehtibar qızı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-747/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsinə dair ərizəsinin təmin edilməyərək müddətin bərpasından imtina edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-747/2022 nömrəli qətnaməsindən cavabdeh Kərimli Arzu Ehtibar qızının verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdeh Kərimli Arzu Ehtibar qızı şikayət verərək qərardadın ləğv edilməsini və məhkəmənin xx.xx.2022-ci il tarixli 2(005)-747/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilərək, bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh Kərimli Arzu Ehtibar qızının şikayətinin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır; 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Üzrlü səbəblər sırasına şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və sair bu kimi hallar aid edilə bilər. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, prosessual müddətin əhəmiyyəti ondadır ki, o, bir tərəfdən proses iştirakçılarını intizamlandırır, onları öz prosessual hüquqlarını müdafiə etməyə məcbur edir, digər tərəfdən prosessual müddəti institutu mülki prosessual huquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(005)-747/2022 nömrəli qətnaməsi qətnaməsi cavabdeh Kərimli Arzu Ehtibar qızının yaşadığı ünvanına rəsmi qaydada göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən Arzu Kərimli 05 mart 2022-ci il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada almış, qətnamədən apelyasiya şikayətini isə 14 iyun 2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürüldüyündən və buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh Kərimli Arzu Ehtibar qızı qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüş, lakin ərizəsində həmin müddətin hər hansı üzürlü səbəbə görə buraxılmasını ümumiyyətlə qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Kərimli Arzu Ehtibar qızının şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-747/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7152/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7152/2022
25.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver