Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7154/2022 28.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7154/2022 (Açar sözlər: “əmək müqaviləsinin və əmrlərin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi”) Bakı şəhəri 28 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Gündüz Sadıqov iddiaçının əridir.
2. İddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İddiaçı 19 iyul 2014-cü ildə X5 ilə ailə həyatı qurmuş, o, ilk övladı X3 30 mart 2015-ci il tarixdə dünyaya gətirmişdir. İddiaçı analıq məzuniyyətində olarkən 22 dekabr 2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
3. 22 dekabr 2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir.
4. İddiaçı ilə 22 dekabr 2015-ci il tarixdə birinci müqaviləyə xitam verilmiş və eyni tarixdə onun ərizəsi alınaraq onunla yeni əmək müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə, daha sonra, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, analıq məzuniyyətində olduğu dövrdə Cavabdeh İB tərəfindən 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrin və əmək müqaviləsinin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 26 avqust 2008-ci il tarixdə Cavabdeh İB-nin Yasamal rayon Qaz İstismar İdarəsinə Qazın qəbulu, satışı və hesabatı şöbəsinə 7-ci dərəcəli operator (kompüter üzrə) peşəsinə işə qəbul olunmuşdur. Daha sonra o, Cavabdeh İB-nin 11 mart 2009-cu il tarixli, 06/K saylı əmr üzrə 8-ci dərəcəli kompüter operatoru peşəsinə işə qəbul olunmuşdur. Cavabdeh İB üzrə 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə işə keçirilmişdir və həmin vəzifədə ailə həyatı qurduğu tarixə qədər, yəni 2014-cü ilə qədər işləmişdir. Həyat yoldaşı ilə nikaha daxil olduqdan sonra 30 mart 2015-ci il tarixdə oğlu X2 dünyaya gəlməsi səbəbindən iddiaçı qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə iddiaçı 2-ci dəfə ana olmuşdur. O, analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. İddiaçı işə çıxdıqda onun əmək və sosial hüquqlarının kobud şəkildə pozulmasını, autizm xəstəsi olan övladı 30 mart 2015ci il təvəllüdlü X3 müalicə etdirdiyi dövrdə 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB ilə saxta əmək müqaviləsi bağlamağını, 2015-ci ilin dekabr ayında 8 aylıq xəstə uşağını qoyub işə çıxmağı barədə onun yerinə və onun xəbəri olmadan adından Cavabdeh İB-nin rəhbərliyinin adına ərizə yazıldığını öyrənmişdir. İşə çıxanda isə iddiaçının ixtisas dərəcəsi 8-ci dərəcədən 5-ci dərəcəyə qanunsuz olaraq salınmışdır. İddiaçı Cavabdeh İB ilə 22 dekabr 2015-ci il tarixdə heç bir əmək müqaviləsi bağlamamışdır. 2014-cü ildən 2021-ci ilədək analıq məzuniyyətində olmağı ilə bağlı əmək kitabçasında heç bir qeydiyyat aparılmamışdır.
7. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, analıq məzuniyyətində olduğu dövrdə Cavabdeh İB tərəfindən 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrin və əmək müqaviləsinin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
9. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X4 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli, SOCAR/15-2900/xx-xx-001305 saylı əmr ləğv olunması, İddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, iddia tələbi qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işi tam və hərtərəfli araşdırmadan qanunazidd qətnamə qəbul etmişdir.Qanunvericilikdə “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının,haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi,həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün” olması göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi şəxsin öz iradəsi ilə ifadə etdiyi müraciətindən sonra rəsmiləşdirilmiş, həmin müqavilənin sürəti ona bir gün sonra yəni xx.xx.2015-ci il tarixdə rəsmi olaraq təqdim edilmiş, iddiaçı müqavilədən rəsmi olaraq məlumatlı olmasına baxmayaraq həmin halı uzun müddət mübahisələndirməmişdir. Məhkəmə təəssüflər olsun ki, qeydedilənləri nəzərə almamışdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin sübutlara məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir.Bundan əlavə məhkəmə tərəfindən ekspertizanın rəyi nəzərə alınmamış, ekspertiza tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə cavabdehin imza etməsi müəyyən edilsədə əmək müqaviləsinə qanunun tələblərinə zidd olaraq müqavilənin ləğv edilməsi barədə qərar qəbul etmişdir.Bununla da cavabdehin ziyanına olan qətnamə elan etmişdir.Məhkəmə xx.xx.2015-ci il tarixli əmək müqaviləsini qanunun tələblərini pozmaqla bağlanmasını qeyd etsə də, faktiki olaraq pozuntunun nədən ibarət olmasını tam əsaslandırmamış, iddiaçının könüllü olaraq xx.xx.2015–ci il tarixli müraciətini isə görməməzlikdən gəlmişdir. Hesab edir ki, bu halı düzgün qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə yazılı etiraz
13. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
15. Cavabdehin vəkili və nümayəndəsi X4 ərizə təqdim edərək səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Lakin sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
16. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.11-ci il tarixli Qərarı
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair “2021-ci il 30 iyul tarixli Qərarı
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
19. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
20. 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
21. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
22. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
23. 241.1-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
24. “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli Qərarına əsasən, qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısına neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması və xidməti ilə məşğul olan təmirçi-çilingər vəzifəsi daxildir.
25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
27. “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli Qərarı
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İddiaçı 19 iyul 2014-cü ildə X5 ilə ailə həyatı qurmuş, o, ilk övladı X3 30 mart 2015-ci il tarixdə dünyaya gətirmişdir.
41. İddiaçı analıq məzuniyyətində olarkən 22 dekabr 2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
42. İş materiallarına əlavə edilmiş 22 dekabr 2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir.
43. İşin hallarından görünür ki, iddiaçı analıq məzuniyyətində olmasına baxmayaraq onunla bir əmək müqaviləsinə xitam verilmiş, digər müqavilə bağlanmışdır.
44. İlkin olaraq məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, qeyd edir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
45. Maddənin mənasından da göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinə yol verilmir, lakin işçinin öz arzusu ilə müqavilənin xitamı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə 22 dekabr 2015-ci il tarixdə birinci müqaviləyə xitam verilmiş və eyni tarixdə onun ərizəsi alınaraq onunla yeni əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
46. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, qeyd edir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
47. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəmə iclaslarında iştirak edərək iddiaçının şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, daha sonra isə öz razılığı ilə yeni vəzifəyə keçirilməsinə istinad edərək iddia tələbinə etiraz etmişdir. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
48. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğular göndərilmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin, iddiaçı tərəfindən yazılmış ərizənin, iddiaçının şəxsi işinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir.Lakin Cavabdeh İB məhkəmənin sorğusuna cavab verməmiş, mülki işin araşdırılması üçün tələb edilən zəruri sənədləri məhkəməyə təqdim etməmişdir.
49. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(011)-5123/2021 saylı qərardadı ilə cərimə olunmuşdur.
50. Məhkəmə Kollegiyası daha sonra 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinə, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmrə münasibətdə qeyd edir ki, müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
51. Belə olan halda 23 dekabr 2015-ci il tarixli əmr də özlüyündə qanuni hesab edilə bilməz.
52. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
53. “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli Qərarına əsasən qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısına neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması və xidməti ilə məşğul olan təmirçi-çilingər vəzifəsi daxildir.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf iddiaçının öz ərizəsi və razılığı əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və digər vəzifəyə keçirilməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddiaçı analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, həmçinin iddiaçının 23 dekabr 2015-ci il tarixli əmrlə keçirildiyi peşə qadın əməyinin tətbiqi qadağan olunan peşələr siyahısına daxil olduğundan, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalıdır.
55. Əlavə olaraq məhkəmə qeyd edir ki, 22 dekabr 2015-ci il tarixli ərizədə və iddiaçı və cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli müqavilədə olan yazılar və imzanın iddiaçı tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən həmin ərizənin İddiaçı tərəfindən yazılıb imzalandığı müəyyən edilmişdir.
57. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.(Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 77.1-ci maddəsi).
58. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.11-ci il tarixli Qərarında qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir.İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
60. Eyni zamanda, məhkəmə Kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
61. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair “2021-ci il 30 iyul tarixli Qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir.
63. Hazırkı iş üzrə iddiaçı 2015-ci ildə vəzifəsinin dəyişdirilməsinə məcburiyyət qarşısında ərizə yazsa da, əmrdən xəbərdar olmadığını iddia edir (nümayəndəsi məhkəmə baxışı zamanı bildirmişdir ki, aşağı vəzifəyə keçmək iddiaçıya lazım deyildir, həmçinin analıq məzuniyyətində olduğu halda), belə ki, iddiaçı halhazırdada da Cavabdehndə işləyir.İddiaçı daha sonra bildirir ki, 2021-ci ilin fevralında işə geri qayıtmışdır, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmrin iddiaçıya təqdim edildiyi barədə cavabdeh tərəfindən təqdim edilən sənədlərdən sübut olunmur, (işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.), daha sonra Bakı İnzibati məhkəməsinə və 04 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdir.Ona görə də, cavabdehin ərizəsi əsassızdır.
64. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.
65. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.