Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7156/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Kalyon Rsy X6 Ticarət İşlətməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı mülki iş üzrə (Açar sözlər: iş vaxtından artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Kalyon Rsy X6 Ticarət İşlətməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “iş vaxtında artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-147/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı cavabdeh “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “iş vaxtından artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bayram və istirahət günlərində işlədiyi günlərə görə 5.689,38 manat, iş vaxtından artıq vaxt ərzində işlədiyi saatlara görə 26.636 manat, maddi təzminat olaraq 5000 manat, mənəvi təzminat olaraq 10000 manat, mediasiya üçün ödənilmiş 60 manat, cəmi 47385,38 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək işğaldan azad olunmuş ərazilərdə yol tikintisi işlərini icra edən cavabdeh Kalyon şirkətində texniki ofis işçisi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində əmək müqaviləsində göstərilmiş iş saatı 09:00-dan 16:00-dək olmuşdur. Lakin 07:30-dan 18:00-dək işləmişdir (həmçinin digər işçilər). Bundan başqa əmək müqaviləsində göstərilmiş olan şənbə günü yarım iş günü qeyd olunmasına baxmayaraq eyni qaydada saat 07:30-dan 18:00-dək işləmişdir. Bundan başqa, qeyd edir ki, iddiaçı dəfələrlə rəsmi şəkildə yazılı əmək müqaviləsinə qol çəkmək, həmçinin işəgötürənin də həmin müqaviləyə imza və möhür vuraraq bir nüsxəsini ona təqdim etməsini istəsə də hər dəfə bu gün sabah deyə-deyə həmin müqaviləni iddiaçıya təqdim etməmişlər. Həmçinin də heç bir müqaviləyə qol çəkməmişdir. O, elə bilirdi ki, iş vaxtı elə 07:30-dan 18:00-dək olmuşdur. Lap sonralar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin e-sosial.az saytından öyrənmişdir ki, əslində iş saatları 09:00-dan 16:00-dək olmuşdur. Əlavə iş saatlarında işlədiyini təsdiq edən çoxsaylı mail mesajları mövcuddur. Qeyd edir ki, iş vaxtından sonra işlədiyi əlavə saatları hesablasa, ona ikiqat hesablanmaqla 26.636 manat əlavə ödəniş edilməlidir. Bundan başqa, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək işlədiyi dövr ərzində qeyri-iş günlərində işə çıxsa da, ona heç bir əlavə ödəniş olmamışdır. Əvəzində isə sadəcə həmin dövr ərzində çalışdığı 25 bazar günü məzuniyyət günü kimi əlavə qeyd olunmuşdur və son haqq-hesabda həmin 25 bazar gününə görə sadəcə birqat ödəniş edilmişdir. Halbuki həmin ödəniş ikiqat hesablanmalı idi. Həmin dövrdə bayram günlərində işlədiyi 11 günün əvəzində isə heç bir ödəniş edilməmişdir. Həmin günlərə görə ödənilməli olan məbləğ isə ikiqat hesabla 1.476,38 manat olmalı idi. İyun 2022-ci il tarixindən etibarən isə yeni qayda tətbiq olunmuş və qeyri-iş günlərinin müqabilində ona Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən bayram günlərində və qeyri-iş günlərində işləmiş işçiyə gündəlik əmək haqqının ən azı iki misli məbləğində ödəniş olunmalı olduğu halda, sadəcə gündəlik əmək haqqı yəni bir misli dəyərində əmək haqqı ödənilmişdir. Bu dövrdə bayram və qeyri-iş günlərinə görə ona ödənilən təkqat hesablanmış vəsait 4.213 manat olmuşdur (3-cü bənddə qeyd edilən 25 gün üçün ödənilməli olan vəsait də bu məbləğə daxildir). Hansı ki, ikiqat hesablanararaq 8426 manat ödənilməli idi. Bütün bu qeyd etdiyi ödənişlər onun kartına ödənilmişdir və dəqiq hesablamalara əsasən kart hesabından çıxarışla bir daha təsdiq olunur. Bütün bu qanunsuzluqlarla bağlı iddiaçı xx.xx.2023-cü il tarixdə X4 Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd edilir ki, ona aid sənədlər cavabdehdən rəsmi şəkildə tələb edilsə də, həmin sənədlər təqdim edilməmişdir. Həmin cavab məktubunda həmçinin göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətində qeyd etdiyi halların yerində yoxlanılması mümkün deyildir. Bundan sonra iddiaçı hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəfindən mediasiya qurumuna müraciət edilmiş və Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışına əsasən X2 iştirak edilməməsi və prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, cavabdeh ona ödənilməli olan vəsaitləri vaxtında ödəməməsi nəticəsində o, öz maddi ehtiyaclarını qarşılaya bilməmiş, maddi təminatı aşağı düşmüşdür. Nəticədə eyni zamanda ona mənəvi zərər vurulmuşdur. Bütün bu proseslər-cavabdehə, əmək müfəttişliyinə, mediasiyaya və s. müraciət etməsi, cavabdehlə nəticəsiz danışıqlar xeyli vaxt alan və yorucu, eyni zamanda əsəb və mənəvi sarsıntı yaradan hallardır.
2. Cavabdeh “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddia tələbinə yazılı qaydada etiraz təqdim etmişdir. İddia ərizəsinə etiraz onunla əsaslanıdırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi, onun gündəlik iş saatı saat 09:00-16:00 olaraq müəyyən edilməmişdir. Əmək müqaviləsinə əsasən, işçinin işə başlama saatı 09:00, bitmə vaxtı isə saat 17:00 müəyyən edilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, texniki ofis işçiləri üçün iş yerində ümumi iş vaxtı bu saatlarla həftənin altı günü olaraq müəyyən edilmişdir. Bununla yanaşı, iddia edildiyi kimi, bütün iş müddəti ərzində 07:30-18:00 arası heç bir iş yoxdur. Həmçinin hər ayın bütün bazar günləri (həftə bayramları) və yaxud bütün bayramlarda işlədiyi iddiası doğru deyildir. Bunun əksinə olaraq, iddiaçı tərəfindən işlərin görülməsi qanunvericiliklə müəyyən edilmiş iş vaxtında həyata keçirilmişdir. İddiaçı tərəfindən işlər həftə sonları və ya bayram günlərində görülmüşdürsə, bu işlər tabel uçot sənədlərində və əmək haqqı vərəqələrində öz əksini tapmış, müvafiq haqq qanuni tariflə (saatlıq əmək haqqının iki misli) hesablanmış və iddiaçıya tam ödənilmişdir. Bütün bunları sübutu olaraq, məhkəməyə təqdim etdiyi tabel uçot sənədlərində, əmək haqqı vərəqələrində və bank ödənişlərində görmək olar. İddiaçı iş saatlarından kənar vaxtda işləməsi ilə bağlı özü tərəfindən tərtib edilən, şirkətin rəsmi nümayəndəsinin imza və möhürü olmayan bir vərəqə təqdim etmişdir. Bununla yanaşı, özünə aid olan email yazışmasının sübut olaraq təqdim etmişdir. Hərçənd ki, həmin yazışma iddiaçı tərəfindən istənilən bir yerdən aparıla bilər və belə yazışmanın iş yerində aparılmasına sübut ola bilməz. İddiaçı tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı X3 müraciət edilmişdir. X4 aparılan araşdırma zamanı İddiaçı cavabdeh “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan normativ hüquqi aktın tələbinə əsasən, xx.xx.2022-ci il tarixindən əvvəlki dövrə aid olan pul tələbi ilə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürülmüş və həmin dövrdən əvvəlki dövrə aid pul tələbi irəli sürülə bilməz. Odur ki, məhkəmə tərəfindən yalnız xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olan dövrə baxılıb, bu mübahisəyə hüquqi qiymət verilə bilər.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 147/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya göstərilən dövrdə artıq əmək haqqı ödənilmişdir. İddiaçının istinad etdiyi kimi, iş saatından əlavə, qeyri-iş, istirahət və bayram günlərində işləməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, həmin hissədə də iddia tələbləri öz təsdiqini tapmadığından, təmin edilməməlidir.
5. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2, 164.1, 164.2, 296.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-147/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə isə cavabdeh tərəfindən irəli sürülən əsassız fikri sadəcə təsdiq etməklə kifayətlənərək guya əvvəlki dövrə münasibətdə iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir. Halbuki iddiaçı hüquqlarının pozulmasını xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən son haqq hesabım ödənilən zaman həmin ödənişlərin olmaması zamanı aşkar etmiş və bundan sonra müddət ötürmədən müvafiq müraciətlər etmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İşçi İddiaçı ilə işəgötürən “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 329/23 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin (Kontraktı) surətindən görünür ki, işçi əsas iş yeri olmaqla Füzuli rayonu, Horadiz kəndində “texniki ofis işçisi” vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin surətindən həmçinin görünür ki, vəzifə maaşı 1.052,31 manat müəyyən edilmişdir. İşçinin iş saatı həftənin beş günü 09:00-dan 17:00- dək, 6-cı günlər isə 09:00-dan 15:00-dəkdir.
10. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmiş ərizənin surətindən görünür ki, o, “texniki ofis işçisi” vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
11. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmiş ərizənin surətindən görünür ki, o, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir.
12. “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
13. İddiaçı aid ******************** nömrəli "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışın surətindən görümnür ki, xx.xx.2023-cü ildə İddiaçı hesabına 1.964,61 manat, xx.xx.2023-cü ildə 250 manat, xx.xx.2023-cü ildə isə 4.064,54 manat əmək haqqı köçürülmüşdür. Həmçinin xx.xx.2022-ci il tarixdə 1.400 manat, xx.xx.2022-ci il tarixdə 1.554 manat, xx.xx.2022-ci il tarixdə 1.453,31 manat, xx.xx.2022-ci il tarixdə 1.544,39 manat, xx.xx.2022-ci il tarixdə 1.631 manat, xx.xx.2022-ci il tarixdə 1.453,31 manat, xx.xx.2023-cü il tarixdə 1.460,26 manat, xx.xx.2023-cü il tarixdə 1.515,50 manat, xx.xx.2023-cü il tarixdə 1.862 manat, xx.xx.2023-cü il tarixdə 3.300,70 manat, xx.xx.2023cü il tarixdə 843 manat, xx.xx.2023- cü il tarixdə 2.004,97 manat, xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 2.170,54 manat, xx.xx.2023-cü il tarixdə 250 manat əmək haqqı ödənilmişdir. xx.xx.2022-ci il tarixdə 1.400 manat, xx.xx.2022-ci il tarixdə 1.400 manat, xx.xx.2022-ci il tarixdə 1.400 manat, xx.xx.2022-ci il tarixdə 1.631 manat əmək haqqı ödənilmişdir.
14. “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixli əmrlərinin surətlərindən görünür ki, İddiaçı ödənişli təhsil məzuniyyətlərinə buraxılmışdır.
15. xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmiş ərizənin surətindən görünür ki, o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətinə çıxmasına icazə verilməsini və məzuniyyət pulunun yanvar ayının əmək haqqı ilə birlikdə ödənilməsini xahiş etmişdir.
16. “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 27 gün olmaqla qismən əmək məzuniyyətinə buraxılmış, xx.xx.2023-cü il tarixdən işə başlaması, işçinin xahişi ilə məzuniyyət haqqı əmək haqqı ilə birgə ödənilməsi əmr edilmişdir.
17. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli X2 iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı mediasiyanın tətbiqi barədə təkliflə xx.xx.2023-cü il tarixdə ərizə ilə “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına müraciət etmiş, X2 İddiaçı iştirak etmiş, “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi isə iştirak etməmişdir.
18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6732 nömrəli məhkəm-mühasibatlıq ekspertizasının ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatlarına əsasən “Kalyon RSY X6 Ticari İşletmesi” MMC tərəfindən İddiaçı əmək haqqı təyinatlı xx.xx.2023-cü il tarixdə 843,66 manat, xx.xx.2023-cü il tarixdə 2004,97 manat, xx.xx.2023-cü il tarixdə 2000,00 manat, xx.xx.2023-cü il tarixdə 2.170,54 manat, xx.xx.2023-cü il tarixdə 250,00 manat, xx.xx.2023-cü il tarixdə 1964,61 manat və xx.xx.2023-cü il tarixdə 250,00 manat olmaqla ümumilikdə 9.483,78 manat məbləğində əmək haqqı köçürülmüş və xx.xx.2023-cü il tarixdə əlavə olaraq 4.064,54 manat məbləğində son haqq hesab ödənilmişdir. Hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan və iş materiallarına əlavə edilmiş sənədlərə (əmək müqaviləsi, hesabdan çıxarış məlumatları, əmək haqqı cədvəlləri və s.) əsasən, “Kalyon RSY X6 Ticari İşletmesi” MMC tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən (əmək müqaviləsinin bağlandığı tarixdən) xx.xx.2023-cü il tarixədək (əmək müqaviləsinə xitam verildiyi tarixədək) 1.036,36 manat məbləğində (9.483,78-8.447,42) artıq vəsait köçürülmüşdür. Ekspertiza təyini haqqında qərarda göstərilən ikinci və üçüncü suallara cavab olaraq qeyd olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (əmək müqaviləsi bağlanan tarixədək) “Kalyon RSY X6 Ticari İşletmesi” MMC-də hansı vəzifədə, hansı iş rejimində, hansı əmək haqqı müqabilində və s. məlumatlar (əmək müqaviləsi, əmək haqqı barədə məlumatlar) iş materiallarındae öz əksini tapmadığından bu suallar üzrə tədqiqat aparılmadı.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/459 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan 03 fevral 2022-ci il tarixli ödənişli təhsil məzuniyyətinə çıxması ilə bağlı “Ərizə”nin aşağı hissəsində “İmza” qrafasında “İddiaçı” yazılarının qarşısında olan imza; İddiaçı adından olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “Ərizə”nin aşağı sağ hissəsində “İmza:” qrafasında olan imza - eyni şəxs İddiaçı tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan xx.xx.2022-ci il tarixli əmək məzuniyyətinə çıxması ilə bağlı “Ərizə”nin aşağı sağ hissəsində “İmza:” qrafasında olan imza - X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
22. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Maddə 71. İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
23. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin: 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir.
24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 9 (“e” bəndi). Əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Maddə 68.2.a). Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Maddə 99 (1-ci hissə). İş vaxtından artıq iş-işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 102 (1-ci hissə). İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Maddə 154 (1-ci hissə). Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 164.1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Maddə 164.2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
25. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək texniki ofis işçisi vəzifəsində işləmişdir. Məhkəməyə təqdim edilən iş materialları ilə isə tərəflər arasında bağlanmış əmək müqaviləsinin bağlanma tarixi xx.xx.2023-cü ildir. Lakin cavabdeh iddiaçının cavabdeh şirkətdə xx.xx.2021-ci ildən işlədiyinin həqiqiqəti əks etdirməməsini mübahisləndirmir. Tərəflər arasında olan əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə iddiaçının işdən azad edilməsi barədə ərizəsi əsasında xitam verilmişdir.
26. İddiaçı hazırda məhkəmədə mübahisələndirir ki, o, işlədiyi dövrdə (xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) iş vaxtından artıq vaxtlarda (07:30-dan 18:00dək) və qeyri-iş günlərində (istirahət və bayram günlərində) işləmişdir və buna görə də, ona ikiqat əmək haqqı ödənilməlidir. Odur ki, cavabdehdən bayram və istirahət günlərində işlədiyi günlərə görə 5.689,38 manat, iş vaxtından artıq vaxt ərzində işlədiyi saatlara görə 26.636 manat əmək haqqının tutularaq ona ödənilməsini xahiş edir.
27. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir.
29. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur
30. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mövcud tələbləri ilə bağlı 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, cavabdeh məhkəməyə verdiyi etiraz ərizəsində iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
32. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir.
33. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi).
34. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.
35. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır.
36. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
37. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
38. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
41. Hazırki iş üzrə iddiaçı mediasiyanın tətbiqi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Bununla da xx.xx.2022-ci il tarixədək hüquqlarının pozulması ilə bağlı cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə qeyd edilənlərə və ƏM-nin 296.4-cü maddəsinin tələblərinə əsasən iddia müddətinin ötürülməsi səbəbindən həmin hissədə iddia tələbinin rədd edilməsi qənaətinə gəlir.
42. Qeyd edilməlidir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarı).
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar).
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qeyd olunan tarixləri əhatə edən dövr üçün qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən İddiaçı cavabdeh “Kalyon RSY X6 Ticari İşletmesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “iş vaxtından artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
45. xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək isə iddiaçı əmək müqaviləsində müəyyən edilən iş saatından əlavə, qeyri-iş, istirahət və bayram günlərində işlədiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı bayram və istirahət günlərində, o cümlədən iş vaxtından artıq vaxt ərzində işləməsini elektron poçt ünvanı vasitəsilə qəbul edilən və göndərilən email ilə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, təqdim etdiyi bir neçə e-mail hazırda onun iş saatlarından artıq işlədilməsi, o cümlədən qeyri-iş, istirahət və bayram günlərində işləməsi barədə qənaətə gəlinməsinə əsas verməməklə, onun bu hissədə dəlillərinin əsaslı hesab edilməsi üçün kifayətedici və mötəbər sübut hesab edilə bilməz.
46. Bundan başqa iddiaçı, cavabdehin etirazının dəlillərinə etirazında cavabdehin onu əmək müqaviləsi olmadan işlərə cəlb etdiyini, buna görə də iddiaçıya müəyyən ödənişlərin edilməsini etiraf etməsini qeyd edir. İddiaçı bununla bağlı etiraz edərək, cavabdehin belə izahat verməsilə iddiaçının müqavilə olmadan işə cəlb edilməsi ilə bağlı öz hərəkətini qanuniləşdirməyə çalışdığını bildirir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu hissədə qeyd etmişdir ki, hazırda iddiaçının bu hissədə dəlilləri onun iddia tələbləri ilə uzlaşmır. Belə ki, iddiaçı qeyd edir ki, “dəfələrlə rəsmi şəkildə yazılı əmək müqaviləsinin ona təqdim edilməsi barədə işəgötürənə müraciət etmiş, lakin onun müraciətləri cavabsız qalmışdır, əvvəllər iddiaçı iş vaxtının 07:30-dan 18:00-dək olduğunu zənn edirdi, daha sonra e-sosial.az saytından əslində iş saatının 09:00-dan 16:00-dək olduğunu müəyən etmişdir.”
47. Lakin göründüyü kimi, iddiaçı belə müraciətlərinin olmasına dair hər hansı yazılı sübut təqdim etmir. Bundan əlavə onun iş saatları ilə bağlı məlumatının e-sosial.az saytından daha əvvəllər də əldə etməsi imkanı olmuşdur. Göründüyü kimi, iddiaçı ziddiyyətli izahatlar verir. Belə ki, iddiaçının iddia ərizəsindəki qeyd etdiklərindən belə anlaşılır ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddətdə əmək müqaviləsinin olmadığından məlumatlı idi. İddiaçı bir tərəfdən həmin tarixlərdə əmək müqaviləsi olmadan işə cəlb olunduğunu, digər tərəfdən isə əmək müqaviləsindəki iş saatlarından məlumatlı olmadığını, digər bir tərəfdən də həmin müddətlərdə iş saatlarından əlavə, o cümlədən qeyri-iş günlərində işlədildiyini bildirərək iki qat əmək haqqı tələb edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iş üzrə verilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisələndirilən dövrlərdə cavabdeh tərəfindən iddiaçıya 1.036 manat artıq əmək haqqı köçürülmüşdür.
48. Məhkəmə verilmiş ekspert rəyini işin digər sübutları ilə yanaşı araşdırır və mötəbər sübut kimi qiymətləndirir.
49. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən sonuncu məhkəmə iclasında iddiaçı ilə sual-cavab zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırda iş saatından əlavə, qeyri-iş, istirahət və bayram günlərində işlədiyi üçün əmək haqqının ikiqat tutulub ona ödənilməsini xahiş etsə də, lakin iddiasını dəlillərinə dair mahiyyəti üzrə izahat verərkən, ona məzuniyyət haqqının düzgün ödənilmədiyini, xx.xx.2023-cü ildə bağlanmış əmək müqaviləsində vəzifə maaşının əvvəlki müqavilədən 400-500 manat az qeyd edildiyini, əmək haqqının azaldılması hesabına ona edilmiş ödənişlərin əslində iddiaçının hüquqlarına uyğun olmadığını bildirmişdir. Göründüyü kimi, hazırda iddiaçı bütün ödəmələri aldığını etiraf edir, lakin həmin ödənişlərin edilməsini ona görə qəbul etmir ki, bu ödənişlərin edilməsi onun əmək haqqının azaldılmasına hesabına olmuşdur. Belə olanda iddiaçı iddia ərizəsində, o cümlədən daha sonradan birmənalı olaraq, ona qeyri-iş, istirahət və bayram günlərində və iş vaxtından artıq vaxt ərzində işlədiyi saatlara görə ödəniş edilmədiyini mübahisələndirmiş, lakin yekun məhkəmə iclasındakı çıxışında iddia tələbinin dəlilini başqa əsasla əsaslandırmağa çalışmışdır. Bu baxımdan məhkəmə vurğulayır ki, iddiaçı heç bir zaman əmək haqqının azaldıması ilə bağlı məsələni mübahisələndirməmiş, bununla bağlı iddia irəli sürməmişdir. Ona görə də hazırda iddiaçının belə bir mübahisə ilə çıxış etməsi iş üçün hər hansı əhəmiyyəti kəsb etmir.
50. İş materiallarından müəyyən edilir ki, iddiaçı bildirdiyi arqumentlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və nəticədə formal mülahizələrdən çıxış etmişdir.
51. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər- işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
53. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Məhkəmə kollegiyası iddiaçının maddi və mənəvi təzminat tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, qeyd edilən tələblər iddiaçının əmək haqqı tələbindən törəmə tələblər olduğundan, iddiaçının əsas tələblərinin həqiqiliyi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddia həmin hissələrdə də rədd edilməlidir.
57. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
59. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
60. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 147/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov