Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7157/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.10.2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində yerləşən, əvvəllər cavabdehlə birlikdə yaşadığı evə köçürülsün və həmin evə istifadə hüquqları tanınsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Evə köçürülmə barədə tələb əsaslıdır. Belə ki, tərəflər faktiki ər-arvad münasibətində olublar. Ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir, 1 mərtəbəli, 2 otaqlıdır. Cavabdeh bildirir ki, evi özü tikdirib, evin yerləşdiyi torpağı da öz pulu ilə alıb. İddiaçı isə bildirir ki, evin tikilməsində iştirak edib. İddiaçı evi zəbt etməyib, ev onun yaşayış yeridir, lakin tərəflərin münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçının orada yaşamasına imkan vermir. Cavabdeh özü də etiraf edir ki, 2017-ci ilin payızından başlayaraq həmin evdə iddiaçı ilə birlikdə 1 ildən çox yaşayıblar, iddiaçı əşyalarını da evə gətirmişdi, həmin əşyalar hal-hazıra kimi evdədir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İstifadə hüququnun tanınması barədə tələb əsassızdır. Belə ki, istifadə hüququ 3 formada mövcud ola bilər: 1) mülkiyyət hüququnun tərkib hissəsi kimi (Mülki Məcəllə, maddə 152.3); 2) mülkiyyət hüququ ilə yanaşı əşya hüququ kimi (Mülki Məcəllə, maddə 158.1.2.); 3) mülkiyyətdə olan mənzildə yaşamaq imkanını nəzərdə tutan mənzil hüququ kimi (Mənzil Məcəllə, maddə 30). Üzərində mülkiyyət hüququ olmayan evə hər hansı əsasla istifadə hüququnun yaranması nəzəri baxımdan mümkün deyil, çünki istifadə hüququ mülkiyyət hüququ ilə üzvi surətdə bağlıdır. Bütün subyektiv hüquqlar kimi istifadə hüququ da hüquq münasibətinin tərkib hissəsi kimi mövcud olur, hüquq münasibətinin bir tərəfi (1-ci subyekti) istifadəçi, digər tərəfi (2-ci subyekti) mülkiyyətçi sayılır. Mülkiyyət hüququnun olmaması onu təsdiq edir ki, 2-ci subyekt yoxdur, 1 subyektli hüquq münasibəti olmur, bu isə onu təsdiq edir ki, mülkiyyət hüququ olmadan istifadə hüququ mövcud ola bilməz. Beləliklə, istifadə hüququ mövcud deyil, mövcud olmayan hüququn tanınması barədə tələb təmin edilə bilməz. Beləliklə, qətnamə ləğv edilməli və iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Ağayeva X1 rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsində yerləşən, əvvəllər yaşadığı qeydiyyatsız evə köçürülsün. İddianın qalan hisəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7157/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7157/2021
13.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver