Məhkəmə qərarları › İş №2(103)-716/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-716/2025

10.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-716/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ") hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı nümayəndəsi vəkil Nümayəndə, cavabdehin qanuni təmsilçisi Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbə qarşı ( Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4287/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən 27 iyun 2024-cü il tarixdə verilmiş 105 nömrəli əmrin ləğv edilməsi, onun həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilməsi və cavabdeh məktəbdən 27 iyun 2024-cü il tarixdən başlayaraq, işə bərpa edildiyi tarixə kimi məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 sentyabr 2008-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin fizika kabinetinə laborant (0,5 stavka) vəzifəsinə təyin edilmiş, 05 yanvar 2012-ci il tarixdə isə həmin vəzifədən azad edilərək, sözügedən tarixdən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin edilmiş, lakin 27 iyun 2024-cü il tarixdə bu vəzifədən azad edilmişdir. Belə ki, 27 iyun 2024-cü il tarixli, 105 nömrəli əmrdə İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən xitam verilmiş, habelə iddiaçının 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikasiyada iştirak etmədiyi qeyd olunmaqla, bu sertifikasiyadan keçməmə hesab edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Çünki, iddiaçının 30 may 2024-cü il tarixdə 60 yaşı tamam olduğu üçün "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda və Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən onun sertifikatlaşdırmada iştirakı könüllü olmuşdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4287/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 68-ci maddəsinin 2-ci hissəsinin “a“ bəndinə; 69, 70; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.1, 5.1, 5.2, 5.3, 5.4; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2024-cü il tarixli 268 nömrəli Qərarına istinadən qeyd edilmişdir ki, işin müəyyən olunmuş hallarından da görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin keçid balı olan 30 balı yığa bilməmişdir. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Ona görə də təkrar sertifikatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən xx.xx.2024–cü il tarixdən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 2023–cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilmədiyi üçün ona 1 il vaxt verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etmək şansı tanınmışdır. Buna baxmayaraq, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Göstərilənlərə əsasən iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 70–ci maddəsinin «c» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir. İddiaçı 30 may 2024–cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1964–cü il təvəllüdlü olmaqla, 2023–cü ildə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. İddiaçının 60 yaşı tamam olduğu üçün sertifikatlaşdırmada iştirakının könüllü olması arqumenti ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasından da görünür ki, sertifikatlaşdırmanın əsas məqsədi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. İddiaçı ilk sertifikatlaşdırmada iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. Məhkəmə qeyd edir ki, o, ilk sertifikatlaşdırmada iştirak etməklə artıq sertifaktlaşdırmaya cəlb olunmuşdur. Belə olan halda İddiaçı təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 52 nömrəli məktəbə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur; - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 105 №-li əmrə əsasən Bakı şəhəri 52 nömrəli tam orta məktəb bölməsində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “c” – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir; - İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikasiyada iştirak etməmişdir. Həmin gün təzyiq və şəkəri qalxdığına görə təcili yardıma müraciət etdi. Bu barədə ona arayış verdilər, ancaq bülletenə çıxmamışdır. xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olub. Təhsil qanununda 60 yaşında olanların sertifikasiyadan keçməsi könüllüdür. 2023-cü ildə sertifikasiyada keçid balı toplamamışdır. İndi isə 60 yaşı tamam olduğuna görə sertifikasiyadan azad olunmalıydı. Bunu nəzərə almayıblar. Ona öz ərizəsi ilə işdən azad olunma təklifini qəbul etmir. xx.xx.2024-cü il tarixdə məzuniyyətdən geri çağırılmağına etiraz etmir. Qanun necə tələb edirsə, həmin qaydada əmək müqaviləsinə xitam verə bilərlər. Onun şikayət etmək hüququ var; - 52 №-li tam orta məktəbin direktoru tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, Azərbaycan dili və ədəbiyyat müəllimləri İddiaçı, X1, X2 ilə direktorun otağında 8 iyun 2024-cü il tarixində keçiriləcək sertikifasiya imtahanı ilə bağlı maarifləndirici söhbətlər apardılar. İddiaçı və Bikəxanım Məmmədovaya izah olundu ki, 2023-cü ildə keçirilən serifikasiya imtanında müxtəlif səbəblərdən keçid balı toplamadıqlarına görə onlara qanuna müvafiq olaraq bir il vaxt verilmişdir. Hər üç müəllimə izah olundu ki, 2024-cü ilin iyun ayının 8-də keçirilən təkrar serifikasiya imtahanında mütləq keçid balı toplamalıdırlar. Əgər bu dəfə də keçid balı toplaya bilməsələr, qanunamüvafiq olaraq onlarla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Hər üç müəllim qanun tələblərini bildiklərini söylədilər və sertifikasiyadan müvəffəqiyyətlə keçəcəklərinə inandıqlarını söylədilər; - Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 №-li tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli 105№-li əmrdən çıxarışa əsasən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir; - Bakı şəhəri M.İ.Cuvarlinski adına 52 №-li tam orta məktəb üzrə 27 iyun 2024-cü il tarixli 106 №-li əmrə əlavə və dəyişikliklər edilməsi barədə çıxarışa əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məktəb üzrə verilmiş 27 iyun 2024-cü il tarixli 105 nömrəli əmrə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir: Əmrdə “keçid balını toplaya bilməyən” ifadəsi “təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün” ifadəsi ilə əvəz edilmişdir; - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-13F/2024 nömrəli, xx.xx.2024-cü il tarixli təkrar serifitaklaşdırmadan keçməyənlər barədə əmrinə əsasən Bakı şəhəri üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayeva), X8 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (Anar Qədiməliyev), Qazax- Tovuz Regional Təhsil İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdarəsi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X9 Təhsil İdarəsi (Elçin Kərimov), MilMuğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Gunay Mahmudova), X7 Təhsil İdarəsi (Fuad Bədəlov) və ŞirvanSalyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılmışdır ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4287/2024 saylı qətnaməsinin ləğv edilməsini İddiaçı barəsində Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən 27 iyun 2024-cü il tarixdə verilmiş 105 nömrəli əmrin ləğv edilməsini, onun həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilməsini və cavabdeh məktəbdən 27 iyun 2024cü il tarixdən başlayaraq, işə bərpa edildiyi tarixə kimi məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2, 83; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının 60 yaşı tamam olduğu üçün onun sertifikatlaşdırmada iştirakı könüllü olmaqla yanaşı, bu Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" qaydasında könüllülük birbaşa nəzərdə tutulmuş, sertifikasiya imtahanında iştirak edərkən 59 yaşı tamam olmuş,ancaq bu imtahanda yetərli balı toplamamış şəxsin sertifikatlaşdırma zamanı 60 yaşı tamam olmasına baxmayaraq, imtahanda iştirak etmək məcburiyyəti barədə qanunvericilikdə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Əks arqument birbaşa olaraq vətəndaşın konstitusion hüquqlarının pozulması, vəziyyətinin ağırlaşdırılması deməkdir. Digər tərəfdən, məhkəmə iclaslarının fasiləsiz audio yazılarından, habelə iş materiallarından göründüyü kimi məhkəmə iclaslarında Azərbaycan Respublikası Əmək Məcəlləsində və Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatda təsbit edilmiş kargüzarlıq barədə müddəaların pozulması haqqında kifayət qədər məlumat verilsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd olunan məsələyə hər hansı bir formada hüquqi qiymət verilməmişdir. Bununla da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamış, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, eyni zamanda maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnaməsindən qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma imtahanında iştirak etmiş, lakin keçid balı olan 30 balı yığa bilməmişdir. Bundan sonra iddiaçıya 1 il vaxt verilmiş və o, işinə davam etmişdir. 08 iyun 2024–cü il tarixdə təkrar sertifikatlaşdırma imtahanı təyin edilmiş, lakin iddiaçı həmin imtahanda işitrak etməmişdir. Ona görə də təkrar sertifikatlaşdırmada iştirak etməyən İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən xx.xx.2024–cü il tarixdən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanından keçə bilmədiyi üçün ona 1 il vaxt verilmiş və təkrar sertifikatlaşdırmada iştirak etmək şansı tanınmışdır. Buna baxmayaraq, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. İddiaçı 30 may 2024-cü ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, 2023-cü ildə keçirilmiş imtahan zamanı 59 yaşı olmuşdur. Bundan sonra ona ikinci şans verilsə də, iddiaçı imtahanda iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Məhkəmə həmçinin iddiaçının 60 yaşı tamam olduğu üçün sertifikatlaşdırmada iştirakının könüllü olması arqumenti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasından da görünür ki, sertifikatlaşdırmanın əsas məqsədi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. İddiaçı ilk sertifikatlaşdırmada iştirak etmiş və müvafiq keçid balını toplaya bilməmişdir. Məhkəmə qeyd edir ki, o, ilk sertifikatlaşdırmada iştirak etməklə artıq sertifaktlaşdırmaya cəlb olunmuşdur. Belə olan halda İddiaçı təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır”. Məhkəmənin qətnaməsində “ilk sertifikatlaşdırmada iştirak etməklə artıq sertifaktlaşdırmaya cəlb olunmuşdur. Belə olan halda İddiaçı təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi” qeyd edərkən bunu hansı maddi hüquq normasına istinad etməklə, təfsir etməsi anlaşılan deyildir. Axı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" qaydasında belə bir müddəa mövcud olmamışdır. Hətta, məhkəmənin istinad etdiyi normaların özündə belə bunun əksini təsdiqləyəcək hər hansı bir müddəa olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci və 3-1-ci hissələrinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 36-2.3-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bu Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" qaydasının 1.5-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bu bənd (60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.) Əmək Məcəlləsinə və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa 27 iyul 2023-cü il tarixdən daxil edilmişdir. İddiaçı 60 yaşı isə 30 may 2024-cü il tarixdə tamam olmuşdur. Göründüyü kimi iddiaçı, 60 yaşı tamam olandan sonra qanunun ona verdiyi imkandan istifadə edərək sertifikasiya imtahanında könüllü iştirak etməkdən imtina etmişdir. Lakin, qanunvericiliyin ona verdiyi hüquq və imkanlar nəzərə alınmadan 27 iyun 2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddiaçının ilk dəfə sertifikasiya imtahanında iştirak edərkən 59 yaşının olduğunu və imtahandan müvəffəqiyyət qazana bilmədiyini, bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya 1 il sonra növbəti dəfə imtahanda iştirak etmək üçün şans verildiyini, qanunvericiliyin tələbinə görə 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olduğunu, iddiaçının öz hüququndan istifadə edərək 60 yaşı tamam olduğundan ikinci sertifikatlaşdırma imtahanında iştirak etmədiyini qeyd etmiş, birinci instansiya məhkəməsinin isə qanunu vətəndaşın vəziyyətini ağırlaşdıracaq şəkildə şərh etdiyini və bununla da vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının ilk sertifikasiya imtahanında iştirak etməsi ilə artıq sertifikatlaşdırma prosesinə cəlb edildiyini və bu prosesin vahid bir proses olduğunu, iddiaçının ilk sertifikatlaşdırma imtihanında iştirak edərkən 59 yaşı olduğundan onun 2-ci imtahanda iştirakının məcburi olduğunu,buna görə də 60 yaşı olanların könüllü iştirakı ilə bağlı normanın hazırkı mübahisəyə aidiyyatının olmadığını bildirmiş,apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:a) tərəflərdən birinin təşəbbüsü;b) əmək müqaviləsinin müddətinin qurtarması;c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);d) tərəflərin iradəsindən asılı olmayan hallar;e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın tələblərinə əsasən :1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar;1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2024-cü il tarixli 268 nömrəli Qərarına əsasən Qaydalara "60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür” bəndi əlavə edilmişdir. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 13.Kollegiya yuxarıda sadalanan maddi hüquq normalarını və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı ilk dəfə sertifikatlaşdırma imtahanında iştirak edərkən 59 yaşı olmuşdur və imatahandan uğurlu nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020–ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 5-ci maddəsində də qeyd edildiyi kimi sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər, həmçinin həmin qaydaların birinci bəndində ümumi müddəa kimi 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdırma imtahanında iştirakının könüllü olduğu qeyd edilmişdir. Birinci istansiya məhkəməsi iddiaçının 59 yaşında bu prosesə cəlb edilməsini və ona 1 il vaxt verilməsinə baxmayaraq təkrar sertifikatlaşdırma imtahanında üzürlü səbəb olmadan iştirak etməməsini əsas gətirmiş, ilk sertifikatlaşdırma imtahanında iddiaçının hələ 60 yaşı tamam olmadığından, 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdrma imtahanında iştirakının könüllü olması ilə bağlı müddəanın iddiaçıya şamil edilməməli olması qənaətinə gəlmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qanunun normasını vətəndaşın vəziyyətini ağırlaşdırıcı formada şərh etmişdir. Qaydalardan (cavabdehin nümayəndəsinin mövqeyindən də) görünür ki, sertifikatlaşdırma ümumi (vahid) bir proses olaraq 60 yaşı tamam olmuş şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 14.Qanunvericilikdə ayrıca (mərhələli) olaraq bunun ilkin və ya təkrar sertifikatlaşdırma imtahanında iştirak edən şəxslərə aid edilb-edilməməsi təsnif edilməmiş, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması müəyyən edilmişdir . Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hər hansı pozuntuya yol verilməmiş, o öz hüquqdan istifadə edərək sertifikatlaşdırma prosesinə qədər 60 yaşı tamam olduğundan növbəti sertifikatlaşdırma imtahanına getməmişdir. Belə olduğu halda cavabdehin iddiaçını işdən azad etməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsində tutulan əsaslardan hər hansısa biri mövcud deyil. 15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4287/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İdidaçı İddiaçı cavabdeh Yasamal Rayonu 52 nömrəli məkətəb qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri Yasamal rayonu M.İ.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbin direktoru tərəfindən 27 iyun 2024-cü il tarixdə verilmiş 105 nömrəli əmr ləğv edilsin, İddiaçı həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilsin və cavabdeh məktəbdən 27 iyun 2024-cü il tarixdən başlayaraq, işə bərpa edildiyi tarixə kimi məcburi iş buraxmaya görə iddiaçıya əmək haqqının hesablanaraq ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar