Məhkəmə qərarları › İş №2(103)-7162/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7162/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7162/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması və azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü Hacı-zadə Ayan Dəyanət qızı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətin əsasları ondan ibarət olmuşdur ki, evə köçürülmə tələbinə dair mübahisə Ailə Məcəlləsi ilə deyil, Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimləndiyindən həmin mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya prosesindən keçmə nəzərdə tutulmamışdır. Göründüyü kimi qərardad qanunvericiliyin tələblərinə uyğun deyildir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdehlərdən biri Cavabdeh2 iddiaçının həyat yoldaşı, digəri Cavabdeh1 isə qayınanasıdır, Cavabdeh2 ilə rəsmi nikah hələ pozulmamışdır. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü Hacı-zadə Ayan Dəyanət qızı ilə birlikdə Cavabdeh2 ilə birgə nikah dövründə inşa edərək yaşadıqları və cehiz əmlaklarının yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələrini məhkəmədən xahiş etmişdir. Beləliklə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edildiyindən tərəflər ilk öncə mediasiya prosesində iştirak etməlidirlər. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair heç bir sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya ilk növbədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etmək vəzifəsi izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.5-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi məhz ailə münasibətlərindən irəli gələn, yəni Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimlənən məsələlər üzrə mübahisələrə dair işlərə mediasiyanın tətbiqi nəzərdə tutulmuşdur. Hazırda isə iddiaçı tələbində cavabdehlər tərəfindən faktiki sahibliyə yaradılan maneələrin aradan qaldırılması və azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü Hacı-zadə Tahir Dəyanət oğlu və xx.xx.2017-ci il təvəllüdlü Hacı-zadə Ayan Dəyanət qızı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Kərəm Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə münasibətdə tətbiq edilməli olan maddi hüquq normaları - Mülki Məcəllə, Mənzil Məcəlləsi eləcə də mübahisəni tənzimləyən digər sahəvi normalardan ibarətdir ki, mübahisəyə Ailə qanunvericiliyinin hər hansı bir norması tətbiq edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə nəticəyə gəlməklə istinad edilən normaların tələblərini pozmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar