Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7167/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1979/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X1 sahəsi, İİ Mədən küçəsi, ev 170, mənzil 57 ünvanında yerləşən fərdi ev iddiaçı tərəfindən tikilmişdir. O, həmin evdə öz ailəsi ilə birgə yaşamışdır. Son zamanlar həyat yoldaşı olmuş Cavabdeh ilə məişət zəminində tez-tez mübahisələri olduğu üçün aralarındakı nikah ləğv edilmişdir. Nikah ləğv ediləndən sonra cavabdeh iddiaçının evə girməyinə maneə törətməyə başlamışdır. İddiaçı öz zəhmətilə tikdiyi evə girmək istəyən zaman cavabdeh dərhal hüquq-mühafizə orqanlarına müraciət edir. Mövcud halların təkrar edilməməsi üçün iddiaçının həmin evə köçürülməyi zərurəti yaranmışdır. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X1 sahəsi, İİ Mədən küçəsi, 170 saylı evin 57 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı nikahları pozulduqdan sonra bir müddət mübahisəli evdə yaşamış, lakin o pozğun həyat tərzi yaşadığına və yaşadıqları evi əxlaqsılıq yuvasına çevirməməsinə görə onu mənzilə buraxmamağa məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçı isə şikayətin əsassız olduğunu bildirirək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X1 sahəsi, İİ Mədən küçəsi, ev 170, mənzil 57 ünvanında yerləşən fərdi evnikah dövründə tikdirdikləri əmlakdır və onların hər ikisinin bu əmlak üzərində müvafiq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsi barədə gəlinən qənaət əsaslı hesab edilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1979/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7167/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7167/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver