Məhkəmə qərarları › İş №2(103)-7171/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7171/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7171/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə tələbi barədə” iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçıların birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 vəkili (nümayəndəsi) Yaqubova Könül Rafiq qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ər-arvad olan İddiaçı1 və İddiaçı3, onların övladları Ceyhun və İddiaçı4lar cavabdehlərə qarşı birgə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onların qeydiyyatda olduqları və Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, (keçmişdə adı Lenin küçəsi, sonradan isə adı Musavat küçəsi olmuş) M.Müşfiq küçəsində yerləşən 64 nömrəli fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 iddiaçı Tirman Muxatrovun bibisi oğlu Sadil Muxtarovun arvadı, Cavabdeh2 isə sonuncuların övladıdır. Mübahisəli fərdi yaşayış evi İddiaçı1 babası İddiaçı1 Baxış oğlu tərəfindən 1910-cu ildə inşa olunmuşdur. İddiaçı1 babası xx.xx.1974-cü il tarixdə, atası X12 isə xx.xx.1994-cü il tarixdə vəfat etmişlər. Hazırda vərəsəlik payının müəyyən olunması üçün həmin evə dövlət reyestrindən çıxarış alınmalıdır. Bunun üçün vəkil sorğusu ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Həmin İdarə tərəfindən sorğuya verilmiş cavabdan məlum olmuşdur ki, İddiaçı1 babasına məxsus olan həmin ev hüquqi qeydiyyatdan keçməmiş, lakin İdarənin arxivində İddiaçı1 babasının adına tərtib edilmiş “Texniki pasport” mövcuddur (məktubda onun adı səhv olaraq Telman kimi yazılmışdır). Həmin fərdi evin xx.xx.1933-cu il tarixdə tərtib edilmiş ev dəftərində əvvəlki ünvan Lenin rayonu, Balaxanı kəndi, Bolşevik küçəsi ev 72 olmuşdur. Göründüyü kimi, bu ev keçən əsrin əvvəllərində İddiaçı1 məhrum babası tərəfindən tikilmiş, hətta onun ölümündən sonra belə - onlar vərəsələr olaraq həmin evə reyestrdən çıxarış ala bilmirlər. İddiaçı1 əmisi Faiq Muxtarov mübahisəli evdə yaşamış və xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Əmisinin dəfni və yas məclisləri ilə bağlı xərclərin hamısını İddiaçı1 ödəmişdir. Belə olan halda cavabdehlərin mübahisəli evdə yaşamağa heç mənəvi haqları belə yoxdur. Mübahisəli evdə hazırda iddiaçılar, İddiaçı1 bacısı Muxtarova Könül Əmir qızı, əmisi qızı Səriyə Muxtarova və Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh2 isə həmin evdə qeydiyyatda deyil. Cavabdehlər digər vərəsələrin də payını mənimsəyərək yalnız özləri evdə yaşayırlar. Cavabdeh2 qeyri-rəsmi həyat yoldaşı evdə iki it saxlayır və bunun nəticəsində iddiaçılar evə daxil ola bilmirlər. İddiaçılar bu özbaşınalıq barədə müvafiq Polis Bölməsinə xəbər versələr də indiyədək heç bir tədbir görülməmişdir. İddiaçı1 bacısı Muxtarova Könül Əmir qızı hazırki iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçılar həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçılar, Cavabdeh2 və müstəqil tələb irəli sürən üçüncü şəxs K.Muxtarova işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh1 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdir. Bundan başqa o bildirdi ki, iddiaçılar öz istəkləri ilə evi 26 il bundan əvvəl tərk etmiş və daimi yaşayış yerini dəyişmişlər. Ona görə də, iddia əsassız hesab edilməlidir. İddia əsaslı hesab edilmiş olsa belə, təmin edilə bilməz. Çünki iddiaçılar evi tərk etdikdən 26 il keçdikdən sonra hazırki iddianı irəli sürmüşlər. Göründüyü kimi, iddiaçılar ümumi iddia müddətini ötürmüşlər. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianın əsassız olmasını, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizənin verilməsini nəzərə alaraq iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mübahisəli fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sözügedən ünvana dair iddiaçı T.Muxatrovun babası İddiaçı1 adına tərtib edilmiş ilkin texniki pasport idarənin arxivində mövcuddur. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 3875 saylı arayışından və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışından görünür ki, iş üzrə iddiaçılar, iş üzrə üçüncü şəxs olan K.Muxatrova, Cavabdeh1, iddiaçıların qohumları Səriyyə İskəndər qızı və X13 mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Buna baxmayaraq iddiaçılar mübahisəli evdə deyil, Dirçəliş küçəsində yerləşən evdə qeydiyyatsız yaşayırlar. “Ölüm haqqında şəhadətnamələrdən” görünür ki, X12 xx.xx.1995-ci tarixdə, X14 xx.xx.2002-ci tarixdə, X7 xx.xx.1975-ci tarixdə, X2 xx.xx.2012-ci tarixdə, Əliyev Sadil Adıgözəl oğlu xx.xx.2015-ci tarixdə ölmüşlər. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci tarixdə doğulmuşdur. Onun valideynləri X12 ilə X1r. ünvan 1 “A” ünvanında qeydiyyatda olan X5, Bakı şəhəri, Balaxanı qəsəbəsi, M.Müşfiq küçəsi, ev 44 ünvanında qeydiyyatda olan X6 imzaları xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Balaxanı qəsəbəsi, M.Müşfiq küçəsi, ev 73 “A” ünvanında qeydiyyatda olan Məmmədov Məmməd Qasım oğlunun isə imzası xx.xx.2015-ci tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Əliyev Sadil Adıgözəl oğlu, Cavabdeh1, Cavabdeh2 Sadiq qızı, X3, X13 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar, o cümlədən İddiaçı1 ailəsi ilə birlikdə (arvadı, iki uşağı) və bacı Muxtarova Könül Əmir qızı və iki uşağı ilə qeyd olunan ünvanda yaşamamış, həmin ünvana gədibgəlməmişlər. Balaxanı qəsəbəsi, Əfəndiyev küçəsi ev 10-da yaşayan X16, Bolşevik küçəsi ev 27də yaşayan X4, X18-hüseyn oğlunun imzaladıqları xx.xx.2002-ci il tarixli aktdan görünür ki, İddiaçı1 əmisinin – mərhum Faiq Muxtarovun dəfn mərasimini keçirmiş, bütün mərasim xərclərini ödəmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli və 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, həmin Mərkəz tərəfindən aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, mübahisəli ünvanda faktiki olaraq tək yaşayan Cavabdeh1 evin kirayəçisi hesab edilməsi barədə sərəncam ləğv edilmiş, onunla kirayə müqaviləsi bağlanmamışdır. Göstərilən bu məktublarda əks olunmuş məlumatlar Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Müşfiq küçəsi, 64 saylı evə Cavabdeh1 adına kirayə müqaviləsinin bağlanılması haqqında” xx.xx.2019-cu il tarixli, 78/1 saylı sərəncamından və həmin Departamentin “xx.xx.2019-cu il tarixli, 78/1 saylı sərəncamın ləğv edilməsi barədə” xx.xx.2020-cu il tarixli, 21/2 saylı sərəncamında öz əksini tapmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinə dair hər hansı bir hüquq dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçılar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar, lakin orada yaşamırlar. Cavabdeh1 həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır və yaşayır. Cavabdeh2 evdə qeydiyyatsız yaşayır. İddiaçılar iddia edirlər ki, yaşayış sahəsinə miras əmlak kimi onların da hüquqları var və onlar cavabdehlər tərəfindən yaşayış sahəsindən qanunsuz olaraq məhrum edilmişlər. Göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, onlar mübahisəli yaşayış sahəsinə köçürülməlidirlər. İddiaçılar tələblərinin əsası kimi mübahisəli yaşayış sahəsində onların da miras paylarının olmasına və orada qeydiyyatda olmalarına istinad edirlər. Məhkəmə mübahisəli əmlakın daşınmaz əmlak olmasını və həmin əmlaka dair rəsmi reyestrdə heç bir qeydin aşkar olunmamasına, həmçinin həmin əmlakla bağlı heç bir vərəsəlik işinin olmamasına əsaslanaraq qeyd edir ki, iddiaçıların mübahisəli əmlakda miras paylarının olması dəlili tamamilə əsassızdır və işə baxan Rayon Məhkəməsi həmin dəlilin əsassız olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd edilən halları nəzərə alan Məhkəmə hesab edir ki, mübahisənin həlli üçün həmin yaşayış sahəsinin iddiaçıların yaşayış yeri olması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış sahəsinin iddiaçıların yaşayış yeri olması, onların əvvəllər həmin sahədə yaşaması iş üzrə müəyyən edilmir. Belə ki, yuxarıda qeyd olunan Sabunçu RİH başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixdə verdiyi məktubundan görünür ki, iddiaçılar Dirçəliş küçəsində yerləşən evdə yaşayırlar. Bundan başqa, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X15 verdiyi ifadədə göstərmişdir ki, iddiaçılar və iş üzrə üçüncü şəxs olan K.Muxtarova mübahisəli evdə yaşamırlar. Evdə cavabdehlər yaşayırlar. İddiaçı1 uşaq olarkən mübahisəli evdə yaşamışdır. Şahid qismindən dindirilmiş Məmmədov Məmməd Qasım oğlu Rayon Məhkəməsinə oxşar ifadədə vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisəli əmlakın onların yaşayış yeri olduğunu bildirsələr də bu halı təsdiq edəcək sübutları məhkəmələrə təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, iddiaçıların həmin yaşayış sahəsində yaşamamaları ilə bağlı hissədə də Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçıların həmin yaşayış sahəsində qeydiyyatda olmaları ilə bağlı Məhkəmə qeyd edir ki, həmin faktın mövcudluğu özü özlüyündə mübahisəli mənzildə yaşamaq hüququ yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin mənasına görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır. Bundan başqa, işə Rayon Məhkəməsində baxılan zaman cavabdehlər hazırki iddia tələbinə ümumi iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. Hazırki iş üzrə iddia müddətinin tətbiqinin qeyri-mümkün olmasını bildirən iddiaçılar ona əsaslanırlar ki, iddia müddətinin tətbiqi onların yaşayış yerindən məhrum olmaları ilə nəticələnir və belə olan halda bu müddətin tətbiq edilməsi qanunsuzudr. İşə baxan Rayon Məhkəməsi iddiaçıların azı son 10 ildə mübahisəli yaşayış sahəsinə hər hansı bağlılığının olmamasına əsalanaraq, hesab etmişdir ki, iddiaçılar iddia müddətini ötürərək, məhkəməyə müraciət etmişlər. Belə ki, iş materiallarından da görünür ki, iddiaçılar mübahisəli evlə bağlı 2019-cu ildən başlayaraq müəyyən orqanlara müraciətlər etmişlər. Bununla da, iddiaçılar iddia müddətini ötürmüşlər. Məhkəmə Rayon Məhkəməsinin bu mövqeyi ilə də razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ümumi iddia müddəti 10 il təşkil edir (maddə 373.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Bununla yanaşı Məhkəmə qeyd edir ki, hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddiaya iddia müddətinin tətbiqinin tətbiq edilməsinin qeyri-mümkün olması barədə iddiaçı tərəfin bildirdikləri əsassızdır. Belə ki, iddiaçılar özləri daimi yaşayış yerini tərk etmiş, yaşayış yerini dəyişmiş və bundan sonra ötən 10 ildən çox müddət ərzində mübahisəli evə yaşamaq üçün qayıtmamışlar. Belə olan halda müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar