Məhkəmə qərarları › İş №2(103)-7174/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7174/2023

21.11.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7174/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin (İddiaçı İKB ASC-nin) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-49/2023 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh3 sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-23/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 359/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə rədd edilmiş, Cavabdeh3 Bakı şəhəri Sabunçu Rayon xx.xx.2018-ci il tarixli, 2(008)-359/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh3 şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-23/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-49/2023 saylı qərardadı ləğv edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, hazırki şikayətin mahiyyəti üzrə əsaslı olubolmamasının dəyərləndirilməsi məsələsinə keçməmişdən əvvəl həmin şikayətin verilməsinə əsas olmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinin mümkün olub-olmaması məsələsinə münasibət bildirilməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətindəki dəlilləri faiz borcunun düzgün hesablanmadığı, mənzilin dəyərinin düzgün müəyyən edilmədiyindən ibarət olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən həmçinin Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin apellyasiya şikayətindəki dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə ilə tutulması qət edilmiş faiz borcu düzgün hesablanmamış, mənzilin dəyəri düzgün müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2214/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayətinin dəlillərinə sui-istifadəyə yönəlmiş hallar kimi qiymət verilmiş, nətiəcədə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, şikayət təmin edilməmiş və mübahisələndirilən qətnamə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1821/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarı ilə Cavabdeh5 İsfəndiyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2214/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh3 prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməklə sözügedən qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edir, cavabdehin apellyasiya şikayətindəki dəlilləri iddiaçının həddən artıq şişirdilmiş məbləğin cavabdehdən ödənilməsini tələb etdiyi, şişirdilmiş faiz borcunun yaranmasına nail olduğu ilə əlaqədardır. Göründüyü kimi, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qiymətləndirilmiş Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Halbuki birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi digər cavabdeh tərəfindən verilmiş eyni məzmunlu apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmış, şikayətin əsassız olduğu üçün təmin edilməməsi qət edilmiş, qətnamə mübahisə edilən hissədə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini alaraq qanunvericiliklə müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliklə apellyasiya instansiyası məhkəməsinin qüvvədə olan qətnamə ilə müəyyən edilmiş halların apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən yoxlanılması imkanı nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir. Belə ki, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır... Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir (62-ci bənd). Qeyd olunanlara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında tam yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti əsasında yoxlanıldığından və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanıldığından, bu hal Cavabdeh3 tərəfindən verilmiş eyni məzmunlu şikayətə əsasən işə yenidən apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası, qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-49/2023 saylı qərardadı ləğv edilməli, Cavabdeh3 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-49/2023 saylı qərardadından verilmiş şikayət, həmçinin onun əsasında duran Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsasların olub-olmamasının yoxlanılması məqsədilə mülki iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-49/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh3 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-49/2023 saylı qərardadından verilmiş şikayət və onun əsasında duran Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsasların olub-olmamasının yoxlanılması (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) məqsədilə mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar