Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7174/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7452/2024 nömrəli, xx.xx.2024-cü il qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişlər.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7452/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı (hakim Nilufər Cəfərli) ilə ərizə geri qaytarılmışdır.
3. Həmin qərardaddan ərizəçi tərəfindən şikayət verilmiş, şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
7. Belə ki, ərizəni geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
8. Hazırkı iş materiallarından görünür ki, ərizəçi ərizəsində maraqlı şəxsi qeyd etməmişdir. Maraqlı şəxs qismində Naxçıvan şəhər 3 saylı notariat ofisi göstərilməli olduğu halda (imtina məktubu həmin qurum tərəfindən verildiyinə görə), ərizəçi Naxçıvan şəhər 3 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməli idi. Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib edildiyindən(ərizə) iddiaçıya geri qaytarılmalıdır.
9. Belə ki, iddia ərizəsinin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsininümayəndə təqdim edirsə), maraqlı şəxsin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, maraqlı şəxsin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə maraqlı şəxsə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, maraqlı şəxslə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
10. Beləliklə, ərizəçi ərizəsində maraqlı şəxsi qeyd etmədiyindən Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır.
11. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
12. MPM-in 2.1-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
13. MPM-in 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
14. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.
15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cü il tarixli qərarının 1.1-ci bəndində qeyd edilmişdir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir.
16. X9 1.7-ci bəndində qeyd edilir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.
17. Göründüyü kimi, məhkəmənin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəyə baxılması ilə bağlı Plenum qərarında da hakimin işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli olduğu qeyd edilir.
18. Hazırkı işdə isə rayon məhkəməsi Ərizəçi ərizəsində maraqlı şəxsi qeyd etmədiyindən onun ərizəsini geri qaytarmışdır. Halbuki, Plenumun istinad olunan Qərarında da işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməklə, onların məhkəmə iclasında iştirakının məhz məhkəmə tərəfindən təmin edilməli olduğu təsbit olunmuşdur.
19. Rayon məhkəməsi ərizənin geri qaytarılmasına dair qərardad qəbul edərkən xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini nəzərə almamış, yanlış olaraq MPM-in 149-cu maddəsinə istinad etmişdir. MPM-in 149-cu maddəsində təsbit olunan tələblər iddia icratı ilə bağlı olub, mütləq şəkildə cavabdehin olmasını, tərəflərin çəkişməsi, tələb və etirazların sübut edilməsində tərəflərin bərabərliyinin qorunması kimi prinsiplərə uyğundur. Xüsusi icraat qaydasında, eləcə də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsində isə həmin prinsiplər tətbiq olunmur, çünki bu icraatı mahiyyəti və güddüyü məqsədlər tamamilə başqadır. Çünki hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsində ərizəçinin hər hansısa şəxsə qarşı bir tələbi olmur, o, yalnız hüququn əmələ gəlməsi, dəyişməsi və ya xitamının asılı olduğu və artıq mövcud olan faktın müəyyən edilməsini istəyir. Demək ki, bu halda tərəflərdən, müvafiq olaraq da onların bərabərliyi və çəkişməsindən, çəkişən tərəflər olmaması səbəbindən də işə baxan məhkəmənin də tərəfsizliyindən danışmaq olmaz. Bu baxımdan, nəzərdən qaçırmaq olmaz ki, xüsusi icraat qaydasında işlərə baxılması zamanı MPM-in 14.1-ci maddəsinin tələbi, yəni məhkəmənin işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərmək kimi xidməti vəzifəsi daha böyük əhəmiyyət daşıyır, başqa sözlə desək, məhkəmə bu işlərə baxarkən daha “fəal” olmalıdır. Ola bilər ki, ərizəçi maraqlı şəxsin müəyyən edilməsində səhv etmiş olsun, lakin bu heç bir halda məhkəməyə hazırkı icraat üzrə MPM-in 54.2-ci maddəsinin tətbiqinə asas verə bilməz, məhkəmə özü xidməti vəzifəsinə görə maraqlı şəxsin (və ya şəxslərin) kimliyini müəyyən edərək onun işdə iştirakını təmin etməlidir. MPM-in Xüsusi İcraat adlı İİİ yarımbölməsinin sistematik təhlili belə qənaətə gəlməyə əsas verir ki, xüsusi icraat qaydasında işlərə baxan hakim müəyyən mənada İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində təsbit olunan məhkəmənin yardım etmək vəzifəsini daşıyır.
20. Bundan başqa, konkret olaraq prosessual qanunun norması baxımından yanaşıldıqda da müəyyən olunmur ki, xüsusi icraatla bağlı işlərə baxılmasının ümumi qaydasını müəyyən edən MPM-in 306-cı maddəsində ərizəçilər tərəfindən verilən ərizəyə dair rayon məhkəməsinin qərardadında göstərdiyi tələb, yəni ərizədə maraqlı şəxsin qeyd edilməsinə dair göstəriş nəzərdə tutulmamışdır.
21. Hazırkı işdən göründüyü kimi, ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bu ərizələrə baxılması MPM-in 307-311-ci maddələri ilə tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizənin məzmununa dair tələb MPM-in 310.1-ci maddəsində aydın şəkildə təsbit olunmuşdur. Həmin normada da şəxsin ərizəsində maraqlı şəxsi qeyd etməsi və ya göstərməsi kimi bir tələb mövcud deyildir. Demək ki, rayon məhkəməsinin hazırkı qərardadı prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir.
22. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də Centro Europa 7 S.R.L. və X7rşı 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”
23. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
24. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X4rşı işlər).
25. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatının başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
26. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X3rşı iş).
27. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, qərardad ləğv edilməli, mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
29. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
30. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
31. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7452/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ləğv edilsin. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.