Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7176/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2309/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli, k/20- 06073 nömrəli əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi, iddiaçının Sabunçu RETSİ-də mütəxəssis vəzifəsinə işə bərpa edilməyinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2309/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli, k/20- 06073 nömrəli əmri İddiaçı münasibətdə ləğv edilmiş, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu RETSİ-də xidmətlər üzrə mütəxəssis vəzifəsinə (əvvəlki vəzifəsinə) işə bərpa edilməsi qət edilmişdir. "xxxx" açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi İddiaçı Cəmiyyətin sədrinə ərizə ilə müraciət edərək onun Sabunçu RETSİ-nin Mühasibatlıq və xidmətlər sektorunun mütəxəssisi vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Sonradan Cəmiyyətin k/20-06073 nömrəli 30.12.2020-ci il tarixli əmri ilə Sabunçu RETSİ-nin Mühasibatlıq və xidmətlər sektorunun xidmətlər üzrə mütəxəssis (sosial məzuniyyət müddətinə) vəzifəsinə təyin edilmiş, 05.01.2021-ci il tarixdə Sabunçu RETSİ-nin E.Məmmədovun, A.Xəlilovun, P.Qəhrəmanovun və o cümlədən İddiaçı iştirakı ilə sonuncunun əmək müqaviləsinin imzalamasından imtina etməsi barədə akt tərtib edilmiş, buna baxmayaraq işçi əmək fəaliyyətini davam etdirmiş və 08.02.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən əmrin ona aid hissəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşaiyət olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. İddiaçı qanunda nəzərdə tutulmayan formada, yəni analıq məzuniyyətində olan şəxsin sosial məzuniyyəti müddətində əvvəlki vəzifəsində saxlanılaraq ştatdan çıxarılıb. İddiaçının 10 il işlədiyi iş yerindən qəflətən çıxarılması barədə məlumat yerləşdirilib. Ştat ixtisarı gedirsə, qanunvericiliyin tələblərinə əməl olunmaqla bu proses həyata keçirilməli idi. İşə baxılmasının yeri və vaxtı barədə dəgər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi İddiaçı əvvəlki vəzifəsindən azad olunması barədə işəgötürən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı əmr ilə rəsmiləşdirilməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı heç bir əmr olmadan işdən azad edilməsi və yenidən eyni vəzifəyə, lakin sosial məzuniyyətdə olan işçinin yerinə təyin edilməsi açıqaşkar qanunsuz və əsassız olmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı bəyan edir ki, 1994-cü ildən eyni sistemdə fasiləsiz olaraq müxtəlif vəzifələrdə qüsursuz işləmişdir. Struktur islahatları ilə əlaqədar onun işlədiyi əvvəlki bölmənin iki texniki operator vəzifəsi ixtisara düşmüş, onun işdəiyi xidmətlər üzrə mütəxəssis ştatı isə yeni sektora verilmişdir. Lakin işlədiyi mütəxəssis vəzifəsi yeni sektora verilsə də o, işindən heç bir başqa əmr olmadan azad edilmiş, yerinə ştatı ləğv edilmiş X1 təyin edilmiş və sonuncu sosial məzuniyyətdə olduğundan həmin müddətdə onun yerinə təyin ediblər. Halbuki, hal-hazıra kimi fasiləsiz olaraq bu vəzifəni və iş yükünü o, icra edir. Cavabdeh tərəf iddiaçının bəyan etdiyi bu halları nə birinci instansiya məhkəməsində, nədə apellyasiya şikayətində mübahisələndirməmişdir. Düzdür, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçıya başqa mütəxəssis vəzifəsi təklif edildiyini bildirmişdir. Lakin belə bir təklifin edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətində isə bundan ümumiyyətlə bəhs etməmişdir. İkincisi, cavabdeh şikayətində göstərir ki, iddiaçı Cəmiyyətin k/20-06073 nömrəli 30.12.2020-ci il tarixli əmri ilə Sabunçu RETSİ-nin Mühasibatlıq və xidmətlər sektorunun xidmətlər üzrə mütəxəssis (sosial məzuniyyət müddətinə) vəzifəsinə təyin edilmiş, 05.01.2021-ci il tarixdə Sabunçu RETSİ-nin E.Məmmədovun, A.Xəlilovun, P.Qəhrəmanovun və o cümlədən İddiaçı iştirakı ilə sonuncunun əmək müqaviləsinin imzalamasından imtina etməsi barədə akt tərtib edilmiş, buna baxmayaraq işçi əmək fəaliyyətini davam etdirmiş və 08.02.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən əmrin ona aid hissəsində mübahisələndirmişdir. Şikayətdə göstərilən bu arqument anlaşılan deyildir. Çünki, cavabdeh aydınlıq gətirmir ki, struktur dəyişikliyi olsa da iddiaçı müddətsiz olaraq işlədiyi bu əvvəlki eyni vəzifəyə niyə birdən-birə sosial məzuniyyət müddətinə, həmin vəzifəyə isə məzuniyyətdə olan başqa şəxs təyin edilir. Bu zərurətin nə ilə bağlı olduğunu cavabdeh tərəf nə məhkəmədə, nədə apellyasiya şikayətində açıqlama gətirməmiş yaxud gətirmək istəməmişdir. Çünki, iddiaçı sosial məzuniyyət müddətinə xidmətlər üzrə mütəxəssis vəzifəsinə təyin edilirsə, demək sosial məzuniyyətdə olan şəxs işə qayıtdıqdan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yəni, ən azından mübahisələndirilən əmrdə iddiaçıya münasibətdə bu cür qərar qəbul edilməsinin səbəbləri göstərilməli və əsaslandırılmalı idi. Ona görə də iddiaçı sosial məzuniyyət müddətinə əmək müqaviləsini imzalamaqdan imtina etməkdə haqlı olmuşdur. Üçüncüsü, cavabdeh şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşaiyət olunmuşdur. Əgər cavabdeh tərəf bu cür dəlillərdən istifadə edirsə onda gərək həm də göstərsin ki, məhkəmə işin faktiki hallarına necə düzgün hüquqi qiymət verməliydi yaxud düzgün hüquqi qiymət vermə necə ola bilərdi. Təqdim edilmiş hansı sənədlərdə göstərilənləri təhrif etmişdir və təhrif nədən ibarət olmuşdur. Yoxsa, yalnız şikayət xatirinə yaxud şəxsi mülahizəyə əsaslanan bu cür ümumi sözlərdən istifadə edilməsi iddianın əsaslılığına təsir edə bilməz. Qətnaməni də cavabdeh qanuni mənafeyinə zidd hesab edə bilər. Yetər ki, qətnamə qanuni və əsaslı, o cümlədən ədalətli olsun. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2309/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7176/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7176/2021
09.08.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver