Məhkəmə qərarları › İş №2(103)-7177/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7177/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7177/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2501/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1164,20 manat əsas borc, 500 manat hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. Cavabdeh 25.09.2005-ci ildə Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 65 N°-li mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır və Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə 01.05.2018-ci il tarixdən 01.02.2021-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, Cavabdeh kommunal borcu 1164,20 təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1164,20 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1194,20 manat məbləğində pulun alınaraq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinə Nəsimi Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və tərəflər arasında müqavilə bağlanmadığı əsas gətirilməklə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh ən azından 26.02.2018-ci il tarixdə müqavilə bağlamalı olmasını bilmiş, bununla belə müqavilə bağlamaq barədə ona edilmiş xəbərdarlıqlara baxmayara buna təşəbbüs göstərməmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sifarişçi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə icraçı İddiaçı MMC arasında bağlanmış 01.05.2017-ci il tarixli müqavilədən görünür ki, sifarişçi sifariş verir, icraçı isə əlavə muzd almadan sifarişçiyə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçıya verir, icraçı isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolunun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30- 0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. İş materiallarında olan "Sifarişçi” "xxxx" Mənzil-Tikinti Kooperativi ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, "Sifarişçi” sifariş verməyi, “icraçı" isə əlavə muzd almadan “Sifarişçi"yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “İcraçı”ya verməyi, “İcraçı" isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “İcraçı" bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 17.06.2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xidmət haqqına dair arayışdan görünür ki, Cavabdeh 1164,20 manat borcu mövcuddur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin (müvəkkillərinin) ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli protokolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30- 0,50 manatın yığılmasının nəzərdə tutulması qərara alınmışdır. "Sifarişçi" "xxxx" Mənzil-Tikinti Kooperativi ilə "İcraçı” İddiaçı MMC arasında bağlanmış 01 may 2017-ci il tarixli müqavilə ilə isə “Sifarişçi" sifariş verməyi, “İcraçı” isə əlavə muzd almadan "Sifarişçi"yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “icraçı”ya verməyi, "icraçı" isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Eləcə də həmin müqavilənin 3.1-ci bəndinə əsasən "İcraçı” bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı MMC tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə 1164,20 manat kommunal borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1, 109.2, 110.4, 135.2, 135.2.3, 136.2, 136.3, 136.4, 137.9, 138.1, 138.4, 138.5, 139.1, 140.1, 140.3 maddələri ilə hüquq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən kommunal xərclərə görə ödənilməli olan xidmət haqqını tələb etməkdə haqlı olmuşdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət ve ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsi eyni tərəflər arasında olan mübahisəyə dair çıxarılsa da, iddia predmetləri fərqli olmuşdur. Belə ki, iddiaçı hazırda 01.05.2018-ci il tarixdən 01.02.2021-ci il tarixədək olan borcu tələb etməkdədir; bu isə o deməkdir ki, həmin qətnamə ilə müəyyən olunmuş hesab edilən hal hazırki mübahisə üzrə preyudisiyal əhəmiyyət kəsb edə bilməz. Həmçinin, kollegiya qeyd edir ki, cavabdehin iddiaçı ilə müqavilə bağlamadan kommunal haqlardan istifadə etməsi hüquqdan sui-istifadə kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbimi təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2501/2021 saylı, 29 aprel 2021-ci i il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar