Məhkəmə qərarları › İş №2(103)-718/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-718/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-718/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4716/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkarlanmışdır.

2. xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən maksimal saatlıq qaz sərfi 6 m3 olan orta günlük iş rejmi 20 saat və hesabat müddəti 133 gün olmaqla 15960 m3 itirilmiş qaz hesalanaraq 3.192 manat ziyan hesablanmışdır.

3. xx.xx.2023-cü il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli akta əsasən maksimal qaz sərfi 4 m3 olan orta günlük iş rejmi 24 saat və hesabat müddəti 360 gün olmaqla 34560 m3 itirilmiş qaz hesalanaraq 4.147,20 manat ziyan hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7.339,2 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə ona məxsus ünvan 1 ünvanında qaz sayğacına iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunduğu barədə iddiaçının imzası olmadan ******* nömrəli akt tərtib olunaraq hesab koduna (kod **********03580) 3.192 manat, xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt əsasında isə 4.147,2 manat əsassız olaraq cərimə hesablanmışdır. Qeyd olunan ünvanda aktlar tərtib olunan zaman sayğacdan kənar xətt olmamışdır. Aktlar tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən iddaçıya heç bir rəsmi məlumat verilməmiş və iddiaçının imzası olmadan yazılmışdır. Bundan başqa, bu barədə aidiyyəti polis bölməsinə məlumat verilməmişdir. Qanunvericiliyə əsasən müqavilə əsasında iddia müddəti 3 il olduğu halda iddia müddəti bitmişdir. Qeyd olunan ünvan bağ sahəsi olduğu üçün orada yaşayış olmamış, yay mövsümündə istifadə olmuşdur.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4716/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən **********03580 nömrəli abonent İddiaçı qanunsuz hesablanmış 5.198,4 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə xx.xx.2018-ci il tarixli akt üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə 6 m3 üçün otra günlük iş rejmi 20 saat deyil, 8 saat hesabat müddəti isə 30 gün kimi, xx.xx.2023-cü il tarixli akt üzrə isə 4 m3 üçün otra günlük iş rejmi 24 saat deyil, 8 saat hesabat müddəti isə 360 gün deyil, 180 gün kimi qəbul etmiş və hesab etmişdir ki, belə olan halda itirilmiş qazın bərpası xx.xx.2018-ci il tarixli akt üzrə 6 x 8 x 30 = 1440 m3 və xx.xx.2023-cü il tarixli akt üzrə 4 x 8 x 180 = 5760, cəmi 7200 m3 hesablanmalı və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 manata vurulmalıdır.

8. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə dəymiş zərərin 864 manat məbləğində olması müəyyən edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən **********03580 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 5.198,40 manat borc silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 11.6, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktını tanımış, lakin həmin aktlar üzrə cavabdehin mütəxəssisləri tərəfindən aparılmış hesabatı qəbul etməmişdir. Məhkəmə qanunsuz istifadəyə görə cavabdehə vurulmuş maddi zərərin miqdarını özü müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən bu məsələdə səhv nəticəyə gəlməklə cavabdehin qanunla qorunan hüquqlarının qismən pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Hesab edirik ki, İddiaçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi faktları birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi üçün cavabdehə dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonent İddiaçı qanunsuz hesablanmış 4.806,2 manat məbləğində borc silinməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-7433/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/290 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, PG-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 0,4 m3 müəyyən edilmişdir. Yaz-yay aylarında PQ-4 tipli qaz plitəsinin sutkalıq olaraq işləmə rejimi 4 saat x 0,4 m3/saat = 1,6 m3, payız-qış aylarında 6 saat x 0,4 m3/saat = 2,4 m3 təşkil edir. İstilik sistemi olan 24 kw-lıq kombi cihazının saatlıq qaz sərfiyyatı 2,6 m3/saat müəyyən edilmişdir. Yaz-yay aylarında istilik sistemi olan 24 kwlıq kombi cihazının sutkalıq olaraq işləmə rejimi 4 saat x 2,6 m3/saat = 10,4 m3, payız-qış aylarında 18 saat x 2,6 m3/saat = 46,8 m3 təşkil edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı aktlar tərtib edildiyi ünvana 2022-ci ilin sentyabr ayında köçdüyünü, oktyabr ayında qaz xəttinə qeyri-qanuni qoşulduğunu işə birinci instansiya məhkəməsində baxılarkən etiraf etmişdir.

26. İşdə olan cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, həmin tarixli ******* nömrəli akta əsasən maksimal qaz sərfi 4 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün olmaqla 34560 m3 itirilmiş qaz hesablanmışdır.

27. İddiaçının istifadə etdiyi avadanlıqlar və ekspert rəyi nəzərə alınmaqla müəyyən edilir ki, qaz plitəsinə qış aylarında 432 m3 (180 gün x 2,4 m3), yay aylarında isə 288 m3 (180 gün x 1,6), cəmi 720 m3; kombiyə qış aylarında 8424 m3 (180 gün x 46,8 m3), yay aylarında isə 1872 m3 (180 gün x 10,4 m3), cəmi 10296 m3 təbii qaz sərf edilmişdir. Beləliklə, həmin avadanlıqlar 360 gün ərzində cəmi 11016 m3 (720 + 10296) təbii qazdan istifadə etmişlər.

28. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əsasən ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir.

29. Beləliklə, iddiaçı tərəfindən istifadə edilmiş təbii qazın həcmi - 11016 m3-in 1200 m3-i 12 qəpikdən hesablandıqda 144 manat, 1300 m3-i 20 qəpikdən hesablandıqda 260 manat, qalan 8516 m3 isə 25 qəpikdən hesablandıqda 2.129 manat, cəmi 2.533 manat təşkil edir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının barəsində xx.xx.2018-ci il tarixli akt tərtib edilərək iddiaçı tərəfindən sahədə istixananın istifadə edilməsi qeyd edilsə də, bunu təsdiq edən mötəbər sübutlar (məsələn, istixananın fotoşəkilləri) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçı da bu faktı inkar etmişdir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən iki (xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixli) akt üzrə cəmi 7.339,2 manat məbləğində borc hesablandığından, ikinci akt üzrə cavabdeh tərəfindən 2.533 manat dəyərində təbii qazdan istifadə edildiyi müəyyən edildiyindən, 7.339,2 manat məbləğindən 2.533 manat çıxılmaqla qalan 4.806,2 manat məbləğində iddiaçıya hesablanmış borc Cavabdeh İB tərəfindən silinməlidir.

32. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4716/2023 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********03580) hesablanmış 4.806.2 manat məbləğində borc silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 60 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar