Məhkəmə qərarları › İş №2(103)-7180/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7180/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7180/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sabir oğlunun Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Sabir oğlunun Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Sabir oğlu ünvan 1 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir (**********10000 №-li abonent kodu).

2. Həmin ünvanda qeydiyyata alınan cihaz 4 gözlü qaz plitəsidir (PQ-4).

3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvanda sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib edilmiş, 73 440 kubmetr itirilmiş qazın hesabatı aparılaraq 8812,20 manat zərər hesablanmış, həmin məbləğ abonentin saldosunda öz əksini tapmışdır.

4. Göstərilən ünvanda qeydiyyatda 4 gözlü qaz plitəsi (PQ-4) olsa da, hesabat 4 cihaz (PQ-4, QSSQ, dəmir soba və İran sobası) üzrə aparılmış, hesabat müddəti 360 gün, orta günlük iş rejimi 24 saat götürülmüşdür.

5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin ünvanda sayğacdan kənar qeyri-qanuni qaz xəttinin aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib edilmiş, 18 360 kubmetr itirilmiş qazın hesabatı aparılaraq 2203,20 manat zərər hesablanmış, həmin məbləğ abonentin saldosunda öz əksini tapmışdır.

6. Bu akt əsasında aparılan hesabat də 4 cihaz (PQ-4, QSSQ, dəmir soba və İran sobası) üzrə aparılmış, hesabat müddəti 90 gün, orta günlük iş rejimi 24 saat götürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı Sabir oğlu (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 11016 (on bir min on altı) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olsa da, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivində yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə abonent istifadəçisidir, abonent kodu **********10000-dir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda ödəniş kartını cavabdeh təşkilatdan götürmək istədikdə ona borcunun olduğunu və borcla razılaşdığı təqdirdə kartını aktivləşdirəcəklərini bildirmişlərTəbii ki, borcla razılaşmamış və ona yazılmış borcun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Məlum olmuşdur ki, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmış, aktlar əsasında dəymiş ziyanın hesablanmışdır. Aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2023-cü ilin yanvar ayında təbii qaz xəttini taladığını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmamışdır? Axı “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırmaq vəzifəsi qoymuşdur. Deməli belə hal mövcud deyil. Cavabdeh tərəfindən barəsində zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, göstərilən qızdırıcılardan heç biri onun evində yoxdur. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz onun sayğaca müdaxilə etməyini, yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki onun, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də qeyd olunan məbləğdə qaz istehlak etməyi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansıailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti ona təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, barəsində cərimə borc məbləğləri hesablanarkən ona məxsus fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusundan əlavə QSQ və Radiator cihazları, dəmir soba və iran sobası üzrə də qanunsuz şəkildə əsassız hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 360 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, o, işdə olarkən (8 saat iş saatı) və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 360 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. Dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından 11 016 manat borc yazılmışdır.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, bu səbəblə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına qərar verilmişdir.

10. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən abonent kodu **********20000 olan iddiaçıya hesablanmış 10 743 (on min yeddi yüz qırx üç) manat, 84 (səksən dörd) qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 11.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. 11.2. “Qazdan istifadə Qaydaları”na uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia qismən təmin edilməlidir. Yəni yalnız ilk tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə borc qalmalı, qalan hissəsi isə silinməlidir. Belə ki, ilk akt tərtib edildikdən sonra qaz paylayıcısının qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq, abonenti inzibati və cinayət məsuliyyətinə cəlb etməklə bağlı addımlar atmaq imkanı olduğu halda bunları etməmişdir. 11.3. Eyni zamanda cavabdehin xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmiş və əsassızdır. 11.4. Belə ki, xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın həcminin hesablanması PQ4-ün, QSSQ-nin maksimal saatlıq qaz sərfləri müvafiq olaraq 1.2 m3/saat, 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə aparılmışdır. Lakin hesabat müddətinin hansı səbəbdən 360 gün müəyyənləşdirilməsi tələbnamədə göstərilməmişdir. Məhkəmə hesab edir ki, hesabat müddəti 30 gün qəbul edilməklə aşağıdakı formada hesablanaraq tutulmalıdır. Həmçinin PQ4-ün orta günlük iş rejiminin 24 saat hesablanması da ağlabatan deyil. Bundan əlavə iddiaçı evində dəmir soba və İran sobasının olmadığını bildirdiyindən, cavabdeh isə aksini sübut edə bilmədiyindən onlara dair hesabat aparılmamalıdır. 11.5. Beləliklə PQ4 (dörd gözlü qaz plitəsi) üzrə hesabat müddəti 30 gün, qazın saatlıq sərfi 3 saat qəbul edildikdə, QSSQ-nin də hesabat müddəti 30 gün hesablandıqda ziyanın həcmi 2268 m3, yəni 272,16 manat təşkil edir. (2268x0.12=272.16). Beləliklə, abonentin akt üzrə borcu 272,16 manat təşkil edir və bu borc saxlanılmaqla, qalan 10743,84 manat pul əsassız hesablandığına görə silinməlidir.

11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, “Qaz təchizatı haqında” Qanunun 6-cı maddəsinə istinad etmişdir.

12. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə ləğv edilməsini və iddianın həmin hissədə də təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan qeyriqanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı

14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

17. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

18. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

19. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

20. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

30. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara əsasən hesablayıb tələb etdiyi 10 743 manat baxımından cavabdeh bunu sübut edə bilməmişdir.

31. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya aid abonent saldosundan, onun evindəki sayğacın göstəricilərinin mütəmadi olaraq oxunduğu və həmin oxunmalara görə ödənişlər həyata keçirildiyi görünür – bu xüsusat isə aktlarda göstərilən halın düzgünlüyünə şübhə yaradır.

32. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə (§ 18) əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməmişdir.

33. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4427/2023 saylı iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən Cavabdeh İB tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar