Məhkəmə qərarları › İş №2(103)-7181/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7181/2022

18.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7181/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabeh Rza Ray və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “zəbt edilmiş torpaq sahəsindəki tikilinin sökülməsi, istifadə və sahibkarlıq hüququnun bərpası və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Nəsimi rayonu, Tağızadə (indiki Asif Məhərrəmov) küçəsi, 51 №-li evin yanında yerləşən torpaq sahəsində cavabdehin tikdiyi obyekt (şirniyyat ləvazimatlarının satışı ilə məşğul olmaq üçün 2 mərtəbəli tikili) cavabdehin vəsaiti hesabına sökülsün, iddiaçının həmin torpaq sahəsi üzərində istifadə və sahibkarlıq hüququ bərpa edilsin və zərərin əvəzi kimi 20.000 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabeh Rza Ray və onun vəkili Nümayəndə isə apellyasiya şikaytinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tələbinin əsası kimi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 305 nömrəli sərəncamına istinad edir (iş v. 8). Sərəncamda qeyd olunub ki, “Həsən” kiçik müəssisəsinə Tağızadə küçəsi, 51 №-li evin yanında köşk yeri ayrılmasına icazə verilsin. Daha sonra sərəncamın mətnində əlyazma ilə “2,0 x 3,0 ölçüdə” ifadəsi qeyd olunub. Bu sərəncam torpağa münasibətdə iddiaçı üçün hüquq yaratmır. Bunun səbəbləri aşağıdakılardır: Birinci, sərəncam hüquqi şəxs “Həsən” kiçik müəssisəsinə aiddir. İddiaçının mərhum atasının həmin hüquqi şəxsin rəhbəri olması iddiaçıya əsas vermir ki, bu sərəncama istinad edərək belə tələb irəli sürsün. Mülki Məcəllənin 43 və 49-cu maddələrinə görə, hüquqi şəxsə aid olan sərəncam əsasən məhkəmədə tələb irəli sürmək hüququ hüquqi şəxsin özünə aid olan hüquqdur. İkinci, sərəncamın verildiyi zaman (1994-cü ildə) qüvvədə olmuş, xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsindən görünür ki, torpaq sahəsi vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verilə bilər. Lakin sərəncamın məzmununda torpağın mülkiyyətə, sahibliyə, istifadəyə və ya icarəyə verilməsi qeyd olunmayıb, köşk yerinin ayrılmasına icazə verildiyi qeyd olunub. Nəzərdə tutulan yerin ölçüsü (“2,0 x 3,0 ölçüdə”) isə əlyazma ilə sərəncama əlavə edilib, əlyazmanın həqiqliyi təsdiq olunmayıb. Üçüncü, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququnun rəsmiləşdirilməsi barədə dövlət aktı yoxdur. Sərəncamın verildiyi zaman (1994-cü ildə) qüvvədə olmuş, xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 30-cu maddəsinə görə, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar