Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7187/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdehin özünün və onun vəkili (nümayəndəsi) Vəkil, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş (cavabdehin əri) X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 33 saylı evin 1-ci mərtəbəsində yerləşən və cavabdehin mülkiyyətində olan, 155,9 kv.m olan ölçülü qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 5 saylı binanın birinci mərtəbəsində yerləşən sahəsi 175 kv.m., tam təmirli qeyri-yaşayış sahəsi iddiaçı MMC tərəfindən bir ay müddətinə cavabdehə təhvil verilməsi və cavabdeh yeni qeyri-yaşayış sahəsinə köçdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 33 saylı binanın sökülməsi öhdəliyinin iddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı əsasında müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar iddiaçı MMC Bakı şəhəri, Nizami rayonu ərazisində istismar müddəti bitən, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir tələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirir. Həmin qərara əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində 1.779 mənzildən ibarət 131 yaşayış binası, o cümlədən ünvan 2 ünvanda yerləşən iki mərtəbəli, qəzalı vəziyyətdə olan binanın sökülməsi nəzərdə tutulub. Bununla əlaqədar, həmin ünvanda istismar müddəti bitən binalara baxış keçirilib, müvafiq aktlar tərtib olunub, cavabdehin mənzili olan binanın yerləşdiyi torpaq sahəsi müvafiq sərəncamla iddiaçının istifadəsinə verilib ki, orada sözügedən bina sökülərək, yerində müasir tələblərə cavab verən tikinti işləri aparılsın. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı və xx.xx.2018-ci il tarixli, 181 saylı sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə.Hacıyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Bununla əlaqədar, həmin ərazidə yerləşən 3,2 ha torpaq sahəsi iddiaçı MMC-nin istifadəsinə verilib. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 33 saylı binanın istismar müddətinin bitdiyi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğu, divarların bəzi hissələrində çatlar olduğu, eyvan, karniz elementlərinin qəzalı vəziyyətdə olması, şəhərsalma və tikinti normalarına cavab vermədiyi barədə xx.xx.2016-cı il tarixli 11 dövlət qurumunu təmsil edən səlahiyyətli şəxslərinin imzaladığı müvafiq akt tərtib edilib. Cavabdehin mülkiyyətində olan 155,9 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə ona 175 kv.m ölçüdə tam təmirli qeyri-yaşayış sahəsi təklif edilsə də, cavabdeh 200 kv.m qeyri-yaşayış sahəsinin verilməsini tələb edir. Cavabdehə bir neçə təklif olsa da, verilən təklifləri qəbul etmir. Həmin binada cavabdehdən başqa bütün sakinlər köçürülüb. Mövcud praktikaya görə, köçürülən sakinlərə mülkiyyətində olan mənzillərin sahələrinə 20 faiz əlavə olunmaqla yeni mənzillər verilir. Qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli (İş № 2(102)-2430/2020) qərarına əsasən həmin ərazidə digər sökülən binalardan köçürülən sakinlərə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşaması üçün hər ay 350 manat kirayə haqqı ödənilməklə ona tam təmirli, əvvəlki mənzilinin sahəsindən 20 faizdən artıq mənzil sahəsinin verilməsi və sakinlər köçürüləndən sonra qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının sökülməsi öhdəliyi iddiaçı MMC-nin üzərinə qoyulub. Həmin məhkəmə qərarı artıq icra olunub. Həmin ünvanda yerləşən binada mövcud olan mülkiyyətçilərin əksəriyyəti ilə iddia tərəfi artıq müqavilə bağlayıb və həmin sakinlər, artıq yaşadıqları mənzillərdən köçürülüb. Həmin binalar söküldükdən sonra yerində abadlıq işləri görülməlidir. Lakin cavabdehin köçürülməsi yubandığından bu işlərin görülməsi mümkün olmur və nəticədə həmin ərazidə artıq tikintisi başa çatdırılan 4 və 5 saylı yaşayış binasında mənzil alan sakinlərin hüquqları pozulur. Həmin binalarda 250-dən artıq mənzil mülkiyyətçisi var. Mənzil mülkiyyətçilərinin bir qismi artıq öz yeni mənzillərində yaşayırlar. Cavabdehin yaşadığı qəzalı binanın sökülüb yerində abadlıq işlərinin aparılmaması səbəbindən həmin binaların həyətində antisanitariya vəziyyəti qalmaqda davam edir. Şübhəsiz ki, bu da ətrafda yaşayan sakinlərə mənfi təsir göstərməkdədir. Bu halda, cavabdehin mülkiyyət hüququndan sui-istifadəsi nəticəsində qonşu binada yaşayan sakinlər narahatlıq keçirir. İddiaçı MMC cavabdehə artıq istismara qəbul edilən 2 saylı binanın 3-cü mərtəbəsində tam təmirli, sahəsi 75 kv.m olan mənzil təklif edib. Cavabdeh həmin mənzili heç bir səbəb göstərmədən qəbul etməkdən imtina edir. Ona tikintisi başa çatan 4 saylı binadan iki otaqlı mənzil təklif edildikdə bu təklifi qəbul etdi. Sonradan bildirdi ki, anası hesab edir ki, həmin mənzilin mərtəbəsi onlara uyğun deyil. Cavabdeh özü birinci mərtəbədə yaşasa da, 5 saylı binanın 2-ci mərtəbəsində ona təklif olunan mənzillərdən də mərtəbəni uyğun saymadığından imtina edir.
b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında iddiaçı MMC-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi MMC-yə həvalə edilmişdir. Binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdeh özünə məxsus olan 155,9 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə iddiaçının təklif etdiyi 175 kv.m. qeyri-yaşayış sahəsindən daha çox sahə tələb edir. Bu hal cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.
c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş və iddia ərizəsində istinad edilən qərarı ilə Nizami Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhər, Nizami rayonu üzrə göstərilən binaların, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Rayon Məhkəməsi hazırki mübahisənin obyektiv həlli üçün şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrini nəzərdən keçirməmiş, hüquqi əsaslandırmanı düzgün aparmamışdır. Bundan başqa, üç il bundan öncə iddiaçı MMC-nin rəhbəri ilə danışıqlar zamanı şifahi razılıq əldə edilmişdir ki, mübahisəli qeyri-yaşayış obyektinin sökülməsi müqabilində şirkət tərəfindən cavabdehə sökülən binanın yerində inşa ediləcək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyekti əlavə 20 faiz artıq kv.m sahə ilə tam təmirli vəziyyətdə veriləcəkdir. Sonra isə iddiaçı MMC-nin nümayəndəsi ilə danışıqlarda onların verilən söz və vədlərə əməl etməmişlər. Üç ildir ki, həmin qeyri-yaşayış obyekti iddiaçı MMC tərəfindən yararsız hala salınmışdır və üç il ərzində ona oradan istifadə edə bilmədiyinə görə heç bir məbləğ ödənilməmişdir. İndiki halda iddiaçı MMC ilə danışıqlar zamanı mübahisəli qeyri-yaşayış obyektinin yerləşdiyi binanın yerində inşa edələcək binanın 1-ci mərtəbəsindən əlavə 20 faiz kv.m sahə ilə qeyri-yaşayış obyekti verilməsini təklif etsə də MMC bununla razılaşmır və orada bina inşa edilməyəcəyini bildirir. Halbuki, məhkəmə qətnaməsində orada yeni binanın inşa olunacağı qeyd olunmuşdur. Digər binanın 1-ci mərtəbəsində yerləşən və sahəsi 167 kv.m olan qeyri-yaşayış obyektini və əlavə olaraq 18 kv.m sahəsi olan qeyri-yaşayış obyektini tam təmirli formada təhvil versə razılaşacağını bildirsə də, MMC onunla bununla razılaşmır. Rayon Məhkəməsinin qətnaməsində göstərilən və sahəsi 175 kv.m olan qeyri-yaşayış obyekti təmirli olsa da çox əlverişsiz və çox da yararlı olmayan yerdə yerləşir. Həmçinin, yararlı olsa da, belə qanunverciliyin tələbinə uyğun sahə ilə uzlaşmır. Belə ki, çıxarışdan görünür ki, qeyriyaşayış sahəsi 155.9 kv.m-dir, qətnamə ilə verilən və təklif olunan qeyri-yaşayış obyektinin sahəsi isə 175 kv.m-dir. Yəni, buradan aydın olur ki, iddiaçı MMC sahədən əlavə 20 kv.m əlavə sahəni vermək niyyətində deyil. Hazırda həmin ərazidə qeyri-yaşayış sahəsinin hər 1kv.m iddiaçı MMC tərəfindən 5.000 manatdan yuxarı qiymətə satılır.
d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları
7. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
8. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa və əsaslarına uyğun izahat verdi.
9. Mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh ilə X1 birgə nikahları dövründə əldə olunmasını nəzərə almış Məhkəmə apellyasiya baxışı zamanı F.Abdullayevi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. F.Abdullayev məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə və məzmununa uyğun izahat verdi.
e) hazırki işdə olan sübutlar
10. Bakı ŞİH başçısının xx.xx.2014-cü il tarixli, 158 saylı və xx.xx.2018-ci il tarixli, 181 saylı sərəncamlarının məzmunundan görünür ki: - "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 03 saylı müraciəti nəzərə alınmış, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi məqsədi ilə 3,20 ha. torpaq sahəsi MMC-nin istifadəsinə verilmişdir; - Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC-MTK-yə həvalə edilmişdir. - Sifarişçiyə tapşırılmışdır ki: - Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. - Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. - Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. - Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsiı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. - Layihə təşkilatı, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əwəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. - Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. - Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasım təmin etsin. - Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. - Yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş PX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, ünvan 3 ünvanda yerləşən 155,9 kv.m ölçülü qeyri-yaşayış sahəsi iş üzrə cavabdehin mülkiyyətində olan əmlak kimi xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
12. İş materiallarına əlavə edilmiş 10.02ş2016-cı il aktın məzmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti Şöbəsinin, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami Rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə ünvan 3 saylı binaya həmin tarixdə texniki baxış keçirilib. Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1955-ci ildə inşa olunub, iki mərtəbəli, 4 mənzillidir, bəzi hissələrdə çatlar var, yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, qəzalı vəziyyətdədir, istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.
f) məhkəmənin mövqeyi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
14. Belə ki, iddiaçı MMC-nin iddia ərizəsində qeyd edilən və iddianın əsasını təşkil edən “Bakı şəhərinin Nərimanov və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən, İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ləğv edilmişdir.
16. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını (4.1); qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini (4.2).
17. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli Qərardan və yuxarıda qeyd edilən sərəncamlardan bəlli olur ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin və ərazidə yerləşən digər binaların sökülməsi "xxxx" MMC-yə həvalə edilsə də, MMC-yə tapşırılmışdır ki, həmin ərazidə yerləşən sahələrin sökülməsi mövcud qanunvericilik əsasında və sahələrin mülkiyyətçilərinin razılığının alınması şərti ilə həyata keçirilməlidir. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən isə müəyyən edilir ki, MMC, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh ilə razılıq əldə olunmamış, cavabdeh isə bunu mülkiyyət hüquqlarına qəsd hesab edir və qeyri-yaşayış sahəsinin iddiaçı MMC-nin təklif etdiyi şərtlərlə sökülməsinə razı deyil. Apellyasiya baxışı zamanı tərəflərə aralarında olan mübahisənin barışıq yolu ilə həlli təklif olunsa da, tərəflər razılığa gələ bilməmişlər.
18. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.).
19. Müqavilə azadlığı prinsipinə əsasən cavabdehin öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq hüququ var. Bu əsasla da cavabdeh öz mənafelərini nəzərə alaraq hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin iddiaçı MMC-nin təklif etdiyi şərtlərlə sökülməsi və bu xüsusda iddiaçı MMC ilə müqavilə bağlaması gələcəkdə onun üçün müəyyən risklərlə nəticələnə bilər.
20. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (maddə 13.). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29.). Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (maddə 43.).
21. “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
22. Mülki Məcəllənin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.).
23. Sadalanın maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına tətbiq edən Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin cavabdehə qarşı yönəlmiş iddia tələbi “müqavilə azadlığı” prinsipinə ziddir.
24. Bundan başqa, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən sahələrin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.
25. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, qərarın əsas məqsədi sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzil fondunun yenilənməsidir. Bu məqsəd o şərtlə həyata keçirilə bilər ki, sakinlər buna razılıq versinlər. Həmin qərarda ümumiyyətlə qeyd olunan tədbirlərin həyata keçirilməsinin ictimai zərurətdən (abadlaşma və s.) irəli gəlməsi və məcburi olması göstərilməmişdir.
26. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi yuxarıda müzakirə edilən nəticəyə gəlməkdə haqlı olmamışdır.
h) apellyasiya baxışının nəticəsi
27. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin qətnamənin dəlilləri əsaslıdır.
28. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
29. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.