Məhkəmə qərarları › İş №2(103)-7187/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7187/2024

26.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7187/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: Məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 xx.xx.1971-ci il təvəllüdlü X1 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim E.F.Vəliyeva) mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

3. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi qeydiyyat ünvanı Binəqədi rayon ərazisi olmasına baxmayaraq, faktiki yaşayış yerinin ünvan 1 ünvanı olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, Ərizəçi ünvan 1 saylı evin 13-cü mənzilində yaşadığından onun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi özünün xx.xx.2024-cü il tarixli, 2(004)-6409/2024 nömrəli qərardadı ilə (hakim K.B.Xudayev) ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq normaları:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 37. Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.

8. İşdən aydın olur ki, ərizəçinin rəsmi olaraq yaşayış yeri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 3 korp., 124, 130 ünvanıdır. Yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsasən şəxsin yaşayış yeri onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan hesab edilir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərar aldı:

Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar