Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-719/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3147/2024 nömrəli 11 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək kitabçasına əsasən o, xx.xx.2012-ci il tarixdə 252 saylı orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, xx.xx.2021-ci il tarixli, K-834 nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-29/2-E-2741-4/2023 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, K-1094 və K-1095 nömrəli əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Yenidən əmək müqaviləsinin bağlanması məqsədəmüvafiq hesab edilməmişdir.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 nömrəli əmrinə əsasən 252 nömrəli məktəb-liseyin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 saylı Əmrinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, əmək hüquqlarının bərpa edilərək əvvəlki iş yerinə qaytarılmağının təmin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Təhsil Nazirliyinin 11/89 saylı, xx.xx.2012ci il tarixli əmrinə əsasən Bakı şəhəri 252 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə rayon üzrə təhsil və ictimai tədbirlərin böyük əksəriyyəti direktoru olduğu tam orta məktəbdə yüksək səviyyədə təşkil edilmişdir. Direktor kimi əmək funksiyalarını və vəzifələrini lazımınca yerinə yetirmişdir. Məktəbin qəbul üzrə göstəriciləri həmişə Bakı şəhərinin ən yüksək göstəriciyə sahib olan tam orta məktləbləri arasında olmuşdur. Direktorluq dövründə heç bir neqativ hala yol verilməmiş və məktəbin adı hər zaman qabaqcıl məktəblər sırasında çəkilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-834 saylı əmrinə əsasən həmin tarixdə Bakı şəhəri 252 nömrəli məktəb-lisey direktoru ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə müraciət ərizəsi ilə Bakı şəhəri 252 nömrəli məktəb-liseyə direktor vəzifəsinə yenidən əmək müqaviləsinin bağlanması tələbi ilə Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Sözügedən müraciətə aidiyyatı üzrə Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 3-29/2- E- 2741-4/2023 saylı cavaba əsasən bildirilmişdir ki, onunla yenidən əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi o, Bakı şəhəri, 252 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 2021-ci ildə onun fəaliyyəti yoxlanılmış, vəzifə funksiyalarını və öhdəliklərini lazımı qaydada yerinə yetirə bilmədiyindən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixli, K834 saylı əmrlə ləğv edilməsinə baxmayaraq, o, 2024-cü ilin may ayında mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi qanunvericiliyinin normalarına əsasən təmin edilə bilməz. İddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 3 ildən sonra məhkəməyə ərizə ilə müraciət etmiş, müddətin üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə ki, o direktor vəzifəsindən azad ediləndə artıq hüquqlarının pozulduğunu və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini bilirdi və o andan da iddia müddətinin axımı başlamışdır. Müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2024-cü il tarixli 2(005)-3147/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia rədd edilmişdir.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətin ötürüldüyünü nəzərə alaraq hesab edir ki, hazırki iddia rədd olunmalıdır. İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə vəzifəsindən azad edilməsi barədə əmri almasa da, əmək kitabçasını aldıqdan təxminən üç il keçdikdən sonra işdən azad edilməsini məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını aidiyyəti şəxslərə müraciət etməsi, cavabını gözləməsi, həmçinin pandemiya dövrü ilə əlaqələndirmiş və ötürülmüş iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Hazırki işdə iddiaçının müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. İddiaçı pandemiya dövrünün olduğunu bildirsə də, pandemiya şəraitinin üç ildən çox müddət ərzində məhkəməyə müraciət etmək hüququna mane ola bilmədiyi açıq-aşkar aydındır. Beləliklə, qeyd edilən müddətin uzun dövrü əhatə etdiyini və həmin müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ötürülmüş iddia müddəti bərpa edilə bilməz.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 71, Əmək Məcəlləsinin 42.1, 76.2, 70, 71, 76, 83, 84, 296 maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, işdən azad olma barədə əmri bu günədək almamışdır, belə olan halda müddətin buraxılması üzrlü hesab olunmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 372.1.Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
15. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsi
16. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
17. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
27. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrə əsasən xitam verilmişdir, iddiaçı faktiki olaraq həmin vaxtdan işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış və belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur.
28. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı vəzifəsindən azad edilməsi barədə əmri almasa da, əmək kitabçasını aldıqdan təxminən üç il keçdikdən sonra işdən azad edilməsini məhkəmədə mübahisələndirmişdir. İddiaçının müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. İddiaçı pandemiya dövrünün olduğunu bildirsə də, pandemiya şəraitinin üç ildən çox müddət ərzində məhkəməyə müraciət etmək hüququna mane ola bilmədiyi açıqaşkar aydındır. Beləliklə, qeyd edilən müddətin uzun dövrü əhatə etdiyini və həmin müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən ötürülmüş iddia müddəti bərpa edilə bilməz.
29. İddiaçı tərəfindən hər bir halda hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.
30. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
31. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3147/2024 nömrəli iş üzrə 11 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.