Məhkəmə qərarları › İş №2(103)-7194/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7194/2023

21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7194/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı mülki iş (Açar sözlər: «hüquqi əhəmiyyətli faktın müəyyən olunması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4778/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. BP № 016032 saylı vəsiqədən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir.

2. Ərizəçi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmiş, lakin məlum hadisələrlə əlaqədar əvvəlki əmək kitabçasını əldə edə bilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Ərizəçi maraqlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mmərkəzi Filialı cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1957-ci ildə keçmiş Ermənistan SSR Krasnoselo rayonunda anadan olmuşdur. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir. 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmişdir. Dərə kənd kolxozunda traktorçu-maşinist işlədiyi zaman vaxtilə Dərə kəndində ərizəçi ilə bir yerdə həmin kolxozda işləmiş şəxslər: 1) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1952-ci il təvəllüdlü X8 (ünvan: ünvan 1 vəsiqəsi-AZE№ ********); 2) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1955-ci il təvəllüdlü X6 (ünvan: Şəmkir rayonu, Ələsgərli kəndi, şəxsiyyət vəsiqəsi-AZE№ ********); 3) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1958-ci il təvəllüdlü X7 (ünvan: ünvan 1 vəsiqəsi-AZE№ ********); 4) Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1965-ci il təvəllüdlü X4 (ünvan: Şəmkir rayonu, Ələsgərli kəndi, şəxsiyyət vəsiqəsi-AZE№ ********) hazırda sağdırlar və Azərbaycan Respublikasının ərazisində yaşayırlar. Həmin şəxslər bu faktı təsdiq edərlər ki, həqiqətən ərizəçi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmişdir. 1988-ci ilin dekabr ayının əvvəllərində məlum hadisələrlə bağlı zorla deportasiya nəticəsində Ermənistandan qaçqın düşən zaman əvvəlki əmək kitabçasını və digər sənədləri götürə bilməmişdir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Sosial Ödənişlərin Təyinati üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin oradan əmək kitabçasında yuxarıda göstərilən dövrdə müvafiq qeydlər aparlmaması səbəbindən 25 illik sığorta stajının olmaması əsas gətirilərək уаşа görə əmək pensiyasının təуin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyinin məhkəmədənkənar qaydada təsdiq edilməsi mümkün olmamışdır. Ona görə də bu səbəbdən məhkəməyə ərizə ilə müraciət etmişdir ki, həmin dövrdə traktorçu-maşinist işlədiyi müddət iş stajı faktı kimi təsdiq olunsun.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4778/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) ərizə təmin olunaraq Ərizəçi 1976- 1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş və həmin illər onun əmək stajına daxil edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Ərizəçi 1976-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmin faktın müəyyən edilməsi isə ərizəçiyə pensiya hüquqlarının həyata keçirilməsi ilə bağlı lazım olduğundan, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, tələbin təmin olunmamasını xahiş edib şikayətində göstərir ki, ərizəçinin işlədiyini iddia etdiyi dövrlərin hər biri ayrı-ayrılıqda ən azı iki şahidin ərizəçi ilə bir idarə, müəssisə, təşkilatda işlədiyi dövr ilə üst-üstə düşməli olduğundan, sadalanan şahid ifadələrindən aşağıda qeyd olunan nəticələrə gəlmək mümkündür: 1-ci şahid X3 verdiyi ifadədən, habelə məhkəməyə təqdim etdiyi əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, ərizəçinin təsdiqlətmək istədiyi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Dərə kənd kolxozunda işlədiyi illərin yalnız müəyyən bir qismində -xx.xx.1981-ci il tarixdən ərizəçi ilə bir yerdə işləmişdir. 1976-1981-ci illərdə ərizəçi ilə eyni müəssisədə işləməmişdir. 2-ci şahid X2 verdiyi ifadədən, habelə məhkəməyə təqdim etdiyi əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, Dərə kənd kolxozunda yalnız 03 mart 1986-ci ildən işləmişdir. O, (şahid) ərizəçidən fərqli olaraq, 1976-1986-cı illərdə ərizəçi ilə eyni müəssisədə işləməmişdir. Məhkəmə iclasında iştirak etmiş şahidlərin məhkəməyə təqdim etdiyi əmək kitabçalarının təsdiq edilmiş surətindən görünür ki, onların Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin, Dərə kənd kolxozunda işlədiyi illərlə ərizəçinin ərizəsində mübahisələndirdiyi illər yalnız müəyyən qismdə üst-üstə düşür. Belə ki, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Dərə kənd kolxozunda işlədiyi dövrlərin şahidlə təsdiqlənməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edildiyi üçün hazırki mülki iş üzrə stajın şahid ifadələri əsasında müəyyən edilməsi əsassızdır. Lakin yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, ərizəçinin ərizəsi təmin edilmişdir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən biri Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin, Dərə kənd kolxozunda xx.xx.1981-ci ildən, digəri isə xx.xx.1986-cı il tarixdən işləmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Hazırki işdə şahidlərin əmək kitabçalarındakı qeydlərdən göründüyü kimi, Dərə kənd kolxozunda işlədiyi illərin yalnız bir qismi ərizəçinin iş stajı ilə üst-üstə düşür. Bu isə qanunvericiliyin tələblərinə uyğun deyildir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

11. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, ərizə təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Ərizənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.

22. Apellyasiya şikayətində göstərilən dəlillər ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, hazırki icraat üzrə ərizəçinin sığorta stajının tamamlanıbtamamlanmaması və ona yaşa görə əmək pensiyası təyin edilməsi məsələsi həll edilmir. Yəni, ərizəçi xüsusi icraat qaydasında müraciət edərkən tələbi maraqlı şəxsi ona pensiya təyin etməyə məcbur etmək olmamışdır. Hər bir halda qeyd olunan dövr üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ərizəçiyə əmək pensiyası təyin edilməsi zamanı müsbət təsiri olacağı istisna edilmir. Başqa sözlə ərizəçi mülki mühakimə icraatı qaydasında iş stajının müəyyən olunmasına nail olmaq istəyir. Çünki, pensiya təyin edən qurum pensiya təyin etmək üçün ərizəçidən iş stajını təsdiq edən sənəd yaxud bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı tələb edir. Buna görə də ərizəçi işlədiyini iddia etdiyi qurumu və müddəti göstərməklə iş stajının, yəni konkret hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəyir. Çünki, təsdiq olunarsa hüquqi fakt kimi bunun əhəmiyyəti ola bilər. Ərizəçi isə bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq qeyd olunduğu kimi bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına inzibati orqan olan maraqlı şəxs səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə məhkəmənin müəyyən etdiyi faktı da mübahisələndirməklə ərizəçinin düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradır ki, bu da pensiya yaşına çatmış ərizəçinin hüquqlarının pozulmasına səbəb olur.

23. Əvvəla, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçumaşinist işləməsini həmin kənddə onunla birgə yaşamış və kolxozda birgə işləmiş şahidlər ifadələri ilə təsdiq edir. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs şahidlərin ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləmədiyini göstərsə də birinci instansiya məhkəməsi ərizəçinin iddia etdiyi dövrü nəzərə alaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, ərizədə göstərilən dörd şahiddən ikisinin ifadəsi ilə ərizəçinin 1976- 1988-ci ilədək fasiləsiz olaraq qeyd olunan kolxozda işləməsi faktı təsdiq edilir. Şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilmədi, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud deyil. Əksinə ərizəçinin təqdim etdiyi vəsiqədə xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnməsi faktı da onun sonradan bu vəzifədə işləməsini təsdiq edir.

24. Maraqlı şəxs şikayətində məhkəmə iclasında iştirak etmiş şahidlərdən biri Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin, Dərə kənd kolxozunda xx.xx.1981-ci ildən, digəri isə xx.xx.1986-cı il tarixdən işlədiyi üçün onların əmək kitabçalarındakı qeydləri Dərə kənd kolxozunda işlədiyi illərin yalnız bir qismi ərizəçinin iş stajı ilə üst-üstə düşməsinin qanunvericiliyin tələbinə uyğun olmadığını göstərsə də bu dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, ərizəçi milli münaqişə və etnik təmizləmə nəticəsində məcburən Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəlmişdir və məlum səbəblərdən əmək kitabçasını əldə edə bilməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlərin əmək kitabçasında işlədiyi illərin bir qisminin ərizəçinin işlədiyi illərin bir qismi ilə üst-üstə düşməsi də şikayətin dəlillərini əsaslı etmir. Çünki, şahidlərin əmək kitabçasındakı qeydlər onların ərizəçi ilə bir kolxozda işləməsini birbaşa təsdiq edir. Bundan əlavə, şahid Bayraməli Vəliyevin əmək kitabçasındakı qeydlərdən də(bax.i.v.35 səhifənin aşağısı) görünür ki, o, 1975-ci ildən həmin kolxozda işləmişdir. Maraqlı şəxsin mövqeyindən belə çıxır ki, əmək kitabçasındakı qeydin ərizəçinin göstərdiyi dövrü tam əhatə etmirsə şahidin ifadəsi ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Bu cür yanaşma səhv olmaqla sübutların qiymətləndirilməsi səlahiyyətinin məhkəməyə aid olması ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxılarkən Ermənistan SSR-nin ərazisində yaşamış şəxslərlə Azərbaycan Respublikasında yaşamış şəxslər fərqləndirilməlidir. Çünki, milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərin maraqlı şəxsin arzuladığı və istədiyi formada sübutlar toplaması və təqdim etməsi məlum hadisələrə görə bəzən obyektiv səbəblərdən mümkünsüz sayılır. Ona görə də maraqlı şəxsin qeyd olunan kateqoriyadan olan ərizəçiyə münasibətdə şikayətində göstərdiyi, yəni iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır kimi tələbin məcburi olması ədalətli yanaşma deyildir. Bir daha qeyd olunur ki, hər iki şahid ərizəçi ilə bir kənddə yaşamış və bir kolxozda işləmişlər. Şahidlərdən bir tam olaraq, hətta ərizəçidən də qabaq həmin kolxozda işləmiş, digəri isə müəyyən dövrdə işləsə də ərizəçini həmkəndlisi kimi tanıyıb və kolxozda ondan da əvvəl işlədiyini görmüşdür. Belə çıxır ki, digər şahidin ərizəçinin göstərdiyi dövrdə tam işləməməsi və buna dair əmək kitabçasında qeydin olmaması onun ifadəsinin mötəbərliliyini inkar etmiş olur. Əlbətdə ki, bu milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərə, o cümlədən hazırki iş üzrə ərizəçiyə münasibətdə açıq-aşkar ədalətsiz yanaşmadır ki, bu da yolverilməz sayılmalıdır.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4778/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4778/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar