Məhkəmə qərarları › İş №2(103)-7195/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7195/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7195/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7195/22 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 23 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı cavabdehin bibisidir. İddiaçı 1956-cı ildə mübahisəli evdə anadan olmuş, həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı 1991-ci ildə ailə quraraq daimi yaşamaq üçün ərinə məxsus evə köçmüşdür. Hal-hazırda mübahisəli evdə cavabdeh yaşayır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1956-cı ildə mübahisəli evdə anadan olmuşdur. Həmçinin həmin ünvanda pasport qeydiyyatındadır. Bir müddət övladları ilə birlikdə yaşamışdır. Hazırda isə öz ata-baba evinə köçüb yaşamaq istəyir. Lakin qardaşı Cavabdehağa Məmmədəli oğlu vəfat etdikdən sonra onun oğlu - hazırkı iş üzrə cavabdeh evə təkbaşına sahiblik edərək iddiaçının ata-baba evinə köçüb yaşamasına icazə vermir. İddiaçı övladları ilə birlikdə yaşamağa başlayarkən, doğulub boya-başa çatdığı və atababa yurdu olan mübahisəli evə baxması üçün mərhum qardaşı Cavabdehağa Məmmədəli oğluna 5000 manat pul vermişdir. Buna digər qardaşları da şahiddir. Cavabdeh hər vəchlə iddiaçının həmin evdə yaşamasına mane olur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1591/2022 saylı, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia rədd edilmişdir.

5. Məhkəmə iddiaçının 1991-ci ildə ailə qurduqdan sonra daimi yaşamaq üçün ərinə məxsus evə köçdüyünü, son 4-5 ildə də övladlarına məxsus evdə yaşadığını nəzərə alaraq onun mübahisə evə istifadə hüququnu itirdiyi qənaətinə gəlmiş və elə bu əsasla da iddianı rədd etmişdir.

6. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev dövlət qeydiyyatına alınmamış, evə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Həmin ev iddiaçının atası, cavabdehin babası Məmmədəli Qurbanova məxsus olmuş, iddiaçı 1956cı ildə mübahisəli evdə doğulmuş, həmin ünvanda pasport qeydiyyatında olmaqla yaşamışdır. Sonradan bir müddət təxminən üç il əvvəl pandemiya ilə əlaqədar səhhətində yaranmış problemlərə görə, eləcə də, bu cür ağır pandemiya vəziyyətində evdə tək qalmaması üçün müvəqqəti olaraq övladlarının evləndikdən sonra öz ailələri ilə yaşadıqları Şüvəlan qəsəbəsində yerləşən evlərinə aparmışlar. Pandemiya ilə bağlı karantin qaydaları yumşaldılandan və səhhəti stabilləşdikdən sonra öz evinə qayıtmaq istəmiş, lakin onu öz evinə hazırkı iş üzrə cavabdeh olan qardaşı oğlu buraxmamışdır. Bütün bu baş verənlərə digər qardaşları və qohumları şahiddir. Kommunal müqavilələr onunla bağlanmış, qaz sayğacı onun adına qoyulmuş və ödənişlər olunmuşdur. Həmin mənzildə doğulub yaşayıb, 1991-ci ildə ailə həyatı qurub, 1997-ci ildə isə boşanıb və ata evinə gələrək evin 2-ci mərtəbəsində övladları ilə birlikdə orada yaşayıb, evi çox darısqal olduğundan (14 kvadrat metr sahəsi var ) uşaqlarını evləndirib başqa evə çıxarıb. Ona görə də, övladlarım evlənəndən sonra öz ailəsi ilə yaşayıb, o isə bu mübahisəli mənzildə yaşayıb. Pandemiya dövründə onun tək qalmağından narahat olaraq öz yanlarına müvəqqəti aparıb saxlayıblar. Bütün bu halları yaxşı bilən qardaşı oğlu atasının sağlığında bu hərəkətləri ona qarşı edə bilmirdi, qardaşının vəfatından sonra onun arvadının təkidi ilə qardaşı oğlu ona məxsus olan evdə müvəqqəti yerləşdirdiyi kirayəşinləri çıxardıb və belə bir yalan uydurub ki, guya doğulduğu evdə 1983-cü ildən yaşamır. Buradan belə bir məntiq ortaya çıxır ki, niyə görə məhz qardaşı öləndən sonra onun arvadı və oğlu ona maneə yaradır, belə bir məsələ qardaşının sağlığında niyə ortaya çıxmırdı. Çünki mübahisəli ev ata evi olub, ev 2 mərtəbəli olub, qardaşı Əzizağa Qurbanov ailə qurub 1-ci mərtəbədə öz ailəsi ilə yaşayıb, o isə 2-ci mərtəbədə yaşayıb, bu atasının vəsiyyəti olub və bunu da qardaşı yaxşı bilib, aralarında da bu məsələ ilə bağlı heç vaxt narazılıq olmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabde apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan)

12. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

13. Maddə 61. İcarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. İstifadə hüququ müvəqqəti başqa yerə getmiş vətəndaş üçün saxlanan mənzil sahəsi artıq mənzil sahəsi sayılmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı iş üzrə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə bütünlüklə mübahisələndirildiyində məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini aşağıdakılara görə əsassız sayır.

21. İddiaçı mübahisəli evdə doğulub yaşadığını, ailə qursa da, sonradan boşanıb həmin evə qayıtdığını və daimi olaraq orada yaşadığını bildirərək mübahisəli evə köçürülməsini xahiş edir.

22. Cavabdeh iddiaçının 1991-ci ildən ailə qurub daimi yaşamaq üçün başqa ünvana köçüb getdiyini göstərərək iddiaya etiraz edir.

23. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

24. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

25. Kollegiya hesab edir ki, iddiaçı 1991-ci ildə ailə qurmuş, daimi yaşamaq üçün başqa ünvana köçüb getmiş və mübahisəli mənzillə əlaqəsini kəsmişdir. İddiaçı könüllü olaraq daimi yaşamaq üçün başqa ünvana getdiyi üçün mübahisəli mənzildən istifadə hüququnu itirmişdir.

26. İddiaçı üç il əvvəl pandemiya səbəbindən mənzili müvəqqəti tərk etdiyini, yalnız karantin qaydaları yumşaldılandan sonra evə qayıtdığını bildirsə, Kollegiya iddiaçının bu məzmunda izahatını inandırıcı, habelə iddianın təmin olunması üçün həlledici əsas kimi qəbul etmir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 1991-ci ildə ailə qurmuş, daimi yaşamaq üçün ərinin evinə köçüb getmiş, beləliklə mənzilə isitfadə hüququnu itirmişdir. İddiaçının sonradan boşanıb həmin evə qayıtması onun həmin evdən istifadə hüququnun yenidən yarandığı barədə qənaətə gəlmək üçün əsas deyildir. Digər tərəfdən, iddiaçı sonradan mübahisəli mənzilə qayıdıb orada yaşaması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

29. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas vermir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar