Məhkəmə qərarları › İş №2(103)-7199/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7199/2021

13.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7199/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı vəkili X1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdə daimi yaşadığı sahəsi 12 kv.m olan otağının istifadəsinə verilməsi və köməkçi sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh2 oğlu olan digər Cavabdeh1 ilə 14 mart 1996-cı ildə nikaha daxil olmuşdur. Onların birgə nikahdan 26 iyun 1997-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh1 2019-cu il tarixdə ona qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-737/2019 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. O, Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra Cavabdeh2 faktiki istifadəsində olan ünvan 1 ünvanında 1 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Daha sonra onun iştirakı ilə həmin evin tikintisi genişləndirilmişdir. Tikinti işləri uzun müddət davam etmişdir. Hazırda mübahisələndirilən fərdi yaşayış evi 2 mərtəbədən və 7 otaqdan ibarətdir. Evin 1-ci mərtəbəsində 4 otaq və 1 zal, 2-ci mərtəbəsində isə 3 otaq 1 zal mövcuddur. Mübahisələndirilən ev mülkiyyət hüququ ilə heç kimə məxsus deyil. Cavabdeh1 ilə nikahları pozulmazdan xeyli əvvəl onlar arasında ailə münasibətləri kəsilmişdir. Cavabdeh2 onu daim sıxışdırmış, onun evdən getməyinə çalışmış, bu məqsədlə müxtəlif formalı münaqişələr yaratmaqdan çəkinməmişdir. Cavabdeh1 ilə onun arasında nikah pozulduqdan sonra isə Cavabdeh2 aqressivləşmiş, onu evdən çıxarmaq üçün daha da fəallaşmış, bu məqsədlə hər axşam həyət darvazasını arxadan bağlayaraq onu evə buraxmır. Bu vəziyyət bir neçə dəfə təkrarlanmışdır. Bu barədə özü və atası hüquq-mühafizə orqanlarına, o cümlədən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. 21 avqust 2019-cu il tarixdə isə Cavabdeh2 həyət darvazasını ümumiyyətlə açmayaraq onu evə buraxmamışdır. Həmin vaxtdan müxtəlif qohumlarının evində yaşayır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir, həmin evdə daimi yaşadığı sahəsi 12 kv.m olan otağının istifadəsinə verilməsi və köməkçi sahələrin ümumi istifadədə saxlanılması barədə qətnamə qəbul edilməsi zəruridir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.12.2019-cu il tarixli 2(007)-3205/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(103)-4111/2020 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12.12.2019cu il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edilməsi və İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(102)-1405/21 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12.12.2019-cu il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdi, İddiaçı vəkili A.M.Nurməmmədov isə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12.12.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və həmin evin inşa olunması üçün lazımi icazələr alınmamışdır. İddiaçı ilə Cavabdeh1 14 mart 1996-cı ildə nikaha daxil olmuşlar və onların birgə nikahından 26 iyun 1997-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli 2(007)-737/2019 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 14 mart 1996-cı il tarixdə 107 nömrəli akt qeydi bağlanmış nikah pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli 2(102)- 1405/21 saylı qərarında mübahisəli hüquq münasibətinə münasibət bildirirək qeyd etmişir ki, “mübahisəli evin özbaşına tikili olmasına, habelə evin İddiaçınm vəsaiti hesabına əldə edilməməsinə və ya orada əsaslı təmir aparılmamasına istinad olunmaqla iddiaçının sözügedən evə köçürülməsi tələb rədd edilməsi, təxminən 23 il ərzində mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, işin müəyyən edilmiş halları (o cümlədən mübahisəli evin daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməməsi) nəzərə alındıqda, iddia tələbinin hüqüqi əsası kimi tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt - 01.10.2009-cu tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri nəzərdən keçirilə bilər. Həmin normaların məzmunundan görünür ki, xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də iddiaçının sözügedən yaşayış sahəsində cavabdehlərlə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, iddiaçının həmin evə buraxılmamağı qanuni və əsaslı sayıla bilməz. Kollegiya nəzərə alır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Bu baxımdan tərəflərin uzun illər ərzində orada birgə yaşamaqla bağlı formalaşmış maraqları eynidir. Həmin ev özbaşına tikili olduğundan tərəflərin hər hansı birinin ona münasibətdə əşya (mülkiyyət və s.) hüququ yoxdur. Həmin evə buraxılmayan iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi olmadığı tədqirdə onun digərləri kimi sözügedən evdə yaşamaq hüququ istisna olunmur. Cavabdehlər mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququnun təmin olunmaması bərabər prinsipinin pozulmasına səbəb olardı.” Belə ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisəli hüquq münasibətinə aid hüquqi mövqeyini əsas götürərək cavabdehin apellyasiya şikayətindəki dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3205/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar