Məhkəmə qərarları › İş №2(103)-7199/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7199/2022

13.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7199/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı İnsan Resursları bölmə rəhbəri İ.Aydınov tərəfindən verilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 2863K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, Cavabdeh MMC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilmə müddəti ötdüyü üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh MMC şikayət verib Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 27 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2114/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərardadı ləğv edilərək apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6265/2022 saylı qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan forma və tələblərə riayət edilməməsi əsası ilə qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh MMC tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə ərizə ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, apellyasiya şikayəti və müddətinin bərpa edilməsi barədə ərizə mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsi rəsmi olaraq Cavabdeh MMC-nin elektron kabinetinə 25 may 2022-ci il tarixdə yerləşdirilmişdir. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə məhkəməyə EMİS vasitəsilə xx.xx.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, apellyator apellyasiya şikayətini xx.xx.2022-ci il tarixədək məhkəməyə təqdim etməli olduğu halda, bunu etməmiş, apellyasiya şikayəti verilməsi üçün müddəti ötürmüş və müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpa edilməsi barədə verilmiş ərizəyə münasibət bildirilmədən iş apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəyə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilmədiyi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2114/2022 saylı, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti verilmə müddətinin bərpası barədə ərizəyə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar