Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7200/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(005)-1285/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.200 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı Cavabdeh 2018-ci ilin aprel ayının 01-də ünvan 1 ünvanında "xxxx" Mənzil-Tikinti Kooperativinin inşa etdiyi binada 1 otaqlı, sahəsi 60 kv.m təşkil edən 114 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzilə görə cavabdeh hər ay 1.574 manat məbləğində pul ödəməli idi. Qeyd etdiyi mənzilə görə kooperativə 16 ay müddətində hər ay 1.574 manat məbləğində pul ödənilmişdir. Mənzillə bağlı ödənilən pul məbləğinin 13.000 manat hissəsini cavabdehin xahişinə əsasən o, ödəmişdir. Cavabdeh ona bildirmişdir ki, ödədiyi məbləği ona qaytaracaqdır, çünki həmin pulu borc kimi vermişdir. Alınmış mənzilə görə 16 ay ödəniş etdikdən sonra mənzili satışa qoymuş və mənzilə görə onun və cavabdeh tərəfindən ödədiyi 36.414 manat məbləğində pul vəsaiti kooperativ tərəfindən qaytarılmışdır. Bu zaman Cavabdeh bildirmişdir ki, özünə maşın almaq istəyir, bu səbəbdən onun verdiyi pulu sonra qaytaracaqdır. Cavabdehin mənzilinə görə ödədiyi pul vəsaiti 13.000 manat məbləğində pul vəsaitindən əlavə ondan 2.550 manat məbləğində 2017-ci ilin iyun ayında borc da almışdır. 2019-cu ilin avqust ayında oğlunun adına 69.500 manat məbləğində aldığı “Mercedes E200 AMG” markalı, **-MG-*** nömrə nişanlı avtomaşını Cavabdeh adına sənədləşdirmişdir. Qeyd etdiyi avtomaşını almazdan əvvəl Cavabdeh özünə məxsus “KİA Optima” markalı avtomaşını var idi. 2019-cu ilin iyul ayının 3-də cavabdeh ona zəng edərək bildirmişdir ki, həmin avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmişdir, ona təcili olaraq 4.650 manat məbləğində pul lazımdır. Bir həftədən sonra Cavabdeh 4.600 manat məbləğində borc vermişdir. Cavabdeh 2019-cu ilin noyabr ayında özünə məxsus “KİA Optima” markalı avtombilini 13.300 manat qiymətə satmışdır. Həmin məbləğin 13.000 manat hissəsini ona vermiş və bildirmişdi ki, qalan borcu da ona tezliklə qaytaracaqdır. Cavabdeh özü də bu məbləğdə ona borclu olmasını inkar etmir. Ancaq müxtəlif bəhanələrlə borclu olduğu pul məbləğini qaytarmır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(005)- 1285/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 13.802 manat məbləgində borc vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda olan apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. O, şikayətini işin faktiki hallarının tam araşdırılmaması, mötəbər sübut olan şahid ifadələrinə heç bir hüquqi qiymət verilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdeh isə apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. O, şikayətində iddiaçı ilə aralarında heç bir borc münasibətinin olmadığını, iddiaçıdan heç bir məbləğdə borc almadığını, eləcə də iddiaçı qarşısında hər hansı borcla bağlı üzərinə öhdəlik götürmədiyini bildirmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı onun tanışı yox, qızı X1 atasıdır və övladına vaxtında aliment vermədiyi üçün münasibətləri pozulmuşdur. Elə bu səbəbdən iddiaçı ona təzyiq etmək üçün bu borc məsələsini uydurmuşdur. 01.12.2017-ci il tarixdə "xxxx" MMC ilə mənzilə dair alqı-satqı müqaviləsi bağlamış və mənzilə görə 10.000 manat şirkətə ödəmiş, yerdə qalan 56660 manat 36 aya bölünmüşdür və o, hər ay 1574 manat şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Mənzili alarkən İddiaçı ona bildirmişdir ki, qızı Mehrinə görə bu mənzilin ödənişlərinə kömək edəcək və imkanı olanda aylıq ödənişlərindən ödəyəcəkdir. O, ümumilikdə 18 ay ərzində 27992 manat pul "xxxx" MMCyə həmin mənzilə görə ödəmiş, ödənişlər olunduğu müddətdə Mehman onu məlumatlandırmadan, könüllü olaraq ümumilikdə 13.802 manat məbləğində pulu həmin mənzilə görə tikinti şirkətinə ödəmiş və həmin məbləği öz övladına görə ödədiyini bildirmişdir. 2019-cu ilin yay aylarında Mehman bildirmişdir ki, o, qızı Mehrinə ev verəcək və ünvan 3 ünvanında olan mənzilin şirkətə geri qaytarılmasını təklif etmişdir. O, Mehmana inanaraq birlikdə şirkətə getmiş, MMC-yə ərizə yazaraq bağlanmış müqavilənin ləğv edilməsini və ödədiyi pulun qaytarılmasını xahiş etmiş, Şirkət tərəfindən ümumilikdə 37992,0 manat qaytarılacağını Şöhrət müəllim bildirmişdir. Həmin məbləğin 17992,0 manatını o və Mehman 03.09.2019-cu ildə birlikdə şirkətə getmiş və o, şirkətdə olan jurnala qol çəkərək götürmüş, yerdə qalan 20.000 manat pulu isə Mehman 05.08.2019-cu il tarixdə şirkətdən özü şəxsən jurnala qol çəkərək götürmüş və ona verməmişdir. Onların arasında hər hansı əqd olmamışdır. Məhkəmə iclasında ifadə verən şahidləri tanımır. Onların ifadəsi yalandır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7731/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apelyasiya şikayəti təmin olunmaqla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı Cavabdeh qarşı 40.200 manat məbləğində borcun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2159/2021 saylı 17 may 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(103)-7731/2020 nömrəli qətnaməsi qismən, yəni iddiaçının mənzilə görə cavabdehin adından "xxxx" MMC-yə ödənilmiş pulun geri qaytarılmasının rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmış, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(103)-7731/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya tərəfindən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili cavabdehin apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin direktoru məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş, Kollegiya da işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası iddianın "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində hüquqi qiymət verərkən prosessual hüquq normalarını pozmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı tələbində cavabdehdən “borcun” tutulmasını xahiş etsə də, iddianın əsasını borc müqaviləsi təşkil etdiyini göstərməmişdir. İddiadan görünür ki, iddiaçı cavabdehin üçüncü şəxs qarşısında olduğu öhdəliklərinin onun tərəfindən icrasına əsaslanan münasibətlərdən irəli gələrək, ödədiyi məbləği geri tələb etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənzilə görə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin tutulması hissəsində öhdəliklərin yaranmasının başqa əsaslarının da mövcüd olub-olmaması yoxlanılmalı, cavabdehin iddiaçının qarşısında öhdəliyi yarandığı halda, onun icra olunub-olunmaması məsələlərinə sübutetmə vəzifəsinin bölüşdürülməsi qaydalarına uyğun hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməlidir. ” Hazırda qətnamə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (Cavabdeh 13.802 manat məbləgində borc vəsaitinin İddiaçı xeyrinə tutulması) ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. 01 dekabr 2017-ci il tarixli müqavilə ilə "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında inşa ediləcək binanın 2-ci giriş 11-ci yaşayış mərtəbəsində ümumi sahəsi 60,6 kv.metr olan 124 nömrəli mənzilin Cavabdeh sahibliyinə verilməsi ilə bağlı müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri MMC-yə hissə-hissə ödənilməsi şərtləndirilmişdir. Mənzilin ödənişi ilə bağlı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 yanvar 2018ci il tarixli maliyyə arayışına əsasən 1.574 manat, 28 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.574 manat, 02 aprel 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.574 manat, 02 may 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.580 manat, 31 may 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.500 manat, 03 iyul 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.500 manat, 13 avqust 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.500 manat, 11 sentyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən 1.500 manat, 04 mart 2019-cu il tarixli maliyyə arayışına əsasən 1.500 manat, cəmi 13802 manat məbləğində pul vəsaiti Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir. Hazırda qətnamə "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında borc münasibətlərinin olduğu qənaətinə gəlmiş, lakin hesab etmişdir ki, bu borcun məbləği iddiaçının tələb etdiyi kimi 40200 manat deyil, 13802 manatdır. Məhkəmə bu mövqeyini iddiaçı tərəfindən 13802 manat məbləğində pul vəsaitinin cavabdehin adından "xxxx" MMC-yə ödənilməsi və bu halın həmin MMC tərəfindən verilmiş maliyyə arayışları ilə təsdiq olunması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə tərəflər arasında yaranan mübahisənin borc münasibətlərindən yaranması qənaətinə gələrək, hazırki mübahisəyə borc münasibətlərini nizama salan 385.1, 390, 442, 443.1, 448, 739.1, 740, 741, 742.1-ci maddələrini tətbiq etmişdir. İddiaçı tələbində cavabdehdən “borcun” tutulmasını xahiş etsə də, iddianın əsasını borc müqaviləsi təşkil etdiyini göstərməmişdir. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Məcəllənin 431.2-ci maddəsinə əsasən Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göründüyü kimi öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icrası nəzərdə tutulmuşdur və bu halda tələb hüququ həmin şəxsə keçir. Baxılan iş üzrə görünür ki, iddiaçı cavabdehin üçüncü şəxs qarşısında olduğu öhdəliklərinin onun tərəfindən icrasına əsaslanan münasibətlərdən irəli gələrək, ödədiyi məbləği geri tələb etmişdir. İşin mübahisəsiz halıdır ki, 13.802 manat pul vəsaiti "xxxx" MMC-yə Cavabdeh adına İddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda iddiaçı hazırda həmin pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən tələb etdiyi 40200 manatın mənzilə görə ödənilmiş hissəsi kimi 13000 manat göstərsə də, işin mübahisəsiz halıdır ki, iddiaçı mənzilə görə 13802 manat ödəmişdir, ona görə də Kollegiya bu hissədə iddianın məhz 13802 manat həcmində təmin olunması qənaətinə gəlir, çünki məbləğlərdə yaranmış fərq iddianın predmetini yox, obyektini təşkil edir və bu, iddia tələbindən kənara çıxma kimi qiymətləndirmir. Cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, mənzilə görə qaytarılmış məbləğin 17992,0 manatını o, 20.000 manatını isə Mehman şirkətdən özü şəxsən jurnala qol çəkərək götürmüşdür. 17992,0 manatın qarşısındakı imza ona məxsus olsa da, 20.000 manatın götürülməsi ilə bağlı jurnala çəkilmiş imza ona məxsus deyil, həmin imzanı Mehman çəkmişdir. İddiaçı isə 20.000 manatın götürülməsi ilə bağlı jurnala çəkilmiş imzanın ona məxsus olmadığını bildirmişdir. Kollegiya tərəfindən bu halın müəyyən edilməsi məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13.10.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş dama-dama jurnal vərəqi üzərində “05.08.2019. Cavabdeh 124 N.m iadə 20000,0” yazılarının qarşısında “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, tədqiq olunan imzanı İddiaçı imza nümunuləri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın hərfi tərkibinin olmaması, həmçinin imzanın oxşadılmaqla icra olunması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. "xxxx" MMC tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, ünvan 5 ünvanında 16 mərtəbəli binanın 2-ci girişi 11-ci mərtəbəsində 1 otaqlı 124 nömrəli mənzil 01.12.2017-ci il tarixdə 025 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh satılmışdır. 11.07.2019-cu il tarixdə Cavabdeh onlara ərizə ilə müraciət etmiş, mənzilin kreditinin ödənişini icra edə bilmədiyi üçün aldığı mənzildən imtina etmiş və ödədiyi pulu iadə etməklərini xahiş etmişdir. Mənzili iadə etmiş, 05.08.2019-cu il tarixdə 20000.00 manat və 03.09.2019-cu il 17992.00 manat məbləği qeydiyyat kitabında çəkilən imzası ilə Cavabdeh, İddiaçı yanında nağd pul şəklində ödənilmişdir. Beləliklə, 20000 manat məbləğində pulun iddiaçı tərəfindən götürülməsi iş materiallarından müəyyən edilməmişdir, cavabdehin bu barədə dəlilləri öz təsdini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1285/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh 13.802 manat məbləgində borc vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla Cavabdeh 13.802 manat məbləgində borc vəsaiti İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7200/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7200/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver