Məhkəmə qərarları › İş №2(103)-7201/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7201/2022

24.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7201/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh Xəzər Universiteti Dünya Məktəbi MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Xəzər Universiteti Dünya Məktəbi MMC-nin xx.xx.2019-cu il tarixli 232 saylı əmri ləğv edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən etibarən məcburi iş buraxmaya görə əmək haqqı (tarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməklə Xəzər Universiteti Dünya Məktəbinin İB bölməsinin ingilis dili müəllimi vəzifəsinə bərpa olunmalı, Xəzər Universiteti Dünya Məktəbi MMC-dən dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar və icra sənədinin könüllü icrasına dair bildiriş Xəzər Universiteti Dünya Məktəbi MMC-yə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Xəzər Universiteti Dünya Məktəbi MMC aşağıdakı məzmunda 135/DM saylı, xx.xx.2021-ci il tarixli əmr vermişdir: 1. Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İB bölməsi ingilis dili müəllimi İddiaçı barəsində verilmiş xx.xx.2019-cu il tarixli, 232 saylı əmri ləğv edilsin. 2. İddiaçı 30 iyun 2020-ci il tarixdən Xəzər Universiteti Dünya Məktəbi İB bölməsinin ingilis dili müəllimi vəzifəsinə bərpa edilsin. 3. İB bölməsinin rəhbərinə tapşırılsın ki, işə bərpa haqqında İddiaçı məlumat versin. 4. Mühasibatlığa tapşırılsın ki, xx.xx.2019-cu il tarixdən etibarən məcburi iş buraxmağa görə əmək haqqı (tarif maaşı və bütün əlavələr daxil olmaqla) və dövlət rüsumuna görə 30 manatın İddiaçı ödənilməsini təmin etsin. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şakir Bahadırov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2206/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin verilməsinə əsas olmuş qətnamənin məcburi iş buraxma müddətinin hansı dövrü əhatə etməsi hissəsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin xx.xx.2019-cu il tarixdən etibarən məcburi iş buraxma müddəti hissəsində məcburi iş buraxmaya görə əmək haqqının hesablanmasının başlanğıc tarixi göstərilsə də, məcburi iş buraxma müddətinin sonu barədə tarix göstərilməmişdir. Bununla da, icra sənədinin məcburi iş buraxma müddətinin hansı dövrü əhatə etdiyi barədə tələb aydın deyildir. Bu səbəbdən icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə göstərilən hissədə izah verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim S.Səlimova, iş № 2(001)-2206/2020) ərizə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2206/20 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilmişdir: “İşçi İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsinin hesablanması xx.xx.2019-cu il tarixdən başlamaqla işçinin iş yerində faktiki olaraq öz əmək funksiyalarını icra etməyə başladığı günə qədər olan dövrü əhatə edir.”. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu qətnaməni tam icra etmişdir. Habelə, “məcburi iş buraxma dövrü” ilə bağlı mübahisəni borclu yox, tələbkar və icra məmuru yaratmışdır. Məktəb qətnamə üzrə etməli olduğu bütün hərəkətləri, o cümlədən xx.xx.2019-cu il tarixli əmri ləğv etmiş, iddiaçını öz əvvəlki iş yerinə bərpa etmiş və bu barədə ona məlumat vermiş, lakin o, hər hansı bir səbəb göstərmədən işə gəlməmiş, tələbkar ona çatası “məcburi iş buraxmağa” görə pul vəsaitini hər hansı qaydada qəbul etməkdən imtina etmişdir. İşçi öz əvvəlki işini davam etdirmək istəmirsə, məktəb zorla onu iş yerinə gətirməli deyil. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı xarici vətəndaşdır, onun Azərbaycan Respublikasına gəlməsi və işləməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalar mövcuddur. Məktəbin xarici vətəndaş olan işçiyə görə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi və ondan ötrü xüsusi razılıq almaq kimi vəzifəsi qətnamədə göstərilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad dəyişdirilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə verilən izahın məzmunu aşağıdakı kimi ifadə olunmalıdır: “İşçi İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsinin hesablanması xx.xx.2019-cu il tarixdən başlamaqla qətnamənin icra olunduğu günə, yəni işə bərpa barədə əmrin verildiyi 22 dekabr 2021-ci ilə qədər olan dövrü əhatə edir”. İcra məmurunun ərizəsindən göründüyü kimi, tələbkarın nümayəndəsi də qətnamənin göstərilən qaydada icra olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022ci il tarixli məktubundan müəyyən olunur ki, qanunsuz və ya əsassız işdən çıxarılmış işçinin işdən çıxarıldığı vaxtdan işə bərpa edilməsi ilə bağlı məhkəmə qətnaməsinin icra olunduğu günə qədər olan dövr məcburi işburaxma dövrü hesab edilir. Bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin də tələbinə uyğundur. Həmin maddənin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 230-cu maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (230.3). Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (230.4). Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər (230.5). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Xəzər Universiteti Dünya Məktəbi MMC-nin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2206/20 saylı qətnaməsinə aşağıdakı məzmunda izah verilsin: “İşçi İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsinin hesablanması xx.xx.2019-cu il tarixdən başlamaqla qətnamənin icra olunduğu günə, yəni işə bərpa barədə əmrin verildiyi 22 dekabr 2021-ci ilə qədər olan dövrü əhatə edir”. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar