Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7203/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4663/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxxxxxxxxxxxxx” ASC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 10050 manat məbləğində pul və 30 manat dövlət rüsumu, mənəvi zərərə görə 5000 manat və hüquqi yardıma görə 110 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia ərizəsi dəqiqləşdirilmişdir.) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4663/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 1250 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla borc və Cavabdeh3 7500 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. Qətnaməni iddiaçı və digər cavabdehlər mübahisələndirməmişdir. Qətnaməni yalnız Cavabdeh3 mübahisələndirmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı kredit yolu ilə aldığı “Kia Optima” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin banka kredit ödənişlərini, yəni – 7500 (yeddi min beş yüz) manat ilkin ödənişi Cavabdeh2, banka 250 (iki yüz əlli) dollar aylıq ödənişlərini isə avtomobilin rəsmi mülkiyyətiçisi olan Cavabdeh1 adından həyata keçirmişdir. Əlavə olaraq, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddiaçıdan 7500 manat məbləğində pul aldığını etiraf etmişdir. Beləliklə, Cavabdeh3 ilə iddiaçı arasında hazırkı iş üzrə mübahisə predmeti olan avtomobillə bağlı heç bir pul münasibəti olmamış, o yalnız avtomobilin idarə edilməsi üçün iddiaçıya etibarnamə vermişdir, onun tərəfindən iddiaçıdan hər hansı məbləğdə pul alınmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda, rayon məhkəməsinin ondan 7500 manat pul və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnaməsi qeyri-obyektiv və əsassızdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, bildirdi ki, mübahisə predmeti olan avtomobil Cavabdeh1 adına olmuş, ona idarə etmək üçün etibarnamə vermiş, daha sonra həmin maşın digər Cavabdeh2 vasitəsilə hazırkı iş üzrə iddiaçıya satılmışdır, o isə iddiaçıya sadəcə etibarnamə vermiş, alğı-satqı münasibətlərində hər hansı bir şəkildə iştirak etməmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşaraq qeyd etdi ki, o, həqiqətən də, avtomobilə görə ilkin ödəniş olan 7500 manat məbləği Cavabdeh2 vermiş, Cavabdeh3 ilə alğı-satqı zamanı tanış olmuş və ondan maşının idarə edilməsi üçün etibarnamə almış, ona pul verməmişdir. Rayon məhkəməsinin iclasında Cavabdeh2 həmin pulu aldığını bildirsə də, nəyə görə məhkəmənin pulu Cavabdeh3 tutmasına dair qərar qəbul etməsi onun üçün anlaşılmaz olmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Alixdən pulun tutulması hissəsində qətnamənin ləğv edilərək, həmin məbləğin Cavabdeh2 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Nəsimi RPİ-nin PŞ-nin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında Cavabdeh2 Fərman oğlunun verdiyi izahatından görünür ki, 2018-ci ilin yanvar ayında İddiaçı onun işlədiyi, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən avtomobillərin alqı-satqısı mağazasına gələrək bir neçə avtomobilin qiymətlərini soruşmuş, lakin pulunun az olduğunu qeyd edərək kredit yolu ilə avtomobil almaq istədiyini bildirdiyi üçün ona “Kia Optima” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq təklif olunmuşdur. Həmin avtomobilin “xxxxxxxxxxxxxxx” ASC-də kreditdə olduğunu, ilkin ödəniş olaraq 7500 manat və hər ay banka 250 ABŞ dollar ödəməli olduğunu bildirmiş və İddiaçı onunla razılşamışdır. Bundan sonra İddiaçı və avtomobili etibarnamə əsasında idarə edən X1 ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən 6 saylı notariat kontoruna getmişlər və orada İddiaçı etibarnamə vermişdir. Ofisə qayıtdıqda İddiaçı 5000 AZN ödəniş etmiş, qalan 2500 AZN pulu isə 1 ay ərzində ödəyəcəyini bildirsə də, həmin məbləği 3 ay müddətinə ödəmişdir. İddiaçı ilə birlikdə banka getmişlər, orada İddiaçı avtomobil üçün kredit şərtləri və borcu ilə tanış olmuş və aylıq 250 ABŞ dolları ödəyəcəyinə razılıq vermişdir. 2018-ci ilin dekabr ayında İddiaçı ona zəng vuraraq YPX-nin əməkdaşlarının avtomobili duracağa yerləşdirdiklərini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, İddiaçı 1 aylıq banka ödəniş etmiş, lakin daha sonra heç bir ödəniş etməmişdir. Eyni zamanda avtomobilin mülkiyyətçisi ona Cavabdeh1 tanımadığını qeyd etmişdir. Mülki iş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi (təmsil edilən) Cavabdeh1 tərəfindən İddiaçı (etibar edilən) “Kia Optima” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün 5 il 4 ay 11 gün müddətinə verilib və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Kassa mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 borcundan xx xxxxx 2018-ci ildə 250 ABŞ dolları, xx xxxxx 2018-ci ildə 250 ABŞ dolları, xx xxx 2018-ci ildə 250 ABŞ dolları, xx xxxx 2018-ci ildə 250 ABŞ dolları, xx xxxxxx 2018-ci ildə 200 ABŞ dolları xx xxxxxx 2018-ci ildə 50 ABŞ dolları məbləğində “X2 Edilməsi Agentliyi” MMC-nin hesabına ödəniş edilmişdir. “xxxxxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 kreditə verilmiş “Kia Optima” markalı, 90- SB258 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı banka öz adından 1250 ABŞ dolları ödəniş etmişdir. Lakin bunun müqabilində Cavabdeh1 avtomobili qanunla müəyyən edilmiş qaydada İddiaçı sahibliyinə və istifadəsinə verilməsi üçün lazımı hərəkətlər etməmiş, hətta avtomaşınla bağlı İddiaçı verilmiş etibarnaməni ləğv etdirmiş və avtomobili onun əlindən aldırmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə ləğv edilməli, onlara münasibətdə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməli, Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 7500 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddiaçıdan ayrı-ayrı vaxtlarda 5000 və 2500 manat olmaqla, ümumilikdə 7500 manat məbləğində vəsait aldığını təsdiqləmişdir (i/v 67). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində avtomobilə görə 7500 manat məbləğində pulu Cavabdeh2 verdiyini qeyd etmiş, eyni zamanda, birinci instansiya məhkəməsində Cavabdeh2 də həmin pulu əvvəlcə 5000, sonra 2500 manat olmaqla iddiaçıdan aldığını təsdiq etmişdir. Buna baxmayaraq, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin edərəkən qeyd edilən məbləğin Cavabdeh2 yox, Cavabdeh3 tutulması barədə düzgün olmayan qətnamə qəbul etmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh3 hər hansı pul öhdəliyi yaranmamış və o, iddiaçının hesabına əsassız varlanan şəxs deyildir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur.Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Beləliklə, Məhkəmə kollegiyası hazırkı işin hallarını və sübutları nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi həmin sübutlara, yəni tərəflərin izahatına MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməsinə dair hissəsində iş üzrə düzgün nəticəyə gəlmədiyindən cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə ləğv edilməli, onlara münasibətdə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməli, Cavabdeh2 münasibətdə təmin edilməli, Cavabdeh2 7500 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4663/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 7500 (yeddi min beş yüz) manatın tutulması hissəsində Cavabdeh3 münasibətdə təmin edilməsin, həmin iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 7500 (yeddi min beş yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verməsi ilə bağlı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7203/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7203/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver