Məhkəmə qərarları › İş №2(103)-7203/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7203/2021

21.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7203/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “işdən azad olma və başqa işə keçmə barədə və təhviltəslim barədə əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X4 tərəfindən verilmiş işdən azad olma və başqa işə keçmə barədə 07 yanvar 2020-ci il tarixli 03 saylı əmrin ona aid olan hissədə və təhvil-təslim barədə 07 yanvar 2020-ci il tarixli 04 saylı əmrin ləğv edilməsinə və onu Dərs hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qeyd etmişdir ki, peşə liseyinin nümunəvi ştat cədvəllərinə dair müvafiq qərarın məzmunu və 8 saylı Bakı Peşə Təhsil Liseyin direktoru Fizuli Talıbovun 07 yanvar 2020-ci il tarixli, 03 saylı «işdən azad olma və başqa işə keçmə barədə» əmri barədə qəbul edildiyi gündə məlumatı olub. X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin qanuni tələblərin pozaraq dərs hissə müdiri vəzifəsinin ixtisara düşdüyü üçün iddiaçını azad etməsindən və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə trafikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilməsindən azı iki ay əvvəl onu xəbərdar etməmişdir, ona görə ki, həmin liseyin direktor vəzifəsinə F.Talıbov 18 noyabr 2019-cu il tarixdə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin qanuni tələblərinə riayət edərək Bakı 8 nömrəli X5 İttifaqının üzvü olduğu halda liseydə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığını almaqla əmr qəbul etməli idi. Lakin 8 nömrəli Peşə Liseyin direktoru F.Talıbov qeyd olunan qanunları pozaraq ixtisara dair 07 yanvar 2020-ci il tarixdə öz başınalıqla qanunsuz əmr qəbul etmişdir. Onun ixtisar edilməsi barədə əmri heç bir sənədlə əsaslandırılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla qəbul olunmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5501/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)2354/2021 saylı, 16.05.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5501/2020 saylı, 29 sentyabr 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili T.Rüstəmov apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, eyni zamanda da göstərdi ki, artıq iddiaçı ilə bağlanmış əmək müqaviləsi ƏM-nin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, onun həmin əmrin ləğv edilərək işə bərpa olunmasına dair iddiası da Qaradağ Rayon Məhkəməsinin 2(002)-1986/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Sübutların tədqiqi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-ci il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş peşə məktəblərinin və liseylərinin nümunəvi ştat cədvəlinin məzmunundan aydın olur ki, həmin tədris müəssisələrində dərs hissə müdiri ştat vahidi peşə liseylərində şagird kontingentinin sayı 250 nəfərdən çox şagird olduqda daxil edilir. Mülki işdə olan 08.01.2020-ci il tarixli xxxxxxx000206 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsi üzrə müəllim vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 19.12.2019-cu il tarixli 195 nömrəli əmrinin surətindən görünür ki, dərs hissə müdiri vəzifəsi və əmrdə qeyd edilən digər vəzifələr 07 yanvar 2020-ci il tarixdən ştat cədvəlindən ixtisar edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 30.01.2020-ci il tarixli 40 nömrəli əmri ilə 18 nəfər şagird müntəzəm olaraq dərslərdə iştirak etmədiklərini nəzərə alaraq 30 yanvar 2020-ci il tarindən “Şagirdlərin adlar kitabı”ndan çıxarılmışdır. 8 saylı Peşə Liseyinin direktoru Füzuli Talıbov tərəfindən verilmiş 24.02.2020-ci il tarixli məlumat məktubunun məzmunundan görünür ki, 8 saylı Bakı Peşə Liseyində 2019- 2020-ci il tədris ili üçün 18 dekabr 2019-cu il tarixinədək tələbə sayı 222 nəfər olmuş, onlardan 39 nəfəri 14 saylı cəzaçəkmə müəssisəsində, 183 nəfəri isə birillik, ikiikllik və üçillik qruplarda təhsil almışdır. Hal hazırda 8 saylı Bakı Peşə Liseyində 218 nəfər tələbə təhsil alır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 07.01.2020-ci il tarixli 04 nömrəli təhvil-təslim barədə əmrinin surətindən görünür ki, X3 dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün 07 yanvar 2020-ci il tarixindən tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçdiyi üçün o səlahiyyətində olan bütün tədris plan-proqramları tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müavini X2 təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin 07.01.2020-ci il tarixli 03 nömrəli işdən azad olma və başqa işə keçmə barədə əmrinin surətindən görünür ki, dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün İddiaçı 07 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. Mülki işdə olan 8 nömrəli Bakı X5 Təşkilatının üzvləri ilə birgə iclasının 18.12.2019cu il tarixli, 40 nömrəli protokolunun təsdiq edilmiş surətindən görünür ki, iclası liseyin direktoru Fizuli Talıbov açaraq bildirdi ki, 8 saylı Bakı Peşə Liseyinin rəsmi elektron ünvanına göndərilmiş 18 dekabr 2019- cu il tarixli məktubuna əsasən, 2020-ci ilin ştat cədvəlini, 10 dekabr tarixində keçirilən iclasda qeyd edilən məsələləri nəzərə alaraq “Peşə məktəbləri və peşə liseylərinin nümunəvi ştatları” na uyğun şəkildə tərtib edərək möhürlənib Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim olunmalıdır. F.Talıbov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996 - cı il 29 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarına əsasən bir sıra ştatlar peşə liseylərində 250 nəfərdən artıq şagird kontingenti olduqda bir ştat vahidi ola bilər. Lakin, hal-hazırda liseydə 250 nəfərdən az şagird kontingenti olduğu üçün bu ştatlardan, bir ştat vahidi olan inzibati- təsərrüfat işləri üzrə direktor müavini, bir dərs hissə müdiri, bir laborant, bir komendant, bir fəhlə, bir xəzinədar, işçisi olmayan, lakin ştatda olan nəqliyyat vasitələrinin sürücülüyü üzrə istehsalat təlimi ustası vəzifələri ləğv olunaraq nümunəvi ştata uyğunlaşdırılmalıdır. O, öz çıxışında liseydə olan mövcud vəziyyəti dəyərləndirərək, sözügedən ştatlarda olan işçiləri mümkün olduğu halda boş olan ştatlara keçirilməsinə çalışacağını qeyd etdi. 8 nömrəli Bakı Peşə Liseyinin 82 saylı, 14.09.2021-ci il tarixli arayışından görünür ki, 07.01.2020-ci il tarixdəki ixtisarlardan sonra İddiaçı müəllim kimi hər ay 328,07 manat ödənilmişdir. 8 nömrəli Bakı Peşə Liseyinin 83 saylı, 14.09.2021-ci il tarixli arayışından görünür ki, həmin liseydə 2021-2022-ci tədris ili üçün şagird kontingenti 234 nəfər təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyas tərəfindən verilmiş SER TSE-01 074621 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən 2-ci qrup əlil kimi qeydiyyata alınmış və əmək qabiliyyətsiz kimi qiymətləndirərək, xüsusi yaradılmış şəkildə işləyə biləcəyi müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1986/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin olunmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Hazırkı halda Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır. Belə ki, Ali Məhkəmə 2(102)2354/2021 saylı, 16.05.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5501/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsini ləğv edərək qeyd etmişdir ki, məhkəmə ştat ixtisarının qanuna uyğun aparılıb-aparılmaması, iddiaçıya həmin vaxt xəbərdarlıq göndərilib-göndərilməməsi, həmin vaxt isə həmkarlar ittifaqının razılığının alınmasının mütləq olmasına baxmayaraq belə razılığın olub-olmamasını araşdırmamış və apellyasiya şikayətində sadalanan və onları təkzib edən hər hansı sübutun mövcud olmamasını nəzərə almamışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərlə bağlı aparılan araşdırmalar zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil göstərdi ki, əvvəla iddiaçının işlədiyi dərs hissə müdiri ştatının ixtisarı cavabdehin istəyi və arzusu əsasında deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-ci il tarixli 64 nömrəli qərarının icrası qaydasında həyata keçirilmişdir, başlıcası isə iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində istinad etdiyi ƏM-nin 77.1-ci və 80.1-ci maddələrində təsbit olunmuş tələblər hazırkı hala tətbiq oluna bilməz, çünki həmin maddələrdə təsbit olunmuş tələblər ixtisar nəticəsində işçinin tam olaraq işsiz qalması halını nəzərdə tutur (ehtiva edir) və bu baxımdan onun müəyyən müddət yeni iş yeri tapması üçün şərait yaradılmasını, eləcə də ixtisar nəticəsində işsiz qalması halında işçinin müəyyən maddi ehtiyaclarını təmin etmək məqsədi güdür. Məhkəmə Kollegiyası hazırkı halda ƏM-nin 77.1-ci və 80.1-ci maddələrində nəzərdə tutulmuş tələblərin iddiaçıya şamil olunmaması ilə bağlı cavabdehin nümayəndəsinin bildirdiklərini əsaslı hesab edir. Belə ki, iddiaçının istinad etdiyi ƏM-nin 77-ci maddəsi əmək müqaviləsinə xitam verilməsi halında işçilərin təminatı ilə bağlı məsələləri tənzimləyir. ƏM-nin hazırda qüvvədə olan 77-ci maddəsinin tam mətni aşağıdakı kimidir.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hala şamil olunmur.

6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.

8. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Həmin maddənin sistematik təhlilindən aydın olur ki, həqiqətən də işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq.... rəsmi xəbərdar edilməsində güdülən məqsəd işçinin yeni iş yeri tapması üçün şəraitin yaradılmasından, onun üçün verilməsi nəzərdə tutulmuş işdən çıxarmaya görə müavinət isə işçinin həmin dövdə maddi ehtiyaclarının qarşılanmasından ibarətdir. Belə olan halda müəyyən olunur ki, həmin normanın tələbləri hazırkı iş üzrə iddiaçıya şamil oluna bilməz. Çünki, hazırkı iş üzrə iddiaçının işlədiyi dərs hissə müdiri ştatının ixtisarı ilə bağlı o, elə həmin əmrlə başqa işə - müəllim vəzifəsinə keçirilmiş, bununla da onun yuxarıda qeyd olunan normanın tələbləri baxımından hər hansı iş axtarmaq, eləcə də maddi ehtiyacının qarşılanması zərurəti yaranmamışdır. Demək ki, cavabdehin 07.01.2020-ci il tarixli əmr verərkən ƏM-nin 77-ci maddəsində təsbit olunmuş qaydaya əməl etmək öhdəliyi mövcud olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ƏM-nin 80-ci maddəsində nəzərdə tutulmuş qayda məhz həmin Məcəllənin 77-ci maddəsində təsbit olunmuş əsaslarla birbaşa şərtləndirildiyindən, hazıkı işin faktiki halları isə 77-ci maddənin təsiri altına düşmədiyindən, cavabdeh tərəfindən ƏM-ni 80-ci maddəsinin tələblərinə əməl edilməsinin yoxlanılması zərurəti aradan qalxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələblərini rədd edərkən mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Bununla da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin qətnaməsi isə qanuni və əsaslıdır, buna görə də məhkəmə iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-648/2020 saylı, 12 mart 2020-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar