Məhkəmə qərarları › İş №2(103)-7206/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7206/2021

14.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7206/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1 ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(004)-5596/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.12.2014-cü il tarixli qətnamsəi ilə nikah pozulmuşdur. Birgə nikahlarından 07.10.2001-cü il təvəllüdlü X5 və 17.07.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixindən rəsmi nikaha daxil olduqdan sonra, onunla bilikdə Cavabdeh1 valideyni Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülərək yaşayış sahəsindən istifadə etmək hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 07.10.2001-cü il təvəllüdlü X5 və 17.07.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci il tarixindən rəsmi nikaha daxil olduqdan sonra, onunla bilikdə Cavabdeh1 valideyni Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Həmin mənzildə iddiaçı övladları və cavabdehlərlə birlikdə 14 il birgə təsərrüfat aparmaqla mehriban yaşamışlar. Lakin son zamanlar iddiaçı Cavabdeh1 ailəsinə qarşı biganəliyini görüb, aralarında bağlanmış nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin Qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra, yəni 2014-cü ildən iddiaçı özünə və övladlarına aid bir çox əşyaları həmin mənzildə qoyub evdən çıxaraq, müxtəlif ünvanlarda mənzilləri kirayələyib yaşamağa qərar vermişdir. Hazırki dövr üçün iddiaçının mənzil kirayələməyə maddi vəziyyəti imkan vermir. Ümumiyyətlə hal-hazırda maddi durumu çox çətindir, özü təkbaşına qadındır, daimi yaşamaq üçün isə evi belə yoxdur. X3 20.11.2018-ci il tarixində rəhmətə getmişdir. Halhazırda azyaşlı övladı Murad iddiaçı ilə birlikdə yaşayaraq iddiaçının himayəsindədir. İddiaçı mübahisəli mənzilə 2000-ci ildə köçdükdən sonra həmin ünvanda bu günə kimi uşaq ilə birlikdə qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Hazırkı halda isə mənzilin mülkiyyətçisi olan Cavabdeh2 ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(102)- 2331/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının iddia tələbindən aydın olur ki, o, Cavabdeh1 ilə 26.10.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan Cavabdeh1 valideyni Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüş və 14 il müddətində həmin mənzildə yaşamışdır. İşə baxan məhkəmələr tərəflər arasında notariat qaydasında müqavilənin bağlanmamasına və iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına əsaslanmaqla iddianın rədd olunması nəticəsinə gəlmiş və bu zaman isə Mülki Məcəlləninin 228-ci maddəsinə istinad etmişlər. Lakin məhkəmələr nəzərə almamışlar ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında hər hansı şəxsin adına qeydiyyata alınmamış, dövlətin balansında qalmaqdadır, bu halda isə istifadə hüququnun verilməsi ilə bağlı müqavilənin bağlanması mümkünsüzdür. Belə olan halda isə mübahisəli mənzilin cavabdehin mülkiyyətini təşkil edən mənzil olması, tərəflər arasında istifadə hüququnun yaranmasına əsas olan müqavilənin mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasının, yəni Mənzil Məcəlləsinin (01 oktyabr 20009-cu il tarixədək qüvvədə olan) müddəalarının tətbiq olunmasının zəruriliyini nəzərə almamışdır. Həmin normaların tətbiq edilməməsi, mübahisəni Mülki Məcəlləninin 228-ci maddəsinə uyğun həll edilməsi isə maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbi baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçınin mübahisəli mənzildən istifadə hüququ oraya köçdüyü, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan andan yaranmışdır. Hətta icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Normadan göründüyü kimi, icarədarın ailə üzvü olmayan şəxslər yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu baxımdan məhkəmələr müvafiq olaraq iddiaçının mübahisəli mənzildən istifadə hüququnun saxlamasını isə Mənzil Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından qiymətləndirməli olmalarına baxmayaraq belə qiymətləndirmənin aparılmasını təmin etməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdur. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat: İkinci apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir. Təbiq edilən hüquq: 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də qətnamə ləğv edilməli və işdəki sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir. İşin mübahisə olunmayan halına görə İddiaçı Cavabdeh1 ilə 26.10.2000-ci ildə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan da ərinin atası Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan 07.10.2001-cü il təvəllüdlü X5 və 17.07.2009-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı nikahları pozulduqdan sonra, yəni 2014-cü ildən iddia tələbində göstərdiyi köçmək istədiyi mənzili tərk etmiş və bir daha həmin mənzildə yaşamamış, 27 avqust 2019-cu il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi mənzilin mülkiyyətdə olması və mülkiyyətçi Cavabdeh2 ilə notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını qeyd edərək, mövqeyini Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsinin də göstərdiyi kimi, mübahisəli mənzilin mülkiyyət hüququ əsasında hər hansı şəxsin adına qeydə alınması müəyyən edilmir. Belə olan halda birinci instansiya məhkəməsinin mübahisəli mənzilə mülkiyyət kimi yanaşması əsassız olmuşdur. İş materiallarında olan (i.v. 92) Bakı şəhər Oktyabr rayon XDS-nin 24 dekabr 1985-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küç. ev 5-də yerləşən iki otağı 26.0 kv.m olan mənzilə Cavabdeh2 ilə mənzil kirayə müqaviləsinin bağlanılması qərara alınmışdır. İş materiallarında olan (i.v. 8) Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1993-cü il tarixli 231/75 saylı Sərəncamından görünür ki, H.Cavid küçəsindəki 5 saylı evin yaşayış sahəsi 30,0 kv.m olan boşalmış 2 otaqlı mənzil R.M.Kadırovun mənzilinə əlavə edilmiş və o, yaşayış sahəsi 17,0 kv.m olan 5 otaqlı mənzilin kirayəçisi hesab edilmişdir. İş materiallarında olan (i.v. 11) 01 noyabr 2013-cü il tarixli Arayışla (Forma 2) müəyyən edilir ki, S.Salayev küçəsindəki 77,0 kv.m yaşayış sahəsi MKTB-yə məxsusdur, sahibi Cavabdeh2dur və həmin mənzildə iddiaçı da daxil olmaqla 9 (doqquz) nəfər pasport qeydiyyatındadır. Apelyasiya baxışı zamanı elektron sistemdən edilmiş çıxarışla da mübahisələndirilən mənzilin cavabdehlərin hər hansı birinin mülkiyyətində olması müəyyən edilmir. Həmçinin apelyasiya baxışı zamanı elektron məhkəmə sistemində yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianı qaldırdıqdan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hazırki cavabdehlərə qarşı “yaşayış-istifadə hüququnun müdafiə tələbinə dair” digər bir iddia qaldırmış və həmin iddia tələbi 05.04.2021-ci il tarixli qətnamə ilə təmin edilməmişdir. Həmin qətnamə öyrənilərkən müəyyən olunur ki, mübahisəli mənzil və həmin mənzilin yerləşdiyi ərazi pilot layihəsi olaraq çoxmənzilli bina tikilməsi üçün ayrılmışdır və hazırda orada söküntü və tikinti işləri aparılır. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, mübahisəli mənzilin cavabdehlərin və ya digər şəxslərin adına dövlət reyestrində qeydə alınması müəyyən edilmir və bu səbəbdən də həmin mənzilə münasibətdə mülkiyyət münasibətlərini tənzimləyən maddi hüquq normalarının tətbiq edilməsi istisna edilir. Həmçinin müəyyən edilir ki, mübahisəli mənzil dövlət balansında olmaqla dövlətin mülkiyyətindədir və iş üzrə Cavabdeh2 ilə həmin mənzildən istifadəyə görə mənzil kirayə müqaviləsi bağlanılmış və Cavabdeh2 mübahisəli mənzilin icarədarı olmuşdur. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı 2000-ci ildən mübahisəli mənzilə köçüb yaşadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin217.1-ci maddəsində göstərilənlərə əsasən mübahisənin həlli üçün ilk növbədə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 oktyabr 2009-cu il tarixə kimi) qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin (köhnə) 53-cü maddəsinin tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçının mənzildən istifadə hüququ oraya köçdüyü, icarədar ilə birlikdə yaşayış onunla ümumi təsərrüfat apardığı andan yaranmışdır. Hətta icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd edilənlərlə iddiaçının mübahisəli mənzildən köçdüyü vaxtda istifadə hüququnu əldə etməsi öz təsdiqini tapır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 2014-cü il tarixdə mübahisəli mənzili tərk etmiş, 2019-cu ildə hazırki iddianı qaldıran vaxta kimi həmin mənzilə görə hər hansı bir mübahisə açmamışdır. Mübahisənin həlli üçün iddia qaldırılan vaxtda iddiaçının mübahisəli mənzildə istifadə hüququnun mövcud olub-olmamasına qiymət verilməsi zəruridir. Mənzil Məcəlləsinin (köhnə) 87-ci maddəsinin tələblərinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü andan pozulmuş hesab edilir. Mənzil Məcəlləsinin (köhnə) 60-cı maddəsinin tələblərinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin normada müvəqqəti başqa yerə gedən şəxslərin daha uzun müddətə yaşayış sahəsinin saxlanılması əsasları da müəyyənləşdirilmişdir. Kollegiya Mənzil Məcəlləsinin (köhnə redaksiyada) 87 və 60-cı maddələrinin tələblərini nəzərə alıb hesab edir ki, iddiaçı mübahisəli mənzilə köçdüyü vaxtda istifadə hüququ əldə etsə də, 2014-cü il tarixdən həmin mənzili tərk etdiyindən və keçən 5 (beş) ilə yaxın müddətdə həmin mənzilə qayıtmadığından artıq istifadə hüququnu itirmişdir. Bu səbəbdən onun mübahisəli mənzilə köçürülməsi üçün əsaslar aradan qalxmışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçının mübahisəli mənzidən köçdükdən sonra uzun müddət başqa yaşayış sahəsində yaşaması, mübahisəli mənzillə bağlı uzun müddət mübahisə açmaması onun mübahisəli yaşayış sahəsinə maraqlarının olmamasına dəlalət edir. Həmçinin iş materiallarından da göründüyü kimi, mübahisəli yaşayış sahəsinin plana düşməsi, yerində pilot layihəyə uyğun yeni yaşayış sahəsinin tikilməsi barədə məlumat aldıqdan sonra iddiaçının niyyəti kompensasiya almaq olmuş və bu onun həmin əsasla məhkəmədə iddia qaldırması ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv etdiyindən, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməli, apelyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(004)-5596/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülərək yaşayış sahəsindən istifadə etmək hüquqlarının tanınması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar