Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7209/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2933/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 28 iyun 1972-ci il tarixindən 30 avqust 1976-cı il tarixinə kimi Azərbaycan Respublikası Ağdam rayon Heydər Hüsiyev adına Üzümçülük Sovxozunda fəhlə kimi işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, o, Ərizəçi xx.xx.1955-ci il tarixində Respublikasının Ağdam rayonunun Abdal kəndində doğulmuş və orada boyabaşa çatmışdır. Orta məktəbi bitirdikdən sonra-yəni 1972-ci ilin iyun ayından sovetlər dönəmində mövcud olmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon H.Hüsiyev adma Üzümçülük Sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Həmin Sovxozda 4 ildən (1972-ci ilin 28 iyunundan 1976-cı ilin 30 avqustunadək) artıq işlədikdən sonra Bakı şəhərinə köçərək hal-hazırda yuxanda göstərilən ünvanda yaşayır. Ərizəçinin artıq 67 yaşı vardır. Yaşa görə əmək pensiyası almaq hüququ yarandığından ərizəçi bu məqsədlə müvafiq sənədləri toplayıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etdi. Ərizəçinin müraciəti araşdırılması üçün aidiyyəti üzrə bu iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və həmin qurumdan əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajının yetərli olmaması (ərizəçinin yuxarıda qeyd etdiyi 4 ildən artıq əmək fəaliyyəti barədə nəzərə alınmadığından) səbəbi əsas götürülərək ona imtina edilmişdir. Bununla yanaşı həmin qurumdan ərizəçiyə imtina edilərkən, işlədiyi lakin sonradan adına açılmış əmək kitabçasında öz əksini tapmayan 4 ilin sosial sığorta stajına daxil edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməli oldu. Məhkəmənin nəzərinə çatdırır ki, ərizəçinin doğulduğu Ağdam rayonu, Abdal kəndi və xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinə kimi işlədiyi sovxoz məlum hadisələrlə bağlı ermənilər tərəfindən işğal edildiyindən işləməyi barədə sənədlər həmin işğal zonasında qalmış və bu səbəbdən onları əldə edə bilmir. Ancaq həmin vaxtlarda ərizəçi ilə eyni sovxozda işləmiş şahidlər, habelə Ağdam rayon H.Hüsiyev adına Üzümçülük sovxozunun rəhbərliyi tərəfindən verilmiş arayışla bu fakt təsdiq edilir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2933/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək Ağdam rayon Heydər Hüsiyev adına Üzümçülük Sovxozunda fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qətedilmişdir. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmıdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prüsessual hüquq normalarını pozmuş, Azərbaycan Respublikası Ali Məhkməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının tövsiyələrini nəzərə almamışdır. Məhkəmə iclasında içtirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iş üzrə icraata xitam verilməsini, ərizəçi isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 13.2-ci bəndində göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş materiallarında olan Azərbaycan Respublikası kənd təsərrüfatı və Ərzaq Nazirliyi Ağdam rayon KT və Əİ H.Hüsiyev adına üzümçülük savxozunun verdiyi xx.xx.2021-ci il tarixli 01 nömrəli arayışından görünür ki, Ərizəçi 28 iyun 1972-ci il tarixdən 30 avqust 1976-cı il tarixə kimi Ağdam rayon Heydər Hüsüyev adına üzümçülük sovxozunda fəhlə işləmişdir. Göründüyü kimi Ərizəçi əmək stajını təsdiq edən müəssisənin verdiyi arayış mövcuddur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının tövsiyəllərini nəzərə alaraq hesab edir ki, hazrki iş üzrə hüquqi əhəmiyyəti fakt üzrə ərizəyə məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2933/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb olunmaqla “əmək fəaliyyəti ilə məşğul olması faktının müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, o, əmək stjanın müəyyən edilməsi üçün müvafiq inzibati orqana müraciət etmək hüququna sahibdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7209/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7209/2022
30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver