Məhkəmə qərarları › İş №2(103)-7209/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7209/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7209/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əsassız varlanma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4347/2023 nömrəli 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2020-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilə, xx.xx.2021-ci il tarixli “Hesab və ödəniş kartına dair” müqavilə və xx.xx.2021-ci il tarixli “X6 (kredit)” müqaviləsi bağlanmışdır.

2. İddiaçı ASC tərəfindən Cavabdeh ******************** nömrəli və ******************** nömrəli plastik kartlar verilmişdir.

3. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dövr üzrə 1.224.121,01 ABŞ Dolları məxaric olunub, 137,06 ABŞ Dolları mədaxil edilib.

4. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa görə Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dövr üzrə 3.512,64 manat məxaric olunub, 10,42 manat mədaxil edilib.

5. Cavabdehə göndərilmiş 17 aprel 2023-cü il tarixli bildirişdə göstərilmişdir ki, İddiaçı ASC-yə məxsus ******************** nömrəli və ******************** nömrəli plastik kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş, 11896,36 USD və 3475,63 AZN məbləğində borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ASC-nin hesabına əssasız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11896,36 ABŞ dolları və ona illik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə olan məzənnəsi ilə hesablanıb ödənilməsi, həmçinin 163,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ASC-yə məxsus 2 ədəd plastik kart istifadəçisi olmuşdur. Bank tərəfindən verilmiş plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh kart hesablarından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesablarından xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Cavabdehlə telefon əlaqəsi yaradılmış, o, borcunu etiraf etmiş, həmin məbləği bir dəfəyə ödəməyə imkanının olmadığını qeyd etmişdir. Cavabdeh heç bir əsas olmadan texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2023-cü il tarixli 2(008)-4347/2023 nömrəli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh əssasız varlanma nəticəsində əldə etdiyi 3475,63 manat və ona illik 5 faizlə hesablanmış 86,89 manat əldən çıxmış fayda, 11896,36 ABŞ dolları və ona illik 5 faizlə hesablanmış 346,98 ABŞ dolları əldən çıxmış faydanın xarici valyuta ilə ödənilməli olan məbləğin həmin günə olan məzənnəsi ilə hesablanıb ödənilərək, həmçinin 163,20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnın hərəkətləri varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığından əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.8, 1091.1, 1091.2, 1092.1, 445.7 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, əsassız varlanmadan söz gedə bilməz. Kart hesabına köçürülən məbləğ üzrə onun hansı müddətdə qaytarılması barədə heç bir qeyd yoxdur. Həmin pulun hissə-hissə qaytarılmasını banka təklif etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. İddiaçının nümayəndəsi ərizə göndərərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

19. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

20. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

21. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən bank tərəfindən cavabdehə ******************** nömrəli və ******************** nömrəli plastik kartlar verilmişdir.

32. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dövr üzrə 1.224.121,01 ABŞ Dolları məxaric olunub, 137,06 ABŞ Dolları mədaxil edilib.

33. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışa görə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək dövr üzrə 3.512,64 manat məxaric olunub, 10,42 manat mədaxil edilib.

34. Birinci instansiya məhkəməsində cavabdeh borca etiraz etmədiyini bildirmiş, pulu çıxartdığını etiraf etmiş, artıq yazılan məbləğə etiraz etmişdir.

35. İddiaçı texniki səhvin nəticəsində cavabdehin hesabına köçürülmüş artıq pul məbləğinin və əldən çıxmış faydanın tutulmasını tələb etmişdir.

36. Tərəflər arasında bağlanmış “Hesab və ödəniş kartına dair” xx.xx.2021-ci il tarixli müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, hesaba yanlış daxilolma olduqda, Müştəri bu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin Bankda (mövcud olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər.

37. Müqavilənin 4.2.2-ci bəndində göstərilmişdir ki, kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini müştəri istifadə etmir, dərhal Banka geri qaytarır.

38. Həmçinin “X6 (kredit)” müqaviləsinin də 3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, hesaba yanlış daxilolma olduqda, Müştəri bu barədə 3 iş günü ərzində Banka məlumat verməli və Bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən akseptsiz qaydada Müştərinin hesabından silinə bilər.

39. Müqavilənin 7.2.4-cü bəndində göstərilmişdir ki, kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini müştəri istifadə etmir, onları dərhal Banka geri qaytarır.

40. Göründüyü bankla bağlanmış müqaviləyə əsasən cavabdeh öhdəsinə götürmüşdür ki, kart hesabına artıq və ya səhvən pul mədaxil olarsa, həmin pul vəsaitindən istifadə etməməli və dərhal Banka geri qaytarmalıdır. Bu barədə Banka məlumat verməlidir.

41. Baxılan iş üzrə cavabdehin mədaxil olunmuş pul məbləğlərini istifadə etməsi mübahisəsizdir.

42. Belə olan halda cavabdeh hər hansı hüquqi əsas olmadan bankın hesabına əsassız varlanmışdır.

43. Bank hazırda həmin pul məbləğini tələb etməkdə haqlı olmuşdur.

44. Cavabdeh apellyasiya şikayətin həmin pulun hissə-hissə qaytarılmasını banka təklif etdiyini göstərmişdir. Kollegiya qeyd edir ki, ödənilməli olan məbləğin hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmək bankın vəzifəsi yox, hüququdur.

45. Eyni zamanda Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

46. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4347/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar