Məhkəmə qərarları › İş №2(103)-7210/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7210/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7210/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 “a” saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 “a” saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan Cavabdeh yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh Cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasar, qapı (darvaza), su çəninin onun hesabına sökülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instasiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Bu səbəbdən qətnamə ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə idiaçının iddia tələbini ancaq 11238 saylı 02 sentyabr 2019-cu il tarixli ekspert rəyinə istinad edərək iddia tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməməsi nəticəsində əsassız aktı qəbul etmişdir. Ekspert rəyinə görə mütəxəssis rəyi əsasında Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilmədi. Sxemlərdə göstərilən miqyaslı yolun eni 6.6 metrdir. Hal hazırda mübahisələndirilən yol dəmir darvaza qoyularaq bağlandığı müəyyən edilmişdir. Məhkəmə aktı ancaq ekspert rəyinə istinad etməklə kifayətlənmişdir. Lakin ekspert rəyi natamamdır. İlk öncə tikinti-texniki eksperti Cavabdeh məxsus 1314a saylı torpaq sahəsində olmamış və ölçü işləri aparmamışdır. Bu da onda ekspert rəyinin obyektivliyinə şübhə yaradır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Qarardad ilə ekspert qarşısında iki sual qoylmuşdur. Ekspert 1-ci suala qeyri-dəqiq, 2-ci suala isə cavab verməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulmasının göstərilməsi yanlış fikirdir. Ekspert rəyində iş materiallarına əlavə edilmiş sxemdə göstərilməsi kimi yönəldici ifadələr çaşqınlıq yaradır. İş materiallarına əlavə edilmiş **********50-11301 reyestr nömrəli, 17.11.2012-ci il tarixli Texniki pastportun torpaq sahəsinin planında və sxemindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsinin yolu onun torpaq sahəsindən keçmir. Əgər ekspert faktiki olaraq sözügedən torpaq sahələrinə baxış keçiridikləri zaman qeyd etdiklərinin şahidi ola bilərdilər. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri deyil, məhkəmə tikinti-texniki eksperti, habelə məhkəmənin iştirakı ilə əraziyə baxış keçirməli və faktiki ölçülər götürülməlidir. Bundan başqa, məhkəmə həmin torpaq sahəsinin yolun uzunluğu neçə metr olmalıdır sualına ekspert yolun eninin ölçüsünü göstərmişdir. Normativ və qaydalara əsasən yolun eninin uzunluğu ilə torpaq sahəsinə giriş-çıxış yolunun müəyyən edilməsi kifayətedici deyildir. 1314a saylı torpaq sahəsinin yolu İddiaçı torpaq sahəsinə gedən yol deyil. Həyat yoldaşı, mərhum X1 məxsus 1314 saylı torpaq sahəsinə aid yoldur. Bakı şəhəri 53 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Məhz bu səbəbdən məhkəmənin və ekspertin qeyd olunan torpaq sahələrinə baxış keçirməsi zəruridir. Yuxarıda qeyd olunanlar, ekspert rəyi ilə texniki pasport arasında texniki göstəricilərdə kəskin ziddiyyətlərin və fərq mövcudluğu olduğu təqdirdə məhkəmə bu zidiyyəti araşdırmadan yekun akt qəbul etməsi ilə Mülki-Prosessual Məcəlləsinin 102.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya əsasən ekspert rəyi kifayət qədər aydın və tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 saylı torpaq sahəsinə və 1314a saylı torpaq sahəsinə hüquqi qiymət (mükiyyətçi müəyyən edilməmiş, hüquqi varisliyi, hansı ərazini əhatə etməsi və ölçüləri) verməmişdir. Qeyd olunan torpaq sahələri fərqli mülkiyyətlərdir. Məhkəmə bu hissədə ümumiyyətlə araşdırma aparmamışdır. Habelə məhkəmə aktında Cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasar, qapı (darvaza), su çəninin onun hesabına sökülməsi qət edilmişdir. Lakin iddiaçı Ağayeva Xəyalə Sarıbala qızının mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315a saylı torpaq sahəsinə giriş-çıxış yolunun hansı məsafədən müəyyən olunmadığı təqdirdə məhkəmənin gəldiyi nəticə ədalətli hesab oluna bilməz. Belə ki, ona məxsus torpaq sahəsində qapı (darvaza), su çəni iddiaçının torpaq sahəsinə aidiyyəti yoxdur. Çünki, mülkiyyətində olan torpaq sahəsinin qapı hissəsində su çəninə kimi olan məsafə təxminən 6 metr təşkil edir. İş materiallarında olan Texniki pasportlar buna sübutdur. Yenə də ekspertin qeyd olunan torpaq sahələrinə baxış keçirməsi qaçılmazlığı ortaya çıxır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2(103)-944/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(1020-2563/21 saylı 19 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-944/2020 nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(1020-2563/21 saylı 19 may 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı, cavabdehlə bağ sahələri arasında ümumi istifadə üçün yol olduğunu və cavabdehin həmin yolu zəbt edib orada tikililər aparmaqla onun yoldan istifadə etməsinə maneçilik törətdiyini bildirir. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər (§ 19). Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Belə tələbin haqlı sayılması və təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Bir qayda olaraq, həmin halların sübuta yetirilməsi yükü isə iddiaçının üzərinə düşür (§ 21). Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı bağ sahəsinin İddiaçı xüsusi mülkiyyətində və mübahisəli sahənin isə Cavabdeh sahibliyində olması işin mübahisəsiz hallarıdır. Cavabdeh tərəfindən mübahisələndirilən hal bundan ibarətdir ki, tikililərin olduğu sahə uzun illərdir ki, onların sahibliyindədir, iddiaçının bağına giriş həmin hissədən deyil. Başqa sözlə cavabdeh, mübahisəli sahəyə sahiblik etməsi ilə iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik yaratmadığını bildirir. Bu baxımdan iş üzrə mübahisəli halın (cavabdeh tərəfindən iddiaçıya yaradılmış maneə və ya məhdudiyyətin) mövcud olub-olmaması müəyyən edilməlidir. Bunun üçün xüsusi biliyə malik olan şəxslərin verdikləri rəy(lər) mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Ekspertiza çəkişmə prinsipinə və işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla, mümkün olduqda isə onların iştirakı ilə keçirilir (§ 23-25). Birinci instansiya məhkəməsindəki icraatda iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və icrası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. MEM-in tərtib etdiyi 02.09.2019-cu il tarixli rəyə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a sayli torpaq sahəsi və həmin ərazidə yerləşən Cavabdeh məxsus 1314 a saylı torpaq sahələrinin giriş-çıxış yolu mülki iş materiallarına əlavə edilmiş sxemdə və Cavabdeh adına verilmiş plan-ölçü sənədində nəzərdə tutulduğu müəyyən olunur. Həmin yolun tutduğu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi aşkar edilməmiş, sxemlərdə göstərilən miqyasla yolun eni 6,6 metrdir, halhazırda mübahisələndirilən yolun dəmir darvaza qoyularaq bağlandığı müəyyən olunmuşdur. İşə mahiyyəti üzrə baxan məhkəmələr həmin rəyləri əsas götürərək bu qənaətə gəlmişlər ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətindən istifadəsinə maneçilik yaradılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul edilməmişdir. Belə ki, işin düzgün həlli üçün mübahisəli sahənin hüquqi vəziyyəti (ümumi istifadədə olan yol, yoxsa bağ sahəsi olması), əgər oradan ümumi istifadə üçün yol keçirsə həmin yolun hansı hissəsinin (hamısının, yoxsa bir hissəsinin) cavabdehin sahibliyində olması, iddiaçının öz sahəsinə girişin plan-cizgi sənədlərində haradan nəzərdə tutulması, hazırda belə girişin olub-olmaması, iddiaçının mübahisəli sahədən giriş qoymaq imkanının və ümumilikdə həmin sahədən istifadədə mənafeyinin olub-olmaması, mövcud vəziyyətin iddiaçının öz mülkiyyətində olan bağ sahəsindən istifadə etməsinə maneə və ya məhdudiyyət yaradıb-yaratmaması, əgər yaradırsa bunların konkret nədən ibarət olması və həcmi (mübahisə predmeti olan tikililərin yerləşdiyi sahənin hamsını əhatə edibetməməsi) və əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməlidir. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən həmin suallar ekspertiza qarşısında qoyulmamış və onlara dair ixtisaslı şəxsin cavabı alınmamışdır. Məhkəmələrin istinad etdikləri Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspert mübahisəli sahəyə yerində baxış keçirməmiş və müvafiq ölçü işləri aparılmamış, tədqiqatın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən aparıldığını qeyd etmişdir. Ekspertizanın rəyində mütəxəssis rəyinə istinad olunmaqla oradakı məlumatlar təkrarlanmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində isə gəlinən nəticələr ümumiyyətlə əsaslandırılmamışdır. Həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin (eləcə də iddia edilən yol) koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma mülki işə əlavə edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmışdır. Belə olan halda, işin düzgün həlli üçün həmin rəylərin mötəbər və kifayətedici sübut kimi qəbul edilməsi üçün əsaslar yoxdur. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 20, 22, 26). Qeyd olunanlar mübahisəyə tətbiq olunan maddi hüquq normasının mübahisəli dispozisiya şərtinin (§ 36) hazırkı məqamda müəyyən edilmədiyinə dəlalət edir. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi oluğundan hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən aşağıdakı məsələlərə dair mütəxəssis(mühəndis,ekspert) rəyi alınmalıdr:

1. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı bağ sahələrinin hüquqi vəziyyəti necədir, yəni hər bir bağ sahəsinin ərazisi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahə üzrə və həcmdə mülkiyyətçilərin faktiki sahibliyində və istifadəsindədirmi?

2. Mübahisələndirilən ərazi ümumi istifadədə olan yolun yaxud hansısa bağ sahə(lər)nin ərazisidirmi?Əgər mübahisələndirilən ərazi ümumi istifadədə olan yolun ərazisidirsə və oradan ümumi istifadə üçün yol keçirsə həmin yolun hansı hissəsi(hamısı, yoxsa bir hissəsi konkret ölçülərlə göstərməklə) cavabdehin sahibliyindədir?

3. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı bağ sahəsinə giriş rəsmi sənədlərə əsasən konkret olaraq bağ sahəsinin hansı hissəsindən nəzərdə tutulmuşdur(konkret həmin hissəni göstərməklə ) və hazırda həmin giriş mövcuddurmu və istifadə edilirmi?

4. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı bağ sahəsinə əgər mübahisələndirilən ərazi ümumi istifadədə olan yolun ərazisidirsə bu mübahisəli sahədən giriş qoymaq imkanı və ümumilikdə həmin sahədən istifadədə mənafeyi ola bilərmi?

5. Mübahisəli ərazidəki mövcud vəziyyətin iddiaçının öz mülkiyyətində olan bağ sahəsindən istifadə etməsinə maneə və ya məhdudiyyət yaradırmı, əgər yaradırsa bunların konkret nədən ibarət olması və həcmi (mübahisə predmeti olan tikililərin yerləşdiyi sahənin hamısını əhatə edib-etməməsi) müəyyən edilsin.

6. Mütəxəssisin(mühəndis,ekspert) diqqətinə çatdırılsın ki, müayinə zamanı iş üçün əhəmiyyət kəsb edən hallar ortaya çıxarsa, həmin hallara da münasibət bildirsin və tərtib etdiyi rəydə bunu göstərsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəyini deyil, özünün təqdim etdiyi “X5 və Ekspertiza Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətin 10 noyabr 2021-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut növü kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyini təkrarlayan ekspert rəyinə istinad etməklə formalaşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında formlaşdırdığı hüquqi mövqeyə görə.... ikinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə ki, cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 sentyabr 2021-ci il tarixli məktubu ilə göndərilmiş mütəxəssis(mühəndis) rəyi alınmışdır. Qeyd olunan rəydə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a və 1315 a saylı bağlara texniki baxış keçirildiyi göstərilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yol kimi iddia olunan sahə sxematik xəritəyə əsasən 1317 saylı bağın ərazisidir. 1315 a saylı bağın yolu 1315 saylı bağın ərazisində olmalıdır və 1315 saylı bağın kadastr planında nəzərə alınmışdır. İddiaçı cavabdehdən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsini tələb edir. Qeyd olunan rəylə 1314 “a” saylı bağ sahəsi və 1315 “a” saylı bağ sahələri arasında olan, iddiaçının ümumi istifadədə olmalı olan yol hesab etdiyi mübahisələndirilən ərazi hansısa yolun ərazisi olmadığından iddia bu hissədə təmin edilə bilməzdi. Demək, bu ərazinin yol ərazisi kimi mənimsənilməsindən də söhbət gedə bilməz. İddia tələbinin cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi hissəsi də özü-özlüyündə əsassızdır ona görə ki, iddiaçının yol hesab etdiyi ərazi yol üçün nəzərdə tutulmuş yer olmadığından iddiaçıya məxsus bağ sahəsi ilə bu ərazini ayıran hasarın, cavabdehə məxsus qapının(darvazanın) və su çəninin də sökülməsinə əsas yaranmır. İkincisi, apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında mübahisəli əraziyə yerli baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus bağ sahəsi ilə cavabdehə məxsus bağ sahəsi arasında iddiaçının sökülməsini tələb etdiyi mişar daşından hasar, daş hasarın giriş qapısına tərəf hissədə isə tualet kimi istifadə olunan tikili və onun kənarına basdırılmış metal dayaqların üzərində su çəni və metal materialdan giriş qapısı(darvaza) həqiqətən mövcuddur. İddiaçı tərəf qeyd olunan hasarın, su çəninin və metal darvazının ümumi istifadədə olan yola çıxış imkanını məhdudlaşdırdığı üçün sökülməsini tələb etdi, cavabdeh tərəf isə qeyd olunan hasarın 1965-ci ildə inşa olunduğunu və bağ sahəsini bu vəziyyətdə aldığını bəyan edərək iddiaya bir daha etiraz etdi. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunan hasarın yeni deyil, uzun illər əvvəl inşa olunduğunun açıq-aşkar müşahidə olunduğunu, əksinə 1315 a saylı bağ sahəsi ilə, 1315 saylı bağ sahələrinin arasında daha hündur daş hasarın yeni inşa olunduğunu müəyyən etdi. Baxış zamanı iddiaçı tərəf 1315 a saylı bağ sahəsini alarkən mübahisəli hasarın, su çəninin və giriş qapısının mövcud olduğunu inkar etmədi. Demək, iddiaçı bağ sahəsini alarkən mövcud vəziyyəti görmüş və dəyərləndirərək alqı-satqı əməliyyatını həyata keçirmişdir. Sonradan isə həmin bağ sahəsi üçün gedişgəliş yolunun məhz cavabdehin istifadəsində olan ərazidən keçdiyini bəyan edərək hazırki iddianı irəli sürmüşdür. Cavabdeh tərəf isə iddiaçının faktiki sahibliyində həmin bağa bitişik böyük evinin olduğunu və o istiqamətdən də yola çıxışı olduğunu, eləcə də 1315 a saylı bağ üçün nəzərdə tutulmuş yolun da 1315 saylı bağın ərazisindən keçməli olduğunu bildirdi. Göründüyü kimi, yerli baxış zamanı müəyyən edilənlər də iddianın açıq-aşkar əsassız olduğuna dəlalət edirdi. Üçüncüsü, hazırki işdə mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olmasının qanuniliyi də mübahisələndirilmir, eyni zamanda bunun araşdırılması da hazırkı işin predmetinə aid deyildir. Buna baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis(mühəndis) rəyində yol kimi iddia olunan sahənin sxematik xəritəyə əsasən 1317 saylı bağın ərazisi olduğu qeyd olunur. Demək, həmin ərazi başqa bağın ərazisi olduğuna görə də yol kimi istifadəsi nəzərdə tutula bilməzdi. Birdəki, qeyd olunan rəydə 1315 a saylı bağın yolu 1315 saylı bağın ərazisində olmalı olduğu və 1315 saylı bağın kadastr planında nəzərə alındığı dəqiq və konkret göstərilmişdir. Demək cavabdehin məhz iddiaçıya aid bağ sahəsi üçün nəzərdə tutulmuş yolu hasara alıb-almamasını ən dəqiq müəyyən edə biləcək səlahiyyətli dövlət orqanı da bu faktı təsdiq edir. Belə ki, bağ(torpaq) mübahisələri ilə bağlı müvafiq rəy vermək üçün yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindən olan qurumlar, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarələri səlahiyyətlidir. Çünki, torpaqla bağlı məsələlər, o cümlədən torpaqların kadastrı, ünvanı, sxemi, sahəsi,kordinatları, hansı şəxsə məxsus olması və sair məsələlərin həlli həmin qurumların səlahiyyətində olduğundan bu məsələlər üzrə də yeganə mötəbər rəyləri onlar verə bilər. Əlbətdə ki, keçmiş Bağlar təsərrüfatının arxivi də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarələrində saxlandığından yalnız bu qurum dəqiq və müfəssəl rəy verə bilərdi ki, onu da vermişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində bu sahə ilə bağlı metodika və məlumat mövcud olmadığından həmin Mərkəz yalnız həmin qurumun və ya Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi rəyləri təsdiq edərək ekspert rəyi verirlər. Ona görə məhz qeyd olunan torpaq məsələləri ilə bağlı ekspertizanın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi açıqaşkar lüzumsuz olan və işə baxılması vaxtını uzadan bir haldır. Ən azından ona görə ki, ayrı-ayrı şəxslərin mülkiyyətində olan bağ sahələri üzrə yolların bağın hansı hissələrindən nəzərdə tutulduğu barədə məlumatlar yalnız dövlət orqanı olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq İdarələrində mövcuddur. Bu orqanlardan həmin məlumatın alındığı təqdirdə təkrarən bu məlumatın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində də göstərilməsi həmin məlumatın əhəmiyyətini yaxud mötəbərliliyini hansısa formada artırmır yaxud azaltmır. Çünki, bu cür rəy iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv(tələb etmək)hüququ yaratmır. Ən azından həmin Mərkəz mübahisəli torpaq sahəsinin statusunu və hansı şəxsə məxsus olmasını bilmir. Dördüncüsü, ölkə prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mükün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı, o cümlədən hazırki işdə iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya baxışı zamanı “X5 və Ekspertiza Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətin 10 noyabr 2021-ci il tarixli mütəxəssis rəyi kimi təqdim edərək mötəbər sübut kimi qəbul edilməsini xahiş etmişdir. Lakin qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası yaxud mütəxəssis rəyi kimi qəbul olunması qanunsuzdur və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Beşincisi, iddiaçının mübahisəli torpaq sahəsindən yol kimi istifadə etməyə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir. Çünki, iddiaçının bağ sahəsi üçün yolun hansı ərazidən olması yuxarıda qeyd olunan rəydə də göstərilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əlbətdə ki, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, hüquq münasibətləri qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Başqa sözlə iddiaçı 1315 a saylı bağ sahəsini alqı-satqı müqaviləsi əsasında alarkən onun yolunun haradan olmasını özü üçün müəyyənləşdirməli və öyrənməli idi. Eyni zamanda iddiaçının mülkiyyətində olan bağ sahəsi üçün yolun başqa ərazidən olduğu halda məhz cavabdehə qarşı iddia irəli sürərək sonuncuya məxsus hasarın, darvazının və su çəninin söklməsini tələb etmək isə ən azından hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1,385.1.2, və 385.1.3-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan halların birinci instansiyası məhkəməsi tərəfindən sübut edilməməsi halları o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1415/2019 saylı iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 “a” saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 “a” saylı torpaq sahəsi və 1315 “a” saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1415/2019 saylı iş üzrə 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1315 a saylı torpaq sahəsindən istifadənin həyata keçirilməsinə mane olan cavabdehin yol verdiyi pozuntuya son verilməsi, yəni, Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1314 a saylı torpaq sahəsi və 1315 a saylı torpaq sahələri arasında olan, ümumi istifadədə olmalı olan yolun mənimsənilməsinə son qoyulması, cavabdeh tərəfindən özbaşına tikilmiş daş hasarın, qapının (darvazanın), su çəninin cavabdehin hesabına sökülməsi barədə iddiası təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar