Məhkəmə qərarları › İş №2(103)-7216/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7216/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7216/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair, Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2524/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh 19 aprel 2011-ci il tarixdə iddiaçının oğlu olan X5 ilə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikah dövründə 2012-ci il və 2013-cü ildə Heydərli Rəsul və Heydərli Rəhim adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(011)-444/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur.Tərəflər nikahından sonra Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzildə yaşamağa başlamışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzil 01 iyul 2011-ci il tarixdən -İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı həmin evə istifadə hüququnun olmasını iddia edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyəti olan ünvan 1 ünvanından xx xxxxxxx 1989-cu il təvəllüdlü Cavabdeh və onun övladları 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X7 istifadə hüquqlarının itirilmiş hesab edilməklə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, 1971-ci ildən o, həmin mənzildə yaşayır, 01 iyul 2011-ci il tarixdə tam paylı hüquq sahibi kimi daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış almışdır. X18 ailə qurduqdan bir müddət sonra onun həyat yoldaşı Cavabdeh və birgə nikahdan olan övladları 02 mart 2012-ci il təvəllüdlü X10 və 12 oktyabr 2013-cü il təvəllüdlü X11 iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata salınmışlar. Son zamanlar oğlunun həyat yoldaşı ilə münasibətləri tam pozulduğundan birgə yaşamaları mümkün olmadığı üçün sonuncu nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda Cavabdeh mülkiyyətində olan mənzildən çıxmağı xahiş etsə də, sonuncu buna məhəl qoymamış, mənzili boşaltmaq və qeydiyyatdan çıxmaqdan imtina etmişdir. İddiaçıya məxsus mənzildə üçüncü şəxslərin qeydiyyatda qalmağı mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək hüquqlarının tam olaraq həyata keçirilməsinə mane olur. Daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyündən iddiaçının tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. İkinci iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı övladının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6-da olan 6 saylı mənzilə istifadə hüququnun tanınması və ünvan 1-ya dair 01 iyul 2011ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə nikahlarını 19 aprel 2011-ci ildə 522 nömrəli qeydlə Xətai rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Bununla bağlı cehiz əmlakları ünvan 2 ünvanına aparılmışdır. 24 aprel 2011-ci il tarixdə el adəti ilə toyları olmuş və iddiaçı həmin tarixdən cehiz əmlaklarının aparıldığı mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından iki övladı 02 mart 2012-ci ildə X10 və 12 oktyabr 2013-cü il tarixdə X11 doğulmuşdur. Onların nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda iki övladı ilə həmin mənzildə yaşayır. Ona qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra məlum olmuşdur ki, həmin mənzil heç vaxt həmin mənzildə yaşamayan cavabdeh İddiaçı mülkiyyətindədir. Cavabdeh İddiaçının gəlin köçdüyü və hazırkı vaxta qədər fasiləsiz yaşadığı və istifadə etdiyi mənzilə iddiaçının istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırandan sonra bilmişdir ki, İddiaçı ünvan 2-ya dair xx.xx.2011-ci il tarixdə qanunsuz və əsassız olaraq tam paylı hüquq sahibi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almışdır. Çıxarış alınana qədər iddiaçının gəlin köçdüyü, istifadə hüququnun olduğu, sonradan pasport qeydiyyatına alındığı və faktiki yaşamağına baxmayaraq mənzil özəlləşdirilərkən iddiaçıdan hər hansı razılıq ərizəsi alınmamışdır. Ona görə də hesab edir ki, qeyd edilən çıxarış etibarsız hesab edilməli və eyni zamanda onun gəlin köçdüyü mənzilə istifadə hüququ tanınmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2524/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh övladları 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X7 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh istifadə hüququ olmadığından iddianın ona münasibətdə rədd edilməsi, X10 və X11 anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, verilmiş iddia tələbi üzrə çıxarışın etibarsız hesab edilməsi və özəlləşmə prosesinin qanunsuz keçirilməsi ilə bağlı apardığı araşdırma nəticəsində hər hansı pozuntu aşkar etməmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş vətəndaşların razılıqlarının alınması tələb olunur. İddiaçının adına özəlləşmə prosesi həyata keçirilərkən Cavabdeh mənzillə bağlı hər hansı bir hüququ olmadığından onun razılıq ərizəsi olmadan mənzildə qeydiyyatda olan şəxslərin razılığı əsasında özəlləşmə həyata keçirilmiş və iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqlarının olubolmamasını araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər 2011-ci ildə yaranmışdır. Qanunvericiliyin tələblərinə əsasən Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqları yaranmamışdır. Odur ki, iddiaçının Cavabdeh istifadə hüquqlarına xitam verilməsi ilə bağlı ərizəsi əsassızdır. Belə ki, məhkəmə tərəfindən yaranmayan hüquqa xitam verilə bilməz. Məhkəmə iddia tələbinin Cavabdeh övladları olan 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X7 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdıraraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmağı zəruri hesab etmişdir. Məcəlləyə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X10 və X11 iddiaçıdan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə onlar ananın yanında saxlanılmaqla onun himayəsinə veriliblər, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanların yaşayış yeri də valideynlərinin yaşayış yeridir, qeyd olunan mənzilə Cavabdeh istifadə hüququ olmadığından İddiaçı iddiası Cavabdeh uşaqlarına münasibətdə təmin edilməli, X10 və X7 istifadə hüquqlarına xitam verilərək, X10 və X11 anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolun 1-ci maddəsinə, “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci, 228.2-ci, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 5-ci, 8-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 119.1, 217.2, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından da görünür ki, Cavabdeh kirayəçi İddiaçı tərəfindən yaşayış sahəsinə köçürülmüşdür. Heydərova (Nəcəfova) Mətanət Sarıxan qızı mənzilə köçdükdən xeyli sonra həmin mənzil özəlləşdirilsə də onun yazılı razılığı alınmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi X3 istifadə hüququnun olmadığı qənaətinə gəlsə də onun mənzilə köçən gündən istifadə hüququnun yaranmasını mənzilin sonradan özəlləşdirilərkən onun həmin mənzildə yaşamasını, lakin özəlləşdirmə zamanı yazılı razılığının alınmamasını hərtərəfli araşdırmamışdır. Bundan başqa X8 məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi barədə məhkəmədə yazılı vəsatət verilsə də təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ikinci iddia üzrə iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ikinci iddia üzrə cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirsə də Məhkəmənin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2524/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv ediməsi və iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alındığından, eləcə də, İddiaçı iddiasının təmin edilməyən hissəsində qətnaməni mübahisələndirmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi – İddiaçı iddiasının təmin edilən və Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması hissələrində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilərək iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi” hissədə ləğv edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh 19 aprel 2011-ci il tarixdə iddiaçının oğlu olan X5 ilə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin nikahından sonra onlar Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzildə yaşamağa başlamışlar. Həmin mənzil isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən 01 iyul 2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Buna qədər isə həmin mənzil Xətai Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında mövcud olan arayışdan görünür ki, İddiaçı, Quliyeva Aidə, Məmmədova Nuranə və Heydərov Fərhad həmin ünvanda qeydiyyatda olmuşlar. İş materiallarında mövcud olan orderə əsasən istinad olunan ünvanda yerləşən mənzil iddiaçının atası X1 verilmişdir. Həmin orderə əsasən iddiaçı da mənzildə qeydiyyatda olmuşdur. Daha sonra İddiaçı müraciəti əsasında istinad olunan mənzil özəlləşdirilərək onun mənzilə dair mülkiyyət hüquqları təsdiq olunmuşdur. Özəlləşmə zamanı 82 saylı MKİS tərəfindən verilən arayışa (forma 2) əsasən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alındıqdan sonra mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(011)- 444/2023 saylı qətnaməsi ilə iddiaçının oğlu olan X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Uşaqların yaşayış yeri ananın yanında müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh iddiaçının oğlu ilə münasibətləri 2011-ci ilin aprel ayında yaransa da, ev iyul ayında özəlləşdirilmişdir. Ev özəlləşdirilərkən Cavabdeh həmin evdə qeydiyyatda olmamışdır. Belə olan halda məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarına istinad edilməsini zəruri hesab edir. Həmin qərardad görünür ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqları yaranmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e- 2(011)-444/2023 saylı qətnaməsi ilə iddiaçının oğlu olan X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və Cavabdeh artıq yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “keçmiş ailə üzvü” statusunda olmuşdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqları yaranmaması barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh övladları olan 02 mart 2012-ci il təvəllüdlü X6 və 12 oktyabr 2013-cü il təvəllüdlü X7 istifadə hüquqlarının mövcud olub-olmamasına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmaqla düzgün qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X10 və X11 iddiaçıdan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə onlar ananın yanında saxlanılmaqla onun himayəsinə veriliblər, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanların yaşayış yeri də valideynlərinin yaşayış yeridir, qeyd olunan mənzilə Cavabdeh istifadə hüququ olmadığından İddiaçı iddiası Cavabdeh uşaqlarına münasibətdə təmin edilməli, X10 və X7 istifadə hüquqlarına xitam verilərək, X10 və X11 anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 6 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası götərilən nəticəyə gələrkən iş materiallarında olan tərəflər arasındakı nikahın pozulmasına dair qətnamədə göstərilmiş hallarla bağlı (cavabdehin iddia ərizəsinə etirazının dəlilləri) tərəflərin münaqişəli kəskin vəziyyətdə olmalarını da nəzərə alır. Mövcud vəziyyət bu həddə olmasa idi, kolllegiyanın qənaətinə görə İddiaçı iddiasının əsaslılığı Cavabdeh uşaqlarına münasibətdə, yəni iddiaçının nəvələrinə münasibətdə də müzakirə oluna bilərdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə istinad etsə də yuxarıda qeyd edildiyi kimi Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “keçmiş ailə üzvü” statusunda olmuşdur və istinad edilən Məcəllənin tələbləri baxımından Cavabdeh istifadə hüquqları yaranmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni istifadə hüququnun tanınması hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni, istifadə hüququnun tanınması hissəsi üzrə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə, yəni istifadə hüququnun tanınması hissəsi üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri bu hissədə formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin istifadə hüququnun tanınması hissəsi üzrə dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi” hissəsi ləğv edilsə də, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, istifadə hüququnun tanınması hissəsi üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2524/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi” hissəsi ləğv edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar