Məhkəmə qərarları › İş №2(103)-7218/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7218/2025

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7218/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçının İddiaçı nümayəndəsi nümayəndə1, Cavabdehin “xxxx” ASC-nin nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ipoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka kreditinin verilməsindən imtina barədə qərarın ləğvi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra, cavabdeh) qarşı “Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə qərarın və onun nəticələrinin ləğv edilməsi, 4000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı, ##.##.2025-ci il tarixdə Ipoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditinin əldə edilməsi üçün elektron müraciət etmiş, müraciətə ilkin cavab olaraq ona 100000 manat kredit məbləği təklif edilmişdir. ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən müraciət bank tərəfindən aktivləşdirilmişdir. ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən (e-gov kabinetində yerləşdirilmiş) müvəkkil bank olan cavabdeh tərəfindən 70000 manat kredit verilməsinə ilkin razılıq verilmiş, ipoteka krediti hesabına alınacaq yaşayış sahəsinin tapılması, tapılmış yaşayış sahəsinə dair müvəkkil bankın məlumatlandırılması və müvafiq şirkət tərəfindən qiymətləndirilərək ##.##.2025-ci il tarixədək Cavabdeh ASC “Mərkəz” filialı bölümünə təqdim etməsi izah edilmişdir. ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən tapılmış yaşayış sahəsi “xxxx” MMC tərəfindən qiymətləndirilmişdir. ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən müvəkkil cavabdeh bank tərəfindən ipoteka kreditinin verilməsinə dair qərar qəbul edilmiş və ##.##.2025-ci il tarixədək ipoteka kreditinin rəsmiləşdirilməsi üçün Cavabdeh ASC-nin “Mərkəz” filialı bölümünə yaxınlaşması izah edilmişdir. ##.##.2025-ci il tarixli bildirişə əsasən iddiaçının müraciətinə “Digər” əsaslarla imtina qərarı qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı 70000 (yetmiş min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməsi, mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsinin cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmamasını xahiş edilmişdir. Apellyasiya icraatı zamanı Mərkəzi Bank mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi icraata cəlb olunmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin təmin olunmuş hissədə rədd olunmalı olması, tərəflərin mülki hüquq münasibətlərinin bərabər tərəfli iştirakçısı kimi onlar arasında münasibətlərin iradə sərbəstliyi əsasında yarana bilməsi, belə olan halda bankın üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasının qanuni və əsaslı olmaması, tərəflərin iradəsinin zədələnməsi nəticələnməsi, bundan başqa tələbdə qərarın ləğv olunması xahiş olunsa da, məhkəmənin iddia tələbindən kənara çıxması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. TƏRƏFLƏRIN IZAHATLARI, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada və iddiaya qarşı etirazda göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulması qanuni olmamış, müqavilə azadlığı prinsipini pozmuşdur. Son nəticədə bank müvafiq kreditin verilib verilməməsini qiymətləndirməkdə mülahizə sərbəstliyinə malikdir. Belə ki, sözügedən vəsait Ipoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılsa da, həmin kreditin maliyyə riskini yalnız bank daşıyır və kredit öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə Fond ayrılmış pul vəsaitini bankdan geri çəkir. Bu səbəbdən də bank tam əmin olmalıdır ki, gələcəkdə vətəndaşlarla hər hansı problem yaşanmayacaq. Hazırkı halda, iddiaçı ipoteka kreditinin əldə olunması üçün bütün lazımi prosedurlardan keçmiş, hər hansı uyğunsuzluq aşkar olunmamış, müəyyən dəqiqləşmələr aparılmış, lakin iddiaçı tərəfindən əsassız ittihamlar səsləndirilmiş və s. uyğunsuz davranışlar sərgilənmişdir. Bu səbəbdən də bank tərəfindən yenidən qiymətləndirmə aparılmış, iddiaç tərəfin davranışı ilə bağlı kreditin verilməsindən imtina olunmuş və ona ayrılmış vəsait başqa şəxsə verilmişdir. Düzdür, iddiaçı tərəfin davranışı ilə bağlı hər hansı sübutu təqdim edə bilməsələr də, imtina səbəbini məhz bu hal təşkil etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin bankın üzərinə iddiaçıya 70000 manat ipoteka kreditinin verilməsi öhdəliyinin qoyulması düzgün olmamışdır. Birincisi hazırki vəziyyətdə Fond iddiaçının adında hər hansı pul vəsaitini donduraraq saxlamamış, ayrılmış pul vəsaitləri başqa şəxslərə verilmişdir. Belə olan halda bank tərəfindən iddiaçıya hansı pul vəsaitinin veriləcəyi aydın deyildir. Qətnaməyə əsasən bank özünün pul vəsaitini illik 4 faizlə verəmlidir ki, bu da bankın faiz siyasətinə uyğun deyildir. Ikincisi isə iddiaçı ipoteka təqdim etməlidir ki, ona müvafiq kredit təqdim edilsin. Məhkəmə 70000 manat kreditin iddiaçıya verilməsi nəticəsinə gələrkən ipoteka kreditinin verilməsi üçün bankın maliyyə riskləri də daxil olmaqla digər qiymətləndirmənin həyata keçirilməsinin bankın səlahiyyətlərinə aid olmasını nəzərə almamışdır. Həmçinin qeyd edir ki, iddia tələbində imtina qərarın ləğv olunması xahiş olunsa da, məhkəmənin tələbdən kənara çıxaraq, müqavilə bağlamaq və müvafiq kreditin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoymuşdir. Qeyd olunanlara əsasən iddianın təmin olunan hissəsində qətnamənin ləğv olunması və iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə ipoteka krediti üçün müraciət etmiş, müraciəti müsbət qiymətləndirilmiş, cavabdeh müvəkkil bank təyin olunmuş, bankın tələbi ilə bütün lazmi sənədlər təqdim olunmuş, bank tərəfindən sonda 70000 manat kredit ayrıldığı bildirilmişdir. Bu ərəfə də isə onlara qarşı süründürməçilik edilmiş, o isə buna etirazını bildirmişdir. O, həmin məbləğlə müqavilə bağlamaq istəyən zaman isə bank tərəfindən ona məlum olmayan səbəblərdən imtina verilmişdir. Hesab edir ki, bankın hərəkətləri ipoteka kreditinin verilməsi Qaydalarına tamamilə zidd olmaqla, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən üçüncü şəxs Ipoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi izahatında bildirmişdir ki, güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi Azərbaycan Respublikasının Prezidentinin ##.##.2016-cı il tarixli təsdiq etdiyi “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Qaydalar və Ipoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi əsasında həyata keçirilir. Qaydalarda kreditin verilməsinin əsasları, prosedur qaydaları və s. öz əksini tapmışdır. Ipoteka kreditinin verilməsi Elektron Hökümət sisteminə inteqrasiya edilmiş elektron Ipoteka və Zəmanət Kredit sistemi ilə həyata keçirilir. Kreditin verilməsi üçün şəxs özü şəxsən və ya müvəkkil bankın vasitəsilə müraciət edə bilər. Elektron sistem hər kəs üçün eyni vaxtda açılır və müdaxilə edilməsi yolverilməzdir. Vətəndaşların müraciəti müvəkkil banka yönləndirilir və bank vasitəsilə kreditin verilməsinə dair müvafiq yoxlamalar həyata keçirilir və bank kreditin verilməsini məqbul hesab edərsə, bununla bağlı Fonda müraciət edir və dövlət büdcəsindən ayrılmış vəsait hesabına vətəndaşa güzəştli şərtlərlə kredit verilir. Bütün bu qeyd olunan prosedur hərəkətlər bank və vətəndaş arasında aparılır, Fondun bank üzərində hər hansı nəzarət imkanları yoxdur. Bildirir ki, iddiaçı elektron qaydada qeydiyyatdan keçdikdən sonra cavabdeh banka yönləndirilmişdir. Bu hal hələ iddiaçının güşətli şərtlərlə ipoteka krediti almaq hüququnu ehtiva etməmişdir. Yəni, müvəkkil banklar qanunvericiliklə nəzərdə tutulmuş hallar olduqda kreditin verilməsindən imtina edə bilərlər. Eyni zamanda, Fond tərəfindən də iddianın adına xüsusi olaraq hər hansı pul vəsaiti də dondurularaq saxlanılmamışdır. Həmin dövrdə ayrılmış pul vəsaitləri banklər tərəfindən tam istifadə olunmuşdur. Belə olan halda imtina verilmiş şəxslər növbəti dəfə yenidən elektron qeydiyyatdan keçməklə müvəkkil banklara yönləndirilə bilərlər. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən üçüncü şəxs Mərkəzi Bankda rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Eyni zamanda, Mərkəzi Bank tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlanaraq göstərmişdir ki, Mərkəzi Bankın səlahiyyətlərini tənzimləyən normativ hüquqi aktlara əsasən, qanunvericlikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bank kredit təşkilatlarının fəaliyyətinə qarışmır, eyni zamanda kreditlərin verilməsinə dair qərarlar kredit təşkilatları tərəfindən qanunvericliyə müvafiq olaraq müştərilər tərəfindən təqdim edilən məlumatlardan, əməliyyatların məqsəd və mahiyyətindən asılı olaraq, həmçinin risklərin qiymətləndirilməsi nəticəsində təşkilatdaxili nəzarət sistemləri və prosedurları ilə müəyyən olunur, bununla da kreditlərin verilməsinə dair qərarlar kredit təşkilatları tərəfindən müstəqil qəbul olunur. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdirlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, iddiaçının ##.##.2025-ci il tarixdə Ipoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditinin əldə edilməsi üçün elektron müraciət etməsi, həmin tarixdə iddiaçının müvəkkil bank kimi cavabdehə (Mərkəz filialına) yönləndirilməsi, ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən müraciətin bank tərəfindən aktivləşdirilməsi ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən (e-gov kabinetində yerləşdirilmiş) cavabdeh müvəkkil bank tərəfindən iddiaçıya 70000 manat kredit verilməsinə ilkin razılığın verilməsi, bunun üçün ipoteka krediti hesabına alınacaq yaşayış sahəsinin tapılması, tapılmış yaşayış sahəsinə dair bankın məlumatlandırılması və müvafiq şirkət tərəfindən qiymətləndirilərək ##.##.2025-ci il tarixədək Cavabdeh ASC-nin “Mərkəz” filialı bölümünə təqdim etməsinin izah edilmsi, ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən tapılmış yaşayış sahəsinin “xxxx” MMC tərəfindən qiymətləndirilməsi, ##.##.2025-ci il tarixli elektron bildirişə əsasən cavabdeh tərəfindən ipoteka kreditinin verilməsinə dair qərar qəbul edilməsi və ##.##.2025-ci il tarixədək ipoteka kreditinin rəsmiləşdirilməsi üçün iddiaçının Cavabdeh ASC-nin “Mərkəz” filialı bölümünə yaxınlaşmasının izah edilməsi, lakin ##.##.2025-ci il tarixli bildirişə əsasən iddiaçının müraciətinə dair “Digər” əsaslarla imtina qərarı qəbul edilməsi işin mübahisə olunmayan hallarıdır. Cavabdeh imtinanın səbəbini ##.##.2025-ci il tarixli məktubunda onunla izah etmişdir ki, ”Vətəndaşın gəlir və xərcləri nəzərə alınmaqla əmək haqqına uyğun olaraq 70000 manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. Kreditin məbləğinin 70000 manat dəyərində qiymətləndirilməsi, həmçinin ipoteka ilə yüklü edilməsi üçün təqdim edilən yaşayış sahəsi və kreditin rəsmiləşdirilməsinə dair Bank tərəfindən verilən suallar İddiaçı tərəfindən birmənalı qarşılanmamış və aqressiv davranışları olmuşdur. Müştəri məmnunluğunu təmin etmək məqsədilə Bank tərəfindən İddiaçı ətraflı təhlil aparılacağı bildirilmişdir. Buna baxmayaraq vətəndaşın atası həm şifah, həm də mesaj vasitəsilə Bank əməkdaşına hədəqorxu gəlmiş, onu işdən çıxartdıracağını və ASC Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 70000 manat məbləğində təzminat alacağını bildirmişdir. Həmçinin, vətəndaş ASC Cavabdeh rəsmi saytının “Təklif və iradlar” bölməsinə məktub yazaraq ona düşəcək olan limitin başqa məqsədlər üçün istifadə olunduğunu və qəsdən bank tərəfindən kredit müraciətinə imtina verildiyi barədə yanlış məlumatlar vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaşın qeyri-adekvat hərəkətləri və şəxsi keyfiyyətləri qeyriməqbul hesab edildiyi üçün İddiaçı kreditn verilməsi Bank tərəfindən məqsədə uyğun hesab edilməmiş və sistemdə kreditin verilməsinə dair rəsmi qaydada imtina edilmişdir”. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ipoteka kreditinin 70000 manat həddində müəyyən edilməsi müvəkkil bankın müvafiq maliyyə riskləri, “ümidsiz kreditlər”in qarşısının alınması strategiyası, bankı qiymətləndirmə azadlığı və “müqavilə azadlığı” prinsipinin tələbləri nəzərə alınmaqla əsaslıdır. Baxmayaraq ki, sözügedən vəsait Ipoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılmış, həmin kreditin maliyyə riski bankın üzərindədir. Yəni, gələcəkdə hər hansı maliyyə riski yaranan zaman Fond hər hansı risk daşımır, müvafiq məbləği bankdan tələb edir. Kredit riski ilə bağlı digər hərəkətlər isə bank tərəfindən həyata keçirilməlidir (iddia irəli sürülməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s.). Lakin, 70000 manat güzəştli ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə qərar əsassızdır. Çünki, mülki iş üzrə bir neçə məhkəmə iclası keçirilmiş, lakin cavabdeh imtinada qeyd edilən əsaslarla bağlı müvafiq sübutları (səs yazısı, telefon danışığı, video görüntü və s.) məhkəməyə təqdim eə bilməmişdir. Cavabdeh bankın kredit verilməsi və imtina edilməsi ilə bağlı qiymətləndirmə azadlığı olsa da, bu azadlıq müəyyən hədlər çərçivəsində, qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli, digər şəxslərin hüquqlarını pozmamalıdır. Nəzərə almaq lazımdır ki, mübahisənin predmetini məhz dövlət siyasətinin tərkib hissəsi kimi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına dair güzəştli ipoteka kreditinin verilməsi təşkil edir. Bu səbəbdən, müvəkkil bank imtinanı əsaslandırmalı, səlahiyyət həddlərini aşmamalı, qəbul etdiyi imtina qərarı qarşıya qoyulan məqsədlərə (maliyyə riskləri) hesablanmalıdır. Iddiaçının vətəndaş kimi hər hansı dövlət orqanlarına, məhkəməyə və ya bankın özünə müraciət etməsi, şikayətlər etməsi onun konstitusion hüququdur, bu hüquqlarından istifadənin məhdudlaşdırılması və ya hüquqdan istifadəyə görə subyektə müvafiq mənfi tədbirlərin tətbiq edilməsi yolverilməzdir, hüquqi dövlətin prinsiplərinə ziddir. Bankın müvafiq imtina məktubunda qeyd edilən kimi vətəndaş məmnunluğu xüsusatı diqqətdə saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı müvafiq kreditləşmə zamanı 1 otaqlı mənzil tapmış, həmin mənzil qiymətləndirilmiş, lakin cavabdeh bankın əməkdaşı mənzilin 1ci mərtəbədə yerləşməsi xüsusatı ilə bağlı digər mənzilin tapılmasının zəruriliyini bildirmişdir. Məhz bundan sonra iddiaçı ilə sözügedən əməkdaş arasında yüngül polemika yaranmışdır. Bu xüsusata dair məhkəmə qeyd edir ki, sözügedən mənzilin 1-ci mərtəbədə yerləşməsi, ipoteka kreditinin həcminin 70000 manat olması və mənzilin ipoteka ilə yüklü edilməsi nəzərə alınarsa iddiaçı bankın üzərinə hər hansı əlavə risk qoymur. Yəni, mənzilin 1-ci mərtəbədə yerləşməsi bazar dəyərinə cüzi təsir etsə də, ipoteka predmeti olmasına maneə deyildir. Müvəkkil bankın bu tipli tələbləri də müvafiq kredit üçün müraciət etmiş şəxsin zəruri ehtiyacları (mənzil şəraitinin yaxşılaşdırılması), güzəştli kreditin əldə edilməsinin çətinliyi, ildə yalnız 1 dəfə verilməsi nəzərə alınmaqla vətəndaşda narazılığa səbəb ola və ani gərginlik yarada bilər. Iddia tələbi məhz “100.000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi” olsa da, məhkəmə hesab edir ki, bu hal iddianın predmetini deyil, obyektini təşkil edir. Yəni, iddiaçı tərəfin məhkəmədən xahişi ona təyin edilmiş ipoteka kreditinin verilməsi, imtina edilməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlıdır. Nəzərə alınır ki, 70000 manat kredit məbləği müəyyən edilərkən həmin hal iddiaçı tərəfindən hüquqi baxımdan bəyənilmiş (razılaşmış), beləliklə sonrakı hərəkətlər (mənzil tapılması, qiymətləndirilməsi və s.) icra edilmişdir. Odur ki, məhkəmə iddia tələbinin nəticə hissəsində qeyd edilənlərə hərfi mənada, formal yanaşmır, mahiyyəti üzrə mübahisəni həll etməyi qarşısına məqsəd qoyur. “Prosessual qənaət” prinsipinin tələbləri əsas götürülməklə gələcəkdə növbəti iddianın qaldırılması üçün iddiaçının məcbur edilməsi məqsədə müvafiq hesab edilmir. Məhkəmə kollegiyası iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, işin mübahisəsiz hallarından müəyyən olunur ki, iddiaçı, Ipoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditinin əldə edilməsi üçün elektron müraciət etmiş, müraciəti cavabdeh müvəkkil banka yönləndirilmiş, cavabdeh tərəfindən ilkin razılıq ifadə olunmuş, sonra isə iddiaçıya 70000 manat güzəştli şərtlərlə ipoteka kreditinin verilməsi mümkün hesab edilmiş, lazmi presudur hərəkətlər (ipoteka predmeti olacaq müvafiq mənzil tapılmış, qiymətləndirilmiş və s.) həyata keçirilmiş, lakin sonda (kreditin verilməsinin rəsmiləşdirilməsi mərhələsində) bank tərəfindən iddiaçının davranışlarının qeyri-adekvat olması əsası ilə kreditin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 12.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 43.2-ci maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Azərbaycan Respublikası Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın (bundan sonra, Qaydalar) 2.0.1-ci bəndinə əsasən, ipoteka krediti dedikdə, yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borcdur. Qaydaların 2.0.2-ci bəndinə əsasən, müvəkkil bank dedikdə, ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bankdır. Qaydaların 2.0.5-ci bəndinə əsasən, borcalan dedikdə, müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşıdır. Qaydaların 3.1-ci bəndində Fondun vəsaiti hesabına verilən ipoteka kreditinin hansı tələblərə cavab verməsi sadalanmışdır. Qaydaların 3.2.1-ci bəndinə əsasən, gənc ailənin üzvü olan ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər. Qaydaların 4.1-ci maddəsinə əsasən, Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir. Qaydaların 4.2-ci bəndinə əsasən, Ipoteka kreditinin verilməsi X4 Sisteminə inteqrasiya edilən “Elektron ipoteka və kredit zəmanət” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir. Qaydaların 4.3-cü bəndinə əsasən, ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Qaydaların 4.4-cü bəndində ipoteka kreditinin hansı sənədlər əsasında verilməsi sadalanmışdır. Qaydaların 4.7-ci bəndinə əsasən, ipoteka krediti almaq istəyən şəxs, Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı müddət nəzərdə tutulmayıbsa müvəkkil bank tərəfindən kreditin verilməsinə dair ilkin razılıq qərarı elektron sistemdə yerləşdirildiyi gündən 45 gün müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, müvəkkil edilmiş istənilən qiymətləndirici tərəfindən həmin yaşayış sahəsinin qiymətləndirilməsini aparmalıdır. Qiymətləndirici ipoteka krediti almaq istəyən şəxsin müraciət etdiyi gündən 3 iş günü müddətində qiymətləndirməni apararaq, qiymətləndirmənin nəticələri haqqında hesabatı müraciət edən şəxsə təqdim etməli və elektron sistemdə yerləşdirməlidir. Qaydaların 4.9-cü bəndinə əsasən, müvəkkil bank tərəfindən ipoteka kreditinin verilməsinə razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi gündən 10 iş günü müddətində ipoteka kreditinin rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir. Qaydaların 4.10-cu bəndinə əsasən ipoteka kreditinin verilməsi zamanı bu Qaydanın 4.7-ci və 4.9-cu bəndlərində nəzərdə tutulmuş müddətlərə ipoteka krediti almaq istəyən şəxs tərəfindən riayət edilmədikdə (qiymətləndirici tərəfindən bu Qaydanın 4.7-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir. Qaydanın 4.11-ci bəndinə əsasən, bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Təqdim olunan Konstitusiya müddəaları və “Ipoteka və Kredit Zəmanət Fondu”nun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydalarının sistemli təhlili göstərir ki, mübahisəli münasibətlər sırf mülki-hüquqi deyil, qarışıq – sosial və maliyyə-hüquqi xarakter daşıyır. Bu hüquq normalarının ümumi məqsədi vətəndaşların mənzil hüququnun effektiv reallaşdırılmasını təmin edən şəffaf, bərabər və hüquqi müəyyənliyə əsaslanan mexanizm yaratmaqdır. Dövlət bu sahədə yalnız ümumi prinsiplər müəyyən etmir, eyni zamanda ipoteka mexanizmi vasitəsilə həmin hüququn praktik həyata keçirilməsi üçün konkret prosedur və alətlər formalaşdırır. Bu baxımdan güzəştli ipoteka institutu sosial yönümlü hüquqi mexanizm olmaqla, fərdlərin iqtisadi imkanlarından asılı olmayaraq mənzil əldə etməsinə şərait yaratmağa xidmət edir. Belə bir mexanizmdə iştirak edən müvəkkil banklar klassik mülki dövriyyə subyekti olmaqla yanaşı, eyni zamanda dövlət proqramının icraçısı kimi çıxış edirlər. Bu səbəbdən onların fəaliyyət sərhədləri adi kredit münasibətlərindən fərqli olaraq normativ qaydalarla konkret şəkildə məhdudlaşdırılmışdır. Bankların qərarvermə səlahiyyəti mövcud olsa da, bu səlahiyyət mütləq xarakter daşımır və yalnız qanunvericilikdə müəyyən edilmiş meyarlar çərçivəsində həyata keçirilməlidir. Xüsusilə, ipoteka kreditinin verilməsi və ya ondan imtina məsələsində bankın davranışı obyektiv, yoxlanıla bilən və hüquqi əsaslara söykənməlidir. Bu baxımdan imtina qərarının yalnız normativ aktlarda birbaşa nəzərdə tutulmuş hallarla məhdudlaşdırılması hüquqi müəyyənlik və bərabərlik prinsiplərinin təmin olunmasına yönəlmişdir. Qaydadan kənar, subyektiv və ya qeyri-müəyyən əsaslarla verilən imtina qərarları həm mexanizmin sosial məqsədini pozur, həm də vətəndaşların qanunla tanınmış hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olur. Buna görə də, bankın hərəkət sərhədləri daxilində qalması, imtinanın yalnız qanuni əsaslarla verilməsi və bu əsasların şəffaf şəkildə əsaslandırılması həmin hüquqi institutun düzgün və dayanıqlı tətbiqinin əsas şərti kimi çıxış edir. Hazırkı halda isə, cavabdeh müvəkkil bank iddiaçıya güzəştli şərtlərlə ipoteka kreditinin verilməsindən imtina əsası kimi qanunvericiliklə müəyyən edilmiş hər hansı konkret hala istinad etməmiş, sadəcə iddiaçı tərəfin davranışını əsas gətirmiş, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut (səs yazısı, telefon danışığı, video görüntü və s.) təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, cavabdehin iddiaçıya ipoteka kreditinin verilməsindən imtinası qanuni və əsaslı sayıla bilməz. Lakin birinci instansiya məhkəməsi cavabdehin üzərinə iddiaçıya birbaşa olaraq 70000 manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi və bununla bağlı müvafiq vəzifənin qoymaqda haqlı olmamışdır. Belə ki, MM-nin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. MM-nin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyüy kimi, müqavilə tərəflərin razılaşdırılmış iradəsinə əsaslanır və tərəflər həm müqavilə bağlamaqda, həm də onun məzmununu müəyyən etməkdə azaddırlar. Yəni mülki dövriyyədə əsas prinsip müqavilə azadlığıdır: şəxs öz iradəsinə zidd olaraq müqaviləyə cəlb edilə bilməz, tərəflər isə qanuna zidd olmamaq şərtilə müqavilənin şərtlərini sərbəst müəyyən edə bilərlər. Müqavilə bağlamağa məcburetmə isə yalnız iki halda mümkündür: - qanunda birbaşa belə vəzifə nəzərdə tutulduqda (qanunda nəzərdə tutulmuş hallar dedikdə müqavilə bağlamaq vəzifəsinin birbaşa qanun normasından irəli gələn hallar başa düşülür, yoxsa ümumi ədalət və ya məqsədəuyğunluq yox) - əvvəlcədən könüllü olaraq belə öhdəlik götürdükdə (məsələn, tərəf notarial qaydada gələcəkdə ipoteka müqaviləsi bağlamağı öhdəsinə götürübsə, sonradan bundan əsassız imtina edə bilməz; çünki məcburetmə artıq onun öz iradəsi ilə götürdüyü öhdəliyin icrasına yönəlir). Kredit müqaviləsi də mülki hüquqi müqavilə olmaqla tərəflərin qarşılıqlı iradə ifadəsinə əsaslanır və Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı prinsipi ilə qorunur. Bu prinsip yalnız müqavilənin şərtlərinin müəyyən edilməsini deyil, həm də ümumiyyətlə müqavilə bağlayıb-bağlamamaq hüququnu əhatə edir. Bu baxımdan məhkəmənin bankın üzərinə konkret məbləğdə – 70.000 manat kredit vermək və bununla bağlı müqavilə bağlamaq vəzifəsi qoyması faktiki olaraq bankın iradəsini əvəz etmək anlamına gəlir ki, bu da mülki hüququn müvafiq prinsiplərinə uyğun hesab edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, kredit münasibətləri öz mahiyyətinə görə risk qiymətləndirilməsi, borcalanın ödəmə qabiliyyətinin təhlili və maliyyə dayanıqlığı kimi amillərlə sıx bağlıdır. Bu sahədə banklar xüsusi bilik və səlahiyyətə malik subyektlər kimi çıxış edir və onların bu qiymətləndirmə funksiyası məhkəmə tərəfindən birbaşa əvəz edilə bilməz. Məhkəmənin konkret məbləğdə kreditin verilməsi barədə göstəriş verməsi bankın iqtisadi və prudensial qərarvermə səlahiyyətinə müdaxilə etməklə yanaşı, gələcəkdə mümkün risklərin də hüquqi baxımdan əsassız şəkildə bankın üzərinə qoyulmasına səbəb olur. Bununla yanaşı, xüsusi ipoteka mexanizmini tənzimləyən Qaydalar da bankın üzərinə birbaşa kredit vermək öhdəliyinin məhkəmə tərəfindən müəyyən edilməsini nəzərdə tutmur. Bu normativ akt bankın yalnız qanunsuz imtina etdiyi hallarda həmin imtinanın aradan qaldırılmasını və müraciətə yenidən baxılmasını mümkün edir, lakin kredit müqaviləsinin məhkəmə qərarı ilə “yaradılmasına” hüquqi əsas vermir. Hətta müvəkkil bankın imtina qərarı Qaydaların 4.11-ci bəndinə zidd olaraq qanunsuz hesab edildiyi halda belə, bu hal avtomatik olaraq məhkəməyə kredit müqaviləsini “yaratmaq” və bankı konkret məbləğdə kredit verməyə məcbur etmək səlahiyyəti vermir. Yuxarıda da qeyd edildiyi kimi kredit müqaviləsi mahiyyət etibarilə tərəflərin qarşılıqlı iradəsinə əsaslanan mülki hüquqi əqddir və müqavilə azadlığı prinsipi bu münasibətləri qoruyur. Qanunsuz imtina yalnız həmin prinsipin sui-istifadə ilə həyata keçirildiyini göstərir, lakin onu tam aradan qaldırmır. Bu baxımdan, bankın imtinası qanunsuz hesab edildiyi hallarda düzgün hüquqi nəticə kreditin məcburi verilməsi deyil, pozulmuş prosedurun bərpasıdır. Yəni, bankın üzərinə iddiaçının müraciətinə qanunvericiliyin tələblərinə və məhkəmənin hüquqi mövqeyinə uyğun şəkildə yenidən baxmaq öhdəliyi qoyula bilər. Bu yanaşma həm vətəndaşın hüquqlarının qorunmasını təmin edir, həm də bankın qanunla müəyyən edilmiş səlahiyyətlərinin və maliyyə risklərinin idarə olunması funksiyasının qorunmasına imkan verir. Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasında hazırki münasibətlərin yaranması üçün zəruri şərtlərdən biri ipoteka təminatının mövcudluğudur. Qaydaların mahiyyətindən və ipoteka anlayışından (yaşayış sahəsinin ipotekası ilə təmin edilən kredit) açıq şəkildə görünür ki, kredit yalnız konkret əmlak müəyyən edildikdən və həmin əmlak üzərində ipoteka təminatı yaradıldıqdan sonra rəsmiləşdirilə bilər. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən ipoteka predmetinin seçilməsi, qiymətləndirilməsi və təqdim edilməsi kreditin verilməsinin ayrılmaz və ilkin şərtidir. Birinci instansiya məhkəməsi isə bankın üzərinə birbaşa kredit vermək öhdəliyi qoysa da, iddiaçının konkret ipoteka predmetini təqdim etməsi, həmin əmlakın qiymətləndirilməsi və Qaydalarla nəzərdə tutulmuş digər prosedur şərtlərinin mövcudluğu məsələsi nəzərə alınmamışdır. Halbuki Qaydaların tələblərinə əsasən, kreditin verilməsi üçün bu mərhələlərin ardıcıllıqla və müəyyən edilmiş müddətlər daxilində həyata keçirilməsi zəruridir. Bu şərtlər olmadan kreditin verilməsi hüquqi və texniki baxımdan mümkün deyildir. Bununla yanaşı, məhkəmə qətnaməsinin icrası zamanı da həmin şərtlərin aktual olaraq mövcud olması tələb olunur. Yəni, yalnız məhkəmə qərarının mövcudluğu kreditin avtomatik verilməsi üçün yetərli deyil, icra mərhələsində də borcalanın Qaydalarla müəyyən edilmiş bütün tələblərə cavab verməsi, o cümlədən ipoteka predmetini təqdim etməsi, qiymətləndirmənin aparılması və digər prosedur şərtlərinin yerinə yetirilməsi zəruridir. Bu hallar nəzərə alınmadan bankın üzərinə birbaşa kredit vermək öhdəliyinin qoyulması qətnamənin icra qabiliyyətini şübhə altına alır və hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Halbuki MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə cavabdehin qərarı qanunvericiliyin tələbləri ilə uzlaşmadığından cavabdehin üzərinə bu qətnamədə ifadə olunan hüquqi mövqe nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyinin qoyulması qanuni və əsaslı hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, müraciətə yenidən baxılarkən cavabdeh bu qətnamədə ifadə olunan hüquqi mövqeyi yalnız formal şəkildə deyil, məzmun etibarilə rəhbər tutmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, əvvəlki imtinanın qanunsuz hesab edilməsinin əsas səbəbi Qaydalarla nəzərdə tutulmayan, subyektiv və sübuta yetirilməmiş hallara istinad olunmasıdır. Buna görə də, yenidən baxılma zamanı qərar yalnız normativ aktlarda müəyyən edilmiş konkret meyarlar əsasında, obyektiv və yoxlanıla bilən faktlara söykənməklə qəbul edilməli, əvvəlki hüquqazidd yanaşma təkrarlanmamalıdır. Eyni zamanda bankın diskresiya səlahiyyəti saxlanılsa da, bu səlahiyyət məhkəmənin hüquqi mövqeyi ilə məhdudlaşdırılır və onun sərhədləri aydın şəkildə müəyyən edilir. Belə ki, kreditin verilməsi məsələsinə yenidən baxılarkən borcalanın uyğunluğu, ipoteka predmetinin mövcudluğu və qiymətləndirilməsi kimi hallar Qaydaların tələblərinə uyğun şəkildə yoxlanılmalı, lakin bu qiymətləndirmə prosesində Qaydalarda nəzərdə tutulmayan əlavə və ya gizli meyarların tətbiqinə yol verilməməlidir. Qərar həm hüquqi, həm də faktiki baxımdan əsaslandırılmış olmalı, qəbul edilən nəticə konkret sübutlarla izah edilməlidir. Bu baxımdan, yenidən baxılma proseduru əvvəlki qərarın sadəcə formal təkrarından ibarət olmamalı, əksinə, məhkəmənin müəyyən etdiyi hüquqi çatışmazlıqların aradan qaldırılmasına yönəlməlidir. Bankın yenidən əsassız imtina verməsi hüquqi müəyyənlik prinsipinin pozulması kimi qiymətləndirilə və mübahisənin davamlı xarakter almasına səbəb ola bilər. Ona görə də, bank müraciətə baxarkən həm normativ çərçivəyə, həm də məhkəmənin bu qətnamədə ifadə etdiyi hüquqi qiymətləndirməyə uyğun hərəkət etməli, qərarını şəffaf, əsaslandırılmış və qanunvericiliyə uyğun formada qəbul etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə (yəni, iddiaçı İddiaçı 70.000 (yetmiş min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh üzərinə qoyulması” və məhkəmə xərcinin bölüşdürülməsi hissələrində) ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçıya güzəştli ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə cavabdehin qərarı qanunsuz hesab edilməli, cavabdehin üzərinə bu qətnamədə ifadə olunan hüquqi mövqe nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoyulmalı, iddia yoxlanılan qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunsa da, sonuncunun iddiaçı barəsində imtina qərarı qanunsuz sayıldığından cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu onun özünə aid edilməli, həmçinin iddiaçının hazırki iddianı qaldırması üçün ödədiyi 100 manat dövlət rüsumunun yarısı (iddia qismən təmin olunduğundan), yəni 50 manat hissəsi cavabdehə aid edilməli və sonuncudan iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka kreditinin verilməsindən imtina barədə qərarın ləğvi, maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin qismən təmin olunsun. Iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e*(***)- ****/**** nömrəli qətnaməsi yoxlanılan hissədə (yəni, iddiaçı İddiaçı 70.000 (yetmiş min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh Cavabdehəhmdar Cəmiyyəti Cavabdeh üzərinə qoyulması” və məhkəmə xərcinin bölüşdürülməsi hissələrində) ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Iddiaçı İddiaçı güzəştli ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə cavabdeh “xxxx” ASC-nin qərarı qanunsuz hesab edilsin, cavabdehin üzərinə bu qətnamədə ifadə olunan hüquqi mövqe də nəzərə alınmaqla iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoyulsun. Iddia yoxlanılan qalan hissədə təmin olunmasın. Apellyasiya icraatı zamanı yaranmış məhkəmə xərci (cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu) cavabdehin özünə aid edilsin. Həmçinin, iddiaçının hazırki iddianı qaldırması üçün ödədiyi 100 manat dövlət rüsumunun yarısı, yəni 50 (əlli) manat hissəsi cavabdehə aid edilsin və sonuncudan iddiaçının xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar