Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7223/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İsmayılova (Sadıqova) Jalə Mütalib qızına qarşı mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair ilk, iddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızının cavabdeh İddiaçı qarşı tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə, istifadə qaydalarının müəyyən edilməsi və birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İsmayılova (Sadıqova) Jalə Mütalib qızına qarşı mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair ilk iddiası, İsmayılova (Sadıqova) Jalə Mütalib qızının İddiaçı qarşı birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və mənzilin açıq hərracda satılaraq əldə olunmuş vəsaitin bölünməsi tələbinə dair 2(004)-121/2022 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sadıqov X2 Jalə Mütalib qızı ilə 23 sentyabr 2005-ci il tarixində rəsmi nikaha daxil olmuş, Ağdaş Rayon Məhkəməsinin 04 may 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur.
2. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli 13 saylı müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri Yasamal rayonu X7 Dairəvi yol ev 22 mənzil 101 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin 43123 manat dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
3. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu X7 Dairəvi yol ev 22 mənzil 101 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(014)-1732/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahı dövründə əldə edilmiş Bakı şəhəri Yasamal rayonu X7 Dairəvi yol ev 22 mənzil 101 ünvanında yerləşən mənzilə tərəflərin 1/2 pay hüquqları tanınmış və 23 sentyabr 2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun 1/2 hissəsinin İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi qət edilmişdir. Qətnamə həmin hissədə icra edilmişdir. Hazırda mübahisələndirilən mənzilə dair Cavabdeh hər hansı bir hüququ qalmamışdır. Buna görə də o, Cavabdeh həmin mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, qeyd olunan mənzilin ¾ (dörddə üç) hissəsinə Cavabdeh, 1/4 (dörddə bir) hissəsinə İddiaçı payı tanınmaqla mənzilin hərracda satılıb əldə edilmiş vəsaitin müvafiq surətdə onların arasında bölünməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2022 saylı mülki iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İsmayılova (Sadıqova) Jalə Mütalib qızının Bakı şəhəri Yasamal rayonu X7 Dairəvi yol ev 22 ünvanında yerləşən 101 saylı mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. (hakim Gülnar Babazadə)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsinə və icra sənədinə əsasən İsmayılova (Sadıqova) Jalə Mütalib qızının Bakı şəhəri Yasamal rayonu X7 Dairəvi yol ev 22 ünvanında yerləşən 101 saylı mənzilə hər hansı hüququ qalmadığından, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 139.1.6, 152.1, 152.5, 157.8 və 178.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun mənzilə olan hüquqlarına xitam verilməsi barədə Ağdaş Rayon Məhkəməsinin düzgün olmayan qətnaməsinə istinad edib ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuş, son nəticədə onun iddiaçı ilə birgə nikahından doğulmuş uşaqların mənzil hüquqlarını pozmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə eiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi.
14. İsmayılova (Sadıqova) Jalə Mütalib qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə iclasının apelyatorun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yenə həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması xahiş olunduğundan qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
18. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında mübahisə predmeti olan mənzilin birgə nikah dövründə alınması işin mübahisəsiz halıdır. Tərəflər əmlak bölgüsü tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qanuni qüvvəsini almış 14 oktyabr 2021-ci il tarixli 2(014)-1732/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli podrat müqaviləsi üzrə ödənilmiş 43123 manat pulun ½ hissəsinin İddiaçı tərəfindən Cavabdeh ödənilməklə onun həmin mənzilə dair hüquqlarına xitam verilməsi qət edilmişdir. Göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehin sözügedən mənzilə heç bir hüququ qalmamışdır. Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı tələbkar olaraq Cavabdeh tələb etdiyi 235951 manat pul məbləğindən həmin icra sənədinə əsasən Cavabdeh ödəməli olduğu 21561 manat pul çıxılmaqla (əvəzləşdirilməklə) icra sənədi həmin hissədə icra edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsmayılova (Sadıqova) Jalə Mütalib qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-121/2022 saylı mülki iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.