Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7228/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1787/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 02.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6900 (altı min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi bir neçə ildir ki, tanıyır. 2019 və 2020-ci ilin müxtəlif aylarında ondan hansısa problemi ilə əlaqədar borca ümumilikdə 6900 manat məbləğində pul istəmişdir. Çox çətin vəziyyətdə olduğunu bildirdiyindən ona kömək etmək qərarına gələrək ona 6900 manat vermişdir. Aralarında pulun hər ay hissə-hissə qaytarılması barədə razılığa gəlmişlər. Lakin cavabdeh pulu razılaşdıqları qaydada qaytarmamış və pulu tələb etdikdə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə şifahi xəbərdarlıq edərək danışıqlar aparsa da nəticəsi olmamışdır. Belə olan halda o, əlacsız qalaraq Yasamal rayon 29-cu Polis Bölməsinə şikayət vermişdir. Cavabdeh polis Bölməsisə çağırılaraq izahatı alınmış, izahatında borcu olduğunu etiraf etmişdir. Mübahisə mülki xarakter daşıdığından Polis Bölməsindən ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1787/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 6900 (altı min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1787/2021 saylı qətnaməsinin ləğv edilib, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Cavabdeh maddi durumu pis olduğundan İddiaçı 06 iyul 2019-cu il tarixində hər ay üçün 13 faiz olmaqla 2500 (iki min beş yüz) manat borc pul almışdır. Həmin ayda cavabdeh yenidən hər ay üçün 13 faiz olmaqla 4500 (dörd min beş yüz) manat borc pul almışdır. Bir müddət keçəndən sonra 2019-cu ilin avqust ayında o, iddiaçıdan aya 13 faiz olmaqla, 3800 (üç min səkkiz yüz) manat yenidən borc pul almışdır. Ümumilikdə bu məbləğ 10800 manat təşkil etmişdir. Cavabdeh hər ay İddiaçı 12 ay ərzində hər ay 670 manat pul ödəmişdir. Ödənişlərlə bağlı sübutlar Apellyasiya Məhkəməsinə təqdim ediləcəkdir. Nəticədə cavabdeh 8040 (səkkiz min qırx) manat pul ödəmişdir. Cavabdeh qalan 2760 (iki min yeddi yüz altmış) manat pulu maddi vəziyyətinin pis olması səbəbindən ödəyə bilməmişdir. Həmçinin, iddiaçı öz ifadəsində ona ödənilmiş pulları etiraf etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(004)-1787/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən verilmiş 29.11.2020-ci il tarixli, ********* saylı məktuba əsasən İddiaçı müraciəti mülki xarakterli olduğundan şikayəti olduğu halda məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində verilmiş 21.11.2020-ci il tarixli izahatın surətinə əsasən Cavabdeh bildirmişdir ki, İddiaçı şikayəti ilə tanış olmuşdur, o pulu alanda ona faizlə verilmişdir. O, bir ildir Gülnarəyə 670 manat faiz ödəyir. Gülnarədən 2019-cu ilin iyul ayında hissə-hissə 10800 manat pul almışdır. Həmin puldan 2500 manat borcu qalmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış iddia ərizəsinə etiraz ərizəsindən görünür ki, cavabdeh iddiaçıdan borc aldığını, həmin borcu qaytardığını, onun iddiaçıya heç bir borcunun qalmadığını, polisdə 2500 manat borc qalması ilə bağlı izahatın ona məcburi yazdırıldığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin araşdırılmış və mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan borc pul götürmüşdür. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin borcu ona qaytarmadığını bildirir. Cavabdeh Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində verdiyi izahatında iddiaçıya 2500 (iki min beş yüz) manat borcu qaldığını etiraf etsə də, iddia ərizəsinə yazdığı etirazında İddiaçı borcunu tamamilə ödədiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətində isə 2760 manat borcu qaldığını qeyd etmişdir. Kollegiya qeyd edir ki, bu halda sübutetmə yükü dəqiq müəyyən olunmalıdır. Sübut etmə yükünün müəyyən edilməsinə keçməzdən əvvəl kollegiya qeyd edir ki, tərəflər arasında yazılı kredit müqaviləsi bağlanmasa da, tərəflər borcun verilməsini etiraf edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının üzərinə mümkün olmayan sübut etmək vəzifəsi qoyula bilməz ki, iddiaçı tələb etdiyi almadığı pulları sübut etsin. Hansı ki, iddiaçının tələb etdiyi almadığı pulları sübut etməsi mümkünsüzdür və onun üzərinə belə bir vəzifənin qoyulması MPM-nin 77.1-ci maddəsinin tələbinə ziddir. Həmin normanın tələbinə görə cavabdeh etirazının əsasını təşkil edən halları, iddiaçıya pulun qatarmasını sübut etməlidir. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, cavabdehin iddiaçıdan borc alması mübahisəsiz olmaqla, həmin borcu qaytarmağın sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində verdiyi izahatında iddiaçıya 2500 (iki min beş yüz) manat borcu qaldığını etiraf etsə də, iddia ərizəsinə yazdığı etirazında İddiaçı borcunu tamamilə ödədiyini bildirir, apellyasiya şikayətində isə 2760 manat borcu qaldığını qeyd edir. Göründüyü kimi, cavabdeh ziddiyyətli mövqe göstərməklə, iddiaçıya olan borcunun qaytarması ilə bağlı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlar bir daha birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12aprel 2021-ci il tarixli, 2(004)- 1787/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-7228/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7228/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver