Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7233/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmamverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-706/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 52 və 53 saylı mənzilinə dair X1 adına yazılan 10.12.2006-cı il tarixli, 0226 saylı orderin verilməsinə əsas olmuş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanında yerləşən yataqxana binasının 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 34 kv.m olan 52 və 53 saylı mənzilə Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən X1 adına yazılan 10.12.2006-cı il tarixli, 0226 saylı orderin etibarsız hesab edilməsi və X1 mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, E.R.Əliyeva Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 12.04.2019-cu il tarixdə yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 10.12.2006-cı il tarixli, 0226 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 52 və 53 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 52 və 53 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X6, arvadı X7, gəlini X8, 2 oğlu Elçin və Elşən məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. E.R.Əliyeva əldə etdiyi orderdə göstərilən tarixdən 2 il 4 ay 10 gün sonra zavodda işə başlamışdır. Əslində bu fakt düşünməyə əsas verir k, order sonradan arxa tarixə yazılmışdır. Buna baxmayaraq, E.R.Əliyeva gələcəkdə ələ keçirmək məqsədilə dövlət mənzil fonduna aid qeyd edilən 52 və 53 mənzillərin qanunsuz olaraq, özbaşına zəbt etmişdir. E.R.Əliyeva ünvan 2 ünvanında uzun illər qeydiyyatda olmaqla yaşayır. Azərbaycan SSR Nazirlər Sovetinin 29.08.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (halhazırda qüvvədə olan) təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2-ci bəndinin İİİ hissəsinə osasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli 2 yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayn-ayn hallarda birdən artıq otaq verilir". X9, Bakı şəhəri. Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 52 və 53 saylı otağının qapısını bağlayaraq ələkeçirməyə cəhd edir. Bununla da, "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin dövlət mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 10.12.2006-cü il tarixli, 0226 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 52 və 53 saylı mənzil onun istfadəsinə verilmişdir. Cavabdehin əldə etdiyi 10.12.2006-cü il tarixli, 0226 saylı orderlə bağlı Azərbaycan Respublikasının Mülafıə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Üfüq" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun cavab məktubu ilə cavabdeh barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, "şəxsin mənzillə təmin edilibedilməməsi barədə məlumatımız yoxdur". Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən 09.11.2004-cü il tarixli, 41 saylı protokola əsasən verilmiş 10.12.2006-cü il tarixli, 0226 saylı yataqxana orderi ilə 52 və 53 saylı mənzil ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(011)-706/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəyə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Qanunvericiliyin normalarından göründüyü kimi, xüsusi təyinatlı mənzil fonduna aid olan yataqxanalarda müvəqqəti yaşamaq üçün verilmiş orderlər üzrə mübahisələrə dair iddia müddətinin tətbiqi əsassızdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X2 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci bəndində isə təsbit olunmuşdur ki, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas sənəd müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Həmin qərar əsasında verilən order isə qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir və özüözlüyündə (ayrılıqda) hər hansı hüquq müəyyənedici sənəd sayıla bilməz. Qüvvədən düşmüş mənzil qanunvericiliyi orderin etibarsızlığı barədə iddiaların mümkünlüyünü nəzərdə tutsa da, onun verilməsinə əsas olan hüquq müəyyənedici sənədin və ya müvafiq qərarın qanuniliyi yoxlanılmadan ayrıca olaraq orderin etibarsızlığı barədə iddia tələbi təmin oluna bilməz. Digər tərəfdən qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin mübahisəli mənzilə order 10.12.2006-cı il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 14 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Həmçinin qeyd etmək lazımdir ki, orderin verildiyi zaman həmin mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Yəni mənzil məcburi köçkün ailəsi tərəfindən özbaşına olaraq tutulmuşdur. Göründüyü kimi, qeyd edilən mənzil faktiki olaraq boş olmasa da, hüquqi cəhətdən boş olmuşdur. Çünki, mənzil (otaq) məcburi köçkün ailəsi tərəfindən özbaşına olaraq tutulduğundan, zəbt olunmuş sayılır. Belə ki, 2009-cu ilin oktyabr ayının 01dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində “orderin yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilməsi” dedikdə yaşayış sahəsinin “qanuni” olaraq, yəni “hüquqi cəhətdən” boş olması nəzərdə tutulur. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən “boş olmaması” anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin “boş olması” deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Digər tərəfdən, cavabdeh qeyd edilən İB-də mənzil növbəsində olmuş və ona göstərilən order əsasında yataqxanada otağın verilməsi məhz onun mənzil növbəsində olması ilə əlaqədar olmuşdur. Məcburi köçkün ailəsi tərəfindən həmin mənzilin zəbt edilməsi cavabdehin hüququnu pozsa da, dövlət cavabdehdə ümid yaranması və pozulmuş hüququnun bərpa olması məqsədi ilə müvafiq tədbir görmüşdür. Yəni, məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuş mənzil cavabdehə təklif olunmuş və o, tezliklə məcburi köçkünlərin öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürüləcəklərinə inanaraq bu təkliflə razılaşmışdır. Belə olan halda, iddiaçının istinad etdiyi kimi, mənzillərdə məskunlaşan məcburi köçkünlərin olması cavabdehə orderin verilməsinə mane ola bilməz. Bu baxımdan kollegiya hesab edir ki, orderin etibarsız hesab edilməsi hissəsində iddia rədd olunmalıdır. Həmçinin digər iddia tələbləri (cavabdehin mübahisəli yaşayış sahəsinə hüququnun itirilməsi) orderin etibarsız hesab edilməsi barədə tələbdən irəli gələn tələblər olduğundan və iddianın ilk hissəsi rədd edildiyindən həmin tələblər sübutlar araşdırılmadan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-706/2021 saylı mülki iş üzrə qəbul etdiyi 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7233/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7233/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver