Məhkəmə qərarları › İş №2(103)-7233/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7233/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7233/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı1, İddiaçı X3 nümayəndəsi X4, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçılar X3 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)-3391/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X7 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9200 manat pulun və dövlət rüsumu kimi ödədikləri 30 manat pulun alınaraq onlara verilməsi, həmçinin 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh MTK-nın sədri X5 ilə aralarında 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə vətəndaşlar (gələcəkdə payçılar adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət kimi qeydiyyata alınan və onlara məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2dən ibarət olan 102 saylı mənzili Bakı şəhəri Binəqədi RİHB-nin 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanda nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün kooperativin mülkiyyətinə verir, kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutumuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə vətəndaşların (gələcəkdə payçı adlandırılacaq) müvvəqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin edir. Həmin müqavilənin 2.1.4-cü bəndinə görə kooperativin vəzifəsi vətəndaşıların müvəqqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin etməkdir. Həmin müqavilənin 2.1.5-ci bəndinə görə kooperativin vəzifəsi tikinti işləri tam başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən yaşayış sahəsini təmirsiz şəkildə payçılara təhvil-təslim edilməsini təmin etməkdir. Lakin Cavabdeh Mənzil Tiknti Kooperativi tərəfindən 14 noyabr 2017-ci il tarixli 27 saylı müqavilənin şərtləri pozularaq 23 ay müddətində olan kirayə haqqı, cəmi 9200 manat pul onlara ödənilməmiş, müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 121,5 m2 təşkil edən yaşayış sahəsini onlara təhvil verilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)- 3391/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, 20 ay ərzində ödənilməli olan cəmi 8000 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçılar X6 və İddiaçı1 ödənilməsi, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə ilə tərəflər arasında razılaşdırılmış, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli, 174 saylı Sərəncamı ilə ünvan 3 ünvanda tikintisi nəzərdə tutulmuş ərazidə yerləşən yaşayış binasının «D» blokunda, 5ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzilin təmirsiz şəkildə Cavabdeh MTK tərəfindən iddiaçılar X6 və İddiaçı1 təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, 2019-cu ilin oktyabr ayı daxil olmaqla kirayə pullarının ödənilməsi, iddiaçıların 2019-cu ilin oktyabr ayında iddiaçıların MTK-ya yaxınlaşaraq maddi sıxıntılarının olması ilə əlaqədar mənzilin satılmasında onlara kömək olunmasını xahiş etmələri, aralarında razılıq əldə olunması, bu səbəbdən də iddiaçı tərəfin 04 oktyabr 2019-cu il tarixli ərizə ilə müraciət olunaraq mənzilin satışının MTK-ya həvalə olunması, kirayə haqqından imtina olunmasını qeyd edilməsi, lakin sonradan mənzilin satılmaması, layihədə edilmiş dəyişikliklərlə əlaqədar iddiaçılara müqavilədə nəzərdə tutulmuş 121,5 m2 sahədə mənzilin verilməsinin mümkün olmamasının bildirilməsi, əvəzində 113,93 m2 ölçüdə mənzil təklif olunması, qalıq qalmış 7,57 m2 sahənin əvəzi olaraq təmir işlərində köməklik gəstərəcəklərini bildirmələri, lakin iddiaçıların bununla razı olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən tərəflər arasında 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə bağlanmış, lakin sonradan tərəflər arasında mənzilin satılması, bu səbəbdən də kirayə haqqının ödənilməsinin dayandırılması barədə razılıq əldə olunmuş, lakin mənzilin satılması mümkün olmamışdır. Eyni zamanda, yaşayış binasının layihəsinə sonradan edilmiş dəyişikliklərlə binada 121,5 m2 sahədə mənzil olmamışdır. Bu səbəbdən də iddiaçılara 113,93 m2 sahədə mənzil verməklə, çatışmayan 7,57 m2 sahənin əvəzini kompensasiya edə bilərlər. Lakin iddiaçılar bununla razılaşmırlar. Birinci instansiya məhkəməsinin iddiaçıların 04 oktyabr 2019-cu il tarixli ərizəsini, yəni iddiaçıların kirayə pulundan imtina etməsini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh onlara verilməli olan mənzili sataraq pulunu ödəyəcəyinə vəd verdiyindən iddiaçı X7 04 oktyabr 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Yəni, kirayə haqqından ona görə imtina etmişdir ki, cavabdeh qısa müddət ərzində mənzili satmalı idi. Lakin, işin hallarından da göründüyü kimi, mənzil hazırki vaxtadək satılmamışdır. Belə olan halda kirayə pulunun ödənilməməsi əsaslı sayıla bilməz. Həmçinin, ərizə yalnız iddiaçılardan X7 tərəfindən yazılmış, digər iddiaçının razılığı alınmamışdır. Ümumiyyətlə cavabdeh hazırki vaxtadək 14 noyabr 2017ci il tarixli, 27 saylı müqavilənin şərtlərini icra etməmiş, yaşayış binasının «D» blokunda, 5ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili onlara təhvil verməmişdir. Bununla da, iddiaçıların mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissədə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqaviləyə əsasən - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət kimi qeydiyyata alınan və onlara məxsus ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2-dən ibarət olan 102 saylı mənzili Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanda nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün kooperativin mülkiyyətinə verir, kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə vətəndaşların mülkiyyətinə verməyi öz öhdəsinə götürür və vətəndaşlara müvəqqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsini təmin edir. Göründüyü kimi, müqaviləyə əsasən cavabdehin müəyyən (yaşayış binasının «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzili təmirsiz şəkildə iddiaçıların mülkiyyətinə vermək, həmçinin müvəqqəti yaşayacağı yer üzrə aylıq 400 manat kirayə haqqının ödənilməsi) öhdəlikləri müəyyən olunmuşdur. Sonradan, iddiaçılardan X7 cavabdehə ünvanladığı 04 oktyabr 2019-cu il tarixli ərizə ünvanlayaraq - hazırda müvəqqəti olaraq ona verilən aylıq 400 manat kirayə haqqından imtina edərək MTK tərəfindən ona verilmiş mənzilin MTK vasitəsilə satışının həyata keçirilərək əldə olunan vəsaitin ona ödənilməsini xahiş etmişdir. Lakin, işin mübahisə olunmayan digər halına əsasən - hazırki vaxtadək müvafiq mənzilin satışı həyata keçirilməmiş, iddiaçı tərəfə hər hansı pul vəsaiti ödənilməmişdir. eyni zamanda, 2019-cu ilin oktyabr ayından etibarən müqavilədə nəzərdə tutulan 400 manat kirayə haqqının ödənilməsi də dayandırılmışdır. Bu səbəbdən də iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçılardan mənzilin satılmasına dair razılıq ərizəsi almaqla, mənzili satmamasına baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Halbuki, həmin ərizə olmasa idi, cavabdeh əvvəlki kimi iddiaçılara kirayə haqqını ödəməkdə davam edəcəkdi. Lakin mənzili qısa müddət ərzində sata bilməyən cavabdeh bunu digər sonrakı vaxtlarda da edə bilməmiş, bununla da iddiaçılar almalı olduqları kirayə məbləğindən faktiki məhrum olmuşlar. 04 oktyabr 2019-cu il tarixli ərizənin məzmunundan aydın olur ki, iddiaçı tərəf kirayə pulundan müvəqqəti olaraq imtina etmiş və bunu da məhz MTK vasitəsilə ona veriləcək mənzilin satışı ilə şərtləndirmişdir. MTK-nın isə mənzili uzun müddət satmaması və bu prosesin hələ də baş tutmaması iddiaçılara hazırki vaxta kimi həm kirayə pulunu, həm də müqavilədə nəzərdə tutulmuş mənzil sahəsini təhvil verməməsi anlamına gəlmir. MTK ağlabatan müddətdə mənzilin satışını həyata keçirə bilmədiyi üçün iddiaçılara kirayə haqqını ödəməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılara məhz iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri dövrədək 20 ay ərzində kirayə haqqı ödənilməmişdir və həmin dövr üçün ödənilməli kirayə haqqı borcu 8000 manat təşkil edir (hər ay üçün 400 manat). O da nəzərə alınmalıdır ki, iddiaçılar tərəfindən əvvəlki 3 ay ərzində (yəni tərəflər arasında 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilənin bağlandığı tarixdən 2018-ci ilin fevral ayınadək) kirayə haqqının ödənilməməsini bildirsələr də, buna dair mötəbər sübutlar təqdim edilməmiş, cavabdeh tərəf həmin dövr üçün iddiaçılara kirayə haqqının ödənildiyini və borclarının qalmadığını bildirmişdir Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlilllərini əsassız sayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında 14 noyabr 2017-ci il tarixdə müqavilə bağlanması, həmin müqaviləyə əsasən iddiaçılara məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 66,8 m2-dən ibarət olan 102 saylı mənzilin sökülməsi və yerində inşa ediləcək binada söküləcək mənzilin əvəzi olaraq «D» blokunda, 5-ci mərtəbədə, ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət mənzilin təmirsiz şəkildə veriləcəyi, həmçinin aylıq 400 manat kirayə haqqının ödənilməsi mübahisələndirilmir. İşin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçılar əvəzləşdirmə müqaviləsi üzrə aldıqları mənzili satmaq istəmişlər, lakin cavabdeh tərəf iddiaçıların buna hüququnun olmadığını bildirməklə, mənzili yalnız müştəriyə qısa müddət ərzində özləri sata biləcəklərini izah etmiş, iddiaçılar cavabdehin bu təklifi ilə razı olmuş, cavabdeh tərəf bunun üçün iddiaçıların mənzilin satılmasına razılıqlarının olması barədə, habelə kirayə haqqından imtina etməli olduqlarına dair ərizə yazmalarını təklif etmiş, iddiaçı Məmməd Hüseynov cavabdehin təklifi ilə razılaşaraq, mənzilin satılmasına razılıq vermiş, habelə müvəqqəti olaraq kirayə haqqının ödənilməsini tələb etməmələri barədə ərizə yazmışdır. Lakin bu günədək mənzil satılmamış, mənzilin pulu iddiaçılara təqdim edilməmiş, habelə həmin müddət ərzində kirayə haqqı da ödənilməmişdir. İddiaçılar bununla bağlı cavabdehə müraciət etdikdə, cavabdeh MTK-nın tikdiyi binada ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqlı mənzilin olmadığını bildirmiş, əvəzində sahəsi 114 m2 olan 2 otaqlı mənzil təqdim edə biləcəklərini qeyd etmişdir. Eyni təklifi cavabdehin nümayəndəsi məhkəmə iclasında da səsləndirmişdir. Eyni zamanda, cavabdeh müqavilə 2019-cu ilin noyabr ayından iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 2021-ci ilin iyun ayı daxil olmaqla kirayə haqqı ödənilməmiş, dayandırmışdır və hazırda bu pulu ödəməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh razılaşdırılmış müqavilə şərtlərə riayət etməmiş, iddiaçılara əvvəlki (sökülmüş) mənzilin əvəzinə nəzərdə tutulmuş yaşayış sahəsini verməmiş, əvəzində həmin ölçüdən az mənzil təklif etmiş, eyni zamanda müvafiq mənzil təhvil verilən günə kimi iddiaçılara hər ay 400 manat olmaqla kirayə haqqı ödənilməlidir. Hər bir halda cavabdeh 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilənin şərtlərini lazımi qaydada icra etməmiş, müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini iddiaçılara təqdim etməmişdir. Bu səbəbdən də, həmin müqavilənin şərtlərinə uyğun olaraq 400 manat kirayə haqqının ödənilməsi təmin olunmalıdır. Yəni, kirayə haqqının mənzilin təhvil verilən anadək ödənilməsi müqavilənin əsas şərti kimi əvvəlcədən razılaşdırılmışdır. Belə olan halda, müqavilə şərtlərinə uyğun mənzilin iddiaçılara təhvil verilmədiyi halda kirayə haqqının dayandırılması əsaslı sayıla bilməz. Cavabdeh apellyasiya şikayətində iddiaçı X3 04 oktyabr 2019-cu il tarixli ərizəsinə istinad etsə də, bu hal vəziyyəti dəyişdirmir. Yəni, ərizənin mahiyyətindən, həmçinin tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur ki, həmin ərizənin yazılmasında əsas (başlıca) məqsəd müqavilədə göstərilən mənzilin MTK tərəfindən satılaraq pulunun ödənilməsi olmuşdur. Aydındır ki, tərəflərin razılaşması ilə mənzilin əvəzinə iddiaçılara onun dəyəri ödənildiyi təqdirdə əlavə olaraq kirayə pulunun da verilməsi məntiqsiz olardı. Məhz bu səbəbdən də kirayə haqqının ödənilməsindən imtina edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq mənzil satılmamış, iddiaçılara hər hansı pul vəsaiti ödənilməmişdir. Belə olan halda isə, kirayə haqqının ödənilməməsi barədə razılıq da əhəmiyyətini itirmişdir. Eyni zamanda, 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilə üzrə müvafiq əmlak hüquqlarına hər iki iddiaçı malik olduğu halda, ərizə yalnız X2 alınmış, digər iddiaçının buna razılığı dəqiqləşdirilməmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində iddiaçılara müqavilədə göstərilən sahədə deyil, daha az ölçüdə mənzilin verilməsini, lakin sonuncular tərəfindən qəbul olunmamasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə də hüquqi qiymət verərək qeyd edir ki, tərəflər 14 noyabr 2017-ci il tarixli, 27 saylı müqavilədə məhz ümumi sahəsi 121,5 m2 təşkil edən 3 otaqlı mənzilin verilməsini şərtləşdirmişlər. Həmin müqaviləyə isə sonradan hər hansı dəyişiklik olunmamışdır. Belə olan halda isə cavabdehin birtərəfli qaydada müqavilə şərtlərini dəyişməsi, yəni iddiaçılara daha az ölçüdə mənzil təqdim etməsi istər müqaviləyə, istərsə də qanunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mövcud olmayan mənzil sahəsi ilə bağlı müqavilə bağlamaq cavabdehin riskidir və o, bağladığı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin daşıyıcısıdır. Cavabdeh tərəfindən iddiaçılara 2 otaqlı ümumi sahəsi 114 m2 olan mənzilin verilməsi yalnız sonuncuların razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı isə iddiaçılar cavabdehin məhz müqavilə üzrə göstərilən mənzilin onlara verilməli olmasını bildirmişlər və bu tələblərinin hüquqi əsası kimi müqavilənin müvafiq şərtinə istinad etmişlər. Müqavilənin qeyd edilən şərti isə hazırki vaxta kimi nə dəyişdirilməmiş, nə də ləğv edilməməklə qüvvəsindədir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, cavabdeh yaşayış binasının layihəsinə dəyişiklik edilməsini və s. göstərsə də, bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin cavabdeh tərəfin bildirdikləri (izahatları) özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdehin etirazları qətnamənin yoxlanılan hissədə ləğvinə, iddianın rədd olunmasına qanuni əsas yaratmır. Əksinə, cavabdehin müqavilə şərtlərinə uyğun olmayan hərəkətləri iddiaçıların əmlak hüquqlarının pozulması ilə nəticələnir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası, qeyd edilənləri məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar X3 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)-3391/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(006)- 3391/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar