Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7233/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(011)-8026/2023 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi, torpaq sahəsinin ipoteka yüklülüyündən azad edilməsi və torpaq sahəsinin üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə” iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı ünvan 1 hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Cavabdehin hüquqi ünvanı Xətai rayonunda olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun verdiyi sənədlərdən görünür ki, Fondun faktiki ünvanı Xətai rayonu, Babək prospekti 16 ünvanıdır. Fonda qarşı bütün müraciət və iddialar həmin ünvan üzrə verilir. Lakin Rayon Məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və şikayətin, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1.). Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir (maddə 35.2.). MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanıdır. Məhkəmə hesab edir ki, göstərilən səbəbə görə hazırki iddiaya Xətai Rayon Məhkəməsində baxılması ərazi aidiyyəti qaydalarına uyğun deyil. İddia ərizəsi MPM-nin 35.1 və 35.2-ci maddələrinin tələblərinə cavab vermir. Bunu nəzərə almış Rayon Məhkəməsi, MPM-nin 152.1.3-cü maddəsinə istinad edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarmaqda haqlı olmuşdur. Rayon Məhkəməsinin qəbul etdiyi qərardad əsaslı və qanunidir. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7233/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7233/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver